“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin tenderinin qalibi olmuş İspaniya şirkətləri Azərbaycanda filial açıblar.
“Marja” xəbər verir ki, 18 İyun 2019-cu il tarixində Vergilər Nazirliyi "Auxitec Tecnica Y Control Sa" şirkətinin Azərbaycan Respublikasındakı filialını və "TPF Getinsa Euroestudios S.L" şirkətinin Azərbaycan Respublikasındakı filialını dövlət qeydiyyatına alıb.
Filialların hüquqi ünvanı Bakıdakı “İsr Plaza” biznes mərkəzinin 1-ci mərtəbəsidir.
Xatırladaq ki, “ADY Bakı-Böyük Kəsik dəhlizi boyunca yeni enerji təchizat sisteminə keçid, işarəvermə sisteminin yenilənməsi və elektrik lokomotivlərin alınması ilə əlaqədar texniki nəzarət üzrə məsləhətçi qismində İspaniyanın "TPF Getinsa Euroestudios” və “Auxitec Tecnica Y Control SA” şirkətləri birgə müəssisəsini cəlb edib. Müvafiq tenderin qalibi olmuş birgə müəssisə ilə 2019-cu il mayın 13-də müqavilə imzalanıb.
Müqavilənin dəyəri 8 milyon 260 min 743,4 avrodur (15 milyon 860 min manat).