Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Prezident Həsənovu və Abutalıbovu ərizələri ilə əlaqədar qəbul edib - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident Həsənovu və Abutalıbovu ərizələri ilə əlaqədar qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

 

Reklam_3_11

Prezident İlham Əliyev dedi: Hörmətli Əli müəllim, bu gün siz mənim ünvanıma ərizə yazmısınız. Ərizədə tutduğunuz vəzifədən azad olunmağınızı xahiş edirsiniz. İstərdim ki, sizə ölkəmizin inkişafına verdiyiniz töhfələrə görə təşəkkürümü bildirim. Siz uzun illərdir ki, Azərbaycanın hərtərəfli inkişafında fəal rol oynayırsınız. Ulu öndər Heydər Əliyev tərəfindən irəli çəkilmisiniz, hələ sovet dövründə onun qərarı ilə yüksək vəzifələrə təyin olunmusunuz, müstəqillik dövründə 21 ildir ki, Baş Nazirin müavini vəzifəsində çalışırsınız, son 16 il ərzində mənim rəhbərliyimlə. Əlbəttə, sizə olan yüksək etimad onu göstərir ki, tutduğunuz vəzifələrdə işin öhdəsindən şərəflə gəlmisiniz. Ancaq, əlbəttə, həyat yerində durmur, yeni Baş Nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub. Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır. Eyni zamanda, siz ictimai-siyasi həyatda fəal rol oynayırsınız və mənim tövsiyəmlə Yeni Azərbaycan Partiyası sizi sədrin müavini vəzifəsinə layiq görübdür. Bu, həm mənim tərəfimdən, eyni zamanda, partiya üzvləri tərəfindən sizin fəaliyyətinizə verilən yüksək qiymətdir və böyük etimaddır. Əminəm ki, siz komandanın etibarlı üzvü kimi bundan sonra da fəaliyyət göstərəcəksiniz. Hesab edirəm ki, partiya işində fəallığa daha böyük ehtiyac var. Mənim göstərişimlə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə addımlar atılmalıdır. Son vaxtlar siz bu sahəyə daha fəal qoşulmusunuz və bölgələrə səfərlər edirsiniz. Mənə göndərdiyiniz arayışlarda bölgələrdə mövcud vəziyyətlə bağlı məlumatlar və görüləcək işlər haqqında təkliflər verirsiniz.

 

Mən bir daha sizin uzun illər Azərbaycan naminə gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm. Əmin olduğumu bildirirəm ki, siz gələcəkdə ölkəmizin ictimai-siyasi həyatında öz sözünüzü deyəcəksiniz.

 

Əli Həsənov: Çox sağ olun, möhtərəm cənab Prezident. Məni qəbul etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Həqiqətən, mən 51 illik fəaliyyətim dövründə 20 il ulu öndər Heydər Əliyevin, son 16 ildə isə Sizin rəhbərliyiniz altında çalışmışam. İndi ünvanıma dediyiniz sözlər mənim üçün ən böyük qiymətdir. İnsan üçün bundan böyük nə ola bilər?! Ümumiyyətlə, 20 il Ulu Öndərin, 16 il ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin, - hansı ki, bu gün dünya prezidentləri arasında öz layiqli yerini tutub və onun heç əvəzi də yoxdur, - rəhbərliyi altında çalışasan və belə bir Prezidentdən bu cür qiymət almaq, hansı ki, Siz sadaladınız, insana bundan böyük nə lazımdır?! Ulu Öndərimizin və Sizin rəhbərliyiniz altında işləmək mənim ən böyük qazancım olub. Ömrümün axırınacan Əliyevçiyəm və Əliyevçi də olaraq qalacağam. Ölkə Prezidentinin bir vəzifəli şəxs haqqında bu cür sözlər söyləməsindən, onun gördüyü işlərə bu cür qiymət verməsindən yaxşı nə ola bilər?!

 

Prezident İlham Əliyev: Siz buna layiqsiniz, Əli müəllim, mən bunları tam səmimi deyirəm. Əlbəttə ki, gündəlik formatda Prezidentdən daha çox tənqidi fikirlər səslənir, bu da təbiidir. Amma mən hər bir adamın, hər bir vəzifəli şəxsin fəaliyyətini obyektiv qiymətləndirirəm və sizin ünvanınıza dediyim sözlər tam həqiqətə uyğundur.

 

Əli Həsənov: O da Sizin böyüklüyünüzdür, bir daha nümayiş etdirirsiniz ki, Siz həqiqətən hər bir Azərbaycan vətəndaşının qarantısınız. Mən də Azərbaycan vətəndaşıyam və bunu bir daha nümayiş etdirirsiniz. Siz bütün sahələrdə islahatlar aparmısınız. Bəli, gənclərə yol verilməlidir. Bəli, ulu öndər Heydər Əliyev də bu addımları atırdı. Ulu öndər Heydər Əliyevin siyasəti bu gün tam davam edir bütün istiqamətlərdə. Nə əldə etmişiksə, təbii ki, onun hamısının kökündə, əsasında ulu öndər Heydər Əliyevin siyasəti durur. Allaha çox şükürlər olsun ki, Siz də bunu çox böyük ləyaqətlə, çox böyük bacarıqla həyata keçirirsiniz. Bu gün Siz Azərbaycanı dünyaya tanıtdırırsınız. Götürək, Mehriban xanımın işlərini. Mehriban xanım ən yüksək keyfiyyətə, humanistlik keyfiyyətinə, ən yüksək siyasi keyfiyyətə malik bir xanımdır. Mehriban xanım Azərbaycan xanımını dünya xanımları sırasında ən yüksək zirvəyə qaldırdı. Sizin sayənizdə bu gün bütün dünya Azərbaycandan danışır. Bunu necə görməmək olar? O müxalifətdəkilər aldıqları vəsaiti doğrultmaq, onları silmək üçün canfəşanlıq edirlər, ağızlarına gələni danışırlar. Bütün Azərbaycan ictimaiyyəti belə qeyri-obyektiv məsələlərə qarşı münasibət bildirməlidir, hər kəs mövqeyini bildirməlidir.

 

Məni bu gün qəbul etdiyinizə, ünvanıma bu cür xoş sözlər dediyinizə görə Sizə bir daha təşəkkür edirəm. Necə ki, Ulu Öndərin gördüyü işlərin əyani nəticələri indi daha aydın görünür, Sizin də gördüyünüz işlərin nəticələri hər il, 10 il, 50 il bundan sonra daha aydın görünəcəkdir. Ona görə bir daha Sizə təşəkkür edirəm. Sağ olun.

 

Prezident İlham Əliyev: Sağ olun, Əli müəllim.


 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

 

Prezident İlham Əliyev dedi: Hacıbala müəllim, siz bu gün mənə Baş Nazirin müavini vəzifəsindən azad olunmağınızla bağlı ərizə göndərmisiniz. Mən istərdim ki, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirim. Uzun illərdir ki, siz müxtəlif vəzifələrdə çalışırsınız, həm Baş Nazirin müavini vəzifəsində, 17 il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi və son il yarımda yenə də Baş Nazirin müavini işləyirsiniz. Bilirəm ki, siz həmişə ulu öndər Heydər Əliyevə sadiq olmusunuz. Heydər Əliyev üçün ən ağır dövrlərdə siz öz sözünüzü demisiniz. Bəzi gənclər əlbəttə ki, bunu bilmir və bəzi adamlar bunu yaddan çıxarır. Amma mən heç vaxt bunu unutmuram ki, o vaxt süni şəkildə ortalığa atılmış yaş senzi məsələsinə qarşı siz qəti etiraz bildirmisiniz. O vaxt ulu öndər Heydər Əliyevin xalq qarşısında nüfuzu çox yüksək idi və xalq ondan başqa heç kimi rəhbər vəzifəsində görmürdü. Onun gələcək fəaliyyətini əngəlləmək üçün o vaxt partokrat hakimiyyət yaş senzi kimi çox cəfəng bir qaydanı tətbiq etmişdi. Səhv etmirəmsə, 65 yaşdan yuxarı olan şəxs Prezident ola bilməzdi. Ulu Öndərin də o vaxt 69 yaşı vardı və yadımdadır, siz parlamentin qarşısında kütləvi etiraz aksiyaları təşkil etmisiniz, öz sözünüzü demisiniz, heç kimdən qorxmamısınız. Çünki o vaxt repressiya təhlükəsi çox böyük idi və Heydər Əliyevin hakimiyyətə gəlməsini əngəlləmək istəyənlər müxtəlif çirkin əməllərə əl atmışlar. Heydər Əliyevin yaxın silahdaşı Əjdər Xanbabayevi vəhşicəsinə qətlə yetirdilər, özü də nə vaxt? Həmin gün ki, Heydər Əliyev Moskvadan Bakıya gəlməli idi. Mən ondan bir gün qabaq Bakıya gəlmişdim ki, onu qarşılayım. Onun gəlişini əngəlləmək, ona hədə-qorxu gəlmək üçün günahsız bir insanı, ziyalını – Əjdər Xanbabayevi həmin o dəstə qətlə yetirdi. Düzdür, sonra onu öldürənlər öz layiqli cəzalarını aldılar və Heydər Əliyevin Azərbaycana qayıtmasını heç kim əngəlləyə bilmədi. Bütün təhlükələrə baxmayaraq, o, Bakıya gəldi, öz sözünü dedi. İndiki bəzi dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, o, hər bir təhlükəyə, hər bir məhrumiyyətə getməyə hazır idi. Onun böyüklüyü bundadır və siz Hacıbala müəllim, o vaxt öz sədaqətinizi göstərmisiniz, həm Ulu Öndərə, həm Vətənə, dövlətə, xalqımıza. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi çox böyük fəlakətdən qorudu. Təsadüfi deyil ki, Ulu Öndər Sizə böyük vəzifələr təklif etmişdir, Baş Nazirin müavini vəzifəsinə təyin etdi, ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, ondan əvvəl isə siz Suraxanı rayonunda icra başçısı işləmisiniz. Yadımdadır, sizin o vaxt fəaliyyətiniz də bəziləri üçün bir növ təəccüblü idi, çünki bildiyimə görə, qapılarınız açıq idi, kim istəyirdi gəlirdi. Vətəndaşların problemləri ilə maraqlanırdınız və bu, bir novatorluq idi. İndi bəziləri bunu yaddan çıxarır, amma mən yaddan çıxarmıram və bu gün sizi dəvət etmişəm ki, bunu sizə deyim və Azərbaycan vətəndaşları da bunu bilsinlər.

 

Ancaq həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm. Siz Yeni Azərbaycan Partiyasında da fəal iş görürsünüz. Hesab edirəm ki, bundan sonra da partiya tərkibində siz öz fəaliyyətinizi davam etdirməlisiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram və gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm.

 

Hacıbala Abutalıbov: Çox sağ olun. Minnətdarlığımı bildirirəm. Birinci növbədə Ulu Öndərə olan sevgim, məhəbbətim Leninqradda təhsil aldığım günlərdən başlayıb. Düzdür, onda mən onunla birbaşa görüşməmişdim. Amma Siyasi Büro üzvlərinin şəkillərinin içərisində ikinci yerdə Heydər Əliyevimizin şəklini görəndə bütün azərbaycanlılar fəxr edirdilər. Bizə hamı hər yerdə Heydər Əliyevçilər deyirdilər. Biz bununla fəxr edirdik. Heydər Əliyevi hakimiyyətə xalq gətirdi. Azərbaycan xalqı düşdüyü bəladan çıxmaq üçün yalınız və yalnız Ulu Öndəri rəhbərlikdə görə bilərdi və görürdü də. Ulu Öndər çox ağır vəziyyətdə olan Azərbaycanı xilas etmək üçün özünü qurban verdi. Gecəsini gündüzünə, gündüzünü gecəsinə qatırdı, Naxçıvanda gecə lampa işığında işləyirdi, soyuqda Azərbaycanı belə bir ağır vəziyyətdən çıxarmaq yollarını araşdırırdı. Hakimiyyətə gələndən sonra Heydər Əliyev məni dəvət etdi və Suraxanıda vəziyyətin çox ağır olduğunu deyərək, məni bu rayonun icra hakimiyyətinin başçısı vəzifəsinə təyin etdi. İnsanın həyatında elə bir hal olur ki, o hal insanın ən xoşbəxt günü sayılır. Mənim də ən xoşbəxt günüm Heydər Əliyevlə əl-ələ salamlaşmağım olub. Suraxanıda işlədiyim vaxt Heydər Əliyevimiz və Siz Amerikadan qayıtmışdınız.

 

Prezident İlham Əliyev: Müalicədən qayıtmışdı, 1999-cu il, yadımdadır o günlər, xatırlayıram.

 

Hacıbala Abutalıbov: Bəli, qurbanlar kəsilirdi. Üç gündən sonra Yeni Suraxanıya gəldi, Heydər Məscidini açdı, bir aydan sonra məni kabinetə dəvət etdi və dedi ki, indi səni Baş Nazirin müavini təyin edirəm. Bir ildən sonra məni Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin etdi. Bakı Şəhər İcra Hakimiyyətində Siz dediniz, düz 17 il yarım işlədim. Heydər Əliyevin böyük arzusu var idi: Bakı təmizlənməlidir, Bakı abadlaşmalıdır, Bakı yaşıllaşlamlıdır, Bakı gül-çiçəyə çevrilməlidir. Gecə 3-də, 5-də zəng edirdi, yatmağı yox idi, gecəsi-gündüzü yox idi. Sonra Sizin hakimiyyətiniz dövründə işlədim. Sizin göstərişlərinizin, Bakının belə gözəl vəziyyətə çatdırılması üçün Sizin arzularınızın yerinə yetirilməsində əlimdən gələni edə bildim. Bakı gözəlləşdi və Siz də həmişə demisiniz və deyirsiniz ki, Bakı dünyanın ən gözəl şəhəridir. Əgər Heydər Əliyevimiz Azərbaycan dövlətini yaratdısa, dövlətçiliyin banisidirsə, Siz inkişaf etmiş Azərbaycanın banisisiniz. Azərbaycanda sabitliyin qiyməti yoxdur. Çox sağ olun ki, Azərbaycan belə bir inkişafdadır. Minnətdarlığımı bildirirəm.

 

Prezident İlham Əliyev: Sağ olun, Hacıbala müəllim.

 

Hacıbala Abutalıbov: Çox sağ olun.

21.10.2019 19:11

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ