Palatadan “Azpulmat” açıqlaması

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası nağd pul vəsaitinin verilməsi (kredit) məqsədilə quraşdırılmış “Azpulmat” özünəxidmət terminalların fəaliyyətini araşdırıb.

 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev bildirib 

 

Onun sözlərinə görə, aparılan monitorinqlər zamanı müəyyən edilib ki, “Azpulmat” özünəxidmət terminalları vasitəsilə kreditin rəsmiləşdirilməsi üçün fiziki şəxslərdən fərdi məlumatlar, o cümlədən biometrik məlumatlar toplanılaraq onlara nağd pul vəsaiti təqdim edir.

 

"Göstərilən xidmət çərçivəsində fiziki şəxslərdən fərdi məlumatların, habelə biometrik məlumatların toplanılması “Fərdi məlumatlar haqqında” və “Biometrik informasiya haqqında” Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənməlidir. Belə ki, “Fərdi məlumatlar haqqında” Qanunun (Qanun) 15.1-ci bəndinə əsasən fərdi məlumatların informasiya sistemləri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Həmçinin, “Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 28 oktyabr 2008-ci il tarixli 7 nömrəli Fərmanına əsasən bu qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi  Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəyləri nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir. Qanunun 2.2-ci maddəsinə əsasən isə biometrik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla onların toplanılması, işlənilməsi və mühafizəsi qaydası müvafiq qanunla müəyyən edilir", - Palatanın sözçüsü bildirib.

 

E. Allahverdiyev vurğuladı ki, qeyd olunan sahələrin tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri daxilində olmadığı üçün aidiyyəti dövlət orqanlarına bununla bağlı rəsmi müraciət edilib.

 

Məlumata görə, Bakıda son günlər bir neçə yerdə insanlara borc verən aparatlar quraşdırılıb. Belə ki, Nizami rayonu ərazisində bir neçə yerdə quraşdırılan bu aparatlardan istənilən adam şəxsiyyət vəsiqəsini, barmaq izini quraşdırılan aparata daxil etməklə, ilkin olaraq 20 manat məbləğində borc pul ala bilər.

 

Şəxsiyyət vəsiqəsindən başqa borc alanın aparat tərəfindən barmaq izi götürülür, fotosu çəkilir. Minimum 5, maksimum isə 21 gün müddətinə borc pul verilir. 5 gün ərzində 20 manat və üstə gəl də 1 manat əlavə faizini qaytaran şəxs, bu dəfə 40 manat məbləğində borc ala bilir. Beləcə bu məbləğ 1000 manata qədər qalxır. Borcu götürən zaman bütün məlumatları daxil etdikdən sonra bir də mobil nömrənizi də yazırsınız. Nömrəyə xüsusi şifrə göndərilir və bundan sonra şifrəni yazıb, pulu çəkmək olur. Eyni nömrə, şəxsiyyət vəsiqəsi ilə borcu qaytarmadan növbətisini almaq mümkün deyil.

 

NAĞD PUL 17%-DƏN

 

© "Report" 

22 Noyabr 2019 , 15:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin