Komitə: Bizim hazırladığımız xəritə əsasında Bakının Baş Planı formalaşır

"Əmlak Məsələləri Dövlət Komitəsinin hazırladığı Bakının rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır"


 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir dünya təcrübəsinə istinad etməklə  torpaq və onun üzərindəki daşınmaz əmlak obyektləri barədə  elektron kadastr məlumat bazası formalaşdırılır, ərazilərin rəqəmsal kadastr xəritələri  tərtib edilir. Artıq Bakı şəhərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, rəqəmsal kadastr xəritələri tərtib edilib.

 

Komitənin yaydığı məlumatda bildirilir ki, Bakının mükəmməl rəqəmsal kadastr məlumatları bazası paytaxtın Baş Planının hazırlanması işində əsas istinad mənbələrindən biri hesab olunur. Bu məqsədlə şəhərin rəqəmsal kadastr məlumatları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron şəkildə təqdim olunub.

 

“Bakının Baş Planının hazırlanmasında əsas istinad edilən bu bazada paytaxtda yerləşən əmlaklar, torpaq sahələri barədə müfəssəl məlumatlar yerləşdirilib. Belə ki, burada hər bir torpaq parselinin hüdudları, onların üzərindəki tikilinin ünvanı, mərtəbəliliyi, o cümlədən  tikintialtı sahəsi, perimetri, koordinatları və s. barədə müfəssəl  məlumatlar toplanıb. Eyni zamanda şəhərin kommunikasiya  infrastrukturu haqqında da dəqiq informasiya yer alıb. Başqa sözlə, məlumat bazasında yerüstü mühəndis-kommunikasiya xətləri əks olunub. Bu bazada torpaq, yaşayış binaları, istehsalat obyektləri, qeyri-yaşayış sahələri, o cümlədən təhsil, səhiyyə, məişət obyektləri barədə geniş informasiyalar öz əksini tapır. Həmçinin məlumat bazasında bir çox mühəndis-kommunikasiya infrastrukturu obyektlərinin mühafizə zonaları və zolaqlarının hüdudları əks olunub. Sosial təyinatlı obyektlərin yerləşməsinə dair məlumatların mövcudluğu onların xidmət radiuslarının təhlilinə, zəruri əlavə layihələndirmə işlərinin  lazımlılıq  dərəcəsinin müəyyənləşdirilməsinə imkan verir.

 

Kadastr məlumatlarına istinad edilməsi  Bakının Baş Planının hazırlanması prosesində sosial-iqtisadi, ekoloji, texniki cəhətdən əsaslandırılmış layihə-proqnoz həllərinin tapılmasında əvəzsiz rol oynayacaq.

 

Komitə tərəfindən Bakı şəhərində aparılmış kadastr uçotu işlərinin nəticələrindən istifadə dairələri genişdir. Bu məlumatlar həmçinin torpaq və digər daşınmaz əmlaklarla bağlı mülkiyyət hüquqlarının  qeydə alınması işinin elektronlaşdırılmasında da əvəzsiz rola malikdir. Digər tərəfdən bu bazaya istinad etməklə daşınmaz əmlak(torpaq) idarəçiliyinin elmi əsaslarla həyata keçirilməsinə nail olmaq olar”, - məlumatda deyilir.

 

12 Sentyabr 2019 , 10:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin