Ən yuxarı statik reklam-3_3

Hər ay 500 min manat pul verib - "Rabitə işi"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər ay 500 min manat pul verib - "Rabitə işi"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay stabil olaraq 500 min manat, 2014-2015-ci illərdə isə aylıq 200 min manat pul verilib”

 

Reklam_3_11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

 

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov ifadə verib.

 

O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib: "Kimin sualı varsa, verə bilər".

 

Təqsirləndirilən Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov M.Məmmədovun istintaqda verdiyi ifadəsinin elan olunmasını tələb edib.

 

Daha sonra M.Məmmədovun istintaqa verdiyi ifadəsi elan olunub. O, ifadəsində bildirib ki, "Aztelekom" MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmov tərəfindən Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay stabil olaraq 500 min manat, 2014-2015-ci illərdə isə aylıq 200 min manat pul verilib. Beynəlxaq danışıq trafikinə görə xidmət üçün “Azintelekom” MMC-dən “Aztelekom” MMC-nin hesabına aylıq 1 milyon-2 milyon manat arası vəsait köçürülüb. “Azintelekom” MMC-nin hesabından köçürülən vəsait birbaşa və ya dolayı yolla Vidadi Zeynalova ödənilib. Belə ki, Vidadi Zeynalov baş mühasib Oktay Rüstəmova göstəriş verdiyi üçün “Azintelekom” MMC-dən daxil olan vəsait onun dediyi müəssisələrə köçürülüb. Podratçı təşkilatların hesabına köçürülmüş vəsaitlərin müəyyən hissəsi, vəsaitlərin əsas hissəsi isə “Optik Rabitə Montaj”, “Optik Rabitə Tikinti və Quraşdırma”, “Rabitəçi İstirahət Bazası”, “Qafqaz-S İnşaat” və “Komplas” MMC-lərin hesablarına köçürülməklə, müxtəlif müqavilələr əsasında nağdlaşdırılaraq Oktay Rüstəmovun vasitəsi ilə Vidadi Zeynalova verilib. Bütün ödənişlər bank hesabları vasitəsi ilə köçürülürdü. “Aztelekom” MMC-nin bank hesabı “Kapitalbank” ASC-nin Rabitə filialında olub".

 

M.Məmmədov məhkəmə iclasında vəkillərin suallarını cavablandırarkən söyləyib ki, xarici banklardan kredit götürüb: "Nazirin göstəriş məktubu əsasında kredit götürmüşəm. Oktay Rüstəmovun başqa təşkilatların hesabına pul köçürməsinə nəzarət edə bilmirdim".

 

M.Məmmədovun vəkili Şahin Rəfiyev V.Zeynalovun vəkillərinin suallarına müdaxilə etdiyi üçün hakim tərəfindən xəbərdarlıq alıb.

 

M.Məmmədov nazirliyin göstərişi əsasında pulların digər təşkilatlara köçürüldüyünü söyləyib: "Oktay mənim yanıma gəlib deyirdi ki, nazirliyin göstərişi ilə pullar digər təşkilatlara köçürülməlidi. Mən sadəcə orada icraçı idim".

 

O, konkret olaraq V.Zeynalovun adını çəkmək istəmədiyini vurğulayıb: "Amma onun vəkilləri istəyir ki, mən Vidadi Zeynalovun adını çəkim. Çəkməyəcəm! Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin qurduğu struktur belədir. Bu gün o, kresloda əyşləşib, sabah da başqası əyləşə bilər. Mənim ona böyük hörmətim var".

 

Daha sonra "Aztelekom" MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmov dindirilib. O, "Rabitə işi"ndə “qurbanlıq qoyun” olduğunu deyib: "Xəstəxanada idim. Məni Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırdılar. Orada ilk sual belə oldu ki, Vidadi Zeynalova 30 milyon pul verimisən? Onda başa düşdüm ki, bu nə işdir".

Dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandıran O.Rüstəmov idarədə ifadə verdiyini bildirib: "İfadəmi verəndən sonra oxumadan qol çəkdim. Çünkü eynəyim üzərimdə yox idi. Ona görə ifadəmi imzaladım. Bundan sonra bir neçə dəfə də ifadə vermişəm".

 

Prokuror təqsirləndirilən şəxsin ifadələri arasında ziddiyətlərin olduğunu bildirib. Onun istintaqa verdiyi ifadəsi elan olunub.

 

O.Rüstəmov istintaqda dindirilərkən söyləyib ki, V.Zeynalovun göstərişi ilə adlarını xatırlamadığı şəxslərdən hər ay 200 min manat pul toplayıb, sabiq Aparat rəhbərinə verib: "Həmçinin Vidadi Zeynayovun göstərişi ilə bir neçə şirkətin hesabına pul da köçürmüşəm. Bildiyim qədər “Qafqaz-S İnşaat” və digər şirkətlər Vidadi Zeynalovun olub".

 

O.Rüstəmov həmin ifadəsini təsdiq etmədiyini vurğulayıb: "Mən oradan canımı qutarmaq üçün belə ifadə vermişəm".

 

Proses günün ikinci yarısında davam etdiriləcək.

 

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb.

 

Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 32 min 400 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon, M.Məmmədov 4 milyon 500 min və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər. V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.

 

Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

09.12.2016 10:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ