Nazir müşaviri kütləvi uşaq müavinətlərinin ödənilməsinə əsas olmadığına işarə etdi

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli uşaq müavinətləri müzakirələrinə qoşulub. Onun qənaətinə görə, indiki şəraitdə kütləvi uşaq müavinətlərinin ödənilməsinə əsas yoxdur.

 

“Marja” xəbər verir ki, Mustafa Abbasbəyli “Facebook” səhifəsində yazıb:

 

"Azərbaycanın sosial müdafiə sistemi özündə aşağıdakı istiqamətləri ehtiva edir:


-Əmək pensiyası

- Müavinətlər

- Təqaüdlər

- Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY)

- Reabilitasiya

- Sosial xidmətlər

–Əmək və məşğulluq məsələləri

- Digər xidmətlər.


Maddi şəkildə göstərilən xidmətlərə əsasən ilk dördü aiddir:

 

1. Əmək pensiyası - əmək fəaliyyəti dövründə minimum staj tələbini və/vəya minimum kapital tələbini yerinə yetirən (istisnalar olmaqla) şəxslərə ödənilir.


2. Müavinətlər - pensiya hüququnu əldə edə bilməyən müəyyən qrup şəxslərə ödənilir.


3. Təqaüdlər - bir qayda olaraq dövlət qarşısında xidmətləri olan şəxslərə ödənilir.


4. ÜDSY - aztəminatlı ailələrə ödənilir.

 

Əmək pensiyası vətəndaşın şəxsən qazandığı bir hüquqdur. Bunu qoyduq bir kənara. Müavinət, təqaüd və ÜDYS isə minimum yaşayış standartlarını təmin etmək üçün dövlətin vətəndaşına göstərdiyi qayğıdır.
Bu qrupa aid sosial ödənişlər 3 meyar üzrə aparılır:


A. Dövlət qarşısında xidmətlərə görə - şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına və s.


B. Səhiyyə və reabilitasiya ehtiyaclarına görə - əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, əlillərə qulluğa görə və s.


C. Maddi ehtiyaclara görə - az təminatlı ailələrə, ailə başçısını itirmiş ailələrə, əmək qabiliyyətini müvəqqəti itirmişlərə və s.

 

Bu 3 meyara aid olmayan müavinətlər də ola bilər təbii ki. Ancaq bir qayda olaraq bu müavinətlər dövlətin müəyyən müddəti üçün müəyyən hədəflərini həyata keçirmək məqsədi ilə həyata keçirilir.

 

İndi gələk əsas məsələ olan uşaq müavinətlərinə.

 

Əgər uşaq A qrupuna aiddirsə, bu halda onlara müavinət ödənilir - şəhid uşaqlarına müavinət, müharibə əlillərinin uşaqlarına müavinət və s.

 

Əgər uşaq B qrupuna aiddirsə, bu halda onlara müavinət ödənilir - sağlamlıq imkanları məhdud uşaqlara müavinət, onlara qulluq üzrə müavinət və s.

 

Əgər uşaq C qrupuna aiddirsə, bu halda da onlara müavinət ödənilir - ÜDSY proqramı çərçivəsində aztəminatlı ailələrə, o cümlədən də uşaqlara sosial yardım.

 

Yox əgər uşaq yuxarıda sadalanan 3 qrupdan heç birinə aid deyilsə və biz yenədə ona müavinət ödənilməsini istəyiriksə bunun yəqin ki, bir səbəbi ola bilər - Demoqrafiya.

 

İndi gəlin müzakirə edək görək Azərbaycanın demoqrafik problemi var ya yox. Məncə yoxdur, sizcə varsa müzakirə edək. Ancaq bu müzakirəni sosial müdafiə kontekstindən çıxardıb demoqrafiya kontekstinə keçirdək.

 

Ölkənin sosial siyasəti çox həssas sahədir. Hər hansı sosial addım çox ciddi şəkildə təhlil edilərək atılmalıdır. Uşaq müavinəti ilə bağlı addım ya demoqrafik kontekstdə, ya da yuxarıda sadalanan 3 meyar kontekstində əsaslandırılmalıdır".

 

"565 MİN UŞAQ MADDİ DƏSTƏKLƏ ƏHATƏ OLUNUB"

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ailə başçısını itirməyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilənlərin 166 min nəfəri, ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdəki ailə üzvlərinin (65 min ailə, 270 min ailə üzvü) 140 minə qədəri uşaqlardır. Həmçinin yeni doğulan uşaqlara görə ailələrə birdəfəlik müavinət verilir və təkcə ötən il ərzində 130 minə yaxın uşağa görə birdəfəlik müavinət ödənilib.

 

Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, o cümlədən, şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin, müddətli həqiqi hərbi xidmət qulluqçularının, həmçinin beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək və valideynlərini itirmiş və sağlamlıq imkanları məhdud 92.8 min uşağın sosial müdafiəsi üçün aylıq sosial müavinət verilir. İl ərzində 35 minə yaxın 3 yaşadək uşağa qulluğa görə onların sığortaolunan valideynlərindən birinə müavinət ödənilir.

 

Ümumilikdə il ərzində Azərbaycanda 565 minədək uşaq birbaşa və müxtəlif sosial proqramlar vasitəsilə maddi formada dəstəklə əhatə olunur.

 

Bununla bərabər, cari ildə dövlət başçısının təqdim etdiyi və vətəndaş rifahının təminatı sahəsində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketinin tərkib hissəsi kimi, uşaqlara yönələn sosial ödənişlər də ciddi şəkildə artırılıb: sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün sosial ödənişin məbləği 82 manatdan 2,4 dəfə artırılmaqla 200 manata çatdırılıb. Onlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla yanaşı, həmin uşaqlara qulluq edənlər üçün 50 manat məbləğində aylıq təqaüd təsis edilib. Həmçinin beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.

12 Sentyabr 2019 , 11:14   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin