Dövlət istiqrazlarının böyük hissəsini 1 holdinq alır - XƏBƏRDARLIQ

“Emissiya edilmiş dövlət istiqrazlarının investorlarına nəzər saldıqda dövlət istiqrazlarının təqribən 50%-i funksional fəaliyyət üçün Dövlət büdcəsindən vəsait alan təşkilatda və 1 holdinqdə cəmlənmişdir”.

 

"Marja" xəbər verir ki, bu, Hesablama Palatasının 2020-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə rəyində bildirilib.

 

Qeyd edilib ki, bütün bunlar isə öz növbəsində bazarda investor şəbəkəsinin məhdud olduğuna, yeni maliyyə alətlərinin olmamasına, təkrar bazarın tam formalaşmamasına deməyə əsas vermişdir: “Başqa sözlə qiymətli kağızlar bazarının geniş investor şəbəkəsinə malik olmaması əvvəlki borcların bağlanması məqsədilə həyata keçirilən yeni borclanmanın tədricən çətinləşməsinə və ya faiz artımına gətirib çıxara bilər”.

 

Dövlət istiqrazları daxili maliyyə bazarlarının inkişafı üçün zəruri alət kimi nəzərdə tutulmuşdur.  Hesablama Palatası bildirib ki, nəzərdə tutulmuş dövlət istiqrazlarının maliyyə planlaşması aparılmadığından əlavə emissiya edilmiş istiqrazların daxili maliyyə bazarının inkişafına təsirini müəyyən etmək mümkün olmamışdır.

 

134,5 MİLYON MANAT FAİZ BORCU

 

01.07.2019-cu il tarixə dövlət istiqrazları üzrə borcun ümumi məbləği 1 milyard 291,8 milyon manat (o cümlədən 134,5 milyon manat faiz borcu) təşkil etmişdir. 2019-cu ilin 6 ayı ərzində geri qaytarılmış istiqrazlar üzrə ödənilmiş faiz və diskont məbləği isə 45,1 milyon manat təşkil etmişdir.

 

2019-cu il üzrə 300 milyon manatlıq dövlət qısamüddətli və 400 milyon manatlıq dövlət ortamüddətli istiqrazlarının emissiyasını təsdiq edilmişdir.

 

Milli Depozit Mərkəzinin məlumatına əsasən 2019-cu ilin 6 ayı ərzində Maliyyə Nazirliyi tərəfindən yerləşdirilmiş dövlət istiqrazları üzrə daxilolmalar ümumilikdə 324,8 milyon manat məbləğində, o cümlədən 140 milyon manat Dövlət Qısamüddətli İstiqrazlardan (DQİ) və 184,8 milyon manat məbləğində Dövlət Ortamüddətli İstiqrazlardan (DOİ) olmuşdur. Belə ki, Dövlət Qısamüddətli İstiqrazların manatla 100%-i (140 milyon manat) 12 aylıq müddətinə yerləşdirilmişdir. Dövlət Ortamüddətli İstiqrazların (184,8 milyon manat) 54,24%-i (100,2 milyon manat) 24 aylıq və 45,76%-i (%-84,6 milyon manat) 36 aylıq müddətinə yerləşdirilmişdir.

 

7-8 FAİZLƏ ALINAN BORC, 1-1,5 FAİZLƏ BORCA VERİLİR

 

Hesablama Palatası rəyində qeyd edib ki, qəbul edilmiş Strategiyanın tələblərindən biri də ortamüddətli dövrdə dövlət borclarının idarə edilməsinin strateji çərçivəsinin yaradılması, habelə xərc və risklərin müvafiq tarazlığı nəzərə alınaraq ən optimal maliyyə alətlərinin seçilməsi və daxili borclanmanı təkcə alternativ maliyyələşdirmə məbləği kimi deyil, eyni zamanda daxili maliyyə bazarlarının inkişafı üçün zəruri alət kimi nəzərdə tutulmasıdır: “Lakin aparılmış  təhlillər göstərir ki, dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi məqsədilə emissiya edilən dövlət istiqrazları (bazar prinsiplərinə uyğun ortalama 7-8%) bir sıra hallarda büdcənin icrası ilə uzlaşmır ki, bu da əlavə borclanma və faiz ödənişləri yaratmaqla sərbəst qalıq vəsaitlərinə aid edilir. Sərbəst qalıq vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər isə ortalama 1-1,5% təşkil edir. Başqa sözlə, daxili borclanmanın həcminin ilbəil artımı, Strategiyada nəzərdə tutulduğu kimi xarici dövlət borcunun tədricən azalması ilə müşayiət olunmasına baxmayaraq əlavə faiz xərclərinin artımına səbəb olur ki, bu da il ərzində əlavə borclanmanın həcmindən çoxdur”.

 

Təqdim olunmuş məlumatlara əsasən Maliyyə Nazirliyi tərəfindən 2019-cu ilin 6 ayı ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 334,9 milyon manat təşkil etmişdir. Yerləşdirilmiş istiqrazlar üzrə dövlət büdcəsinə 324,8 milyon manat daxil olmuşdur ki, bundan da əvvəlki illərdə buraxılmış istiqrazlar üzrə 222,3 milyon manat (əsas borc) geri ödənilmişdir. Beləliklə 01.07.2019-cu il tarixə büdcə kəsirinin maliyyələşdirilməsinə daxili borclanma üzrə 102,5 milyon manat vəsait yönəldilmişdir. Dövlət büdcəsi kəsirinin mənbələr üzrə maliyyələşdirilməsi barədə Maliyyə Nazirliyinin 2019-cu ilin 8 aylıq məlumatına əsasən bu mənbə üzrə kəsirin bağlanmasına 218 milyon manat yönəldilmişdir.

 

MALİYYƏ NAZİRLİYİ PLANA ƏMƏL ETMƏYİB, 2 DƏFƏ ÇOX BORC GÖTÜRÜB

 

2019-cu ilin 8 ayı ərzində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə, ölkə daxilində qiymətli kağızların (istiqrazların) yerləşdirilməsi üzrə 106,4 milyon manat məbləğində proqnoza qarşı 218 milyon manat, yəni 111,6 milyon manat və ya 2 dəfə çox təşkil etmişdir.

 

120 MILYON MANAT FAİZ BORCU ÖDƏNİLƏCƏK

 

Maliyyə Nazirliyi tərəfindən emissiya edilmiş və yerləşdirilmiş dövlət istiqrazları üçün 2020-ci ilin dövlət büdcəsində 120 milyon manat məbləğində faiz borcu üzrə xərc proqnozlaşdırılmışdır ki, bu da 2017-ci ildə, 2018-ci ildə və cari ildə yerləşdirilmiş və eyni zamanda 2020-ci ildə yerləşdirilməsi nəzərdə tutulan dövlət istiqrazları üzrə ödəniləcək faiz borcunun təqribən 110 – 115 milyon manat təşkil etməsi ilə əlaqədar olmasını, qalıq məbləğin isə ehtiyat vəsait kimi qiymətləndirilməsini şərtləndirmişdir/

6 Noyabr 2019 , 09:06   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin