Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bu il bir uşağın məktəb xərci neçəyə başa gəlir? - YARMARKALARDA QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il bir uşağın məktəb xərci neçəyə başa gəlir? - YARMARKALARDA QİYMƏTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni tədris ilinin başlamasına az qalıb. Bu elə bir ərəfədir ki, ailəsində məktəbli olan hər kəs uşaqlarına məktəb bazarlığı etmək, onların bütün ehtiyaclarını ödəmək istəyir.

 

Çalışırlar ki, həm keyfiyyətli mal alsınlar, həm də büdcələrinə uyğun olsun. Təbii ki, bazarlıq üçün vacib bu iki şərti birgə əldə etmək o qədər də asan deyil. Ən müxtəlif satış obyektlərində çeşid bol, qiymətlər müxtəlifdir. Keyfiyyətsiz mal ucuz, yaxşısı isə bahadır. Sadəcə alıcı sərraf, mal tanıyan olduğu təqdirdə nisbətən ürəyəyatan və uyğun bazarlıq etmək mümkündür. Bu əsnada iki və daha artıq övladını məktəbə göndərən valideynlər daha çox çək-çevir edirlər...

 

Əksər valideynlərin ürəyindən keçən "görəsən, bir uşağın məktəb xərci neçəyə başa gəlir” sualını cavablandırmaq üçün üz tutduq məktəb ləvazimatları satılan ünvanlara, Bakı Metropoliteninin stansiyaları yaxınlığında quraşdırılan təhsil yarmarkalarına...

 

Alıcılar orta qiymətli mallara üstünlük verirlər

 

"Bu il oğlum birinci sinfə gedir, onun üçün bazarlığa çıxmışam. Onu hər zaman məktəbli formasında, beli çantalı şəkildə gözlərim önündə canlandırırdım. İndi o günə az qalıb və çalışıram ki, lazım olan bütün məktəb və dərs ləvazimatlarını alım” deyə alış-veriş edən Arzu xanım sevinclə fikirlərini bizimlə bölüşür.

 

O söyləyir ki, artıq iki gündür məktəb bazarlığı edir və bir-iki dərs ləvazimatından başqa nə lazımdırsa alıb: "Çalışırdım ki, baha da olsa keyfiyyətli mallar alım. Bilirəm ki, keyfiyyətsiz mal alsam, həm uşaq əziyyət çəkəcək, həm də mən ikiqat xərcə düşəcəm”.

 

Başqa bir valideynlə söhbət edirik. Dilbər adlı bu xanım deyir ki, qızı 5-ci sinfə, oğlu isə 8-ci sinfə gedəcək: "Dəftər, qələm, karandaş, albom və bəzi dərs ləvazimatları almışam. İndi hər ikisi üçün çantaya baxıram. Ötən il 20 manatdan onlara çanta almışdım. Amma həm çantalar keyfiyyətsiz idi, həm də dərs vəsaitinin ağırlığından onları heç beş ay götürə bilmədilər. Məcbur olub yenisini aldım, onlar da bir neçə aya xarab oldu. İndi çalışıram daha keyfiyyətli çanta alım, amma qiyməti baha olduğundan iki çantanı birdən almağa gücüm çatmır”.

 

Bu mağazada satılan çantaların ən ucuzu 20, ən bahası isə 130 manata təklif olunur.

 

Satıcı söyləyir ki, əsasən alıcılar orta qiymətli 40-45 manata olan çantaları almağa üstünlük verirlər: "Təsadüfi hallarda kimsə baha çanta alır. Alıcılar çox ucuz çantaları da almırlar. Amerika firmalarının markaları bahadır. Orta qiymətə satılan 35-40-50 manatlıq çantalar Türkiyə istehsalı, daha ucuzları isə Çin malıdır”.

 

Mağaza təmsilçisi onu da vurğuladı ki, bəzi mallarda 3-5 qəpik artım olsa da, ötən ilə nisbətən elə də bahalaşma yoxdur.

 

Məktəblilər üçün köynək, ayaqqabı satılan başqa bir mağazaya daxil oluruq. Ölçüsündən asılı olaraq burada qız və oğlan üçün köynəklərin qiyməti 20-25 manatdır. Kolqotkalar 3-5-8 manat civarındadır. Oğlan və qızlar üçün müxtəlif cür payızlıq ayaqqabılar 20-60 manata satılır.

 

Yarmarkadakı qiymətlər mağazadakı qiymətlərə nisbətən ucuzdur

 

"Elmlər Akademiyası” və "Koroğlu” metro stansiyaları yaxınlığında yerləşən təhsil yarmarkalarındakı qiymətlərlə də tanış oluruq.

 

İki oğlu ilə məktəb bazarlığı edən Vüqar bildirir ki, mağazalara nisbətən yarmarkalarda qiymətlər ucuzdur. Məsələn, sadə qələm 20-30 qəpik, 12, 24, 48, 60 vərəqli dəftərlər müvafiq olaraq 12 qəpik, 1 manat, rəsm albomları vərəq sayından asılı olaraq 1.50 qəpiklə 3.50 qəpik arasında dəyişir. Rəngli kağız 1-2 manat, rəngli karandaşlar sayına, keyfiyyətinə görə 1 manat 50 qəpiklə 8-12 manat arasındadır. Sadə karandaş 18, 50 qəpik, xətkeşlər materialına görə 30, 50 qəpik, 1 manata satılır. Bir qutu flomaster keyfiyyətindən asılı olaraq 2-5 manat, 6-12 ədədli plastilinlər 1.50 manatdan 5-10 manata, yapışqanlar 30-50 qəpiyədir. Qələmyonan 70 qəpik, 2 manata, qələmqablarını 1 manat 50 qəpikdən 10 manatadək qiymətə almaq olar. Su qabları 2-10 manat, termoslar 8-15 manata təklif olunur. Çantaların qiyməti isə 10 manatdan 60 manata qədərdir. Bu yarmarkada Rusiya, Türkiyə, Çin markalı çantalar satışa çıxarılıb. Satıcı bildirdi ki, bütün dərs ləvazimatlarını onlardan alan müştərilərə müəyyən endirimlər də edirlər.

 

Müşahidə edirik ki, alıcılar əsasən orta qiymətdə olan malları alır, qızıl ortanı tapmağa çalışırlar. Oğlu üçün bazarlıq edən Zeynəb xanım gileylənir ki, istədiyi keyfiyyətdə mal almaq onun üçün çətindir: "Yaxşı mal çox bahadır, ucuzu isə çox keyfiyyətsizdir. Buna görə də nisbətən cibimə uyğun və orta keyfiyyətli mallar alıram. Təxminən paltar, ayaqqabı, çantaya birlikdə 150 manat xərcləmişəm. Dərs ləvazimatlarını isə indi alacam”.

 

Xanım onu da qeyd etdi ki, şalvar və pencəyi Bakı Tikiş Evindən (BTE) alsa da, köynəyi başqa mağazadan alıb. Arqumenti isə tikiş evində satılan köynəklərin keyfiyyətinin aşağı olmasıdır. Ümumiyyətlə, bir neçə müddətdir ki, məktəblərdə vahid məktəbli geyimi tətbiq olunsa da, bir çox hallarda buna riayət edilmir, xüsusilə də yuxarı sinif şagirdləri bu paltarları geyinməkdən imtina edirlər. Valideynlər əsasən paltarların keyfiyyətindən narazılıq edirlərsə, şagirdlər həm də BTE-nin tikdiyi paltarların modelinin onların ürəyinə yatmadığını dilə gətirirlər.

 

Apardığımız araşdırma zamanı məlum oldu ki, bir uşağın məktəbə yola salınması üçün lazım olan dərs vəsaitlərinə orta hesabla təxminən 150-200 manat xərcləmək lazım gəlir.

 

© "Azərbaycan”

04.09.2019 06:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ