Mayın əvvəlində kümçülərə paylanılacaq

Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipəkqurdları bəslənilmək üçün mayın əvvəllərində əvvəlcədən müəyyənləşdirilmiş bölgü əsasında 30 rayonun kümçülərinə əvəzi ödənilmədən paylanılacaq.

 

Bu barədə stansiyanın direktoru Əkrəm Fətəliyev məlumat verib.

 

Stansiyanın rəhbəri bildirib ki, Çin Xalq Respublikasından alınan 6 min qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) aprelin 18-də Qax Damazlıq İpəkçilik Stansiyasına gətirilib. Yerli iqlim şəraitinə uyğunlaşdırmaq üçün toxumlar iki gün otaq şəraitində saxlanılıb və aprelin 20-də inkubasiyaya qoyulub. İnkubasiya iki mərhələdə aparılır. Birinci mərhələdə inkubasiyayaya qoyulan 3700 qutu ipəkqurdu toxumu Aran bölgəsinin rayonları üçün nəzərdə tutulub. İnkubasiya müddəti başa çatdıqdan sonra alınan ipəkqurdları mayın 1-3-də Aran bölgəsinin 14 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılacaq. İkinci mərhələdə inkubasiyaya qoyulmuş 2300 qutu ipəkqurdları isə dağlıq ərazidə yerləşən 16 rayonun kümçüləri üçün nəzərdə tutulub. Bu rayonların kümçülərinə ipəkqurdları mayın 5-7-də təqdim olunacaq.

 

Əkrəm Fətəliyevin sözlərinə görə, bu il ölkə üzrə ən çox ipəkqurdu toxumu Füzuli rayonunun kümçüləri üçün nəzərdə tutulub. Bu rayonun barama istehsalçıları cari mövsümdə 730 qutu ipəkqurdu alacaqlar. İkinci yerdə qərarlaşan Şəki rayonunun kümçülərinə isə bu il 540 qutu ipəkqurdu paylanılacaq. Cəlilabad, Masallı, Goranboy, Hacıqabul, Oğuz və Saatlı rayonlarının kümçüləri uzun illər fasilədən sonra bu il yenidən barama yetişdirəcəklər. Qalan 24 rayonun barama istehsalçıları isə ötən il bu sahədə müəyyən təcrübə qazanıblar.

 

Müəssisə rəhbəri bildirib ki, bir qutu toxumdan 19 qram ipəkqurdu əldə olunur. Yaxşı bəslənilərsə, bir qutudan 50 kiloqram yaş barama istehsal etmək mümkündür.

 

© Azərtac

21 Aprel 2017, 16:41   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin