Bu həftə Azərbaycan faiz qərarını açıqlayacaq - NƏ GÖZLƏNİR?

25 oktyabr 2019-cu il tarixində (cümə günü) Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə 7-ci dəfə faiz qərarını açıqlayacaq.

 

2019-cu ilin ötən dövrü ərzində Mərkəzi Bankın İdarə Heyəti keçirdiyi bütün iclaslarında (cəmi 6 iclas) faizlərin endirilməsinə qərar verib. İl ərzində bir iclasda uçot dərəcəsi 0,50 bənd, növbəti 5 iclasın hər birində isə 0,25 bənd endirilib. Müvafiq olaraq faiz dəhlizinin yuxarı və aşağı hədləri də aşağı düşmüşdür.

 

2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%-ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə, İyul ayında 8,25%-ə, Sentyabr ayında isə 8%-ə salındı.

 

İqtisadi artımın davam etdiyini, inflyasiyanın Mərkəzi Bankın hədəfi (4±2%) çərçivəsində olduğunu, xarici sektorda müsbət meyillərin davam etdiyini, beynəlxalq konyunkturun Azərbaycan üçün əlverişli olaraq qaldığını, neftin qiymətinin 60 dollardan yüksək olduğunu nəzərə alsaq uçot dərəcəsinin endirilməsi davam etdirilə bilər.

 

“Faiz dəhlizinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfə uyğunluğu, daxili və xarici risklərin reallaşmasının inflyasiyaya təsirindən asılı olaraq veriləcəkdir”,- Mərkəzi Bank bəyan etmişdir.

 

Eyni zamanda qeyd edək ki, bazarda faizi müəyyən edən alətlərdən biri olan Maliyyə Nazirliyinin 1 illik tədavül müddətli istiqrazları üzrə faiz dərəcəsi 6% səviyyələrinə düşüb. 3 illik dövlət istiqrazlarının faizi isə 8% səviyyələrinə geriləyib. Bazarda faizin 6%-ədək düşməsi, Mərkəzi Bankında uçot dərəcəsini mərhələli şəkildə bu səviyyəyədək endirəcəyi ehtimalını gücləndirir.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

Depozit və not hərraclarında da tələb təklifi dəfələrlə üstələyir. Tələbin yüksək olduğu bir şəraitdə hərraclarda faizin aşağı düşməsi üçün Mərkəzi Bank uçot dərəcəsini, o cümlədən faiz dəhlizinin yuxarı və aşağı hədlərini aşağı salmalıdır.

 

Həmçinin qeyd edək ki, Azərbaycanda faizlərin düşməsi istehlakı canlandırır. Son vaxtlar istehlak kreditləri (əhalinin aldığı kreditlər) yenidən artır, bu da hökuməti narahat edir. Əhalinin daha çox borclanması bir sıra riskləri artırır.

 

Xatırladaq ki, Sentyabrın 13-də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.25%-dən 8%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyən edilmişdir (yuxarı həddi 9,75%, aşağı həddi 6,25%).

 

Əgər Mərkəzi Bank faizi 0,25 bənd endirməkdə davam edərsə uçot dərəcəsi 7,75%-ə düşəcəkdir. 

 

UÇOT DƏRƏCƏSİ NƏDİR?

 

Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması pul bazarında real faiz dərəcələrinə təsir edir. Aşağı faiz milli valyutada yığımları (əmanət yerləşdirməyi) deyil, xərcləməyi stimullaşdırır.

 

Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

22 Oktyabr 2019 , 08:07   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin