İlk rübdə qiymətli kağızlar bazarı 33 faiz artıb

 

2017-ci ilin ilk rübü ərzində ölkənin qiymətli kağızlar bazarında artım müşahidə olunub, pozitiv kəmiyyət göstəriciləri ilə yanaşı önəmli keyfiyyət dəyişiklikləri qeydə alınıb.

 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından "Marja"ya daxil olmuş məlumatda deyilir.

 

Məlumatda bildirilir ki, cari ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar bazarı ötəni ilin müvafiq dövrü ilə müqayisədə 33% artaraq 2,280 milyard manat təşkil edib. Hesabat dövrü ərzində qiymətli kağızların təkrar bazarı 89% artaraq 1,1 milyard manata çatıb. Korporativ qiymətli kağızlar bazarının 11% azalması fonunda, dövlət qiymətli kağızlar bazarı 84% artıb.

 

Korporativ qiymətli kağızlar

 

2017-ci ilin ilk rübü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 8 dəfə artmasına səbəb olub. Ümumilikdə səhmlərin ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 58 dəfədən çox artaraq 777 milyon manata çatıb.

 

Dövlət qiymətli kağızları

 

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 84% artaraq 284 milyon manat təşkil edib. Bunun 207 milyon manatını Mərkəzi Bankın notları ilə ilkin bazarda bağlanan əqdlər təşkil edib. Bu dövr ərzində 72 milyon manat məbləğindən artıq qısa və ortamüddətli dövlət istiqrazları yerləşdirilib. Qısamüddətli dövlət istiqrazları üzrə orta çəkili gəlirlilik 16.58% təşkil edib.

 

Törəmə maliyyə alətləri bazarı

 

Cari ilin birinci rübü ərzində Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 903 milyon manat olan valyuta əsaslı və ümumi dəyəri 57 milyon manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 961 milyon manat olmuş və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artım müşahidə edilmişdir.

 

 

 

 

Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 2,7 milyon manat olub. Bunun 63%-ni yəni 1,7 milyon manatını dövlət istiqrazları ilə olan 4 repo əməliyyatı təşkil edib. Qalan 998 min manat məbləğində 2 repo əməliyyatı isə korporativ istiqrazlarla keçirilmişdir.

 

Kapital bazarları üzrə 2017-ci ilin ilk rübünə dair ətraflı məlumatlar qiymətli kağızlar bazarının icmal göstəricilərində öz əksini tapıb.

17 Aprel 2017, 16:22   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR

18 Oktyabr 15:45

Aqrar

100 min tona çatdı

100 min tona çatdı

Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]