Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Holcim-Azərbaycan”ın fiziki şəxslərdən səhmləri alacağı bildirilir – “100 min manatdan aşağı qiymətə razılaşmayacağıq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Holcim-Azərbaycan”ın fiziki şəxslərdən səhmləri alacağı bildirilir – “100 min manatdan aşağı qiymətə razılaşmayacağıq”

Sement istehsalçısı “Holcim-Azərbaycan” ASC-nin, səhmlərə dividend ödənilməsini və sonra səhmlərin yüksək qiymətə alınmasını tələb edən bir qrup fiziki şəxs səhmdarı qələbəyə yaxın olduqlarını bəyan ediblər.

 

“Marja”nın məlumatına görə,  səhmdarlar adından danışıqlar aparan 5 fəal səhmdar, ““Holcim-Azərbaycan” ASC-nin fiziki şəxslərdən səhmləri almağa hazır olduğunu və bu məqsədlə vəsait ayrıldığı” məlumatını əldə etdiklərini açıqlayıblar. Məlumata görə, məbləğ ən böyük səhmdar “LafargeHolcim” tərəfindən ayrılıb.

 

Aktiv səhmdarlar iddia edirlər ki, “Holcim-Azərbaycan” səhmləri ucuz qiymətə almağa çalışacaqdır. Bu məqsədlə hər bir fiziki şəxs səhmdar ilə fərdi danışacaqları gözlənilir:

 

“Gəlin aldanmayaq. Sizə müraciət ediləndə bizə yönləndirin. Zavodla danışığa getməyin, bir kəlmə deyin ki, 5 nəfər fəal səhmdar bizim hüquqlarımızı müdafiə edir, onlarla danışın. Biz səhmlərin hamısının bir yüksək qiymətə alınması üçün çalışırıq”, - 5 fəal səhmdardan biri bildirib.

 

Onun sözlərinə görə, “Holcim-Azərbaycan” səhmdarların birliyini pozaraq səhmləri uzuz qiymətə almağa çalışacaqdır.

 

İLKİN “BAZARLIQ” QİYMƏTİ – 200 MİN MANAT

 

Aktiv səhmdarlar 186 səhmdən ibarət paketə görə, ötən illərin dividendi  və səhmin qiyməti daxil 100 min manatdan artıq məbləğ tələb edirlər:

 

“Biz 5 fəal səhmdar 100 min manatdan aşağı qiymətə razılaşmayacağıq. Danışıqlara 200 min manatdan başlamışıq. Danışıqlar aparıb normal qiymət təyin olunması üçün ilkin bazarlıq təklifini 200 min manat müəyyən etmişik. Bizə etibar edirsinizsə bizsiz səhmləri satmayın”.

 

Məlumat üçün bildirək ki, keçmiş “Qaradağ - Sement” ASC-nin hüquqi varisi olan “Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalı hər birinin nominal dəyəri 20 manat olan 1 milyon 590 min 644 ədəd səhmdən ibarətdir. Yəni “Holcim-Azərbaycan” 31 milyon 812 min 880 manat nizamnamə kapitalına malikdir.

 

Özəlləşdirmə zamanı “Qaradağ - Sement” ASC-nin işçilərinə 1 özəlləşdirmə çeki qarşılığında 186 ədəd səhm verilib. Hazırda əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan fiziki şəxs səhmdarlardan çoxu 186 ədəd səhmə sahib olduqlarını təsdiq edən Depo Hesabından çıxarışa malikdirlər.

 

Bu gün Bakı Fond Birjasında “Holcim-Azərbaycan” ASC-nin 1 səhmi 20 manata alınıb, 21 manata satılır. Qısası, 186 səhmdən ibarət olan 1 Depo Hesabından çıxarışın bazar qiyməti 3 min 720 manatdır.

 

Səhmdarların 1 Depo Hesabından çıxarışa azı 100 min manat tələbi, bir səhmə 538 manat istəmələri deməkdir. Fiziki şəxslərin təxminən 110 min ədəd səhmə malik olduqlarını nəzərə alsaq “LafargeHolcim” bu qədər səhmin alınması üçün təxminən 60 milyon manat xərcləməlidir. İsveçrə şirkətinin qardağlılara bu qədər pul ödəyəcəyi real görünmür. 

 

20 ildir özəlləşdirilmiiş “Qaradağ - Sement” ASC cəmi 2 dəfə səhmdarlarına dividend ödəyib. Hər il müxtəlif səbəblər - zavodun borcu olduğu və mənfəətin borcun ödənilməsinə yönəldiləcəyi və ya zavodun ziyanda olduğu əsas göstərilərək səhmdarlara dividend ödənilməyib.

 

“Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i İsveçrənin “LafargeHolcim” qrupuna (66,2%-i “LafargeHolcim”ə, 24% - i “Holcim Auslandbeteiligungs GmbH” şirkətinə), 9,8%-i yerli səhmdarlara məxsudur. 2018-ci ilin sonuna olan məlumata görə, yerli səhmdarlar “Azerinvest” (2%) və fiziki şəxslərdən (7%) formalaşıb. Nəhəng sement istehsalçısı olan  “LafargeHolcim” bir neçə il öncə “Holcim-Azərbaycan”da 70% civarında paya malik idi. Şirkət, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Azərbaycan İnvestisiya Şirkətindən hər birinin 10% paylarını satın alıb və nəticədə payı 90%-i aşıb.

 

Məlumat üçün bildirək ki, “LafargeHolcim” şirkətinin dünyada sement istehsalı ilə məşğul olan 80 şirkətdə payı var və 31-də 100% paya malikdir. Ehtimal ki, “LafargeHolcim” Azərnbaycandakı sement şirkətində də payını 100%-ə çatdırmaqda maraqlıdır.

 

“AYRILMIŞ PULDAN QAZANMAQ İSTƏYƏNLƏR VAR”

 

Səhmdarların hüquqlarını qoruyanlar “Holcim-Azərbaycan” ASC tələblərini yerinə yetirməsə Avropa məhkəməsinədək müraciət etməyi nəzərdə tuturlar.

 

Səhmdarların hüquqlarını qoruyanlar  iddia edirlər ki, “LafargeHolcim” qalan səhmlərin alınması üçün pul ayırıb. Amma zavoddakı “ağıllılar” o pulun az bir hissəsi ilə səhmləri almağa və qalanını ciblərinə qoymağı düşünürlər: “Onlar insanların haqqını yeməyə öyrəşiblər, sizə ayrılmış pullardan qazanmaq istəyirlər. Unutmayın ki, kimə zəng etsə, deyin ki, “fəal səhmdarlar ilə əlaqə saxlayın”. Çünki biz səhmləri bir qiymətə satmaq istəyirik”.

 

Ehtimal olunur ki, ilk öncə səhmlər müəyyən şəxslərin adına ucuz alına, sonra “LafargeHolcim”ə satıla bilər.

 

“Holcim - Azərbaycan” ASC-nin dividend ödəməkdənsə səhmlərin alınmasının daha sərfəli ola biləcəyi qeyd olunur. Əgər bazar qiymətilə fiziki şəxslərdəki 7% pay alınarsa bunun üçün təxminən 2,2 milyon manat tələb olunacaqdır. Dünya təcrübəsində, səhmlərin bazar qiymətindən yüksək qiymətlərə alınması təcrübəsi var. Belə olan halda “LafargeHolcim” daha çox xərcləməli olacaqdır. 

 

ZAVODUN QARŞISINA TOPLAŞMIŞDILAR

 

May ayında “Holcim Azərbaycan” ASC-nin fiziki şəxs səhmdarları şirkətin Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən sement zavodunun qarşısında toplaşmışdılar. 

 

Səhmdarların hüquqlarını qoruyan 5 fəal səhmdar “Holcim Azərbaycan”ın rəhbərliyi ilə görüşmüşdü. Həmin vaxt “Marja”nın əldə etdiyi məlumata görə, danışıqlarda səhmdarların nümayəndələrinə bildirilmişdi ki, “Holcim Azərbaycan” ASC kredit borcuna malik olduğundan dividend ödəyə bilməyəcək. ASC-nin rəhbərliyi qeyd etmişdi ki, zavodun istehsalı artır, satış gəlirləri yüksəlir. Yaxın illərdə kredit borcu tam bağlanacaq və dividendlərin ödənilməsi bərpa ediləcəkdir. Səhmlərin alınması tələb də zavod rəhbərliyinin diqqətinə çatdırılımışdı. Zavod rəhbərliyi həmin səhmdarların siyahısının hazırlanmasını təklif etmiş və onların səhmlərinin digər investorlara təklif edilməsində kömək göstərəcəkləri sözünü verimişdilər.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

Xəbər verdiyimiz kimi, 2017-ci illə müqayisədə 2018-ci ildə “Holcim Azərbaycan”ın satışdan cəmi gəlirləri 9 milyon 334 min manat və ya 8,7% artaraq 116 milyon 332 min manat təşkil edib. “Holcim Azərbaycan” 2018-ci ili 7 milyon 67 min manat xalis mənfəət ilə başa vurub. ASC 2017-ci ili 1 milyon 759 min manat xalis mənfəət ilə bağlamışdı. 2018-ci ilin yekunu üzrə də səhmdarlara dividend ödənilməyib.

 

“Holcim Azərbaycan” illik 1,9 milyon ton sement istehsalı gücünə malikdir.

29.08.2019 09:11

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ