Azərbaycanın tanınmış tədris və təlim şirkətindən şikayət – “ÖDƏNİŞLƏRİ ALA BİLMİRƏM”

Daha bir təlimçi tədris və təlim xidmətləri göstərən “GRBS” şirkətindən ödəniş ala bilmədiyini iddia edir.

 

“GRBS” şirkətinin təlimlərində dərs deyən Əşrəf Hüseynov “Marja”ya şikayət ilə müraciət edib. O iddia edir ki, “GRBS” üçün təlim xidmətləri göstərmiş və qarşılığında ödənişlərin xeyli hissəsini ala bilməmişdir.  

 

Əşrəf Hüseynov bildirdi ki, ödənişin gecikməsinə baxmayaraq müddəti 3 aylıq olan ACCA kurslarında ardıcıl 3 dəfə təlim xidmətləri göstərib. Xidmətdən imtina etməməsinə səbəb təlimdə iştirak edən tələbələrin təhsillərini davam etmələri və verilən vədlər olub:

 

“May ayından etibarən şirkətin rəhbəri Bəhram Qurbanov ilə danışsam da o da vədlərini yerinə yetirmədi. Şirkətin administratoru (ödənişləri ödəməyə məsul şəxs) Elmar Səlimov dəfələrlə ödənişlərin hissə-hissə ödəniləcəyini vəd versə də, borcun kiçik bir hissəsi ödəndi, qalan hissənin ödənişi müxtəlif bəhanələr ilə uzadılır. Mənim kimi bir çox müəllimlər də ödənişləri ala bilmirlər. Mən Əmək Müfəttişliyinə və Vergilər Nazirliyinə müraciət etməyi nəzərdə tuturam”.

 

ŞİRKƏTDƏN İDDİAYA MÜNASİBƏT

 

GRBS” şirkətindən Elmar Səlimov “Marja”ya bildirdi ki, qarşıdakı 2 həftə ərzində təlimçilərə olan borcların tam ödənilməsi nəzərdə tutulur:

 

“Dünən axşam Əşrəf Hüseynov ilə bu barədə danışdım. Düzdür ödənişlər gecikir, Əşrəf Hüseynova ödəyəcəyimiz müəyyən məbləğ qalıb. Çalışacağıq ki, qarşıdakı 2 həftə ərzində bütün ödənişləri həyata keçirək. Bu barədə şirkət rəhbərliyinin də məlumatı var”.   

 

Qeyd edək ki, bu ilin yazında da “GRBS” şirkətinin dərsləri yarımçıq keçdiyi, təlimçilərin və müəllimlərin əməkhaqlarını ödəmədiyi iddia edilmişdi. Məsələni ictimailəşdirən şəxslər qeyd etmişdilər ki, “GRBS” şirkətində dərs deyiblar, amma ödəniş ala bilmirlər.

2 Dekabr 2019 , 12:47   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin