Elektron qeydiyyatdan keçən MMC-lər artır

Bu ilin 7 ayında Azərbaycanda 7.116 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb və onlardan 6.167-si elektron qeydiyyat xidmətindən istifadə ediblər. Hesabat dövründə elektron qeydiyyatdan keçənlərin xüsusi çəkisi artaraq 86,7 faizə yüksəlib.

 

Vergilər Nazirliyinin yaydığı məlumata görə, cari ildən hüquqi şəxslərin elektron qeydiyyatının sadələşdirilməsi ilə elektron imza olmadan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı imkanının yaradılması bu xidmətdən istifadə edənlərin sayının sürətlə artması ilə nəticələnib.

 

İlin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Bu sistemə əsasən, qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və həmin sənədlərin kağız daşıyıcılarda təqdim edilməsinə zərurət olmur. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə İnternet Vergi İdarəsində "Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı" (elektron imza olmadan) təlimatı yerləşdirilib.

 

“Yeni onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd biznesə başlamaqla bağlı prosedurların sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Bütün bunlar vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir”,- məlumatda deyilir.

22 Avqust 2019 , 14:26   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin