"Dollarlaşma təzyiqini nəzərə alanda, manat kütləsinin idarə edilməsi çox əhəmiyyətlidir" - FAİZ QƏRARI ŞƏRH EDİLDİ

Vüsal Qasımlı: Uçot dərəcəsinin sabit saxlanılması balanslaşdırıcı qərardır

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9 faiz saxlanılmaqla aşağı həddi 6.75 faizə qaldırılıb.

 

Bu qərarı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, pul siyasətində manatın məzənnəsi makroiqtisadi vә maliyyә sabitliyinin əsas lövbәri kimi qəbul edilir:

 

“Pul siyasәti qiymәt sabitliyinә əsaslanır. Mərkəzi Bankın hesablamalarına görə, manatın möhkәmlәnmәsinin qiymәtlәrә azaldıcı tәsiri ilә müqayisәdә onun ucuzlaşmasının artırıcı tәsiri daha yüksәkdir.

  Ötən ilin sonlarına yaxın manata olan bahalaşma təzyiqləri, hazırda əks istiqamətdə fəaliyyət göstərir. Valyuta bazarında tələb-təklif, tәdiyә balansına neftin aşağı qiymətinin təsiri və dollarlaşma meyilləri bu sıradadır. Digər tərəfdən də inflyasiyaya cilovlayıcı təsir göstərən amillər mövcuddur. FAO-nun Qida Qiymətləri İndeksi (FFPI) 2020-ci ilin fevral ayında əvvəlki ayla müqayisədə 1 faiz azalıb. İndeksi təşkil edən dörd məhsul – taxıl, süd, ət və bitki yağı ucuzlaşıb, yalnız şəkər bahalaşıb. Qeyri-әrzaq mәhsulları vә xidmәtlәr üzrә də tələbin azalması qiymətlərin ucuzlaşmasına təsir edir.

 

  Belə bir şəraitdə Mərkəzi Bank uçot dərəcəsini dəyişməməklə balanslaşdırıcı qərar qəbul etmişdir. Pul siyasətinin qarşısında bir tərəfdən monetar şəraiti sərtləşdirməmək, digər tərəfdən isə manatın məzənnəsi və qiymət sabitliyini təmin etmək kimi vəzifələr dayanır.

 

Faiz dəhlizinin aşağı həddini 5,5 faizdən 6, 75 faizə qaldırmaqla kommersiya banklarının Mərkəzi Bankın keçirdiyi depozit hərraclarında iştirakı stimullaşdırılır. Çünki faiz dəhlizinin aşağı həddi depozit hərraclarında bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsini müəyyənləşdirir. Beləliklə, faiz dəhlizinin aşağı həddi artmaqla, depozit hərraclarında əqdlər üzrə orta faiz dərəcəsini də 1,25 faiz çoxaldacaq. Bir sözlə, Mərkəzi Bankın cəlb etdiyi manat kütləsi kommersiya bankları üçün daha cəlbedici olacaq, manat kütləsinin sterilizasiyası üçün daha əlverişli şərait yaranır. Dollarlaşma təzyiqini nəzərə alanda, hazırda dövriyyədə manat kütləsinin idarə edilməsi çox əhəmiyyətlidir.”

19 Mart 2020 , 17:26   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin