Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Nağdsız hesablaşmalar" qanunun tətbiqi QHT-lərə problem yaradıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nağdsız hesablaşmalar" qanunun tətbiqi QHT-lərə problem yaradıb

"Maliyyə Bazarlarına Nəzarət Palatası QHT-ləri təmkinli olmağa və qanunlara qeyd-şərtsiz əməl etməyə dəvət edir"

 

"Nağdsız hesablaşmalar haqqında" qanun fiziki şəxslər, sahibkarlıq subyektləri, bank əməliyyatlarını aparan digər şəxslərə böyük problem yaradır". Bunu  Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov deyib.

 

Onun sözlərinə görə, bu qanunun tətbiqi ilə banklar, sahibkarlıq subyektləri, QHT-lərin fəaliyyəti iflic olub. S. Məmmədov deyir ki, qanuna görə sahibkarlıq subyektləri üçün ay ərzində nağdılaşdırma ilə bağlı 15 min manatlıq, büdcə vəsaitləri ilə bağlı hər bir müqaviləyə görə 5 min manatlıq limit müəyyən edilib. Onun fikrincə, bu limitlər tətbiqi fiziki və hüquqi şəxslər, sahibkarlıq subyektləri, eləcə də bankların fəaliyyətinə mənfi təsir edir. Şura üzvü hesab edir ki, ölkədəki bəzi sahibkarlıq subyektləri, xidmət sahələri nağdsız hesablaşmaya hazır deyil: “Bankların çoxu heç 5 min manatdan aşağı müqavilələr üzrə ödənişlər etmirlər. Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları qanunu düzgün əsaslandıra bilmir. Palatanın göndərdiyi məktubun özü qüsurludur. Məsələn, banklar bilmir ki, bu özəl şirkətlərə aid pullara da aiddir, yoxsa yox. Halbuki, nağdsız hesablaşmalara görə limit yalnız dövlət büdcəsinin vəsaitlərinə aid olmalıdır. Banklar 5000 manatdan 1 manat artıq nağdılaşdırma olanda əməliyyat aparmır. Nəticədə nə əmələ gəlir? Banklar itirir. Banklar nağd əməliyyatlar apararkən daha yüksək faiz, məsələn 1%-ə qədər vəsait götürürdülər. İndi banklar bu qazancdan məhrumdurlar. Bu qanunun tətbiqindən dövlət büdcəsi itirir. Çünki bu ildən 1% nağdılaşdırma vergisi tətbiq olunur. Bəzi subyektlər də elə əməliyyatlar var ki, onlar nağdsız əməliyyat apara bilmirlər. Ölkədə xidmət və ticarət sahəsində mövcud olan strukturların təxminən 80%-nin heç bank hesabları yoxdur. Məsələn, kimsə ezamiyyətə olanda Kürdəmir və ya Ağsuda nahar edirsə, bu ödəniş üçün bankdan neçə köçürmə etmək olar? Bununla bağlı mexanizm yoxdur. Yaxud ezamiyyətə gedəndə şəxsi avtomobillərlə xidmət göstərənlərin nə çekləri, nə də ki, bank hesabları var. Sadəcə onlar aylıq ödənişləri edirlər. Xarici ezamiyyətə gedən şəxsin nəqliyyat, yemək xərclərini necə ödəyəcəyi ilə bağlı da mexanizmi yoxdur. Elə ödəniş formaları var ki, onları köçürmə ilə etmək mümkün deyil. Məsələn, kimsə gedib 3 manatlıq dəftərxana ləvazimatları almalıdır və yaxud ezamiyyətə gedəndə 5 manat yemək pulu verməlidir. Xaricdə ezamiyyətdə olan şəxs heç əvvəlcədən qidalanma üçün xərcinin nə qədər olacağını bilmir. İndi bu şəxs bankdan invoys götürməli və gətirib onu ödəməlidir. Bütün dünyada nağdsız hesablaşmalar məsələsi könüllü həll olunub. Xarici ölkələrdə, İsveçrədə nağdsız hesablaşmalarla bağlı belə qadağalar yoxdur. Sadəcə, bu ölkələrdə sistem o qədər mükəmməldir ki, əhali özü nağdsız ödənişə meyl edir. Azərbaycanda bunun icbari qaydada tətbiqi effekt verməyəcək. Çünki, Azərbaycanda adi supermarketlər belə nağdsız hesablaşmaya hazır deyilsə, hansısa yolun kənarında olan qəzet köşkü, su satılan yer, xidmət göstərən yeməkxananın buna hazır olmağından danışmaq olmaz”.

 

S.Məmmədov regionlardakı otellərin əksəriyyətinin nağdsız ödəniş qəbul etmədiyini deyir. Onun sözlərinə görə, QHT-lər regionlardakı otellərin əksəriyyətinə tədbir üçün müraciət edəndə, onlardan nağd ödəniş tələb olunur. S. Məmmədov əlavə edib ki, QHT təmsilçiləri nağdsız ödəniş təklif edəndə otellər tədbirin təşkil olunmasından imtina edilir.  

 

S. Məmmədov qeyd edib ki, fiziki şəxslər üçün “sahib kart”, hüquqi şəxslər üçün “biznes kart” modelinin tətbiqi də problemin həll olunmasına gətirib çıxarmayacaq. O, bunu sözügedən kartların nağd əməliyyat aparan zaman avtomatik bloka düşəcəyi ilə izah edir.

 

Şura üzvü bildirib ki, Maliyyə Bazarına Nəzarət Palatası Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununa zidd olaraq "Nağdsız hesablaşmalar haqqında” qanunu geriyə şamil edir. “Qanunun qüvvəyə minməsindən əvvəl QHT-lərlə bağlanmış müqavilələr üzrə də nağdsız ödənişləri qadağan edib. Maraqlı odur ki, hazırda dövlət orqanlarını da ciddi narahat edən bu qanunla və onun qüsurlu tətbiqi ilə bağlı MBNP-yə heç bir təsir mexanizmi yoxdur. Eyni zamanda, indi QHT-lərlə bağlı daha bir problem var. Məsələn,  Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası müqavilə üzrə nəzərdə tutulan vəsaitin 70%-ni QHT-yə köçürür. İş tam yekunlaşdıqdan və təhvil veriləndən sonra yerdə qalan vəsait QHT-nin hesabına köçürülürdü. Bu qanunun tətbiqindən sonra hesabdakı vəsaitin çıxarılmasının heç bir mexanizmi yoxdur. Bu vəsaitlər bankın hesablarında qalır. Baxmayaraq ki, qanun 2016-cı ilin noyabrında qəbul edilib, bu tarixdən əvvəl bağlanan müqavilələrə görə vəsaitin çıxarılması mümkün deyil. Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununa görə, qanun geri şamil edilə bilməz.  Maliyyə Bazarlarına Nəzarət Palatası Konstitusiya Qanununa belə məhəl qoymadan onu geriyə şamil edir. Nəticədə böyük bir xaos yaranıb”, - deyə S. Məmmədov vurğulayıb.

 

Vətəndaş cəmiyyətinin hər bir üzvünün bu məsələ ilə bağlı narahatlıq keçirdiyini deyən S.Məmmədov dövlət başçısının QHT sektoruna böyük dəstəyi fonunda MBNP-nin qərarlarını absurd sayır: “Bilirsiniz ki, prezident İlham Əliyev Gənclər Fonduna 3 milyon manat ayırıb. Bu dövlət başçısının QHT sektoruna dəstəyinin bariz nümunəsidir. Bu baxımdan statusu bəlli olmayan publik hüquqi şəxs tərəfindən bu cür məhdudiyyətlərin qoyulması başa düşülən deyil. Bu orqanın banklara göstəriş vermək hüququ yoxdur. Palata mərkəzi icra orqanı deyil, bu orqanın qəbul etdiyi aktlar hamı üçün məcburi xarakter daşıya bilməz. Palata yalnız tövsiyə verə bilər. Amma təəssüf ki, indiki halda Palatanın tövsiyələri konstitusiya qanunundan güclüdür”. 

 

S. Məmmədov qeyd edib ki, “Nağdsız hesablaşmalar haqqında qanun”un ziyanları daha çoxdur: “Məndə olan məlumata görə, kütləvi surətdə sahibkarlıq subyektləri bağlanır. Sahibkarlıq subyektləri bank əməliyyatlarını imkan dairəsində aradan qaldırır, hamısı nağd ödənişlərə gedir. Burada qanunun heç bir faydası yoxdur. Amma ziyanı çoxdur. Birincisi, sahibkarlıq subyektləri, hüquqi və fiziki şəxslər, QHT-lər, KİV-lər, bank əməliyyatları aparmaqdan çəkinəcək, hansısa yollar axtarmalı olacaqlar. İkincisi, nağdılaşdırmaya görə dövlət büdcəsinə vəsaitin daxil olması dayanacaq. Üçüncüsü, hər əməliyyat “cibdən-cibə” olacaqsa, vergilərin miqdarı azalacaq. Maliyyə çətinliyi ilə üzləşən banklar bu əməliyyatlardan xeyli fayda götürürdü. İndi banklar bu prosesin axırının necə olacağı ilə bağlı çaşqın vəziyyətdə qalıb. Banklar onsuz da iflas vəziyyətində idi. Bu qanunun tətbiqi bankların iflasını sürətləndirəcək, ölkədə bankçılığa maraq azalacaq. Nəticə  isə sarsıdıcı olacaq. Təəssüf ki, bununla bağlı heç kim izahat vermir. Maliyyə Bazarlarına Nəzarət Palatası, iqtisadiyyat sahəsində cavabdeh təşkilatlar bu məsələ ilə bağlı susqunluq nümayiş etdirir. Belə bir xaos davam edir. Bilmirəm necə olacaq? Nəticəsi bilinməyən proses gedir. Biz ümid edirik ki, bu məsələyə prezident müdaxilə edəcək. Çünki, başqa strukturların müdaxiləsi fayda vermədi. Biz hesab edirik ki, prezident bu məsələni tənzimləməlidir”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən bildirilib ki, 1 yanvar 2017-ci il tarixindən "Nağdsız hesablaşmalar haqqında" qanun qüvvəyə minib.

 

“Milli Məclis tərəfindən qəbul edilmiş və cənab Prezident tərəfindən imzalanmış Qanunla vergi ödəyiciləri üçün nağdsız hesablaşmaların aparılmasına dair xüsusi rejim müəyyən edilib. Biz qanunları icra edirik, müzakirə etmirik. QHT-lər də vergi məqsədi üçün qeydiyyata alınmış hüquqi şəxslər olaraq “Nağdsız hesablaşmalar haqqında” qanunla müəyyən edilmiş müvafiq tələbləri yerinə yetirməlidirlər. QHT-lər və ictimai birliklər ictimai maraqları, şəffaflığı və maliyyə intizamlılığını gücləndirməli və müdafiə etməlidirlər. Hər bir QHT fəaliyyəti zamanı maliyyə əməliyyatlarını şəffaf aparmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası QHT-ləri təmkinli olmağa və qanunlara qeyd-şərtsiz əməl etməyə dəvət edir", - deyə məlumatda vurğulanıb.
 

"Azərbaycanda qəbul edilmiş "Nağdsız hesablaşmalar haqqında" qanuna əsasən, ölkədə hesablaşmalar nağdsız qaydada aparılmalıdır".


Xatırladaq ki, Milli Məclisin aprelin 7-də keçirdiyi plenar iclasında “Banklar haqqında” qanuna dəyişikliklərə dair qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Həmkarlar Konfederasiyasının sədri Səttar Mehbalıyevin bankdan vəsaiti çıxarmağın mümkün olmaması ilə bağlı iradına cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, qanunla vergi ödəyiciləri, bizneslə məşğul olan fiziki və hüquqi şəxslər əməliyyatları nağdsız qaydada aparmalıdır.

 

“Dövlət vəsaiti hesabına aparılmış satınlamalar da nağdsız olmalıdır. Ölkədə 5 milyon 400 min kart mövcuddur.  Bu kartların 55 mini kredit, qalanı debet kartıdır. Azərbaycanda kart sahiblərinin sayı 3 milyon 800 min nəfərdir. Bu, həmin şəxslərin banklarda əməliyyat imkanlarını təsdiq edir. Biz bundan sonra nağdsız qaydada hesablaşmalar aparmaq istəmiriksə, burda cavabdan çox, suallar yaranır. Tənzimləyici olaraq, bu proseslərin ağrısız keçirilməsini istəyirik. Texniki səbəblərdən müəyyən çətinliklər yaranır. Amma bizə bank sektorundan və sahibkarlardan ciddi sorğular gəlmir. Bu baxımdan qəbul edilmiş qanunlara yenilik gətirməyə ehtiyac yoxdur” - deyə, R. Aslanlı vurğulayıb.

 

Milli Məclis sədri Oqtay Əsədov isə əlavə edib ki, “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik zəruridir: "Qanunu tələsik qəbul etdik. Sizə müraciətlər daxil olmasa da, millət vəkillərinə çoxlu şikayət gəlir. İnsanları nağdsız hesablaşmalara yavaş-yavaş vərdiş etdirmək lazımdır".

 

© "APA-Economics" 

21.04.2017 14:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ