Hotellərə verilən ulduzlar 3 il qüvvədə olacaq

Ulduzlaşmadan keçən hotellərə 3 il ərzində qüvvədə olacaq sertifikat təqdim ediləcək.

 

Bunu Azərbaycan Hotellər Assosiasiyasının ulduz təsnifatı üzrə meneceri Rəşad Niyazov bildirib.

 

Onun sözlərinə görə, həmin müddətdə "Trustyou" proqramı vasitəsilə hotelin qonaqlarının rəyləri izləniləcək və bununla da hotelin müştərilərinin məmnunluq səviyyəsi müəyyən ediləcək. Müştəri məmnunluğu endikdə bu barədə hotelə xəbərdarlıq ediləcək.

 

R.Niyazov əlavə edib ki, ulduzlaşma ilkin mərhələdə könüllü aparılacaq. Onun sözlərinə görə, hazırda Azərbaycan Hotellər Assosiasiyasının 80 üzvü var. İlkin mərhələdə assosiasiyaya üzv olan hotellərin təsnifatlaşdırılması aparılacaq. Assosiasiyaya üzv olan hotellərin yarıdan çoxu Bakıda yerləşir, onların arasında 3 ulduzlu hotellər də var.

 

Menecer qeyd edib ki, ulduzlaşmanın aparılması məqsədilə may ayından etibarən sənəd qəbuluna başlanılacaq. Hotel ulduzlaşma üçün müraciət etdikdən sonra qarşılıqlı razılaşma əsasında tarix təyin ediləcək:

 

"Ulduzlaşma üçün müraciət edən hotel 3-4 saat ərzində yoxlanılacaq. Daha sonra isə nəticələr müzakirə üçün müstəqil ekspertlərdən ibarət olan Qiymətləndirmə və Qərəzsizlik Komissiyasına təqdim olunacaq. Hər hotel kriteriyalar kataloquna uyğun olaraq, bal sistemi əsasında təsnifatlaşdırılacaq. Bu zaman ulduz kateqoriyası nə qədər yüksək olarsa, tələblər də bir o qədər yüksək olacaq. Hər bir kateqoriya üçün məcburi minimum kriteriyalardan əlavə, digər meyarlar da mövcuddur. Hotel 1 ulduz almaq üçün minimum 40, 2 ulduz almaq üçün 54, 3 ulduz almaq üçün 78, 4 ulduz almaq üçün 95, 5 ulduz almaq üçün 114 bal toplamalıdır. 4 və 5 ulduzlu hotellər üçün otaqlarda regional məlumat materialları da yerləşdirilməlidir. Bu hotellərdə qeydiyyat zamanı qonaq daxili cihazlardan (seyf, kondisioner və s.) istifadə imkanları barədə açıq şəkildə məlumatlandırılmalıdır. Bu xidmət mehmanxana haqqında informasiya qovluğuna daxil edilməlidir. Tələb olunan kriteriyalardan biri olmazsa, hotel təsnifatlaşdırılmayacaq".

 

© Trend

27 Fevral 2020 , 13:47   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin