TÜİB-in ilk ümumi yığıncağı keçirilib

Aprelin 29-da Bakıda Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarının yaratdığı yeni qurum olan «Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi»nin (TÜİB) ilk ümumi yığıncağı keçirilib.

 

Toplantıda TÜİB üzvləri və təşkilatın rəhbərliyi ilə yanaşı Türkiyənin Azərbayandakı səfiri Erkan Özoral, Milli Məclisin və digər dövlət qurumlarının, nazirlik və komitələrin rəhbər nümayəndələri, eləcə də digər sahibkarlıq təşkilatlarının təmsilçiləri iştirak ediblər.

 

TÜİB-in toplantısı, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi və Ümummilli Lider Heydər Əliyev, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk və hər iki ölkə şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb.

 

Konfransı giriş sözü ilə açan Birliyin İdarə Heyətinin sədri Ali İhsan Genç, TÜİB-in qarşısında duran vəzifələr, Azərbaycan iqtisadiyyatı ilə bağlı baxışlar və planları əhatə edən çıxış edib. TÜİB rəhbəri bildirib ki, prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən islahatlar nəticəsində, Azərbaycan iqtisadiyyatı regiondakı və dünyadakı çətinliklərə baxmayaraq inkişaf etməkdədir.

 

İş adamı Azərbaycanda gömrük və vergi sistemində aparılan islahatlar, ölkənin nəqliyyat mərkəzinə çevrilməsi üçün görülən işlər, tikinti sektorunun dirçəldilməsi və icbari tibbi sığortanın tətbiqi üçün hökumət tərəfindən atılan addımlar, eləcə də Azərbaycandan ixracın genişləndirilməsi üçün həyata keçirilən işlər barədə məlumat verib.

 

TÜİB rəhbəri ölkədəki iqtisadi artımın sürətləndirilməsi, qarşıda duran hədəflərə daha tez çatmaq üçün təklifləri və iş adamlarını narahat edən məsələləri də səsləndirib. A.İ.Genç məhkəmə və icra sahəsində islahatların aparılmasının, vəsaitlərə amnistiya verilməsinin, tikinti sektoruna bank dəstəyinin, ixraca yönəlik istehsalın qurulmasının, eləcə də ixraca maliyyə dəstəyi üçün Eksimbankın yaradılmasının vacibliyini qeyd edib.

 

İş adamı turizm və digər sahələrin inkişafı üçün təkliflərini də səsləndirərək bildirib ki,

TÜİB nağdsız ödənişlərlə bağlı dəyişikliklər də daxil olmaqla, qanunvericiliyə dəyişikliklər prosesinə yaxından dəstək verməyə hazırdır.

 

TÜİB rəhbəri bildirib ki, son vaxtlar gömrük sistemində aparılan dəyişikliklər Türkiyə ilə Azərbaycan arasında ticarətin artırılmasına mane ola bilər. Bunun baş verməməsi üçün iki ölkə arasında müvafiq sazişlər bağlanmalıdır.

Nəhayət, iki ölkə arasında mal-material və işçi qüvvəsinin sərbəst hərəkətinə şərait yaradılmalıdır: «Bir Millət, İki Dövlət anlayışı yalnız bu yolla reallaşdırıla bilər».

 

Ali İhsan Gənc xatırladıb ki, Azərbaycan 1991-ci ildə Müstəqilliyini elan etdikdən sonra bura ilk gələn türk iş adamları olub. Onlar bütün risklər və problemlərə baxmayaraq bütün güclərini Azərbaycan iqtisadiyyatının güclənməsinə yönəldiblər.

 

Qarşıdakı əsas vəzifələr isə üçüncü ölkələrə birgə ixracata başlamaq və azad olunduqdan sonra Qarabağ torpaqlarında iqtisadi fəallığı təmin etmək olacaq.

 

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasında iqtisadi sahələrin vəziyyəti barədə məlumat verərək iqtisadi əlaqələrin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda qeyri-neft sektoruna ən böyük investisiyaları Türkiyə şirkətləri yatırır. O bildirib ki, Türkiyə şirkətləri Azərbaycanda 10 minlərlə iş yeri açaraq iqtisadiyyata önəmli dəstək verir. Artıq Azərbaycan şirkətləri də xarici ölkələrdə, o cümlədən Türkiyədə əhəmiyyətli investisiyalar yatıraraq iqtisadi inkişafa dəstək olurlar. Bundan sonra da bu iqtisadi əməkdaşlıq qarşılıqlı şəkildə daha da inkişaf edəcək.

 

Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, hazırda ölkədə biznesə dəstək və yeni imkanların yaradılması, eləcə də iqtisadi proseslərin daha effektli tənzimlənməsi üçün qanunvericilik bazası sürətlə yenilənir. Komitə sədri bildirib ki, qanunverici orqan bizneslə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsində bizneslə əməkdaşlığın, o cümlədən iş adamlarının bu müzakirələrdə iştirakının tərəfdarıdır və müzakirə olunan məsələlərlə bağlı biznes sektorundan təkliflərə açıqdır.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev və Dövlət Gömrük Komitəsinin idarə rəisi Miqasım Vahabov ölkədə aparılan iqtisadi islahatlar, baş verən əsas yeniliklər, dövlət qurumları ilə biznes arasında yaradılan əlaqələr barədə məlumat verərək, təmsil etdikəri qurumların iş adamları ilə səmərəli əməkdaşlığa hazır olduqlarını bildiriblər.

 

Tədbirdə çıxış edən türk biznesinin nümaynədələri – «Azersun Holdinq»in baş icraçı direktoru Savaş Uzan və «Ziraat Bank-Azərbaycan»ın rəhbəri Avni Demirçi rəhbərlik etdikləri strukturların fəaliyyəti, planları və ölkə biznesi ilə bağlı fikirlərini açıqlayıblar.

Yığıncağın digər qonaqları Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Türk İş adamları Birliyinin (ATİB) sədri Cemal Yanğın, “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev çıxış edərək biznes sektorundakı vəziyyət aparılan islahatlar və onların nəticələri, iş adamlarının qarşısındakı vəzifələr və çağırışlar, eləcə də biznes strukturlarının aparılan islahatlardan gözləntiləri barədə məlumat veriblər. Biznes nümayəndələri iş adamlarının qarşılaşdıqları bəzi hallarla bağlı elə tədbirdə müvafiq qurumların nümayəndələrini məlumatlandırıblar.

 

Bundan sonra konfransda TÜB sədrinin müavini Birol Oğuz təşkilatın fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Torplantıda təşkilatın nizamnaməsinə dəyişikliklər də təsdiqlənib.

 

Konfransda yekun nitqi ilə çıxış edən TÜİB rəhbəri Əli İhsan Genç təşkiların qarşıya qoyulan hədəflərə çatmaq üçün var gücü ilə çalışacağı, dövlət qurumları, digər sahibkarlıq təşkilatları və xarici qurumlarla əməkdaşlıq edəcəyini bildirib. Onun sözlərinə görə, TÜİB-in öhdəsinə düşən missiyanın reallaşması üçün iki ölkə biznesi arasında körpüyə çevrilməyə və ümümi işə dəstək olmağa hazırdır.

 

Xatırladaq ki, bu ilin əvvəlində təsis edilən «Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər» İctimai Birliyi (TÜİB) adı altında bir araya toplanan iş adamları öz sıralarında yerli və xarici şirkət rəhbərlərini, eləcə də sahibkarları birləşdirir. Təşkilata Azərbaycanda fəaliyyət göstərən çox saylı böyük şirkət və holdinqlər, eləcə də tanınmış iş adamları daxildir.

 

Təşkilatın qarşısında duran əsas hədəflər Azərbaycan və Türkiyənin mövcud iqtisadi potensialının gücləndirilməsi, iki ölkənin iş adamları arasında ortaq platformalar təsis etmək, birgə əməkdaşlıq və investisiya yatırımlarını təşviq etməkdir.

 

1 May 2017, 15:33   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]