Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"BP-Azərbaycan" 2019-un hesabatını verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"BP-Azərbaycan" 2019-un hesabatını verdi

Biznes əməliyyatları hesabatı - 2019-cu ilin yekunları


 

Reklam_3_11

Azəri-Çıraq-Günəşli (AÇG)

 

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

 

2019-cu il ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 567 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 476 milyon dollara yaxın əsaslı məsrəflər xərclənmişdir.

 

2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (ACE) layihəsinə sanksiya verildi. 6 milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilmişdir və istismar müddəti ərzində onun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.

 

2019-cu ildə bu layihə üzrə əsas tikinti-quraşdırma, dəniz və sualtı işlər üzrə müqavilələr bağlanmış və iyul ayında tikinti işlərinə başlanmışdır. Tikinti işləri ilin ikinci yarısında  genişlənməyə davam etmişdir.

 

Hazırda platformanın üst modulları və qazma qurğusunun tikinisi və quraşdırılması Bibiheybətdəki tikinti-quraşdırma sahəsində plan üzrə irəliləyir, dayaq bloku və onun payalarının tikintisi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda qrafiki qabaqlamaqla davam edir. Payaların bu ilin sonlarına yaxın dənizdə quraşdırılacağı planlaşdırılır. Yaşayış blokunun tikintisi İsveçdə qrafiki qabaqlamaqla irəliləyir. Sualtı boruların örtüklənməsi işləri üzrə sınaqlar başlanmışdır.

 

Hasilat

2019-cu ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (41 000), Mərkəzi Azəri (134 000), Qərbi Azəri (121 000), Şərqi Azəri (89 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (54 000) platformalarından birlikdə – gündə orta hesabla 535 000 barel və ya ümumilikdə 195 milyon bareldən artıq, yəni 26 milyon ton olub.

 

İlin sonunda AÇG-də ümumilikdə 125 neft hasilat quyusu və 46 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.  

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

 

İl ərzində AÇG-də 10 neft hasilat quyusu və bir su injektor quyusu qazılıb.

 

Səmt qazı

 

2019-cu ildə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,7 milyon kubmetr, ümumilikdə isə 2,1 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal terminalı

 

2019-cu ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

 

İl ərzində terminal təqribən 263 milyon barel neft və kondensat, o cümlədən 235 milyon barelə yaxın Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təqribən 28 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

2019-cu il ərzində terminaldan həmçinin gündəlik orta hesabla 45 milyon standart kubmetrdən çox (təqribən 1 milyard 600 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.

 

Bakı-Tbilisi-Ceyhan (BTC)

 

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.  

 

2019-cu il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 138 milyon dollar, əsaslı xərclərə isə təqribən 44 milyon dollar xərclənmişdir.

 

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2019-cu ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 447 milyon tondan artıq (3,35 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4381 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

 

İl ərzində isə BTC vasitəsilə təqribən 31 milyon ton (233 milyon bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 296 tankerə yüklənib.

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

 

Şahdəniz

 

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

 

2019-cu ildə Şahdəniz üzrə fəaliyyətlərə 544 milyon dollara yaxın əməliyyat xərcləri və 1,1 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

 

Hasilat

 

İl ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

 

2019-cu ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə 16,8 milyard standart kubmetr qaz və təqribən 3,5 milyon ton (28,6 milyon barel) kondensat hasil edilmişdir.

 

Ötən ilin iyul ayının sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam etmişdir.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

 

Şahdəniz 2 layihəsi

 

2019-cu ildə Şahdəniz 2 layihəsinin dənizdə və qurudakı obyektlərinin əməliyyatlara tam təhvili başa çatıb. Layihə komandası ilk hasilat ilində Şahdəniz 2 qurğularının yüksək səmərəliliyini təmin etmək məqsədilə əməliyyatlara dəstək verməyə davam edib.

 

İl ərzində layihə çərçivəsində sualtı quraşdırma işləri, o cümlədən 2021-ci ildə yatağın şərq-cənub cinahından hasilatın başlanması üçün dərin sularda avadanlıqların quraşdırılması işləri davam edib. Qaz hasilatını planlaşdırılan sabit səviyyəyə çatdırmaq üçün qarşıdakı illərdə Xankəndi sualtı tikinti gəmisi və İsrafil Hüseynov borudüzmə gəmisi vasitəsilə sualtı qurğuların daşınması və quraşdırılması işləri davam edəcək.

 

Qazma əməliyyatları

 

2019-cu ildə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

 

İstiqlal qazma qurğusu şərq cinahın cənub hissəsində bir, qərb cinahın cənub hissəsində iki, şərq cinahın şimal hissəsində isə iki sualtı quyu tamamlayıb. Qurğu daha sonra şərq cinahın şimal hissəsində iki quyu lüləsinin üst intervalını qazıb. Maersk Explorer qurğusu SDH01 quyusunu tam dərinliyədək, şimal cinahda bir quyu lüləsinin üst intervalını və qərb cinahın cənub hissəsində iki quyu lüləsinin üst intervalını qazıb. Qurğu daha sonra qərb cinahın cənub hissəsində SDF03 quyusunu tam dərinliyədək qazıb və SDF04 quyusunun alt hissəsini qazmağa başlayıb.

 

Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 17 quyu qazıb və bunlardan 16-sını tamamlayıb (yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu,  şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu,  şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub). Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

 

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

 

2019-cu ildə CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 48 milyon dollar əməliyyat xərcləri və təqribən 34 milyon dollar əsaslı xərclər sərf edilib.

 

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə  təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb. 

 

2019-cu il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 29 milyon kubmetr olmuşdur.

 

CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR Midstream Operations isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

 

Geoloji kəşfiyyat

 

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına 2020-ci il yanvarın 13-də başlandı. Quyunun doqquz aya qazılacağı planlaşdırılır. Bundan sonra, əldə edilmiş məlumatlar təhlil olunacaq və əgər uğurlu olarsa, nəticələri təsdiq etmək üçün qiymətləndirmə proqramı da həyata keçirilə bilər.  

 

D230 blokunda 2019-cu ilin dekabr ayında 3-ölçülü seysmik tədqiqat proqramına başlanmışdır və hazırda davam edir. Bu işlərin 2020-ci ilin birinci yarısında başa çatacağı planlaşdırılır. Bunun ardınca əldə edilmiş məlumatların emalı və interpretasiyası aparılacaq və nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına da 2020-ci ildə başlanacaq.

 

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra 2020-ci ilin sonlarında başlanması nəzərdə tutulur. 

 

İşçi heyətimiz

 

2019-cu ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2534 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

 

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

 

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

 

Sosial sərmayələr

 

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

 

2019-cu il ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 3 milyon dollar xərcləmişlər.

 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.


 

Biznes əməliyyatları haqqında bu məlumat AÇG yatağının əməliyyatçısı kimi “BP Exploration (Caspian Sea) Limited” şirkəti, Şahdəniz yatağının əməliyyatçısı kimi “BP Exploration (Shah Deniz) Limited” şirkəti, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti və Cənubi Qafqaz Boru Kəməri şirkəti tərəfindən, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, mətbuata açıqlanan birgə pres relizdir.

06.02.2020 12:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ