Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Bəzi şirkətlərin rəhbərləri “kolxoz sədri” kimi idarə edirlər” - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bəzi şirkətlərin rəhbərləri “kolxoz sədri” kimi idarə edirlər” - MÜSAHİBƏ

Müsahibimiz DəmirBank ASC-nin marketinq müdiri, Marketing AİR təlimlərinin həmtəsisçisi, "Biznes və menecmentin əsasları" və "Biznes nə istəyir" kitablarının müəllifi Anar Bayramovdur.

 

Reklam_3_11

-Anar bəy, bu sualı ənənəvi olaraq bütün müsahiblərimə verirəm. Orta məktəbdə əlaçı şagird olmusunuz?

 

-Çox vaxt əlaçı olmuşam. Amma 10-cu sinifdən sonra ixtisaslaşmağa üstünlük verdim. Ümumiyyətlə, hesab edirəm ki, “hərşeyşünas” olmaq olmaz. “Hərşeyşünas” olmaq istədikdə ortada qalırsan – heç bir sahə üzrə dərin ixtisaslaşa bilmirsən o halda. İndi də çalışıram ixtisaslaşmaya fikir verim. Əlavə 1 saat vaxtım varsa, çalışıram ixtisasıma aid, işimə aid işlərlə məşğul olum, bu  sahədə biliklərimi və təcrübəmi artırım.

 

-Ali məktəbdə "xüsusi istedadlar qrupu"da təhsil almısınız və universiteti fərqlənmə dərəcəsi ilə bitirmisiz. Fərqlənməyə uşaqlıqdan iddialı olmusuz?



-Açığı, məqsədim fərqlənmə diplomu almaq deyildi. Sadəcə elə alındı. "Xüsusi istedadlar qrupu"nda çox yaxşı mühit var idi – hamımız əlimizdən gələni edirdik ki, maksimum bal toplayaq. Mümkün 100 baldan 86 almaq kifayət edirdi “5” almağa, biz isə çalışırdıq ki, 100 alaq.

 

Amma fərqlənmək istəmişəm həmişə. İndi də çalışıram fərqlənim. Başqa cür brend ortaya qoymaq olmaz. “Anar Bayramov” brendinin inkişafında aydın mövqelənmə, fərqlənmə, öz yolumun olması böyük rol oynayır.

 

-Uğurlarınıza görə özünüzü kimə borclu hesab edirsiz?

 

- Valideynlərimə, müəllimlərə, bir də biznes idarəçisi kimi formalaşmağımda əməyi olan, təsirləndiyim şəxslərə. Biznes praktikamda özümə bir nömrəli müəllim hesab etdiyim şəxs ilk iş yerim olan “Müller İnteryer” şirkətinin sahibi Vüqar Zeynalovdur.


- 25 yaşınızda "Müller İnteryer" şirkətinin direktoru vəzifəsində idiniz. Şirkətin ənənəvi prinsiplərlə idarə olunmasını önə çəkən konservativ liderlər, gənc və praqmatik lideri necə qarşıladılar?

 

- "Müller İnteryer" şirkətinə direktor təyin olunanda 23 yaşım olmamışdı hələ. Çox gənc idim o rol üçün. İlk vaxtlar “liderlik sınağı”ndan keçməli oldum. İşçilər tərəfindən tam mənada qəbul olunmalı idim. Bir neçə ay çəkdi bu, sonra hər şey yerini tutdu. Bu prosesdə şirkətin sahibinin də dəstəyi var idi.

 

-Uğursuz alınan və ya nəticəsi sizi qane etməyən layihəniz olubmu?

 

-İnternet marketinq televiziyası olan FMR TV-də işlər istədiyimiz kimi getmədi. Heç kimdə günah axtarmadıq. Özümüz vaxt ayırmadıq kifayət qədər, prioritet etmədik. Amma dirçəltmək fikrimiz var FMR TV-ni.

 

-Uğurlu layihələrinizdən biri də hər il baş tutan "Milli Marketinq Forumu" layihəsidir. Bu haqda nə danışa bilərsiz? İdeya necə yarandı və sizcə bu layihə ölkəmizdə nələri müsbətə doğru dəyişəcək?

 

- Milli Marketinq Forumu – ölkəmizdə ən böyük marketinq tədbiridir. Ən ciddi platformalardan hesab olunur biznes sahəsində. 2013-cü ildə İlkin Manafov və Rafiq Hunaltay ilə birlikdə MMF-i təsis etdik. Digər dostlarla birlikdə artıq 5-ci ildir ki, forumu keçiririk. Bu ilin 26-27 may tarixlərində 5-ci MMF baş tutacaq.

 

Milli Marketinq Forumu – sözün hər iki mənasında Azərbaycanda marketinqin olduğu yeri göstərir. Birincisi o mənada ki, obrazlı desək, Azərbaycanın marketinqi (marketoloqlar, marketinq problemlərimiz, marketinq keyslərimiz, marketinq trendlərimiz və s.) həmin gün MMF-də olur. İkincisi, MMF Azərbaycanda marketinqin hansı vəziyyətdə - hansı inkişaf səviyyəsində olduğunu göstərir. 



Milli Marketinq Forumu təcrübəmiz ilə yola çıxdıqdan sonra ixtisaslaşmış biznes forumları təşkil etməyə başladıq. Belə ki, 2015-ci ildən başlayaraq hər il Digital Marketing Conference, 2016-cı ildən başlayaraq isə SAT Forum keçirməyə başladıq.

 

Bu tədbirlər həm networking baxımından, həm də təcrübə paylaşımı baxımından çox qiymətlidir ölkəmiz üçün, Azərbaycan biznesi üçün.

 

-Azərbaycan biznesin inkişafı üçün əlverişli ölkə sayılırmı?

 

-Təəssüf ki, istədiyimiz səviyyədə deyil. Gedəcəyimiz yol uzundur.

 

-Bir neçə il əvvəl kiçik kafe ölçüsündə olan şadlıq sarayları adlarını "Palace" eləmişdilər. Devalvasiyadan sonra oldular "Mərasim evi". Sizcə bu devalvasiyanın günahıdır, yoxsa səriştəsiz biznes idarəetməsinin nəticəsi?

 

- Pis öyrəşmişdilər. Elə bilirdilər həmişə belə olacaq. Günlərin birində çağırılmamış qonaq kimi peyda olan böhran bizneslərimizi əməlli silkələdi. Həmişə demişəm, uzun müddət ərzində bazarda olmağı düşünənlər əmin olmalıdır ki, böhran da olacaq, ciddi dəyişikliklər olacaq biznes mühitində. Ona hazır olmalıdırlar.

 

Əksər biznesmenlərimiz böhrandan sonra ayılıblar ki, strategiyaya, brendinqə, sistem quruculuğuna, effektiv və səmərəli idarəetmənin quruculuğuna, kadrların inkişafına fikir vermək lazımdır. Bəziləri hələ də yatıblar fil qulağında.

 

Böhranın əsas faydalarından biri sağlam bizneslərin,  yaxşı idarəetməsi olan bizneslərin çoxalmasıdır. Bu proses gedir hazırda. Əsl dayanıqlı bizneslər formalaşmağa başlayır.

 

- Niyə bizim ölkədə müştəri məmnuniyyəti lazımi səviyyədə ölçülmür? Şirkətlər populyarlaşıb el dili ilə desək, "özünü tutan kimi" məhsulun keyfiyyətini aşağı salmaqla müştəriyə olan dəyəri azaldırlar?


- Çox dərin kökü olan məsələdir. Bir çox başqa problemlərin qaynaqlandığı mənbədir həm də.

 

Təəssüf ki, əksər şirkətlərimiz dildə müştəri məmnunluğunun vacibliyini vurğulasalar da, reallıqda bu sahəyə yetərincə fikir verilmədiyini görürük. Çox az şirkətimiz var ki, şirkətdə müştəri-mərkəzli mədəniyyətin formalaşdırılması üçün sistemli çalışsınlar. Müştərilərlə iş sistemi, prosedurlar və s. çox önəmlidir. Amma bütün bunlardan əvvəl şirkətdə müştəri-mərkəzli düşüncənin, mədəniyyətin bərqərar olunmasıdır. Vəzifəsindən asılı olmayaraq hamı anlamalıdır ki, müştəri məmnuniyyəti şirkətin mövcudluğunun əsasıdır. Belə ki, bazarı müştəri müəyyən edir - həlledici qərarı o verir. Keyfiyyəti azaldacaqsan, cənab müştəri öz qərarını verəcək. Özü də bugünkü müştəri 10-15 il əvvəlki müştəri deyil. Daha tələbkar, daha məlumatlı, daha həssas müştəri görürük hər keçən gün.  

 

-Etiraf edirsinizmi ki, biznesdə həmişə dürüst olmaq olmur?

 

- Qətiyyən razı deyiləm. Bu kimi fikirlər biznesi gözdən salır. Ən yaxşı bizneslər dəyərləri olan, etik vazkeçilməz prinsipləri olan bizneslərdir.

 

-Biznes kitablarının müəllifləri öz həyatlarında kitabda yazılanlara neçə faiz əməl edirlər?

 

- Şəxsdən asılıdır. Biznes kitabının müəllifi də insandır. Normal insan çalışmalıdır ki, sözü ilə əməli üst-üstə düşsün. Şəxsən mənə heç kim deyə bilməz ki, "bəs kitabda yazmışdınız ki...", va ya "bəs bloqda yazmışdınız ki...".

 

Yazdığım kitablar, bloqlar, təlimlərimiz - hamısı təcrübəmə əsaslanır.  

 

-Müdirlə liderin fərqi nədir?

 

-Bu, alma ilə meyvəni müqayisə etməyə bənzəyir. Liderlik bir menecment funksiyasıdır, müdirin funksiyalarından biridir. Yəni bütün müdirlər, menecerlər pis və ya yaxşı liderlik edirlər. "Lider" anlayışı "yaxşı rəhbər" demək deyil. Lider-müdir "müqayisəsi" bir çox təlimlərdə, kitablarda, bloqlarda və s. yanlış formada təqdim olunur. 


- Qəbul edirsinizmi ki , Azərbaycanda bir çox şirkətlər hələ də "sovet idarəçilik ruhu"dan qopa bilməyib?


-Təəssüf ki, qəbul etməliyəm bunu. O vaxt kolxoz sədrinin "müdirliyini" görənlər, o müdirliyi xəyal edənlər bu gün şirkətlərə o cür yanaşırlar. Təəssüf ki, hamıya aid deyil bu. Bu gün ölkəmizdə son dərəcə mütərəqqi, müasir dünya görüşlü idarəçilərimiz var. Getdikcə biznes praktikası, idarəetmə praktikası daha da inkişaf edəcək. Biz də əlimizdən gələn qədər bu prosesin sürətlənməsinə çalışırıq.

 

-Doğrudan da işdə elə bir mühit olmalıdırmı ki, işçi çəkinmədən müdirə deyə bilsin ki, bu gün "axot" yoxdur işləməyə?

 
- Bildim nəyə işarə edirsiniz. Bu haqda mənim məqaləm olmuşdu. Təbii ki, o mühiti, o atmosferi yaratmaq çətindir. Amma ən effektlisi odur. Təcrübəmdən deyirəm. Sistem, korporativ mədəniyyət və liderlik yerindədirsə, işçilərə sərbəstlik vermək ən yaxşısıdır. O zaman işçilər daha çox can yandırırlar, bütün potensiallarını ortaya qoyurlar. Arzuolunan iş mühiti odur ki, işçilər işdə özlərini az qala evdəki kimi rahat hiss etsinlər.

 

-İşdən yorulmaq və işdən bezmək nə dərəcədə oxşar və fərqlidir? Ümumiyyətlə insan nə vaxt işdən bezir?


- Fiziki yorulmaq problem deyil, əsas odur mənəvi yorğunluq olmasın. Mənəvi yorğunluq bezmək deməkdir artıq.

 

Elə etmək lazımdır ki, işçinin maraqları ilə şirkətin maraqları uzlaşdırılsın. Bunun üçün performans menecment sistemi, işçilərin karyera inkişaf planı lazımi səviyyədə olmalıdır.

 

İşçi inansa ki, gördüyü iş onun inkişafına xidmət edir, gördüyü iş qiymətləndirilir,şirkətin inkişafı həm də onun inkişafı ilə paralel gedir, şirkətdə işçiyə yalnızca "işçi" kimi deyil, əvvəlcə "insan" kimi hörmət edilir,şirkətdə çox yaxşı iş şəraiti, gözəl atmosfer var...Bu halda niyə bezsin ki işçi? Söhbət bundan gedir.   

 

-Biznes risklərin ən çox olduğu sahədir. Əksər gəncləri də biznesdən çəkindirən, işin sonunda itirmək riskini gözə ala bilməməkdir. Necə edək ki, itirməyək və ya itirməkdən qorxmayaq?


- Düz deyirsiniz, “biznes” sözü risk sözünün sinonimidir az qala. Elə ləzzəti də bundadır işin. Düzgün idarəetmə ilə mümkün riskləri əvvəlcədən hesablayaraq daha tədbirli olmaq olur. Yəni biznes riskli sahədir deyib kor-koranə işləmək də çıxış yolu deyil. 

 

-Biznes sahəsində uğur qazanmış şəxslər dönə-dönə vurğulayır ki , biznesdə uğur nəzəri biliklərlə deyil, idarəetmə bacarığı ilə əldə edilir. Bəs elə isə niyə hər il onlarla biznes kitablar yazılaraq,böyük tirajla satışa çıxarılır?


- Nəzəriyyə ilə praktika bir yerdə deyilsə, yarımçıqlıq var demək. Nəzəriyyənin olmaması o deməkdir ki, məsələnin kökünü bilmirsən. Yeni situasiya olanda çaşıb qalacaqsan.

 

İkincisi, biznes kitabının formatına baxmaq lazımdır. Praktiki çəkisi az olan söz yığınıdırsa, sizinlə razıyam. Uğurlu biznes kitabları sınaqdan çıxmış uğurlu biznes alətlərini, idarəetmə texnikalarını, real praktiki keysləri oxucuya çatdıranlardır. Şəxsən mən tez-tez oxucularımdan razılıq mesajları alıram. Yazdığın kitabın faydalı olduğunu görmək çox yaxşı hissdir. 

 

-Azərbaycanda kifayət qədər tanınmış təlimçi və uğurlu insansınız. Uğurlarinizdan pay olaraq gənclərə nə tövsiyələr vermək istərdiz ?


- Tövsiyə vermək böyük çıxar. Əsas odur nə istədiklərini bilsinlər, o istiqamətdə durmadan sistemli, planlı işləsinlər. Marafon kimi baxsınlar. Qısamüddətli yanaşmasınlar.Belə olanda daha yaxşı olur nəticəsi.  

 

© Modern.az 

14.04.2017 06:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ