“Turizm haqqında” qanun layihəsinin müzakirəsi başlayır

 

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

 

İclasın gündəliyinə İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə dəyişikliklər, “Turizm haqqında” qanun layihəsinin müzakirəsi, “Diplomatik xidmət haqqında”, “Pasportlar haqqında”, “Dərman vasitələri haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlara dəyişikliklər olmaqla 14 məsələ daxildir.

 


 

Layihə

 

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında turizm sahəsində dövlət tənzimləməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir.

 

1-ci fəsil


Ümumi müddəalar

 

Maddə 1. Əsas anlayışlar

 

1.1. Azərbaycan Respublikasının turizm haqqında qanunvericiliyində istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. tur - marşrut və proqram üzrə müəyyən müddətdə təşkil olunan, fərdi qaydada (fərdi turizm) və ya qrup halında (kollektiv turizm) turist səfərlərindən ibarət olan, kompleks xidmətlərlə təmin olunan turizm məhsulunun satılan və icra edilən forması;
1.1.2. sosial tur - maliyyələşməsi sosial turizm çərçivəsində sosial turun baza standartlarına uyğun olaraq həyata keçirilən və bütün vətəndaşlar üçün əlçatan olan tur;
1.1.3. sosial turun baza standartları - sosial tura daxil olan və bu Qanunla nəzərdə tutulmuş qaydada təsdiq edilən minimum turizm məhsulu;
1.1.4. turizm - turist tərəfindən həyata keçirilən səyahət, ziyarət və ya müvəqqəti yerləşmə;
1.1.5. turist (səyahətçi, səyyah) - turizm məhsulunun (turistlər üçün yazılı, təsviri, video və (və ya) audio yazı şəklində təklif olunan, satılması nəzərdə tutulan turizm xidmətlərinin sistemləşdirilmiş məcmusu) və ya turizm xidmətlərinin (səyahətlərin məqsədindən asılı olaraq göstərilən, eləcə də biletlərin satışı, turistlərin və onların baqajlarının daşınması və yerləşdirilməsi, ekskursiya, bələdçi və (və ya) bələdçi-tərcüməçi xidmətləri, çimərlik, qidalanma kimi xidmətlərin məcmusu), turun istehlakçısı olmaqla daimi yaşayış yerindən kənarda iyirmi dörd saatdan az və üç aydan çox olmayan müddətdə fərdi və kollektiv yerləşdirmə vasitəsindən müvəqqəti istifadə edərək gecələyən, istirahət-rekreasiya, tanışlıq, məlumatlandırma, təbiət, tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə, iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmamaqla), idman, dini məqsədlər üçün daimi yaşayış yerindən kənarda müvəqqəti olacağı yerə səfərlər edən, həmin yerdə ödənişli fəaliyyətlə məşğul olmayan Azərbaycan Respublikası vətəndaşı, əcnəbi və (və ya) vətəndaşlığı olmayan şəxs;
1.1.6. birgünlük ziyarətçi - müvəqqəti olacağı yerə ekskursiya məqsədi olmadan gələn və orada gecələməmək şərti ilə ən çoxu 24 saat qalaraq ödənişli fəaliyyətlə məşğul olmayan fiziki şəxs;
1.1.7. daxili turizm - Azərbaycanda daimi və ya müvəqqəti yaşayan şəxslərin Azərbaycan Respublikası daxilində turizm məqsədi ilə səyahətləri;
1.1.8. gəlmə turizmi - daimi yaşayış yeri Azərbaycan Respublikasından kənarda olan fiziki şəxslərin Azərbaycan Respublikası daxilində turizm məqsədi ilə səyahətləri;
1.1.9. getmə turizmi - Azərbaycan Respublikasında daimi yaşayan şəxslərin ölkə xaricinə turizm məqsədilə səyahətləri;
1.1.10. beynəlxalq turizm - gəlmə və getmə turizmlərinin vəhdəti;
1.1.11. fərdi turizm -turistin müstəqil şəkildə həyata keçirdiyi səyahətlər; 
1.1.12. kollektiv turizm -bir qrup turistin öz aralarında və ya turoperatorla razılaşdırılmış şəkildə həyata keçirdiyi səyahətlər;
1.1.13. çimərlik turizmi - çimərlik xidmətlərinin istehlakı məqsədi ilə həyata keçirilən səfərlər;
1.1.14. ekoloji turizm (ekoturizm) - təbiət yerlərinə səyahət, təbiətə minimum təsir, təbiəti mühafizə fəaliyyətlərinin yerinə yetirilməsi və bu sahədə maarifləndirmə fəaliyyəti nəticəsində yerli əhalinin həyat tərzinin yaxşılaşdırılmasına imkan yaradan turizm növü;
1.1.15. ekstremal turizm - turistlərin müvəqqəti olduğu yerdə insan həyatı və sağlamlığı üçün risk yaradan həm təhlükəli yerlərlə (dağ, qayalıq, qalın meşə, səhra, mağara, kanyon, sürətli su axını, hündür şəlalə, vulkan və ya qeyzer yaxınlığı), həm də təhlükəli yarışlarda iştirak ilə bağlı olan səfərlər;
1.1.16. işgüzar turizm -biznes məqsədi ilə müxtəlif mövzular üzrə təşkil olunan beynəlxalq korporativ tədbirlərdə iştirak üçün həyata keçirilən səfərlər;
1.1.17. kənd yaşıl turizmi - kənd ərazilərində turistlərin yerləşdirilməsi, qidalanması, nəqliyyatı və rekreasiyasının təmin edilməsi, habelə kənd mühiti, eləcə də yerli kənd ərazilərinin zəngin təbii, tarixi və mədəni dəyərləri ilə məlumatlandırma xidmətlərinin göstərilməsi ilə müşayiət olunan turizm növü; 
1.1.18. sosial turizm - sosial ehtiyaclar üçün dövlət büdcəsindən və (və ya) işəgötürənlər tərəfindən ayrılan vəsait hesabına həyata keçirilən turizm növü;
1.1.19. sağlamlıq turizmi - turistlərin müvəqqəti olduğu yerdə təbii üsullarla müalicə və təbii-iqlim şəraitindən istifadə etməklə istirahət-rekreasiya xidmətlərinin göstərilməsini nəzərdə tutan turizm növü;
1.1.20. mədəni turizm - turistlərin müvəqqəti olduqları yerin tarixi, mədəni və coğrafi xüsusiyyətləri (tarixi abidələr, memarlıq, incəsənət eləcə də təbii və etnik xüsusiyyətlər, insanların müasir həyatı) ilə tanışlıq məqsədi daşıyan səfərləri;
1.1.21. bələdçi-tərcüməçi xidməti - bələdçi-tərcüməçi sertifikasiyadan keçərək bələdçi-tərcüməçi xidmətləri göstərən və barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinə daxil edilmiş fiziki şəxs) tərəfindən turistlərin müvəqqəti olduqları ölkədə turizm potensialı ilə onların seçdiyi dildə tanış edilməsi ilə bağlı fəaliyyət;
1.1.22. bələdçi (ekskursiya-bələdçi) xidməti - müvafiq peşə hazırlığına malik olan və qanunvericiliyə əsasən fəaliyyət göstərən fiziki şəxs tərəfindən turistlərin və ekskursantların müşayiət olunaraq turizm ehtiyatları ilə tanış edilməsi sahəsində fəaliyyət;
1.1.23. çimərlik xidmətləri - su obyektlərinin kənarında yerləşən və çimmək də daxil olmaqla istirahət-rekreasiya və əyləncə məqsədləri üçün müvafiq infrastruktura malik olan obyektlərin göstərdikləri xidmətlərin məcmusu; 
1.1.24. turizm məhsulu - turistlərə satılması nəzərdə tutulan turizm xidmətlərinin sistemləşdirilmiş məcmusu;
1.1.25. turizm məhsulunun hazırlanması - turların qruplaşdırılaraq turizm zərfi şəklində tərtib edilməsi, həmin zərflərə uyğun turların təşkili üçün müvafiq vasitə və üsullardan istifadə edilməsi;
1.1.26. turizm məhsulunun təşviqi - turizm məhsullarına tələbatın artırılması məqsədilə yerli və ya qlobal informasiya vasitələrində turizm məhsulunun təbliği, stimullaşdırılması və satış üçün hazırlanması, habelə güzəşt və imtiyazların tətbiqi yolu ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər və (və ya) hərəkətlər kompleksi;
1.1.27. turizm zərfi - turizm xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən turizm fəaliyyəti ilə məşğul olan şəxsin təşkil etməli olduğu və bilavasitə icrasının həmin şəxsin nümayəndəsi tərəfindən həyata keçirildiyi xidmətlərin məcmusu;
1.1.28. turist vauçeri - turizm təşkilatçısı tərəfindən verilən və turizm təşkilatçısı ilə turist (ekskursant) arasında bağlanan müqaviləyə əsasən turistə (ekskursanta) müvafiq xidmətlərin göstərilməsi və qarşılıqlı ödəmələrin aparılması üçün əsas olan, tura (ekskursiyaya) daxil edilmiş xidmətlər üzərində turistin (ekskursantın) hüququnu müəyyənləşdirən və xidmətlərin göstərilməsinə dair turizm təşkilatçısının öhdəliyini təsdiq edən sənəd;
1.1.29. turist yollayışı - turizm təşkilatçısı tərəfindən verilən, ciddi hesabat sənədi olan, turizm xidmətlərinin göstərilməsinə dair müqavilənin mövcudluğunu, turizm zərfi ilə nəzərdə tutulmuş xidmətlərin göstəriləcəyi barədə müvafiq turizm təşkilatçısının öhdəliklərini və bu xidmətlərin alınmasına dair turistin hüquqlarını və təsdiq edən sənəd;
1.1.30. turizm reyestri - çağdaş informasiya texnologiyalarına əsaslanan, turizm ehtiyatları, təbiət və mədəniyyət irsi, turizm infrastrukturu və onun subyektləri haqqında məlumat bazasını, o cümlədən turizm ehtiyatları, turizm sənayesi və turizm fəaliyyəti barəsində statistik məlumatları əks etdirən məlumat bankı;
1.1.31. turizm marşrutunun pasportlaşdırılması - turizm zərfində əks etdirilə bilən turizm marşrutunun təhlükəsizliyi və marşrut boyu turistlərə göstərilməsi nəzərdə tutulan xidmətlərin səviyyəsinin müəyyən olunmuş standartlara uyğunluğunun yoxlanıldığı turizm marşrutuna pasportun verilməsi;
1.1.32. turizm sahəsində fəaliyyətlərə icazə - turizm və rekreasiya zonasında turizm sahəsində fəaliyyətlərin göstərilməsi üçün nəzarət orqanı tərəfindən verilən, forması və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xüsusi icazə sənədi;
1.1.33. turizm obyektinin tikintisinə icazə - turizm və rekreasiya zonasında hər hansı turizm obyektinin tikintisi üçün nəzarət orqanı tərəfindən verilən, forması və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xüsusi icazə sənədi;
1.1.34. turizm fəaliyyəti - turoperator və turagent fəaliyyəti, turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, qidalanması və əyləncəsi üzrə xidmətlər kompleksi, ekskursiya, bələdçi (bələdçi-tərcüməçi) xidmətləri, çimərlik xidmətləri), həmçinin bu Qanuna və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq göstərilən müxtəlif turizm xidmətlərini əhatə edən digər fəaliyyətlər;
1.1.35. turoperator fəaliyyəti - turizm məhsulunun hazırlanması, hərəkətə gətirilməsi, satışı və icrası;
1.1.36. turagent fəaliyyəti - turoperator tərəfindən hazırlanmış turizm məhsulunun satışı ilə bağlı agent xidmətlərinin göstərilməsi;
1.1.37. ekskursiya fəaliyyəti - istehlakçının (ekskursantların) istirahəti üçün müddəti iyirmi dörd saatdan çox olmayan və turistlərin yerləşdirilməsini (gecələməsini) nəzərdə tutmayan ekskursiya xidmətlərinin (ekskursiya üzrə turizm məhsulunun hərəkətə gətirilməsi, ekskursantların istirahətinin və rekreasiyasının təşkili, onların turizm ehtiyatları ilə tanış edilməsi, məlumatlandırılması, tarixi və mədəni sərvətlərdən bəhrələnməsinə şəraitin yaradılması, iş-peşə, işgüzar-peşəkar və idman ilə məşğul olmasının təmin edilməsi, dini yerlərə ziyarəti, habelə ictimai mənəviyyat və ictimai qayda tələblərinə cavab verən digər məqsədlər üçün səfərlərinin təşkil və təmin edilməsi ilə bağlı turizm təşkilatçısı tərəfindən göstərilən xidmətlər) göstərilməsi sahəsində turizm təşkilatçıları tərəfindən birbaşa və ya dolayısı ilə həyata keçirilən fəaliyyət;
1.1.38. bələdçi fəaliyyəti - müvafiq peşə hazırlığına malik olan və qanunvericiliyə əsasən fəaliyyət göstərən işçi tərəfindən bələdçi (ekskursiya-bələdçi) xidmətlərinin göstərilməsi;
1.1.39. yerləşdirmə fəaliyyəti - yerləşdirmə vasitələrində (mehmanxanada, istirahət mərkəzində, sanatoriya-kurortda, pansionatda, moteldə, hosteldə, bunqaloda, kempinqdə, habelə fiziki şəxslərin qala və gecələyə biləcəkləri digər yerləşdirmə obyektlərində) yerləşdirmə xidmətlərinin (turistin yataqla təmin olunması daxil olmaqla gecələməsinin və qalma müddəti ərzində ən azı bir dəfə qidalanmasının təmin edilməsi üçün xidmətlər məcmusu) göstərilməsindən ibarət fəaliyyət;
1.1.40. turizm infrastrukturu subyektləri - turizm təşkilatçıları, yerləşdirmə vasitələrinin rəhbərləri, tur (ekskursiya) rəhbərləri, bələdçilər, bələdçi-tərcüməçilər, turizm sahəsində investorlar (sərmayəçilər), həmçinin turizm məhsulunun satışına hər hansı şəkildə rəvac verən və turizm infrastrukturunun fəaliyyətində iştirak edən digər şəxslər;
1.1.41. turizm təşkilatçıları - turoperatorların və turagentlərin məcmusu;
1.1.42. turoperator - turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan və barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinə daxil edilmiş hüquqi şəxs;
1.1.43. turagent - turizm sahəsində yalnız turoperatorun ticarət agenti olan, heç bir mehmanxana və ona bərabər tutulan yerləşdirmə vasitələri və nəqliyyat vasitələri ilə birbaşa müqavilə imzalamaq hüququna malik olmayan, xidmətləri yalnız turoperatorun vahid turist yollayışı və turist vauçeri əsasında həyata keçirə bilən, həmçinin turoperatorla müştəri arasında vasitəçi kimi çıxış edən və barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinə daxil edilmiş hüquqi və ya fiziki şəxs;
1.1.44. tur (ekskursiya) rəhbəri - peşəkar hazırlığa, biliklərə və vərdişlərə malik olaraq bunlardan istifadə etməklə vaxtında və keyfiyyətli turizm ekskursiya xidmətləri göstərən, barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinə daxil edilmiş fiziki şəxs;
1.1.45. bələdçi - bələdçi fəaliyyətini peşəkar səviyyədə həyata keçirən və barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinə daxil edilmiş fiziki şəxs;
1.1.46. turizm ehtiyatları - turistlərin mənəvi və ya əqli tələbatlarını, onların fiziki imkanlarının bərpasını, normal həyat və fəaliyyətlərini təmin edən və ya təmin edə bilən təbii (iqlim), mədəni, tarixi, istirahət-rekreasiya, məlumatlandırma, sosial-məişət ehtiyatlarının, təbiət və mədəni-tarixi irs nümunələrinin və Dövlət Turizm Reyestrinə daxil edilmiş obyektlərin məcmusu;
1.1.47. turizm infrastrukturu - turizm məhsulunun yaradılması və istehlakı sahəsində təklif olunan kompleks xidmətlərin, o cümlədən turizm obyektlərinin, turizm təşkilatçılarının, ekskursiya və bələdçilərin göstərdikləri xidmətlərin məcmusu;
1.1.48. turizm obyektləri - yerləşdirmə vasitələri, istirahət parkları, turistin (ekskursantın, birgünlük ziyarətçinin) istirahəti, müalicəsi, rekreasiyası üçün nəzərdə tutulmuş digər yerlər, habelə turizm potensialı ilə tanış olma yerləri, tarixi və mədəni sərvətlər, turlar (ekskursiyalar) üçün istifadə olunan iş-peşə (işgüzar-peşəkar), idman, dini obyektlər, habelə ictimai mənəviyyat və qaydalarının tələblərinə cavab verən digər fəaliyyət mərkəzləri, turizm nəqliyyat vasitələri, turizm marşrutlarında yerləşərək turistlərə xidmət göstərən ictimai iaşə və əyləncə obyektləri, çimərliklər və turizm xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş digər obyektlər;
1.1.49. turizm sənayesi - turistlərə, birgünlük ziyarətçilərə, ekskursantlara xidmət göstərən yerləşdirmə vasitələrinin, nəqliyyat vasitələrinin, ictimai iaşə obyektlərinin, əyləncə obyekt və vasitələrinin, maarifləndirmə, məlumatlandırma, işgüzar, rekreasiya (müalicə-sağlamlaşdırma), idman və digər məqsədli obyektlərin, turizm təşkilatçılarının, həmçinin, ekskursiya və bələdçi-tərcüməçi xidmətləri göstərən şəxslərin məcmusu;
1.1.50. turizm marşrutu - turistlərin, birgünlük ziyarətçilərin və ya ekskursantların tur zamanı hərəkət etdikləri, pasportlaşdırılmış, həmçinin başlanğıc və son məntəqəsi məlum olan yol və həmin yolda turistlərə xidmət göstərən yerləşdirmə, ictimai iaşə və nümayiş obyektlərinin məcmusu;
1.1.51. turizm və rekreasiya zonası - istehlakçıların əyləncəsini, istirahətini və rekreasiyasını təmin edən, xüsusi ekoloji, rekreasiya (müalicə-sağlamlaşdırma), tarixi, mədəni əhəmiyyət daşıyan təbiət və mədəniyyət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, milli və mədəni irsi qoruma, maarifçilik, elmi və digər məqsədlər üçün istifadə olunan, qanunvericiliyin tələbləri nəzərə alınmaqla turizmin təşkili və inkişafı məqsədi ilə ayrılan, yerləşdiyi regionun inkişafına şərait yaradan, əlverişli turizm potensialına və müvafiq idarəetmə qurumlarına malik olan, sərhədləri dəqiq müəyyən edilmiş və barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinə daxil edilmiş ərazilər;
1.1.52. turizm mərkəzi - turizm və rekreasiya zonasının planlaşdırılması zamanı həmin zonanın baş planına uyğun kompleks turizm xidmətləri nəzərdə tutulan hissəsi;
1.1.53. nəzarət orqanı - turizm sahəsində dövlət tənzimləməsini və nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;
1.1.54. turizm ekspertizası - turizm ehtiyatları barədə məlumat daşıyıcısı olan obyektlər, hadisələr və proseslər haqqında elmin, texnikanın, incəsənətin və sənətkarlığın müxtəlif sahələrində xüsusi bilik və təcrübi vərdişlərdən istifadə etməklə aparılan tədqiqat, o cümlədən təhlükəsizlik, keyfiyyət və ətraf mühitə təsirin qiymətləndirilməsi şərti ilə turizm-rekreasiya zonalarının və turizm inkişaf ərazilərinin, turizmin davamlı inkişafının təmin edilməsi turist axınının gücləndirilməsi və turizm ehtiyatlarının məşhurlaşdırılması imkanlarının hərtərəfli öyrənilməsi və təhlili;
1.1.55. rekreasiya - turizm obyektlərində sağlamlığın möhkəmləndirilməsi, fiziki fəaliyyətin artırılması, mənəvi-psixoloji durumun yaxşılaşdırılması;
1.1.56. turizm potensialı - turistlərin mənəvi və ya əqli tələbatlarını, onların fiziki imkanlarının bərpasını, normal həyat və fəaliyyətlərini təmin edən təbiət və mədəni-tarixi irs nümunələrinin və turistlər üçün maraq kəsb edən sair obyektlərin məcmusu;
1.1.57. davamlı turizm - müvəqqəti olduğu yerdə yerli həyat tərzini, ekoloji prosesləri və milli dəyərləri qoruyub-saxlamaqla, eləcə də sosial, iqtisadi, ekoloji və estetik tələbləri nəzərə almaqla turistin həyata keçirdiyi müvəqqəti səfərlər;
1.1.58. yerləşdirmə vasitələri - mehmanxana, istirahət mərkəzi, sanatoriya-kurort, pansionat, motel, hostel, bunqalo, kempinq, habelə fiziki şəxslərin ən azı bir gün gecələyə biləcəkləri digər yerləşdirmə obyektləri;
1.1.59. monitorinq - turizm fəaliyyəti, yaxud turizm sahəsində hər hansı proses və ya məsələ barəsində məlumatların müşahidə və araşdırma üsulları ilə toplanması, təhlili, qiymətləndirilməsi üzrə hərəkətlər sistemi;
1.2. Bu Qanunun 1.1-ci maddəsində təsbit edilmiş anlayışlarla Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında istifadə edilmiş anlayışlar arasında ziddiyyət yarandıqda turizm sahəsində işlənən anlayışlar bu Qanunun həmin maddəsində şərh edilmiş mənalarda başa düşülür.

Maddə 2. Turizm haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Turizm haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

 

2-ci fəsil


Turizm sahəsində dövlət tənzimləməsi

 

Maddə 3. Turizm sahəsində dövlət siyasəti, onun prinsip və prioritetləri

3.1. Turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədi ilə dövlət:
3.1.1.  turizmin davamlı və ahəngdar inkişafına, turizm sənayesinin ölkə iqtisadiyyatının gəlir gətirən sahəsi kimi inkişafına, xalqların mədəni və mənəvi cəhətlərdən yaxınlaşması və qarşılıqlı anlaşılmasına xidmət edən təsirli və məqsədyönlü dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir;
3.1.2.  turizm fəaliyyətində ən əlverişli şəraitin yaradılmasına, turizm ehtiyatlarının təyinatına uyğun olaraq istismarına və ətraf mühitin qorunmasına zəmanət verir;
3.1.3. Insanın istirahət-rekreasiya, asudə vaxtını sərbəst təşkil etmək və keçirmək hüquqlarını, habelə turizmlə bağlı və ya turizm sahəsindəki münasibətlərindən irəli gələn digər hüquqlarını təmin edir və bu hüquq və azadlıqların səmərəli müdafiəsini təşkil edir.
3.1.4. Qanunvericiliyin ümumi prinsipləri ilə yanaşı turizm sahəsində dövlət tənzimləməsinin əsas prinsipləri aşağıdakılardır:
3.1.5. insanpərvərlik, turizm sahəsində təhlükəsizliyin təmin olunması;
3.1.6. turizm sahəsində standartların və idarəetmə tələblərinin müəyyən edilməsi;
3.1.7. müxtəlif səviyyəli dövlət orqanları arasında, eləcə də dövlət orqanları ilə yerli özünüidarəetmə orqanları arasında dəqiq səlahiyyət bölgüsünün aparılması;
3.1.8. innovativ texnologiyaların turizm sahəsinə tətbiqi.
3.1.9. Dövlət turizm sahəsini iqtisadiyyatın prioritet istiqaməti kimi tanıyaraq:
3.1.10.  turizmin inkişafı istiqamətində dövlət siyasətini, Dövlət turizm strategiyasını müəyyən edir, bu siyasətə və strategiyaya uyğun turizm inkişaf plan və proqramlarını tərtib və təsdiq edir, həmin proqramların həyata keçirilməsi üçün müvafiq iş planları və nəzarət mexanizmləri tətbiq edir;
3.1.11. turizm sahəsinin davamlı inkişafı üçün turizm sahəsində elektron hökumətin qurulmasını təmin edir, ölkədə səmərəli turizm sənayesinin yaradılması və rəqabətin gücləndirilməsi üçün normativ tənzimləmə həyata keçirir və mütərəqqi inzibati idarəetmə təcrübəsi tətbiq edir;
3.1.12.  ölkə hüdudlarından kənarda Azərbaycan Respublikası haqqında təhlükəsiz, cəlbedici və əlverişli bir turizm məkanı təsəvvürünün formalaşmasi üçün turizm məhsulunun təşviqini həyata keçirir;
3.1.13. turizm sahəsinin davamlı inkişafını təmin edir, turizm sahəsində inhisarçılığın və haqsız rəqabətin qarşısını almaq məqsədi ilə hüquqi tənzimləmə və mütərəqqi inzibati idarəetmə həyata keçirir;
3.1.14. turizm sahəsində ən çox tələb olunan peşə və ixtisasların müəyyən olunması üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılmasını, əmək bazarı üçün prioritet peşələr üzrə peşə və təlim standartlarının hazırlanması və tətbiqini təmin edir;
3.1.15. turizm təhlükəsizliyinin əsaslarını müəyyən edir, turizm sahəsində iştirakçıların təhlükəsizliyinin təmin edilməsi üzrə üsul və vasitələri müəyyən və tətbiq edir;
3.1.16. ətraf mühitin (təbiətin) qorunması, səmərəli və davamlı istifadəsi üçün hüquqi tənzimləmə həyata keçirir;
3.1.17.  ictimai qaydaya riayət edilməsinə, ictimai mənəviyyatın və qonaqpərvərliyin təbliğinə, habelə digər mədəniyyətlərlə münasibətlərin qurulmasına dair maarifləndirmə aparır;
3.1.18. dövlətin turizm üçün əlverişli məkan kimi nüfuzunun yaradılması və bu nüfuzun qorunması üçün turizm məhsulunun təşviqi və turizm sahəsində hüquqi tənzimləmə həyata keçirir;
3.1.19. turizmdən yerli əhalinin rifah səviyyəsini yüksəltmək və yoxsulluğu aradan qaldırmaq üçün istifadə edir.
3.1.20. Dövlətin turizm sahəsində vəzifələri aşağıdakılardır:
3.1.21. turizm sahəsinin inkişafı üzrə yerli sosial-iqtisadi proqramların qəbul edilməsi üçün səylər göstərmək;
3.1.22. turizm təşkilatçıları arasında, eləcə də turizm təşkilatçıları ilə istehlakçılar arasında sahələrarası və bölgələrarası əlaqələndirmə fəaliyyətini həyata keçirmək;
3.1.23.  turizm məhsulunun təşviqı məqsədi ilə məlumat şəbəkəsi yaratmaq;
3.1.24.  beynəlxalq turizm təşkilatlarında Azərbaycan Respublikasının nümayəndəliyini təşkil etmək, turizm sahəsində əməkdaşlıq üzrə müqavilələrin həyata keçirilməsi mexanizmini işləyib-hazırlamaq və tətbiq etmək;
3.1.25.  turizm ehtiyatları kimi qəbul edilmiş ərazilərin və turizm obyektlərinin qorunmasını, həmçinin fəaliyyətini təşkil etmək;
3.1.26.  turizm sahəsində ixtisasartırma və təcrübəkeçmə fəaliyyətini dəstəkləmək;
3.1.27. turizm ehtiyatlarının səmərəli istifadəsini təmin edən turizm infrastrukturunu yaratmaq və inkişaf etdirmək, buna müvafiq turizm sənayesi qurmaq;
3.1.28.  turizm sahəsində ilkin fəaliyyətə başlayan şəxslər üçün qanunla müəyyən edilmiş güzəştlər, fəaliyyətinin maliyyələşdirilməsi zamanı, habelə sənədləşmə zamanı sadələşdirilmiş icraat qaydaları işləyib hazırlamaq və tətbiq etmək;
3.1.29. turizm sahəsində xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə nəzarət etmək və keyfiyyətin yüksəldilməsini təmin etmək;
3.1.30. turizm sahəsində mövsümiliyin aradan qaldırılması üçün münbit hüquqi tənzimləmə və mütərəqqi inzibati idarəçilik həyata keçirmək;
3.1.31. turizm sahəsində innovativ texnologiyaların tətbiqi üçün tədbirlər görmək.
3.1.32. Turizmin təşviqi, təbliği, stimullaşdırılması və turizm məhsulunun satış üçün hazırlanması aşağıdakı üsullarla həyata keçirilir:
3.1.33. turizm məhsullarının reklamlaşdırılması;
3.1.34. ixtisaslaşdırılmış sərgi və yarmarkaların keçirilməsi və bu cür tədbirlərdə iştirak;
3.1.35. turizm informasiya mərkəzlərinin təşkili;
3.1.36. məlumat kitabçalarının hazırlanması və dərc olunması;
3.1.37. radio və televiziya verilişlərinin hazırlanması;
3.1.38. istehlak bazarına, potensial istehlakçılara və ümumilikdə geniş ictimaiyyət nümayəndələrinə təsir etmək, onları cəlb etmək, turizm məhsulunun istehlakı və ya istehlakının artırılması ilə nəticələnən həyat tərzinin təlqin edilməsi.

Maddə 4. Turizm sahəsinin dövlət tənzimləməsinin üsul və vasitələri

4.1. Bu Qanunun 3.4-cü maddəsində təsbit edilmiş məqsəd və vəzifələri həyata keçirərkən dövlət aşağıdakı üsul və vasitələrdən istifadə edir:
4.2.  daxili və dünya turizm bazarlarında turizm məhsulunun hərəkətə gətirilməsinə müxtəlif fondlar və maliyyə mənbələri hesabına maddi kömək göstərilməsi, turizmin inkişafına dair dövlət proqramları çərçivəsində kiçik və orta sahibkarlıq üçün marketinq araşdırmalarının həyata keçirilməsi, Azərbaycan Respublikasının turizm üçün əlverişli məkan kimi təbliğ edilməsi və təbliğat sahəsində beynəlxalq müqavilələrin icrası, bu məqsədlə sərgilər, festivallar, yarmarkalar və digər kütləvi tədbirlərin həyata keçirilməsi və tədbirlərdə iştirak;
4.3.  turistlərin hüquq və maraqlarının müdafiə edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər planının həyata keçirilməsi, müvafiq qurumlarının təsis edilməsi və imkan daxilində maddi-texniki yardımın göstərilməsi;
4.4. turizm sahəsində keyfiyyətə və təhlükəsizliyə nəzarətin təmin edilməsi məqsədi ilə idarəetmə tələblərinin müəyyən edilməsi və tətbiq olunması, turizm sahəsində sertifikatlaşdırma (keyfiyyət sertifikatı, mənşə sertifikatı, uyğunluq sertifikatı) və turizm infrastrukturu subyekti barədə məlumatların Dövlət Turizm Reyestrinə daxil edilməsi;
4.5.  turizm sahəsində dövlət siyasətinə uyğun olaraq turizm strategiyasını, onun əsasında turizmin inkişaf planlarını və bunların əsasında dövlət proqramlarının, tədbirlər planlarının işlənib-hazırlanması, qəbul və tətbiq edilməsi;
4.6.  turizm sahəsinə investisiya qoyuluşu, o cümlədən xarici investorların marağının artırılması üçün əlverişli şəraitin yaradılması, turizm məhsulunun təşviq edilməsi, maliyyə mənbələrinin axtarışı və cəlb edilməsi, qeyri-dövlət sektorunun investisiya layihələrinə dövlət təminatının verilməsi;
4.7. turizm sahəsində şəhərsalma layihələrinin, habelə hər hansı turizm obyektinin tikinti-layihə sənədlərinin və obyektlərin istismara verilməsinin nəzarət orqanı ilə razılaşdırılması;
4.8. dünyaca məşhur əmtəə və xidmət nişanları ilə təqdim edilən məhsulların, mağaza şəbəkələrinin, yeni texnologiyaların və standartların Azərbaycan Respublikasına gətirilməsinin təbliğ və təşviq edilməsi, belə təbliğ və təşviqin qaydalarının müəyyən edilməsi;
4.9. turizm sahəsində tədris proqramlarının unifikasiyasının aparılması, turizm sahəsi üzrə ixtisaslaşmış təhsil müəssisələrinin və (və ya) fakültələrinin yaradılması, fəaliyyətinin təşkili və təbliği, turizm sahəsi üzrə fakültələr üçün standartların müəyyən edilməsi, turizm sahəsində ixtisasartırma və təcrübəkeçmə tədbirlərinin həyata keçirilməsi barədə təkliflərin verilməsi, bu tədbirlərin təşkil edilməsində iştirak, həmçinin maliyyə dəstəyinin göstərilməsi;
4.10.  turizm infrastrukturu sahəsində elmi tədqiqatların inkişaf etdirilməsinə, köməklik göstərilməsi;
4.11.  turizm sahəsində elmi tədqiqatların aparılmasına məsul olan qurum və ya vəzifəli şəxsləri təyin edilməsi;
4.12.  elmi araşdırmaların aparılması üçün hüquqi və fiziki şəxslər tərəfindən müvafiq dövlət orqanından lazımi məlumatların alına bilməsinin təmin edilməsi;
4.13.  elmi araşdırma aparan hüquqi və fiziki şəxslərə tələb olunan və verilməsi qanunla qadağan olunmamış məlumatların əldə edilməsində nəzarət orqanı tərəfindən köməklik göstərilməsi;
4.14.  dövlət orqanları və ya dövlət tapşırığı əsasında digər şəxslər tərəfindən turizm sahəsində aparılan elmi araşdırmalar zamanı bu araşdırmalar üçün qeyri-dövlət sektoru tərəfindən aparılan elmi araşdırmalara yaradılmış şəraitdən daha üstün şəraitin yaradılmasına yol verilməməsi;
4.15.  Azərbaycan Respublikasının turizm infrastrukturu subyektlərinin beynəlxalq turizm proqramlarında iştirak etməsi üçün təkliflərin hazırlanması və təqdim edilməsi, onlara maliyyə yardımının göstərilməsi, məlumatların təqdim edilməsi;
4.16.  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər üsullardan istifadə edilməsi.

Maddə 5. Turizm sahəsində dövlət orqanlarının səlahiyyətləri

5.1. Turizm sahəsində mərkəzi icra hakimiyyəti orqanları, qanunvericilik hakimiyyəti orqanları, həmin orqanların təsis etdikləri ölkə miqyaslı digər təşkilatlar:
5.1.1. turizm sahəsində istehlakçıların və turizm təşkilatçılarının hüquqlarını təmin edir, o cümlədən bu hüquqların qorunması üçün hüquq-mühafizə sistemindən istifadə edir, hüquqların məhkəmələr vasitəsi ilə qorunmasını və bərpasını təşkil edir;
5.1.2.  turizm bazarının tənzimlənməsi üçün normativ-hüquqi baza yaradır, turizm sahəsində turizm sənayesi fəaliyyətinin təməli olan mülki-hüquqi tənzimləməni həyata keçirir;
5.1.3.  müəyyən bölgə üzrə sosial-iqtisadi proqramlarda turizmin inkişafına dair müddəalar işləyib hazırlayır və həyata keçirir, turizm sahəsində dövlət tənzimləməsinin prinsip, üsul və vasitələrinin ən əlverişli şəkildə tətbiqini müəyyən edir, bunları daim təkmilləşdirir, turizm sahəsində sahələrarası, bölgələrarası və beynəlxalq əlaqələndirməni həyata keçirir;
5.1.4.  turizm xidmətlərinin göstərilməsi üzrə vahid qaydalar müəyyən edir və bu qaydalara əməl olunmasına nəzarət edir, habelə elektron viza və elektron bron etmə sistemləri yaradır və tətbiq edir;
5.1.5. turizm və rekreasiya zonalarını yaradır, bu zonalarda tətbiq edilən xüsusi rejimi, eləcə də üstün mövqeyə malik turizm təşkilatçısını müəyyən edir;
5.1.6. turizm sahəsində səmərəli nəzarət mexanizmlərini, qanunvericiliyin pozulmasına görə məsuliyyətin əsaslarını və hədlərini müəyyən edir, qanun pozuntusuna yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsini və hər kəsin qanun qarşısında bərabərliyini təmin edir;
5.1.7.  turizmin inkişafına dövlət büdcəsində ayırmaların həcmini və maliyyə xərclərinin istiqamətlərini müəyyən edir, turizm fondları yaradır;
5.1.8. nəzarət orqanının rəyinə uyğun olaraq turistlər, ekskursantlar və birgünlük ziyarətçilər tərəfindən baxılması (ziyarəti) qadağan edilmiş və ya məhdudlaşdırılmış yerləri qanunla ümumilikdə müəyyən edir;
5.1.9.  turizm təhlükəsizliyi konsepsiyasını hazırlayır və həyata keçirir, turizm fəaliyyətini təhdid edən, o cümlədən turistlərin, ekskursantların və birgünlük ziyarətçilərin həyat və sağlamlığına təhlükə törədən halları müəyyən edir, turistlərə təhlükə anında yardım edən qurumları təyin edir, turistlərin, ekskursantların və birgünlük ziyarətçilərin xilas olunması üçün planlar tətbiq edir;
5.1.10.  turizm sahəsində dövlət təminatı verir;
5.1.11.  dövlət əhəmiyyətli turizm ehtiyatlarının müəyyən olunması qaydalarını qəbul edir, dövlət əhəmiyyətli turizm ehtiyatlarının statusunu, habelə mühafizə, yoxlama, təsnifatlaşdırma, qiymətləndirmə və istifadə qaydalarını, eləcə də maliyyələşdirmə mənbələrini və qaydasını müəyyənləşdirir;
5.1.12. turizm sahəsində vəzifələrə və peşələrə olan tələbləri müəyyən edir;
5.1.13.  turizm sahəsində dövlət standartlarını müəyyən edir;
5.1.14.  nəzarət orqanının rəyini nəzərə almaqla turizm sahəsində xəritəçəkmə işinin, naviqasiya və yol (istiqamət) nişanlanmasının vahid qaydalar üzrə aparılmasını, vahid işarələrdən və göstəricilərdən istifadə edilməsini təmin edir;
5.1.15. yerlərdə (inzibati ərazi vahidlərində) turizm sahəsinin inkişafı, turizm sənayesinin püxtələşdirilməsi məsələlərində metodiki köməklik göstərir, dünyaca məhşur əmtəə və xidmət nişanları ilə təqdim edilən məhsulların, mağaza şəbəkələrinin, yeni texnologiyaların və standartların Azərbaycan Respublikasına gətirilməsinin təbliğ və təşviq edilməsi qaydalarını müəyyən edir;
5.1.16.  turizm sahəsində beynəlxalq müqavilələr bağlayır, bu müqavilələrin və təsdiq olunmuş beynəlxalq proqramların icrasını təmin edir;
5.1.17.  turizm sahəsində xarici nümayəndəliklərin fəaliyyətini maliyyələşdirir və bu fəaliyyətə nəzarət edir.
5.2. Nəzarət orqanı aşağıdakı əsas funksiyaları həyata keçirir:
5.2.1. normativ aktlar üzrə:
5.2.1.1. turizm sahəsində vahid dövlət siyasətini işləyib hazırlayır, müvafiq icra hakimiyyəti orqanının təsdiqinə verir, turizm sahəsində müəyyən edilmiş dövlət siyasətini həyata keçirir;
5.2.1.2. turizm bazarının tənzimlənməsi üçün dövlət standartlarını işləyib hazırlayır və idarəetmə tələblərini müəyyən edir, turizm vauçeri, turizm yollayışları və elektron bronetmə üçün tələbləri müəyyən edir;
5.2.1.3. turizm sahəsində sahələrarası, bölgələrarası əlaqələndirməni həyata keçirir;
5.2.1.4. turizm siyasətinin həyata keçirilməsi məqsədi ilə dövlət proqramlarına dair rəy verir;
5.2.1.5. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə turistlər üçün ölkəyə gəlmə, ölkədə qalma və ölkədən getmə, habelə qeydiyyat qaydalarını müəyyən edir;
5.2.1.6.  müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə turizm təhlükəsizliyi planını hazırlayır və həyata keçirir, turizm fəaliyyətini təhdid edən halları müəyyən edir, getmə turizmi zamanı həyat və sağlamlıqları təhdid altına düşmüş vətəndaşların xilas olunmaları üçün digər icra hakimiyyəti orqanları ilə birgə iş planları hazırlayır və həyata keçirir;
5.2.1.7. turizm sahəsində xarici nümayəndəliklərin fəaliyyət istiqamətlərini və qaydalarını müəyyən edir;
5.2.1.8.  Dövlət Turizm Reyestrinin və turizm sahəsində özünün təsis etdiyi digər məlumat toplularının qaydalarını müəyyən edir;
5.2.1.9. turizm ehtiyatlarının təsnifatı qaydalarını müəyyən edir;
5.2.2. hesabatlar və nəzarət istiqamətləri üzrə:
5.2.2.1. turizm sahəsində hüquqların təmin edilməsi məqsədi ilə öz səlahiyyətlərindən istifadə edir, hüquqların qorunmasının monitorinqini keçirir;
5.2.2.2.  turizm sahəsində idarəetmə tələblərinə riayət olunmasına nəzarət edir;
5.2.2.3. turizm-rekreasiya zonalarının və turizm sahəsində publik hüquqi şəxslərin yaradılması və idarə olunması üzrə fəaliyyəti həyata keçirir;
5.2.2.4.  turizm sahəsində vahid dövlət statistika hesabatlılıq sistemini yaradır və tətbiq edir, statistik məlumatların təhlilini təşkil edir, alınmış nəticələr əsasında turizm sahəsində gözlənilən dəyişiklikləri proqnozlaşdırır və turizm sahəsində planlaşdırma zamanı bu məlumatlardan istifadə edir, müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə turizm sahəsində statistika haqqında qanunvericiliyə riayət olunması üçün tədbirlər görür;
5.2.2.5.  turizm sahəsində xarici nümayəndəliklərin fəaliyyətinə nəzarət edir;
5.2.2.6.  daxili turizm marşrutlarını təsdiq edir və beynəlxalq mədəni turizm marşrutlarının yaradılmasında Azərbaycan Respublikası adından iştirak edir, bu fəaliyyətin maliyyələşdirilməsi qaydasının müəyyən edilməsi barədə səlahiyyətli dövlət orqanlarına təkliflər verir;
5.2.2.7. turizm sahəsində vahid nişanlamadan, işarələrdən və göstəricilərdən istifadə olunmasını təmin edir;
5.2.2.8.  müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə turistlər və ekskursantlar tərəfindən baxılması qadağan edilmiş və ya məhdudlaşdırılmış konkret yerləri müəyyən edir, ziyarəti məhdudlaşdırılmış yerlər üçün müəyyən edilmiş xüsusi rejimi tətbiq edir və bu yerlər barədə əvvəlcədən maraqlı şəxslərə məlumatlar verir;
5.2.3.  məlumat topluları üzrə:
5.2.3.1. Dövlət Turizm Reyestrini təşkil edir;
5.2.3.2. turizm sahəsində özü hazırladığı digər məlumat toplularını yaradır, onlardan istifadə qaydalarını müəyyən edir;
5.2.4. turizm sahəsində sərmayələr üzrə:
5.2.4.1.  turizm sahəsində cəlbedici investisiya siyasətinin həyata keçirilməsi məqsədi ilə investorlara dövlət təminatının verilməsi üçün təşəbbüs irəli sürür və təhlükəsizlik üzrə müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə turist və ekskursantların təhlükəsizliyinin təmin edilməsində iştirak edir;
5.2.4.2.  müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə turizmin inkişafı üçün investisiyalar cəlb edir, investisiya cəlb edilməsi üçün şərait yaradır;
5.2.4.3. turizm sahəsində dövlət təminatının (qarantiyasının) verilməsi üçün təşəbbüs irəli sürür;
5.2.5. beynəlxalq münasibətlər üzrə:
5.2.5.1. turizm sahəsində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları ilə iş aparır, beynəlxalq əlaqələndirməni həyata keçirir;
5.2.5.2. dövlətin turizm sahəsində nüfuzunu qoruyur və turizm üçün əlverişli ölkə olduğu barədə məlumatlandırma işini aparır;
5.2.5.3. turizm sahəsində beynəlxalq proqramların və beynəlxalq təşkilatların qərarlarının razılaşdırılmasını həyata keçirir;
5.2.6. digər məsələlər üzrə:
5.2.6.1. turizm sahəsində elmi araşdırmaları əlaqələndirir, bu sahədə kadr hazırlığını təşkil edir və dəstəkləyir;
5.2.6.2. turizm sahəsində digər qurumlar ilə əməkdaşlıq edir və bu fəaliyyəti  əlaqələndirir;
5.2.6.3. milli turizm məhsullarının məqsədyönlü şəkildə hərəkətə gətirilməsinə və xaricdə satılmasına yardım edir, bu məqsədlə nəşr və reklam fəaliyyətini həyata keçirir;
5.3. Azərbaycan Respublikasının xarici diplomatik və digər nümayəndəliklərinin tərkibində turizm sahəsi üzrə bölmə və ya vəzifə nəzarət orqanının təqdimatına əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis edilir.
5.4. nəzarət orqanı müvafiq xarici ölkədəki ictimai vəziyyəti, habelə xərcləri nəzərə alaraq aşağıdakı üsullardan birini seçir:
5.4.1. həmin ölkədə nümayəndəlik turizm nümayəndəliyi funksiyasının həyata keçirilməsini müqavilə əsasında hər hansı təşkilata həvalə edir;
5.4.2. öz turizm informasiya mərkəzi olan nümayəndəliyini təsis edir.
5.5. Nəzarət orqanı Azərbaycan Respublikasının üzvü olduğu beynəlxalq təşkilatlarda fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşən bir və ya bir neçə nümayəndə təyin edir.
5.6. Bölgələr üzrə fəaliyyət göstərən müvafiq hakimiyyət orqanları:
5.6.1. bölgənin turizm sahəsində dövlət siyasətini, dövlət tənzimləməsini və fəaliyyət əlaqələndirməsini həyata keçirir;
5.6.2. Azərbaycan Respublikasının qanunvericiliyinin bölgə üzrə icrasına nəzarət edir;
5.6.3. Dövlət turizm strategiyasına, Milli turizm inkişaf planına və turizmin inkişafı üzrə dövlət proqramına uyğun olaraq bölgə turizm inkişaf planını və onun əsasında turizmin inkişafı proqramını və bu proqrama uyğun tədbirlər planlarını qəbul edir (bölgənin turizm inkişafı proqramı Azərbaycan Respublikasının turizmin inkişafı üzrə dövlət proqramını və ya Dövlət turizm strategiyasını təkrarlamır, bölgənin turizm ehtiyatlarını nəzərə alaraq turizmin inkişafı üzrə əlavə müddəalar nəzərdə tutur), bu plan və proqramların maliyyə mənbələrini müəyyən edir;
5.6.4. turizmin inkişafına yönəldilmiş dövlət proqramlarının həyata keçirilməsi üçün tədbirlər planı hazırlayır, təsdiq və icra edir;
5.6.5.  yerli əhəmiyyətli turizm ehtiyatlarının müəyyən edilməsi, qeydiyyatı, mühafizəsi, inkişafı və istifadəsi üzrə münasibətləri tənzimləyir;
5.6.6. turizm üçün əhəmiyyət kəsb edən yerli təkrarolunmaz mühiti, yaşayış tərzini turizmin inkişafı nəticəsində tənəzzülə uğramaqdan qoruyur, ənənələrin yaşadılmasına rəvac verən tədbirlər görür; 
5.6.7. bölgədə turizm sənayesinin ahəngdar inkişafı üçün səylər göstərir, turizmin maddi-texniki bazasını möhkəmləndirir, yerli əhaliyə turizm sahəsində gəlir əldə etməyə imkan yaradan yeni iş yerlərinin açılmasını təşkil edir, məşğulluğu təmin edir, yerli əhalinin maariflənməsi, turizm sahəsi üzrə peşəkar hazırlığın artırılması, qonaqpərvərlik ənənələrinin qorunub saxlanması və inkişafı məqsədi ilə həyata keçirilən tədbirləri təşkil edir və maliyyələşdirir;
5.6.8. bölgədə turizm və ekskursiya fəaliyyətinə nəzarət edir və bu barədə Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına hesabat verir;
5.6.9. bölgə üzrə fəaliyyət göstərən turizm infrastrukturu subyektləri barədə məlumatları Dövlət Turizm Reyestrinə daxil edir.
5.7. yerli icra hakimiyyəti orqanları:
5.7.1. müvafiq ərazidə turizmin inkişafı sahəsində dövlət siyasətini həyata keçirir və görülən işlər barədə ildə bir dəfə nəzarət orqanına hesabat verir;
5.7.2. yerli səviyyədə turizm məhsullarına dair marketinq araşdırması aparır;
5.7.3. müvafiq ərazidə bələdiyyə orqanlarının da təkliflərini nəzərə almaqla yerli turizm inkişaf planı hazırlayıb, nəzarət orqanına təqdim edir;
5.7.4. əsasnamələrinə uyğun olaraq turizm sahəsi üzrə digər vəzifələri icra edir.
5.8. nəzarət orqanının yerli qurumları:
5.8.1. müvafiq bölgədə turizmin inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsinə nəzarət edir və görülən işlər barədə nəzarət orqanına hesabat verir;
5.8.2. müvafiq bölgə səviyyəsində marketinq araşdırması aparır və yerli icra hakimiyyəti orqanlarının apardığı araşdırmaları ümumiləşdirir, təhlil edir, qiymətləndirir və nəticələrini bölgə turizm inkişaf planında əks etdirir, hesabatlar, məruzələr və digər məlumatlandırıcı hüququ aktlar hazırlayıb nəzarət orqanına təqdim edir;
5.8.3. müvafiq bölgənin yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş yerli turizm inkişaf planlarını ümumiləşdirir, təhlil edir, qiymətləndirir və onun əsasında bölgə turizm inkişaf planının hazırlayıb nəzarət orqanına təqdim edir;
5.8.4. əsasnamələrinə uyğun olaraq digər vəzifələri icra edir.

Maddə 6. Turizm sahəsində bələdiyyə orqanlarının səlahiyyətləri

6.1. Bələdiyyə orqanlarının səlahiyyətləri aşağıdakılardır:
6.1.1. yerli sosial-iqtisadi proqramları qəbul edərkən turizmin ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən olduğunu nəzərə alır;
6.1.2. yerli turizm inkişaf proqramları işləyib-hazırlayır, təsdiq edir, proqramların maliyyə mənbələrini müəyyən edir və həyata keçirilməsini təmin edir (bələdiyyə tərəfindən təsdiq edilmiş turizmin inkişafı üzrə yerli proqramlar, əgər dövlət büdcəsində ayırmalar nəzərdə tutulmayıbsa, yerli büdcələrdən maliyyələşdirilir);
6.1.3. yerli turizm təşkilatçılarının inkişafına köməklik göstərir, bu məqsədlə yerli sosial-iqtisadi proqramlarda maliyyə ayırmalarını nəzərdə tutur və bu maliyyə mənbələrinin düzgün, məqsədyönlü şəkildə istifadəsinə nəzarət edir;
6.1.4. yerli ailə-kəndli təsərrüfatlarının kənd yaşıl turizmi ilə məşğul olmaları üçün təkliflər verir, yerli sosial-iqtisadi proqramlarda onlara yerli büdcə hesabına maliyyə yardımı göstərilməsini nəzərdə tutur və bu yardımı həyata keçirir;
6.1.5. yerli miqyasda turizm və ekskursiya fəaliyyətlərini təbliğ edir, yerli əhalinin turizmlə məşğul olması üçün tədbirlər (o cümlədən turizm sahəsində maarifləndirmə, peşəkar hazırlıq, tədris, yenidən hazırlıq və bu qəbildən olan digər tədbirlər) həyata keçirir;
6.1.6. əraziyə uyğun əlverişli turizm növlərinin inkişafı üçün tədbirlər görür;
6.1.7. Milli turizm inkişaf planına uyğun olaraq nəzarət orqanı tərəfindən müəyyən edilmiş bələdiyyə ərazisində yerləşdirmə vasitələri, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanuna uyğun olaraq alınan ödənişlər hesabına həmin bələdiyyə ərazisində turizm informasiya mərkəzləri təşkil edir;
6.1.8. yerli və bölgə turizm inkişaf planlarının hazırlanmasında iştirak edir.

Maddə 7. Turizm fəaliyyətinə dövlət dəstəyi

7.1. Dövlət turizm fəaliyyətini gömrük, investisiya, viza rejimi, rüsum və digər məcburi ödənişlərə güzəşt və imtiyazlar vasitəsi ilə, habelə dövlət tərəfindən tənzimlənən tariflərdə güzəşt və imtiyazlar verilməsi, maliyyə institutlarının vəsaitlər ayırması, sosial-iqtisadi proqramların tətbiqi və qanunla qadağan edilməyən digər vasitələrlə stimullaşdırır.
7.2. Turizm fəaliyyətinə rəvac vermək məqsədlə dövlət büdcəsindən subsidiyalar və eyni zamanda, onlardan turizmin inkişafına xidmət edən məqsədyönlü fondlara maliyyə vəsaitləri ayrıla bilər. Bu vəsaitlər həm müxtəlif səviyyəli proqramlar (dövlət proqramları, bölgə proqramları, yerli proqramlar) çərçivəsində, həm də ayrı-ayrı hüquqi aktlarla ayrıla bilər.
7.3.  Dövlət orqanları və yerli özünüidarəetmə orqanları öz əsasnamələrinə uyğun olaraq turizm fəaliyyətini dəstəkləyir və öz səviyyələrində turizm məhsullarının hərəkətə gətirilməsinə, habelə beynəlxalq turizmin inkişafına rəvac verir, beynəlxalq bazara nüfuz edirlər.

Maddə 8. Turizm və rekreasiya zonaları

8.1. Turizm və rekreasiya zonalarının formaları onlar haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnamə ilə müəyyən olunur.
8.2. Turizm və rekreasiya zonalarına istənilən torpaq mülkiyyətçilərinin, habelə torpaq sahiblərinin, istifadəçilərinin və sərəncamçılarının torpaq sahələri, eləcə də qanunvericiliklə yol verilən hallarda və müəyyən olunmuş qaydada xüsusi rejim tətbiq edilən torpaq sahələri daxil edilə bilər. Hər hansı bir şəxsin (o cümlədən dövlət orqanının) mülkiyyətində və ya sahibliyində, icarəsində, istifadəsində, sərəncamında olan torpaqların turizm və (və ya) rekreasiya zonasına daxil edilməsi həmin torpaqlara olan müvafiq hüquqa xitam verilməsinə, eləcə də xüsusi rejim tətbiq olunan torpaq sahəsinin turizm və (və ya) rekreasiya zonasına daxil edilməsi müvafiq rejimin ləğv olunmasına səbəb olmur.
8.3.  Turizm və rekreasiya zonalarında istirahət-rekreasiya üçün daha əlverişli şəraitin yaradılması, əyləncənin modern üslubda təşkili, turizm fəaliyyətinin yüksək standartlarla həyata keçirilməsi, təbiəti qoruma, milli-mədəni irsin saxlanılması, elmi tədqiqat üçün daha əlverişli zəmin yaradılması, təlim-tərbiyə, turizm statistikasının daha dəqiq aparılması, turizm xidmətlərinin keyfiyyətinə daha ciddi nəzarət məqsədləri üçün istifadə edilir.
8.4.  Turizm və rekreasiya zonalarında turizm obyektlərinin, təbiət və mədəniyyət komplekslərinin qorunması və bərpası, Dövlət turizm strategiyasına, milli turizm inkişaf planına uyğun infrastrukturun yaradılması və onlardan istifadəsi zamanı turizm və rekreasiya zonalarının əsasnaməsində müəyyən edilmiş qaydalara zidd olmayan digər fəaliyyət növləri həyata keçirilə bilər.
8.5. Turizm və rekreasiya zonaları rəsmi rəmzlərə (bayraq, emblem, loqotip və sair) malik ola bilərlər.
8.6. Turizm və rekreasiya zonalarına daxil olan ərazilərdə yerli sosial-iqtisadi inkişafla bağlı müxtəlif layihələr həyata keçirilə bilər.

Maddə 9. Turizm və rekreasiya zonalarının məqsədləri

9.1. Turizm və rekreasiya zonalarının əsas məqsədləri aşağıdakılardır:
9.1.1. 0turizm fəaliyyətində iştirak edən istehlakçıların təhlükəsizliyinin təmin olunması;
9.1.2. turizm, istirahət-rekreasiya üçün münbit şəraitin yaradılması;
9.1.3. turizmin davamlı inkişafının və yerli sosial-iqtisadi layihələrdə turizm və rekreasiya zonalarının iştirakının təmin edilməsi vasitəsi ilə regionlarda sosial-iqtisadi inkişafa və milli irsin saxlanılmasına nail olunması;
9.1.4. turizmin köməyi ilə təbiət və tarix abidələrinin, nadir təbiət mənzərələrinin, spesifik turist xidməti obyektlərinin, milli-mədəni irsin qorunmasının və təbliğinin təmin edilməsi;
9.1.5. müxtəlif turizm növlərinin yaradılması və təbliği;
9.1.6. müvafiq turizm və (və ya) rekreasiya zonasına daxil olan torpaq sahələrinin mülkiyyətçiləri, eləcə də sahibləri, istifadəçiləri və sərəncamçıları ilə razılaşdırılmış qaydada beynəlxalq standartlara cavab verən, sanitariya-epidemioloji sağlamlığı təmin edən, təhlükəsiz və keyfiyyətli turist xidməti göstərə bilən turizm infrastrukturunun yaradılması;
9.1.7. turizm və rekreasiya zonalarının ərazisində rəqabət qabiliyyətli və əhalinin bütün təbəqələrinə turist xidməti göstərə bilən turizm bazarının yaradılması;
9.1.8. daxili və xarici investorların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması;
9.1.9. turizm bazarının tələbinə uyğun olaraq turist xidməti təyinatlı turist məhsullarının yaradılması və mövcud olanların çeşidinin genişləndirilməsi;
9.1.10. zonanın ərazisində turizm xidməti sahəsini yaxşılaşdırmaq məqsədi ilə nəqliyyat, kommunikasiya və informasiya vasitələrinin inkişaf etdirilməsi;
9.1.11. turizm və rekreasiya zonalarında fəaliyyət göstərən müəssisələrin iştirakı ilə ərazinin sosial-iqtisadi inkişafına istiqamətləndirilmiş layihələrin həyata keçirilməsinə nail olunması;
9.1.12. zonanın yerləşdiyi ərazidə yeni iş yerlərinin yaradılması, əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması.
9.2. Turizm və rekreasiya zonalarının yaradılmasında əlavə məqsədlər həmin zonanın yaradılması haqqında hüquqi aktla tənzimlənir.

Maddə 10. Turizm və rekreasiya zonalarının yaradılması və idarə olunması

10.1. Turizm və rekreasiya zonaları bu zonaların yaradılması üçün əlverişli olan ərazilərdə rekreasiya təzyiqi normaları nəzərə alınmaqla nəzarət orqanının təklifi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.
10.2. Turizm və rekreasiya zonalarında aşağıdakı güzəşt və imtiyazlar tətbiq edilir:
10.2.1. əsas infrastrukturun dövlət hesabına yaradılması;
10.2.2. turizm və rekreasiya zonasının turizm məhsullarının təşviqi planlarının həmin zonada fəaliyyət göstərən və iri vergi ödəyicisi olan turizm infrastrukturu subyektləri ilə razılaşdırılması;
10.2.3. müvafiq fondlar vasitəsi ilə turizm infrastrukturu subyektlərinə güzəştli kreditlərin verilməsi;
10.2.4. turizm və rekreasiya zonasında təqdim olunan məhsulların təbliği (brendinq).
10.3.  Turizm və rekreasiya zonaları həmin zonaların təsis sənədlərində təsbit edilmiş üsul və vasitələrlə idarə olunur.
10.4.  Turizm və rekreasiya zonalarında turizm infrastrukturunun milli turizm inkişaf planına və bölgə turizm inkişaf planına uyğun şəkildə yaradılması və inkişaf etdirilməsi təmin edilir, o cümlədən, turizm və rekreasiya zonalarında kommunal xətlərin (su borularının, kanalizasiya borularının, elektrik xətlərinin, qaz kəmərlərinin) çəkilişi və istifadəyə verilməsi, telekommunikasiya xətlərinin (mobil rabitə üçün stansiyaların, yerli poçt məntəqəsinin, optik xətlərin, internetə çıxış nöqtələrinin) çəkilişi və istifadəyə verilməsi, yanğından mühafizə sisteminin qurulması, sanitariya-epidemioloji şəraitin təmin edilməsi dövlət hesabına həyata keçirilir və həmin zonadakı turizm obyektlərinin plan üzrə istismara verilməsi tarixindən gec olmayaraq başa çatdırılır.
10.5. Turizm və rekreasiya zonasında turizm obyektlərinin tikintisi yalnız turizm obyektinin tikintisinə verilən icazə əsasında mümkündür.
10.6. Turizm mərkəzinin daxilindəki dövlət mülkiyyətində olan bütün torpaqlar və tikililər (dövlət hakimiyyəti orqanlarının binaları və həmin binaların altındakı torpaqlar istisna olmaqla) həmin turizm mərkəzinin baş planı təsdiq olunduğu gündən bir ay müddətində nəzarət orqanının idarəçiliyinə verilməlidir. 
10.7. Turizm mərkəzinin dövlət təsisatlarından bəhrələnmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən, turizm fondlarının ayırmalarından bəhrələnmə qaydası isə həmin fondlar tərəfindən müəyyən edilir.
10.8. Turizm mərkəzlərində banklar tərəfindən verilən güzəştli kreditlərdən bəhrələnmə qaydası müvafiq bank məhsulu ilə müəyyən olunur. Həmin banklardakı reqlamentin turizm mərkəzindəki fəaliyyətlə əlaqələndirilməsi, eləcə də turizm mərkəzində kredit işinin təkmilləşdirilməsi məqsədi ilə banklarla nəzarət orqanı arasında anlaşma memorandumu, habelə həmin banklarla müvafiq turizm və rekreasiya zonasında idarəçiliyi həyata keçirən qurum arasında mülki-hüquqi əqdlər bağlanıla bilər. 
10.9. Turizm mərkəzində və ya turizm və rekreasiya zonasında kredit tənzimlənməsinin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı və (və ya) maliyyə bazarına nəzarət qurumu ilə nəzarət orqanı arasında anlaşma memorandumları bağlanılır.
10.10. Turizm mərkəzində onun aid olduğu turizm və rekreasiya zonasından daha sərfəli şərtlərlə aşağıdakı istiqamətlər üzrə güzəşt və imtiyazlar tətbiq edilir:
10.10.1. torpağın icarə haqqından 50%-dən 100%-dək miqdarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş həcmdə güzəşt edilir (mənbə dəstəkləmə mükafatı);
10.10.2. dəyəri dövlət tərəfindən müəyyən edilən tariflərlə tənzimlənən malların və xidmətlərin qiymətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda güzəştlər tətbiq edilir;
10.10.3. turizm mərkəzindəki obyektin tikilməsinə və istismara buraxılmasına qoyulan investisiyanın 15%-dən 40-%-dək miqdarda olan hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həmin investora geri qaytarılır;
10.11.  Turizm mərkəzində əcnəbilərin işə cəlb olunması üçün sadələşdirilmiş prosedurlar tətbiq edilir, bir şərtlə ki, belə işçilərin ümumi sayı və icazə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən limitlərdən artıq olmasın.
10.12.  Turizm mərkəzində təqdim edilən üstünlüklərdən, güzəşt və imtiyazlardan yalnız turizm və rekreasiya zonasında turizm fəaliyyətinə icazə almış şəxs istifadə edilə bilər. Həmin icazə turizm obyektinin tikilməsi, istismarı və fəaliyyəti, habelə turizm mərkəzi çərçivəsində turizm fəaliyyəti üçün dövlət tərəfindən verilməli olan bütün digər sertifikatları, lisenziyaları və ya digər xüsusi icazələri əvəz edir.
10.13.  Turizm fəaliyyəti üçün icazə almış şəxs turizm mərkəzindəki fəaliyyətə başladıqdan beş il keçənədək həmin turizm zonasındakı fəaliyyətini dayandıra və ya fəaliyyətinə xitam verərsə (kreditorların tələbi ilə məcburi müflisləşmə halı istisna olmaqla), bəhrələndiyi bütün güzəşt və imtiyazları geri ödəməlidir. Belə ödənişin məbləğinin hesablanması və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
10.14.  Turizm mərkəzindəki fəaliyyətin stimullaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada turizm mərkəzində fəaliyyət üçün layihə-smeta sənədlərinin hazırlanmasına dövlət qurumları tərəfindən köməklik göstərilir.
10.15.  Turizm mərkəzində fəaliyyət göstərən turizm infrastrukturu subyektlərinin təsnifatlaşdırılması nəzarət orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Həmin təsnifat müvafiq subyektlərə turizm sahəsində fəaliyyətə, o cümlədən turizm obyektinin tikintisinə icazənin verilməsi, həmin subyektə tətbiq edilən güzəşt və imtiyazların müəyyən edilməsi üçün istifadə edilir.

Maddə 11. Turizm sahəsində dövlət nəzarətinin həyata keçirilməsi vasitələri

11.1.  Turizm sahəsində turizm infrastrukturu subyektlərinə dövlət nəzarəti funksiyasını nəzarət orqanı həyata keçirir.
11.2. Turizm sahəsinə dövlət nəzarəti aşağıdakı vasitələrlə həyata keçirilir:
11.2.1. turizm sahəsində peşə sertifikatlarının verilməsi;
11.2.2. texniki reqlamentdə və digər normativ hüquqi aktda uyğunluğunun məcburi qiymətləndirilməsi tələb olunan turizm məhsulları üçün uyğunluq sertifikatının verilməsi;
11.2.3. turizm marşrutlarının pasportlaşdırılması;
11.2.4. turizm infrastrukturu subyektləri barədə məlumatların Dövlət Turizm Reyestrinə daxil edilməsi;
11.2.5. turizm sahəsində statistik hesabatlılıq sisteminin tətbiqi;
11.2.6. turizm sahəsində monitorinqin həyata keçirilməsi.
11.3. Turizm sahəsində sanitariya-epidemioloji norma və qaydalara, gigiyena normativlərinə əməl edilməsinə dövlət nəzarəti müvafiq mərkəzi icra hakimiyyəti orqanı ilə nəzarət orqanı tərəfindən birgə həyata keçirilir. Həmin norma, qayda və normativlər nəzarət orqanının rəyi nəzərə alınaraq təsdiq edilir.

Maddə 12. İdarəetmə tələbləri

Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm infrastrukturu subyektləri üçün məcburi olan idarəetmə tələbləri Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə uyğun olaraq nəzarət orqanı tərəfindən müəyyən edilir.

Maddə 13. Turizm sahəsində peşə sertifikasiyası

13.1. Turizm sahəsində aşağıdakı şəxslər nəzarət orqanının müəyyən etdiyi qaydalar üzrə peşə sertifikatları alırlar:
13.1.1. hüquqi şəxs olan turagentin və ya turoperatorun, onların filiallarının və nümayəndəliklərinin idarəetmə və ya nəzarət orqanında vəzifə tutan şəxs, habelə idarəetmə və ya nəzarət funksiyasını təkbaşına icra edən şəxs;
13.1.2. turizm fəaliyyəti ilə şəxsən məşğul olan fərdi sahibkar;
13.1.3. turizm təşkilatçısına tabe olan və turistlərin qəbulu ilə məşğul olan qurumun rəhbəri və ya idarəçisi, yaxud bu funksiyanı təkbaşına icra edən şəxs;
13.1.4. bələdçi, o cümlədən bələdçi-tərcüməçi;
13.1.5. yerləşdirmə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar;
13.1.6. yerləşdirmə vasitəsində turistlərin qəbulu ilə məşğul olan qurumun rəhbəri (menecer, baş menecer və s.) və ya bu funksiyanı təkbaşına icra edən şəxs (menecer, idarəçi, məsul şəxs və s.).
13.2.  Müvafiq qaydada peşə sertifikatı almamış şəxs tərəfindən aidiyyəti fəaliyyətin (vəzifənin, funksiyanın) həyata keçirilməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu halda həmin şəxs barədə məlumat Dövlət Turizm Reyestrinin aktiv bölməsindən çıxarılır.
13.3.  Şəxs peşə imtahanını müvəffəqiyyətlə verdiyi gündən üç iş günü müddətində onun barəsində məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilir. Reyestrə barəsində məlumatlar daxil olunmuş şəxsə həmin şəxsin ərizəsi ilə beş iş günü müddətində peşə sertifikatı verilir. Peşə imtahanı vermiş şəxsin arzusu ilə ona peşə sertifikatı elektron formada, elektron imza tətbiq edilməklə verilir. Peşə sertifikatının verilməsi ilə əlaqədar digər qaydalar Dövlət Turizm Reyestrinin yaradılması (strukturlaşdırılması), aparılması və istifadəsi haqqında qaydalarla tənzimlənir.
13.4.  Peşə sertifikatının sahibi barəsində məhkəmə tərəfindən oğurluq, etibardan sui-istifadə, dələduzluq, sənədlərin saxtalaşdırılması, rüşvət vermə və rüşvət alma maddələri üzrə ittiham hökmü çıxarıldıqda və ya eyni maddələr üzrə bəraətverici əsaslar olmadan cinayət işinə xitam verildikdə nəzarət orqanı müvafiq peşə sertifikatını etibarsız elan etməli və bu barədə məlumatı rəsmən dərc etməlidir. Peşə sertifikatının etibarsız hesab edilməsinin digər əsasları peşə sertifikatının verilməsi qaydalarında göstərilir.
13.5.  Turizm təşkilatçıları və yerləşdirmə vasitəsi işçilərinin (əməkdaşlarının) nəzarət orqanı tərəfindən peşə sertifikasiyası onlar barədə məlumatların Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməsindən əvvəl aparılır.

Maddə 14. Uyğunluq sertifikatı

14.1.  Turizm infrastrukturu subyektinin müraciəti əsasında onun təqdim etdiyi standartlaşdırılmış turizm məhsuluna uyğunluq sertifikatı verilir. Əgər hər hansı bir məhsula standart müəyyən edilməyibsə, turizm infrastrukturu subyekti müvafiq standartın qeydiyyatını tələb edə bilər.
14.2.  Uyğunluq sertifikatı istehsal olunmuş məhsulun müvafiq standarta, texniki reqlamentə və normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edir.
14.3.  Məcburi qaydada sertifikatlaşdırılmalı olan turizm məhsulunun sertifikatlaşdırılmaması məsuliyyətə səbəb olur.
14.4.  Uyğunluq sertifikatı almış turizm təşkilatçısı həmin sertifikatın nömrəsini sertifikatın aid olduğu məhsula dair əqdlərdə göstərməlidir.

Maddə 15. Turizm sahəsində rəsmi statistikanın xüsusiyyətləri

15.1. Turizm sahəsində statistikanın məqsədləri aşağıdakılardır: 
15.1.1. Azərbaycan Respublikasında turizm sənayesinin vəziyyəti və inkişafı haqqında doğru və obyektiv məlumatın əldə edilməsi;
15.1.2. turizmin ümumi daxili məhsulun həcminə təsirinin qiymətləndirilməsi;
15.1.3. daxili və beynəlxalq turizm axınında dəyişikliklərin tendensiyası barədə göstəricilərin qiymətləndirilməsi;
15.1.4. turizm ehtiyatlarının və turizm sənayesinin (infrastrukturunun) obyektlərinin yüklənmə səviyyəsi barədə göstəricilərin qiymətləndirilməsi;
15.1.5. turizmə sərf olunmuş xərclərin həcmi barədə göstəricilərin qiymətləndirilməsi;
15.1.6. turist və ekskursantların xərclərinin həcmi barədə göstəricilərin qiymətləndirilməsi;
15.1.7. turizm fəaliyyəti nəticəsində vətəndaşların və dövlətin əldə etdiyi gəlirlər barədə göstəricilərin qiymətləndirilməsi;
15.1.8. turizm bazarında turist tələbatının ödənilməsi səviyyəsinin inkişafı barədə məlumatların qiymətləndirilməsi;
15.1.9. turizm sahəsində iş yerlərinin sayı və yerli əhalinin məşğulluğu barədə göstəricilərin qiymətləndirilməsi;
15.1.10. turizmdə köməkçi hesablar metodu da daxil olmaqla, turizm və turizm sənayesinə (infrastrukturuna) dair statistik uçotun elmi cəhətdən əsaslandırılmış metodologiya və tövsiyələrinin hazırlanması;
15.1.11. turizm və turizm sənayesinin (infrastrukturunun) inkişafını (inkişaf dinamikasını) səciyyələndirən statistik məlumatların toplanması, işlənməsi, ümumiləşdirilməsi və təhlili.
15.2. Turizm sahəsində statistik məlumatları əldə edən müvafiq icra hakimiyyəti orqanı həmin məlumatları on iş günü ərzində elektron formada nəzarət orqanına göndərir.
15.3. Turizm sahəsində statistik hesabatlar ən azı müvafiq hesabat dövrünü əhatə edən aşağıdakı məlumatları əks etdirir:
15.3.1. qəbul edilmiş turistlərin (ekskursantların) ümumi sayı;
15.3.2. turistlərin (ekskursantların) həmin təşkilatçılar vasitəsi ilə xərclədikləri vəsaitlərin məbləği;
15.3.3. turistlərin (ekskursantların) mənsub olduqları (vətəndaşı olduqları və ya daimi, yaxud ən çox yaşadıqları) ölkə;
15.3.4. gəlmə turizmi halında turistlərin (ekskursantların) gəldiyi ölkə (şəxslərin sayı göstərilməklə);
15.3.5. getmə turizmi halında turistlərin (ekskursantların) getdiyi ölkələr (şəxslərin sayı göstərilməklə).
15.4. Turizm infrastrukturu subyektləri hesabat dövründən sonra gələn ayın 10-dan gec olmayaraq turizm hesabatını üç nüsxədə ərazi üzrə müvafiq turizm informasiya mərkəzinə təqdim etməlidirlər. Turizm informasiya mərkəzi həmin hesabatı aldıqda üç iş günündən gec olmayaraq onun bir nüsxəsini nəzarət orqanına, digər nüsxəsini isə statistika üzrə müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.
15.5. Əlaqədar icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və yerli özünüidarəetmə orqanları turizm sahəsində hesabat sənədlərini və məlumatları müəyyən edilmiş qaydada və müddətdə nəzarət orqanına təqdim etməlidirlər. Nəzarət orqanının aldığı statistik məlumatlar müəyyən olunmuş qaydada statistika üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.
15.6. Bölgə ərazisində yerləşən turizm təşkilatçılarının həmin bölgənin icra hakimiyyəti orqanlarına (və ya onların yerli nümayəndələrinə) təqdim etdikləri hesabatların bir nüsxəsi turizm təşkilatçıları tərəfindən Azərbaycan Respublikasının nəzarət orqanına göndərilir.
15.7. Yerli özünüidarəetmə orqanları turizm haqqında statistik məlumatları yerli turizm informasiya mərkəzindən alırlar.
15.8. Nəzarət orqanı və statistika üzrə müvafiq icra hakimiyyəti orqanı birlikdə turizm barəsində çevik məlumat əldə edilməsi məqsədi ilə turistlərin, ekskursantların, turizm infrastrukturu subyektlərinin, habelə turist səfəri zamanı onlar tərəfindən xərclənmiş vəsaitlərin statistik təftişini (könüllü əsaslarla sorğularını) həyata keçirirlər.
15.9. Turizm dövriyyəsinin ümumi uçotu turist vauçerinin formulyar nüsxəsinin mərkəzləşdirilmiş qeydiyyatı və uçotu vasitəsi ilə həyata keçirilir. 
15.10. Turizm sahəsində statistik hesabat və digər şəkildə statistik məlumat verməli olan şəxslər tərəfindən statistik məlumatların təqdim edilməsi əvəzsiz əsaslarla, lazımi həcm və keyfiyyətdə, müəyyən edilmiş müddətdə müvafiq ünvanlara göndərilməklə həyata keçirilir.
15.11. Kommersiya sirri təşkil edən, habelə ilkin statistik məlumatlar həmin məlumatları əldə edən müvafiq icra hakimiyyəti orqanları tərəfindən açıqlanmamalıdır. Bu məlumatlar "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş qaydada mühafizə olunur.

Maddə 16. Turizm sahəsində xidmət keyfiyyətinin artırılması üsulları

16.1. Turizm infrastrukturu subyektlərinin fəaliyyət effektivliyinin yüksəldilməsi üçün onlara daxili və kənar keyfiyyət tənzimlənməsi mexanizmləri tətbiq edilir.
16.2. Turizm infrastrukturu subyektinin fəaliyyətinin effektivliyini müəyyən etmək üçün sınaq satınalması ("gizli qonaq") üsulundan istifadə edilir. 
16.3. Turizm infrastrukturu subyektinin fəaliyyətinin effektivliyini artırmaq və keyfiyyətini tənzimləmək üçün daxili mexanizmlərin təsis edilməsi hüququ heç bir vəzifəli şəxs və ya orqan tərəfindən məhdudlaşdırıla bilməz.
16.4. Barəsindəki məlumatın Dövlət Turizm Reyestrinə daxil edildiyi turizm infrastrukturu subyektinin fəaliyyətinin effektivlik və xidmətlərinin keyfiyyət göstəriciləri və onların tendensiyası nəzarət orqanı tərəfindən mütəmadi surətdə müəyyən edilir.
16.5. Turizm infrastrukturu subyekti öz fəaliyyətinə və ya təqdim etdiyi turizm məhsuluna dair sertifikat və ya şəhadətnamə almaq üçün müraciət etdikdə, sözügedən turizm təşkilatçısının fəaliyyətinin effektivliyi müəyyən olunmalıdır. Həmin effektivliyin meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
16.6. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı fəslində nəzərdə tutulmuş məhsula dair müddəalar turizm sahəsində iş və xidmətlərə şamil edilə bilməz.
16.7. Turizm ehtiyatlarının keyfiyyətinin müəyyən edilməsi nəzarət orqanı və müvafiq icra hakimiyyəti orqanları tərəfindən birlikdə həyata keçirilir. Həmin keyfiyyəti müəyyənetmə qaydaları bu qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
16.8. Nəzarət orqanı turizm sahəsində xidmət keyfiyyətinin təmin edilməsi üçün aşağıdakıları tətbiq edir:
16.8.1. barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilmiş turizm infrastrukturu subyekti idarəetmə tələblərinə və standartlara riayət etmədikdə bu şəhadətnamə əsasında verilmiş güzəşt və imtiyazların tətbiqinin dayandırılması;
16.8.2. turizm məhsulunun (iş və xidmətlərin) formalaşmasının dayandırılması;
16.8.3. satılmış turizm məhsulunun geri çağırılması və ya onun tərkibində müvafiq turizm infrastrukturu subyektinin hesabına dəyişiklik edilməsi.
16.9. Müvafiq icra hakimiyyəti orqanlarının turizm təşkilatçısı barəsində qanunda nəzərdə tutulmamış məlumat toplaması qadağandır.
16.10. Turizm infrastrukturu subyektinin xidmət keyfiyyətinin aşağı düşdüyü və ya onun fəaliyyətinin idarəetmə tələblərinə uyğun gəlmədiyi müəyyən olunduqda aşağıdakı hüquqi tədbirlər həyata keçirilir:
16.10.1. uyğunluq sertifikatının ləğv edilməsi;
16.10.2. turizm infrastrukturu subyekti barəsində məlumatların Dövlət Turizm Reyestrinin aktiv bölməsindən çıxarılması.
16.11.  Turizm sahəsində xidmətlərin aşağıdakı şəkildə göstərilməsi həmin xidmətlərin keyfiyyətsiz göstərilməsi kimi başa düşülür:
16.11.1. həmin xidmətlərin turist yollayışında və (və ya) turizm xidmətləri müqaviləsində təsbit edilmiş şərtlərə uyğun olmayan şəkildə göstərilməsi, yəni:
16.11.1.1. turistin həmin sənədlərdə təsbit edildiyindən daha az ulduzlu yerləşdirmə vasitəsində yerləşdirilməsi;
16.11.1.2. ekskursiyaların sayının və ya müddətinin azaldılması;
16.11.1.3. turizm obyektlərinə daxil olmanın tam və ya qismən məhdudlaşdırılması;
16.11.1.4. turistlərin həmin sənədlərdə təsbit ediləndən daha aşağı keyfiyyətli nəqliyyat vasitəsi ilə təmin edilməsi;
16.11.1.5. ekstremal turizm halından başqa, turistin həyat və (və ya) sağlamlığının təhlükə altına salınması;
16.11.1.6. belə xidmət göstərmə nəticəsində turistə sığorta ilə əhatə olunmayan zərərin vurulması;
16.11.2. həmin xidmətlərin konkret istehlakçı üçün tətbiqini mümkünsüz edən şəkildə göstərilməsi;
16.11.3.  müvafiq tələblərə cavab verməyən turizm xidmətlərinin satışı.
16.12. Turizm təşkilatçıları, yerləşdirmə vasitələri və çimərlik obyektləri turizm sahəsi üzrə təhsil alan şəxslərin təcrübəkeçməyə cəlb edilməsi imkanları barədə nəzarət orqanına məlumat verməlidirlər. Bu məlumatların təqdim edilmə forması nəzarət orqanı tərəfindən müəyyən edilir.
16.13. Nəzarət orqanı turizm təşkilatçılarının təcrübəkeçməyə cəlb edilməsi imkanları barədə əldə etdikləri məlumatları öz internet saytında dərc edir və turizm sahəsi üzrə təhsil verən müəssisələrə ötürür.
16.14. Turizm təşkilatçısı tərəfindən özünün təcrübəkeçmə imkanları barədə (ödənişlə bağlı şərtlər göstərilməklə) verdiyi məlumat təcrübəkeçmə haqqında müqavilə bağlanılmasına dair oferta (müqavilə bağlanması haqqında təklif) hesab edilir. Bu məlumata görə turizm təşkilatçısı istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə və mülki qanunvericiliyə uyğun olaraq mülki-hüquqi məsuliyyət, habelə inzibati xətalara dair qanunvericiliyə əsasən inzibati məsuliyyət daşıyır.

Maddə 17. Turizm ekspertizası

17.1.  Turizm ehtiyatlarının yerləşdiyi yerlərdə, o cümlədən turizm-rekreasiya zonalarında şəhərsalma və yolların, yerləşdirmə vasitələrinin, sənaye obyektlərinin və bu kimi digər obyektlərin tikintisi planlaşdırılarkən müvafiq işlərin planlaşdırıldığı ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada turizm ekspertizası keçirilir. Daşınmaz əmlak sahibləri öz obyektlərinin maksimal dərəcədə yerli sosial-iqtisadi, təbii və tarixi-mədəni mühitə uyğunlaşdırmalıdırlar.
17.2.  Turizm ekspertizası həmçinin turizm marşrutunun təsdiq edilməsi məqsədi ilə keçirilir.
17.3.  Turizm ekspertizası rahatlığın, estetik görünüşün, təhlükəsizliyin, o cümlədən sanitariya-epidemioloji və ekoloji təhlükəsizliyin, iqtisadi səmərəliliyin qiymətləndirilməsini əhatə edir.

Maddə 18. Dövlət Turizm Reyestri

18.1. Turizm infrastrukturu və onun subyekti turizm sahəsində fəaliyyətə yalnız onun barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edildikdən sonra başlayır.
18.2. Turizm infrastrukturu və onun subyekti barəsindəki məlumatların Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməsi üçün aparılmış yoxlamanın nəticələri üzrə həmin subyektə onun tələbi əsasında Dövlət Turizm Reyestrindən çıxarış verilir. Turizm infrastrukturu subyekti barədə məlumatın Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməsi hər hansı bir fəaliyyətin nəzarət orqanı tərəfindən müəyyən olunmuş qaydalara və tələblərə uyğunluğunu təsdiq edir.
18.3. Dövlət Turizm Reyestri nəzarət orqanı tərəfindən Dövlət Turizm Reyestrinin yaradılması (strukturlaşdırılması), aparılması və istifadəsi haqqında qaydalara uyğun aparılır.
18.4. Turizm infrastrukturu subyekti barədə məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsindən çıxarıldıqda müvafiq şəxsin turizm sahəsindəki fəaliyyəti dayandırılır.
18.5. Nəzarət orqanı üç ayda bir dəfədən az olmayaraq Dövlət Turizm Reyestrinin aktiv bölməsindəki məlumatları rəsmi nəşrlərdə dərc edir, həmin bölmə isə müvafiq rəsmi İnternet səhifəsini daim yeniləşdirir.
18.6. Xaricdə qeydiyyata alınmış turizm infrastrukturu subyektləri Azərbaycan Respublikasında özlərinin filial və ya nümayəndəlikləri vasitəsi ilə fəaliyyət göstərdikdə həmin subyektlər barədə məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilir.
18.7. Özü barədə məlumatın Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməsi və ya bərpası, habelə özü barədə Dövlət Turizm Reyestrindəki məlumatlara düzəliş edilməsi arzusunda olan hüquqi və ya fiziki şəxs nəzarət orqanına ərizə ilə müraciət edir.
18.8. Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilmə üçün ərizəyə dair tələblər nəzarət orqanı tərəfindən müəyyən edilir və onun internet səhifəsində dərc edilir.
18.9. Turizm infrastrukturu və onun subyekti barədə məlumatın Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməsi üçün uyğunluq-yoxlama komissiyası tərəfindən aparılan yoxlamanın nəticələrinə uyğun olaraq qərarın qəbul edilməsi, müraciət edən şəxsə bu qərarın bildirilməsi və həmin qərardan şikayət edilməsi qaydaları Dövlət Turizm Reyestrinin yaradılması (strukturlaşdırılması), aparılması və istifadəsi haqqında qaydalarda təsbit edilir.

Maddə 19. Turizm ehtiyatları üzrə ümumi tənzimləmə

19.1. Turizm siyasəti və turizm fəaliyyəti həyata keçirilərkən abidələrin, müqəddəs yerlərin, muzeylərin, habelə ətraf mühitin qorunub saxlanmasına və onların qeydinə qalınmasına xüsusi diqqət yetirilir və eyni zamanda nəzərə alınır ki həmin turizm obyektləri geniş ictimaiyyət üçün daim açıq olmalı, xüsusi mülkiyyətdə olan, eləcə də dini ayinlərin icra olunduğu turizm obyektləri üzərində mülkiyyətçinin və (və ya) müvafiq dini qurumun hüquqlarına, həmçinin dini ayinlərin, milli adət və ənənələrin icrasına xələl gətirməmək şərti ilə bu obyektlərə ictimaiyyət nümayəndələrinin girişi təmin olunmalıdır.
19.2. Turizm ehtiyatlarının təsnifatı nəzarət orqanı tərəfindən müəyyən olunmuş qaydalar üzrə aparılır.
19.3.  Turizm ehtiyatlarının təsnifatı aparılarkən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının tövsiyələri əsas götürülür.
19.4.  Turizm ehtiyatlarının təsnifatı Dövlət Turizm Reyestrində əks etdirilir və onun turizm ehtiyatları hissəsi həmin təsnifat üzrə qurulur.

Maddə 20. Turizm ehtiyatlarından istifadə

20.1. Turizm ehtiyatlarından istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
20.2. Turizm ehtiyatlarından istifadə qaydaları müəyyən edilərkən turizm nəticəsində turizm ehtiyatlarının məruz qaldıqları təsir və onun hədləri nəzərə alınır.
20.3. Turizm ehtiyatlarının mənimsənilməsi və inkişafı istiqamətləri dövlət orqanları və bələdiyyələr tərəfindən hazırlanmış müvafiq proqramlarda (dövlət proqramları və yerli sosial-iqtisadi proqramlarda) müəyyən edilir.

Maddə 21. Turizm obyektlərinə dair məhdudiyyətlər

21.1.  Turizm nümayiş obyektləri üçün xüsusi mühafizə və qorunma rejimi nəzarət orqanı tərəfindən müəyyən edilir və həmin obyektə turistlərin axınının məhdudlaşdırılmasını nəzərdə tutur. Bu hal nəzarət orqanı tərəfindən müəyyən olunan qoruqlara şamil olunmur.
21.2.  Turizm obyektlərinə dair məhdudiyyətlər nəzərdə tutan rejim müəyyən edilərkən həmin obyektin turizm axınını qəbul etmək imkanları, antropogen (insani) təsirə davamlılıq gücü və nəzarət orqanının rəyi nəzərə alınır.
21.3.  Obyektin turist qəbulu imkanları azaldıqca, habelə mənfi antropogen (insani) təsir və ya bu halların vüsət alacağı barədə ehtimallar artdıqca həmin obyektə dair məhdudiyyətlər də artırılır və obyektin qorunma səviyyəsi yüksəldilir. Bunun təmin edilməsi üçün məhdudiyyət növlərinin və qorunma üsullarının mövsümlər üzrə əvəz edilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi məsələlərinə nəzarət orqanı tərəfindən üç aydan bir baxılmalıdır. 
21.4.  Nəzarət orqanının mənfi rəyi olduqda turizm obyektlərinin turizm məqsədləri üçün istifadəsinə məhdudiyyətlər müəyyən edilə bilməz.
21.5. Turizm ehtiyatlarının yerləşdiyi istənilən ərazidə fəaliyyət göstərən şəxslər layihələşdirmə, tikinti, yerləşdirmə, quraşdırma və yenidənqurma işləri apararkən, habelə turizm obyektlərinin istismarı (yüklənməsi) zamanı ekoloji təhlükəsizlik, sanitariya-epidemioloji, tarix və mədəniyyət abidələrinin qorunması, mədəni və təbii irsin qorunub saxlanılması normalarına, qaydalarına və tələblərinə riayət edir, öz fəaliyyətlərinin mənfi təsirinin aradan qaldırılması və ya azaldılması istiqamətində tədbirlər görür, vurduqları zərərin əvəzini qanunla müəyyən edilmiş qaydada ödəyirlər.
21.6.  Xüsusi mülkiyyətdə olan turizm ehtiyatlarının mülkiyyətçisi həmin ehtiyatların istismarı üçün icarə haqqı müəyyən edə, habelə həmin ehtiyatlara vurulmuş zərərin aradan qaldırılmasından ötrü tələb olunan vəsaitin (kompensasiyanın) ödənilməsini tələb edə bilər. Bu turizm ehtiyatlarının digər şəxslər tərəfindən istismarı mülki-hüquqi müqavilələr əsasında həyata keçirir və müvafiq icarə haqqının məbləği və ya vurulan zərərin aradan qaldırılması üçün tələb olunan vəsaitin həddi həmin müqavilədə əks etdirilir. Bu maddədə qeyd edilən hüququn məhdudlaşdırılmasına dair əqd və ya digər hüquqi aktlar etibarsız sayılır.
21.7.  Dövlət mülkiyyətində olan turizm ehtiyatlarından istifadə qaydaları nəzarət orqanının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu halda həmin ehtiyatlardan istifadə üçün icarə haqqı müəyyən edilmir, lakin onlara vurulmuş zərərin aradan qaldırılması və ya kompensasiyası tələb oluna bilər. Dövlət mülkiyyətində olan turizm ehtiyatlarına vurulmuş zərərin kompensasiyası üçün tələb olunan məbləğin həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 22. Turizmin davamlı inkişafının təmin edilməsinin üsul və vasitələri

22.1.  Nəzarət orqanı digər dövlət orqanları ilə əlaqəli şəkildə Azərbaycanın mədəni irsinə, adət və ənənələrinə uyğun olaraq turizmin davamlı inkişafını təmin edir.
22.2. Turizmin davamlı inkişafı aşağıdakı üsullarla təmin olunur:
22.2.1. müxtəlif dövlət orqanlarının, qeyri-dövlət sektorunun, o cümlədən peşəkar ictimai birliklərin və hüquqi şəxslərin ittifaqlarının, habelə ayrı-ayrı mütəxəssislərin turizmin planlaşdırılması prosesinə cəlb edilməsi;
22.2.2. turizmin ətraf mühiti və təbii resursları qorumaqla planlaşdırılması və idarə edilməsi;
22.2.3. turizm imkanlarının inkişafı prosesində yerli əhalinin bu prosesə cəlb edilməsi, məlumatlandırılması, maarifləndirilməsi;
22.2.4. turizm sahəsində kadr potensialının gücləndirilməsi;
22.2.5. turizm imkanlarına dair layihələrin və onların həyata keçirildikdən sonrakı mümkün təsirinin ilkin qiymətləndirilməsi;
22.2.6. turizmin həyata keçirilməsinin səmərəliliyinin artırılması məqsədi ilə hazırlanmış müştərək proqramların formalaşdırılmasına yerli əhalinin cəlb edilməsi.
22.3. Turizmin davamlı inkişafının təmin edilməsi üçünnəzarət orqanı aşağıdakıları təmin edir:
22.3.1. turizm ehtiyatlarından səmərəli istifadə olunması, habelə ətraf mühitin mühafizəsinin və sanitariya-epidemioloji sağlamlığın təbliği, eləcə də turizm ehtiyatlarının mühafizəsi sahəsində tədbirlərin görülməsi;
22.3.2. turizm sahəsinə əhalinin marağının yaradılması;
22.3.3. birbaşa investisiyaların ümumilikdə və turizm infrastrukturuna qoyulması ilə turizm sənayesinin inkişafına köməklik edilməsi;
22.3.4. turizm infrastrukturunun inkişafı üçün müvafiq şəraitin yaradılması ilə turizmə dəstək verilməsi;
22.3.5. təhlükəsizliyin təminatı, turistlərin hüquqlarının, maraqlarının və əmlakının qorunması;
22.3.6. digər dövlətlər və beynəlxalq təşkilatlarla turizm sahəsində beynəlxalq müqavilələrin qəbulu və həyata keçirilməsi işində əməkdaşlıq;
22.3.7. turistlərin, ekskursantların və birgünlük ziyarətçilərin ölkəyə giriş-çıxışı zamanı yaranan problemlərin çevik həlli üçün digər müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq;
22.3.8. turizm obyektlərinin (yerlərinin) təminatının gücləndirilməsi;
22.3.9. nəzarət mexanizminin gücləndirilməsi.
22.4.  Turizmin davamlı inkişafının təmin edilməsi üçündigər müvafiq icra hakimiyyəti orqanlarıturist nəqliyyatının inkişaf etdirilməsini və turistlər üçün viza rejiminin sadələşdirilməsini təmin edir.
22.5. Müxtəlif mənbələr tərəfindən birgə layihələr maliyyələşdirilə bilər. Bu halda maliyyələşdirmə turizmin inkişaf proqramları vasitəsi ilə həyata keçirilərsə, həmin məqsədlərə ayrılan maliyyə vəsaitlərinin həcmi göstərilir və birgə maliyyələşdirmənin şərtləri tərəflər arasında bağlanan müqavilədə təsbit edilir.
22.6. Turizm sahəsində fəaliyyət göstərən investisiya fondları müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri hesabatların bir nüsxəsini də nəzarət orqanına təqdim edirlər.

Maddə 23. Turizm sahəsində strateji planlaşdırma

23.1. Azərbaycan Respublikasında vaxtaşırı olaraq turizmin inkişafına dair dövlət proqramları qəbul edilir. Həmin proqramlar müvafiq icra hakimiyyəti orqanının sərəncamverici aktı ilə təsdiq edilir və normativ-hüquqi akt hesab olunmur.
23.2. Turizmin inkişafına dair dövlət proqramlarının işlənib hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi aşağıdakı məqsədlərə xidmət edir: 
23.2.1. turizm ehtiyatlarının qorunmasının, onların saxlanmasının və bərpasının təmin edilməsi;
23.2.2. turizm ehtiyatlarının ümumən cəmiyyətin və onun üzvlərinin rifah halının yaxşılaşdırılması üçün istifadə edilməsi;
23.2.3. turizm fəaliyyətinin və turizm münasibətləri iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi;
23.2.4. insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən sərbəst yerdəyişmə azadlığının, istirahət hüququnun, asudə vaxtın sərbəst surətdə təşkili ilə bağlı hüquqların təmin edilməsi, bu hüquqlara riayət olunmasına zəmin yaradılması;
23.2.5. gənclərin vətənpərvərlik və insansevərlik ruhunda tərbiyə edilməsinə rəvac verilməsi və bunun üçün real şəraitin yaradılması;
23.2.6. turizm sənayesinin və turizm infrastrukturunun məqsədyönlü və dünya standartlarına uyğun surətdə inkişafının təmin edilməsi.
23.3. Turizmin inkişafına dair dövlət proqramları həmin proqramda nəzərdə tutulan müddətə turizmin inkişafını və beynəlxalq turizmə inteqrasiyasını əhatə edir.
23.4. Azərbaycan Respublikasında turizmin inkişafı fəlsəfəsi və bu sahədə dövlət siyasətinin əsas istiqamətləri dövlət turizm strategiyasında əks etdirilir. Dövlət turizm strategiyası qəbul (təsdiq) edildikdə turizmin inkişafına dair dövlət proqramı həmin strategiyada təsbit edilmiş əsas məqsədlərə nail olunmasının üsul və vasitələrini əks etdirməli, bu strategiyada əks etdirilmiş fikirləri tamamlamalıdır.
23.5. Turizmin inkişafina dair yeni dövlət proqramının tərtib və təsdiq edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
23.6. Turizmin inkişafina dair dövlət proqramları çərçivəsində ayrı-ayrı özəl turizm proqramlarının dəstəklənməsi nəzərdə tutula bilər. Bu halda dövlət tərəfindən göstərilən maliyyə yardımı həmin proqram üçün əlavə maliyyə mənbəyi rolunu oynayır.
23.7. Yerli sosial-iqtisadi proqramlarda turizm sahəsinə aid mövzuların dairəsi nəzarət orqanı tərəfindən müəyyən edilir və bələdiyyə orqanlarına göndərilir.

Maddə 24. Turizm fondları

24.1. Turizm sahəsinin inkişaf etdirilməsi məqsədi ilə turizm fondları yaradıla bilər.
24.2. Turizm fondları turizm sahəsində sahibkarlılığın güzəştli şərtlərlə maliyyələşdirilməsini həyata keçirir.
24.3. Nəzarət orqanının tabeliyində müstəqil təsisat qismində turizm fondu yaradılır. Bu fondun əsasnaməsi nəzarət orqanı tərəfindən təsdiq edilir və fond həmin əsasnamə qüvvəyə mindiyi gündən təsis edilmiş sayılır.
24.4. Nəzarət orqanının tabeliyində yaradılan turizm fondunun əsasnaməsində təsbit edilən və onun tərəfindən maliyyələşdirilən məsələlər digər dövlət fondları tərəfindən maliyyələşdirilmir.
24.5. Nəzarət orqanı turizm fondları barəsində idarəetmə tələbləri müəyyən edir.
24.6. Hər bir turizm fondunun himayə şurası həmin fondun daxili qaydalarını, o cümlədən maliyyə vəsaitlərinin ayrılması qaydalarını qəbul edir.

3-cü fəsil
Turizm fəaliyyətinin təşkili

Maddə 25. Turizm sahəsində fəaliyyət və xidmət növlərinin təsnifatı

25.1. Turizm sahəsində fəaliyyət növlərinə aşağıdakılar daxildir:
25.1.1. turoperator fəaliyyəti;
25.1.2. turagent fəaliyyəti;
25.1.3. ekskursiya fəaliyyəti;
25.1.4. bələdçi fəaliyyəti (bələdçi, bələdçi-tərcüməçi xidmətləri);
25.1.5. turizm sahəsində müşayiətçi-təlimatçı xidmətləri;
25.1.6. yerləşdirmə (həmçinin turistlər, ekskursantlar və birgünlük ziyarətçilər üçün ictimai iaşə xidmətləri) və o cümlədən mehmanxana fəaliyyəti;
25.1.7. çimərlik xidmətləri;
25.1.8. turizm məlumat (informasiya) mərkəzlərinin xidmətləri;
25.1.9. turist daşıma fəaliyyəti;
25.1.10. turizm sahəsində ictimai iaşə və ticarət xidmətləri;
25.1.11. sanatoriya-kurort xidmətləri;
25.1.12. əyləncə və idman infrastrukturu xidmətləri;
25.1.13. turizm sığorta xidmətləri;
25.1.14. turizm təhsili və təlimi xidmətləri.
25.2. Turizm infrastrukturu subyektlərinin turizm sahəsində digər xidmətləri dedikdə fiziki və ya hüquqi şəxslərin turizm məhsulu istehlakçılarının hüquqlarının reallaşdırılmasına yönəldilmiş fəaliyyəti başa düşülür.
25.3. Turagentin xidmətləri aşağıdakılardır:
25.3.1. yerli və xarici turoperatorların və turagentlərin nümayəndəliyi xidmətlərinin göstərilməsi;
25.3.2. hazır turizm məhsullarının satışı üzrə:
25.3.2.1. turizm zərflərinin dəstləşdirilməsi, satışı və icrasında iştirak;
25.3.2.2. ekskursiyaların təşkilində iştirak və ekskursiya xidmətlərinin satışı;
25.3.2.3. ictimai iaşə xidmətlərinin satışı və bu sahədə vasitəçilik.
25.3.3. nəqliyyat və yerləşdirmə üzrə:
25.3.3.1. turistlərin, ekskursantların və onların baqajlarının daşınması (transferi) və ya bu xidmət üzrə vasitəçilik;
25.3.3.2. bütün növ nəqliyyat vasitələrinə biletlərin və ödəniş kartlarının satışı, bronlaşdırma, və ya bu xidmətlər üzrə vasitəçilik;
25.3.3.3. nəqliyyat vasitəsinin kirayələnməsi üzrə vasitəçilik;
25.3.3.4. yerləşdirmə xidmətlərinin satışı, bronlaşdırılması və bu sahədə vasitəçilik;
25.3.4. sənədləşdirmə və məlumatlandırma üzrə:
25.3.4.1. getmə turizmi zamanı vizaların, habelə turla nəzərdə tutulduğu hallarda ovçuluq, atçılıq, balıqtutma, sürücülük üçün icazələrin və bu kimi digər sənədlərin alınmasında vasitəçilik;
25.3.4.2. turizm informasiya mərkəzi xidmətlərinin göstərilməsi, reklam məhsullarının və digər turizm məlumatlarının yayılması;
25.3.4.3. şəxsi sığorta və əşyaların sığortalanması üzrə vasitəçilik;
25.3.5. ayrı-ayrı xidmətlər üzrə:
25.3.5.1. bələdçi-tərcüməçi xidmətləri üzrə vasitəçilik;
25.3.5.2. bütün növ nümayiş obyektlərinə, o cümlədən muzeylərə, sirklərə, attraksionlara biletlərin və ödəniş kartlarının satışı və yerlərin bronlaşdırılması;
25.3.5.3. turistlər və ekskursantlar üçün lazım olan malların (suvenirlərin, aksesuarların, çap məhsullarının, turist qidasının, ekstremal turizm üzrə turist ləvazimatının və xüsusi ilə turistlər üçün hazırlanmış digər əşyaların) satışı, təchiz edilməsi və bu sahədə vasitəçilik;
25.3.5.4. bank (plastik ödəniş) kartlarının əldə edilməsi və istifadəsi üzrə vasitəçilik.

Maddə 26. Turizm infrastrukturu subyekti

26.1. Nəzarət orqanı turizm infrastrukturu subyektləri üçün idarəetmə tələblərini müəyyənləşdirir və turizm infrastrukturu subyektləri onlar barədə məlumatların Dövlət Turizm Reyestrinə daxil edilməsini tələb etdikdə, habelə Dövlət Turizm Reyestrinin yaradılması (strukturlaşdırılması), aparılması və istifadəsi haqqında qaydalarda nəzərdə tutulmuş digər hallarda həmin idarəetmə tələblərinə riayət olunması yoxlanılır.
26.2. Turagentlər turoperatorların turizm sahəsindəki ticarət agentləri hesab olunurlar və turoperatorla bağladıqları müqavilə əsasında fəaliyyət göstərirlər. Turizm xidmətlərini öz adından həyata keçirən turagent turoperator funksiyalarını həyata keçirmiş olur.
26.3. Azərbaycan Respublikası ərazisində yerli turizm təşkilatçısı xarici turizm təşkilatçısı ilə müqavilə əsasında xarici təşkilatın maraqları naminə öz adından fəaliyyət göstərirsə, həmin xarici təşkilatın Azərbaycan Respublikası ərazisində turizm fəaliyyətini həyata keçirməsi üçün onun barəsində məlumatların Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməsi tələb olunmur.
26.4. Xarici təşkilat Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Azərbaycan Respublikasında filial təsis etmək yolu ilə fəaliyyət göstərərsə, həmin təşkilat barədə məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilir.

Maddə 27. Turizm fəaliyyəti ilə məşğul olan ailə-kəndli təsərrüfatı

27.1.  Kənd yaşıl turizmi ilə məşğul olmaq və bu Qanun əsasında onlara verilən imkanlardan istifadə etmək qərarına gəlmiş ailə-kəndli təsərrüfatı subyektləri Nəzarət orqanına öz qərarı barədə yazılı bildirişlə məlumat verir.
27.2.  Ailə-kəndli təsərrüfatının kənd yaşıl turizmi ilə məşğul olmaq qərarı barədə bildirişi nəzarət orqanına daxil olduqda nəzarət orqanı müvafiq ailə-kəndli təsərrüfatının kənd yaşıl turizmi ilə məşğul olmaq imkanlarını və idarəetmə tələblərinə riayət edilməsini yoxlayır və həmin təsərrüfat barədə məlumatları Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edir. 
27.3. Kənd yaşıl turizmi ilə məşğul olan ailə-kəndli təsərrüfatı nəzarət orqanına ünvanlandığı bildiriş məktubunda aşağıdakı məlumatları göstərir:
27.3.1. kənd yaşıl turizmi üzrə fəaliyyətin göstərildiyi yer;
27.3.2. ailə-kəndli təsərrüfatının turistlərə təqdim etdiyi yerləşdirmə yerlərinin (çarpayıların) sayı;
27.3.3. ailə-kəndli təsərrüfatının turistlərə təqdim etdiyi kommunal xidmətlərin adları;
27.3.4. ailə-kəndli təsərrüfatının xüsusiyyətlərini bildirən məlumatlar.
27.4.  Kənd yaşıl turizmi ilə məşğul olan ailə-kəndli təsərrüfatı Nəzarət orqanı tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarın maraqlarının müdafiəsi haqqında" Qanunun tələblərinə uyğun olaraq yoxlanılır.
27.5.  Nəzarət orqanı turizm fəaliyyəti ilə məşğul olan ailə-kəndli təsərrüfatları üçün idarəetmə tələbləri müəyyənləşdirir.
27.6.  Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilmiş ailə-kəndli təsərrüfatı dövlət tərəfindən təşkil olunan və (və ya) maliyyələşdirilən təbliğat və təşviqat vasitələri ilə təbliğ və təşviq olunur.

Maddə 28. Turizm məhsulunun formalaşdırılması, reklamı və satışı

28.1. Turizm məhsulu turizm bazarının tələb və ehtiyaclarını nəzərə alan və ya turistin konkret sifarişi üzrə kompleks xidmətlərin göstərilməsini, işlərin görülməsini və ya malların təqdim edilməsini əks etdirən turizm zərfi şəklində formalaşdırılır.
28.2. Hər bir turoperator bir və ya bir neçə turizm zərfi təklif edir. Eyni turla bağlı müxtəlif turizm zərfləri (məsələn, eyni marşrut üzrə turizm zərfi) bir turizm məhsulu hesab edilir.
28.3. Turizm zərflərinin yenilənməsini və ya yeni turizm məhsulunun formalaşmasını nəzərdə tutan sifariş müvafiq müqavilə əsasında edilir.
28.4. Turoperator turizm məhsulunu bilavasitə özü reklam edə və sata və ya onun reklamını və satışını müqavilə əsasında turagentə həvalə edə bilər. 
28.5. Turagent xidmət göstərdiyi turoperatorlarla turizm agenti müqaviləsi bağlayır.
28.6. Turizm təşkilatları turizm məhsullarının və ya ayrı-ayrı xidmətlərin reklamını və satışını həyata keçirərkən çap məhsullarında, elektron məlumatlarda və müvafiq turizm xidmətləri müqavilələrində (həmçinin müqavilələrin elektron versiyalarında) müvafiq turagentin və (və ya) turoperatorun Dövlət Turizm Reyestrindəki sıra sayı göstərilir.
28.7. Turizm məhsulunun və ya ayrı-ayrı xidmətlərin istehlakçıya satışı turizm xidmətləri müqaviləsi vasitəsi ilə həyata keçirilir.
28.8. Turistin gedəcəyi ölkədə icbari sığorta nəzərdə tutulursa, turizm zərfinə sığorta əlavə edilir. Lakin həmin turizm zərfini əldə edən şəxs eyni sığorta öhdəliyini başqa cür icra etmək hüququnu özündə saxlayır.

Maddə 29. Turizm xidmətlərinin göstərilməsinə dair müqavilənin şərtləri

29.1. Turist xidmətlərinin göstərilməsinə dair müqavilənin ümumi şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
29.2. Turizm xidmətlərinin göstərilməsini əks etdirən yazılı müqavilədə və ya turist yollayışında aşağıdakı məlumatlar əks etdirilir:
29.2.1. müqavilə bağlayan turizm təşkilatçısının tam adı; 
29.2.2.  turizm təşkilatçısının Dövlət Turizm Reyestrindəki sıra sayı və VÖEN-i;
29.2.3. turizm təşkilatçısının qeydiyyat ünvanı (hüquqi şəxsin hüquqi ünvanı və fərdi sahibkarın yaşayış yeri) əgər fərqlidirsə, xidmətin göstərildiyi yer üzrə fəaliyyət ünvanı;
29.2.4. turizm zərfinə daxil olan xidmətlərin siyahısı və onların zəmanət verilən xüsusiyyətləri;
29.2.5. müqavilə üzrə göstərilən hər bir xidmətin ayrıca qiyməti, endirimlər və müqavilənin yekun qiyməti, onun ödəniş qaydası;
29.2.6. turist haqqında turizm məhsulunun satışı üçün zəruri olan həcmdə məlumat;
29.2.7. tərəflərin bu müqavilə və yollayışlarda təsbit olunan hüquqları, vəzifələri və məsuliyyəti;
29.2.8. tur qrupla həyata keçirildikdə qrupda turistlərin minimal sayı, qrup üzvlərinin çatışmazlığı üzündən səyahətin olmayacağı barədə turistin məlumatlandırılması müddəti;
29.2.9. müqavilənin dəyişdirilməsi və pozulması, bununla əlaqədar yaranmış mübahisələrin tənzimlənməsi, o cümlədən münaqişələrin həlli, şikayət vermə müddəti və qaydası, habelə tərəflərə dəymiş ziyanın ödənilməsi qaydaları;
29.2.10. müqavilənin ləğvi şərtləri.
29.3.  Turistlə turizm xidmətlərinin alıcısı ayrı-ayrı şəxslərdirsə, turizm xidmətlərinin alıcısı barədə turizm məhsulunun və ya ayrıca turizm xidmətinin satışı üçün zəruri olan həcmdə məlumat müqavilədə ayrı- ayrılıqda göstərilməlidir.
29.4. Turizm xidmətlərinin göstərilməsini əks etdirən yazılı müqaviləyə və ya turist yollayışına aşağıdakılar əlavə edilməlidir:
29.4.1. turistlərin təhlükəsizlik şərtləri və riayət etmələri olduğu qaydalar;
29.4.2. satılan turizm zərfinə daxil edilən sertifikatlaşdırılmış turizm xidmətlərinə dair müvafiq sertifikatların və şəhadətnamələrinin surətləri;
29.4.3. turistlərin qarşılanması, yola salınması və müşayiət olunması qaydası;
29.4.4. turun proqramı, o cümlədən turun başlanmasının və qurtarmasının tarixi və vaxtı, onun müddəti.
29.5. Müqavilənin digər şərtləri tərəflərin razılığı ilə müəyyən edilir. Turist və ya turist üçün müqavilə bağlayan tərəf tura daxil olan bütün xidmətlərin müqavilədə şərh edilməsini tələb edə bilər.
29.6. Tərəflərin hər birinin səyahət vaxtı şəraitin əsaslı dəyişikliyi ilə əlaqədar olaraq müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var. Bu halda müqavilənin qiymətinə dair dəyişikliklər yalnız aşağıdakı hallarda tələb edilə bilər:
29.6.1. müvafiq turizm və ya ekskursiya xidmətləri üçün tutulan vergilərin, rüsumların və digər məcburi ödənişlərin məbləği dəyişdikdə;
29.6.2. tur üçün istifadə olunan nəqliyyat xərcləri dəyişdikdə;
29.6.3. milli valyutanın məzənnəsi kəskin dəyişdikdə.
29.7. Şəraitin əsaslı dəyişikliyinə aşağıdakılar aiddir:
29.7.1. səyahətin şərtlərinin pisləşməsi, səyahətin müddətində dəyişiklik;
29.7.2. səyahətin baş tutması üçün müqavilədə göstərilmiş qrupda turistlərin minimal sayının natamamlığı;
29.7.3. nəqliyyat xərclərinin gözlənilmədən artması;
29.7.4. turoperatorun və ya turagentin maliyyə vəziyyətini kəskin ağırlaşdıran yeni vergi və vergitutma qaydalarının tətbiqi və ya mövcud olanların artırılması;
29.7.5. milli valyuta kursunun kəskin dəyişilməsi.
29.8. Turistin müqavilə üzrə tələb etmək hüququnun təmin edilməsi öhdəliyi turistlə və ya turistin maraqları naminə digər şəxslə bu müqaviləni bağlayan turizm təşkilatçısının üzərinə düşür.

Maddə 30. Turistin və ekskursantların hüquq və vəzifələri

30.1. Turist və ekskursant tura hazırlaşarkən, habelə, tranzit də daxil olmaqla bütün səyahət müddətində aşağıdakı hüquqlara malikdir:
30.1.1. nəzərdə tutulan tura uyğun olaraq getdiyi ölkəyə (yerə) daxil olma, orada olma qaydaları, habelə yerli əhalinin adətləri, dini mərasimlər, müqəddəs yerlər, xüsusi mühafizə olunan təbiət, tarix, mədəniyyət abidələri və digər turizm ehtiyatları, habelə ətraf mühitin vəziyyəti barədə zəruri və dürüst məlumat almaq;
30.1.2. getdiyi ölkədə (yerdə), mövcud məhdudiyyətlər nəzərə alınmaqla, sərbəst hərəkət etmək, yerdəyişmə, istirahət və rekreasiya hüquqlarını həyata keçirmək, turizm ehtiyatlarından sərbəst istifadə etmək;
30.1.3. həyat və sağlamlığın qorunması üçün təxirəsalınmaz tibbi yardım almaq imkanına malik olmaq;
30.1.4. turizm xidmətlərinin göstərilməsinə dair müqavilənin şərtləri turoperator və ya turagent tərəfindən yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərlərin əvəzinin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək;
30.1.5. getdiyi ölkənin (yerin) hakimiyyət və yerli özünüidarə orqanlarından yerli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq hüquqi və digər təxirəsalınmaz yardım almaq;
30.1.6. müvafiq müqavilədə göstərilmiş, habelə qanunvericiliklə imperativ surətdə təsbit edilmiş digər hüquqları həyata keçirmək.
30.2. Turistin və ekskursantın tranzit də daxil olmaqla, tur zamanı aşağıdakı vəzifələri var:
30.2.1. getdiyi ölkənin qanunlarına riayət etmək, onun sosial quruluşuna, adət-ənənələrinə, dini etiqadlarına hörmət etmək;
30.2.2. müvəqqəti olduğu ölkədə (yerdə) ətraf mühiti mühafizə qaydalarına riayət etmək, təbiət, tarix və mədəniyyət abidələrinə qayğı ilə yanaşmaq;
30.2.3. müvəqqəti getdiyi ölkədə (yerdə), habelə yol boyu keçdiyi ölkələrdə gəlmə, getmə qaydalarına riayət etmək;
30.2.4. səyahət zamanı şəxsi təhlükəsizlik qaydalarına riayət etmək;
30.2.5. müvafiq müqavilə ilə nəzərdə tutulmuş digər vəzifələri icra etmək.

Maddə 31. Turizm təşkilatçılarının hüquq və vəzifələri

31.1. Turizm təşkilatçıları turla bağlı aşağıdakı hüquqlara malikdirlər:
31.1.1. turist və müvafiq müqavilənin tərəfi olan digər şəxs haqqında turizm xidmətlərinin göstərilməsinə dair müqavilənin icrası üçün zəruri olan məlumatları toplamaq;
31.1.2. yeni turizm zərfləri hazırlamaq və istehlakçılara təklif etmək, ümumi ofertalar hazırlamaq;
31.1.3. korporativ müştərilərlə işləmə qaydalarını tərtib (qəbul, təsdiq) etmək və bu qaydalar üzrə təkliflər vermək;
31.1.4. turizm xidmətlərini bilavasitə göstərmək və ya bu xidmətlərin göstərilməsi üçün digər şəxslərlə əqdlər bağlamaq;
31.1.5. turizm bazarını araşdırmaq və təhlil etmək;
31.1.6. öz xidmətlərinin reklamını həyata keçirmək və bu məqsədlə nəzarət orqanının imkanlarından istifadə etmək;
31.1.7. fəaliyyətində istifadə etdiyi turizm obyektlərinin siyahısını tərtib etmək və onların kataloqlarını yaratmaq;
31.1.8. qanunvericilikdə, habelə bağladığı müqavilələrdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
31.2. Turizm təşkilatçıları turla bağlı aşağıdakı vəzifələri daşıyır:
31.2.1. turun icrası ilə bağlı öz turistlərinin və tərəf müqabillərinin kommersiya sirlərini və qanunla qorunan digər məlumatlarını yaymamaq və bu sirlərin yayılmaması üçün müvafiq müqavilələrdə və qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək;
31.2.2. təqdim etdiyi turizm məhsulu, xüsusi ilə də yerləşdirmə yerləri barədə istehlakçılara və əlaqədar tərəf müqabillərinə səhih məlumatlar vermək, şərait dəyişdikdə dərhal bu barədə istehlakçıları məlumatlandırmaq;
31.2.3. bağladığı müqavilələrdə xidmətlərin göstərilməsi, işlərin görülməsi, malların təqdim edilməsi müddətlərini dəqiq təsbit etmək;
31.2.4. turistlərə xidmət göstərilən zaman onları təhlükəsizlik qaydaları ilə mütəmadi olaraq təlimatlandırmaq;
31.2.5. bağladığı müqavilələrdə təsbit edilmiş digər vəzifələri icra etmək.
31.3. Turizm təşkilatçıları müqavilədə və ya təklifnamədə turla bağlı hər hansı məlumatı vermədiklərindən istehlakçılarda yanlış təsəvvür yaratdıqlarına, habelə bilərəkdən yanlış məlumat verdiklərinə görə istehlakçı qarşısında məsuliyyət daşıyırlar.
31.4. Turizm təşkilatçısı xidmətlərin göstərilməyəcəyi təqdirdə ödəyəcəyi məbləğlər üzrə risklərini istehlakçının xeyrinə sığortalamalı və ya həmin məbləğdə bank hesabında ehtiyat fondu yaratmalı, yaxud istehlakçının xeyrinə eyni məbləğdə bank qarantiyası və ya digər təminat növü təqdim etməlidir.

Maddə 32. Təlimatçı-müşahidəçinin hüquq və vəzifələri

32.1.  Qrup halında tur zamanı həmin qrupu müşayiətçi ilə təmin etmək üçün minimal turistlərin (ekskursantların) sayı nəzarət orqanı tərəfindən idarəetmə tələblərinə əsasən müəyyən edilir.
32.2.  Təlimatçı-müşayiətçi fəaliyyəti ilə məşğul olan turizm infrastrukturu subyekti aşağıdakı hüquqlara malikdir:
32.2.1. tur zamanı bələdçinin hüquqlarından istifadə etmək;
32.2.2. turizm təşkilatçısından öz vəzifələrinin icrası üçün tələb olunan materialları və məlumatları almaq;
32.2.3. turistlərdən qanunvericiliyə və turun şərtlərinə riayət etmələrini tələb etmək.
32.3.  Təlimatçı-müşahidəçi fəaliyyəti ilə məşğul olan turizm infrastrukturu subyekti tur zamanı aşağıdakı vəzifələri icra edir:
32.3.1. turistlərlə qarşılıqlı ünsiyyət qurmaq, onları təhlükəsizlik qaydaları, tur zamanı davranış və etik qaydalar, vacib sanitar-gigiyenik normalar və ətraf mühitin qorunması qaydaları ilə tanış etmək;
32.3.2. qrupa rəhbərlik və idarə etmək;
32.3.3. nəqliyyat vasitəsinin sürücüsü ilə qarşılıqlı münasibət qurmaq;
32.3.4. nəqliyyat mikrofonunun sazlığını əvvəlcədən yoxlamaq;
32.3.5. sanitar-gigiyenik normalara riayət etmək və turistlər tərəfindən riayət olunmasına nəzarət etmək;
32.3.6. turistlərə ilk tibbi yardım göstərmək;
32.3.7. turistlərə yaddaş kitabçası və məlumatlandırma məqsədi ilə digər təbliğat materialları təqdim etmək;
32.3.8. turistlərin səyahəti və istirahəti ilə əlaqədar təşkilati məsələləri həll etmək, o cümlədən turistlərin iaşə obyektlərində qidalanmasını təşkil etmək;
32.3.9. turistlərin şikayət və təkliflərinə diqqətlə yanaşmaq, səyahətçilər arasında yaranan münaqişələri həll etmək;
32.3.10. turistlərə dəqiq, aydın və maraqlı məlumat və lazım olduqda məsləhət vermək;
32.4.  Təlimatçı-müşayiətçi fəaliyyəti ilə məşğul olan turizm infrastrukturu subyekti aşağıdakıları bilməlidir:
32.4.1. turistlərin mehmanxanada bronlaşdırma və yerləşdirmə üsullarını;
32.4.2. turistlərin səyahət etdiyi şəhər, rayon və kəndin tarixini, adət və ənənələrini;
32.4.3. turistlərin və ekskursantların daşınmasını tənzimləyən normativ hüquqi aktları.
32.5.  Təlimatçı-müşayiətçi fəaliyyəti ilə məşğul olan turizm infrastrukturu subyekti əlavə olaraq aşağıdakı ümumi vəzifələri icra edir:
32.5.1. turizm, səyahət və ekskursiyaları təbliğ etmək;
32.5.2. ekskursiya və səyahətlərin turistlərə satışını təşkil etmək;
32.5.3. turlarla bağlı audiovizual təqdimatlar etmək.

Maddə 33. Turizm xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə məsuliyyət

33.1. Turizm xidmətlərinə dair müqavilə pozulduqda zərərin ödənilməsi tərəflərin çəkdikləri faktiki xərclərə uyğun surətdə həyata keçirilir. Zərərin əvəzi kimi ödənilən məbləğ satılan turizm məhsulunun və ya ayrıca xidmətin qiymətinin iki mislindən artıq ola bilməz.
33.2. Bu Qanunun və ya idarəetmə tələblərinin ziddinə bağlanmış əqdlər etibarsızdır.
33.3.  Turizm xidmətlərinin göstərilməsinə dair müqavilədə onun şərtlərinin pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Bu halda dəbbə pulu turizm məhsulunun qiymətinin iki mislindən çox ola bilməz.
33.4.  Turizm xidmətlərinin göstərilməsinə dair müqaviləyə aşağıdakı müddəalar daxil edilə bilməz:
33.4.1. istehlakçının turizm təşkilatçısına qarşı hər hansı tələbinin turizm təşkilatçısının qarşılıqlı tələbi ilə əvəzlənə bilməsini nəzərdə tutan müddəalar;
33.4.2. turizm təşkilatçısı hər hansı səbəbdən öz vəzifələrini icra etmədikdə istehlakçının məhkəməyə müraciət etmək və ya etiraz etmək hüququnu bu və ya digər formada təkzib edən və ya istisna edən müddəalar;
33.4.3. turizm təşkilatçısına müqavilə şərtlərini birtərəfli qaydada müəyyən etmək və ya dəyişdirmək hüququ verən müddəalar;
33.4.4. müqavilə turizm təşkilatçısı tərəfindən istehlakçının təqsiri olmadan ləğv edildiyi halda istehlakçının qabaqcadan (avans olaraq) ödədiyi, lakin göstərilməmiş xidmətlərin haqqını geri almaq, habelə müqavilənin ləğvi ilə istehlakçıya vurulmuş zərərin əvəzini tələb etmək hüququnun məhdudlaşdırılmasına və ya bu hüquqdan məhrum edilməsinə dair müddəalar;
33.4.5. müqavilə turizm təşkilatçısı tərəfindən istehlakçının təqsiri üzündən ləğv edildiyi halda istehlakçının qabaqcadan (avans olaraq) ödədiyi lakin göstərilməmiş xidmətlərin haqqının turizm təşkilatçısına vurulmuş zərərin məbləği çıxıldıqdan sonra qalan hissəsini geri almaq hüququnun məhdudlaşdırılmasına və ya bu hüquqdan məhrum edilməsinə dair müddəalar.
33.5.  Müqavilədə bütün qeyri-müəyyən normalar istehlakçının xeyrinə yozulur.
33.6.  Turizm xidmətlərinin göstərilməsinə dair müqavilə əsasında izafi dəbbə pulunun hesablanması yolverilməzdir. Ancaq bu norma müqavilə tərəflərini vurulmuş zərərin real məbləğinin dəbbə pulundan artıq hissəsini tələb etmək hüququndan məhrum etmir.
33.7.  Turizm məhsulunun elektron ticarət vasitəsi ilə təklif edilməsi zamanı bağlanan müqavilə istehlakçının bu məhsul barədə ətraflı məlumat almasını təmin etməlidir. Öz məhsullarını elektron formada təqdim edən turizm təşkilatçıları internet informasiya resurslarında "Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununun 5.3-cü və 8.1-ci maddələrində göstərilənlərdən əlavə aşağıdakı məlumatları yerləşdirməlidir: 
33.7.1. özünün bank rekvizitlərini və Dövlət Turizm Reyestrindəki sıra sayını;
33.7.2. təqdim etdiyi məhsulun tam və hərtərəfli təsvirini;
33.7.3. hansı növ turizm təşkilatçısı kimi çıxış etdiyini;
33.7.4. xidmətlərin göstərilməsi üsulunu və yerini;
33.7.5. rəsmi yazışmanın aparılması, o cümlədən iddia qaldırılması qaydasını;
33.7.6. turizm məhsulunu təşkil edən hər xidmətin ayrı-ayrılıqda qiymətini;
33.7.7. edilə bilən endirimlərin məbləğini hesablamağa imkan verən göstəricilərini.
33.8.  Müqavilə audiorabitə vasitələri (o cümlədən telefon) ilə təklif və qəbul olunduğu təqdirdə o zaman bağlanmış hesab olunur ki, sonradan yazılı şəkildə tərəflər arasında Mülki Məcəlləyə uyğun olaraq rəsmiləşdirilsin.
33.9.  Müştəri tərəfindən imzalanmış müqavilənin elektron versiyasının Azərbaycan Respublikasının rezidenti tərəfindən çap edilib əsli ilə təsdiq edilmiş versiyası bank köçürmələri, vergilərin və digər məcburi ödənişlərin ödənilməsi məqsədləri üçün etibarlı sayılır.

Maddə 34. Turizm sahəsində istehlakçıların sığortalanması

34.1.  Beynəlxalq turizm zamanı turistlərin və ekskursantların gedəcəyi yerdə turist sığortası məcburidirsə, müvafiq turistlər və ekskursantlar Azərbaycan Respublikasının ərazisini tərk etməkdən qabaq onlara sığortalanma təklif olunur.
34.2.  Nəzarət orqanı turist sığortası məcburi olan dövlətlər haqqında əldə etdiyi məlumatları mütəmadi olaraq dərc edir, həmçinin öz internet saytında yerləşdirir.
34.3.  Turizm təşkilatçıları getmə turizmi halında turistlərə və ekskursantlara gedəcəkləri ölkənin sığortalama qaydaları və şərtləri haqqında məlumat verməyə borcludurlar. 
34.4.  Getmə turizmi halında turistlərin və ekskursantların müvəqqəti olacağı ölkənin (yerin) qanunvericiliyi ilə həmin ölkədə müvəqqəti olan şəxslərə göstərilən tibbi yardım üçün xərcin ödənilməsinə zəmanət verilməsi məcburi tələb kimi müəyyən edilmişdirsə, turizm təşkilatçısı belə zəmanətləri turistlərdən tələb etməlidir.
34.5.  Turistlərin və ekskursantların tələbi ilə turizm təşkilatçısı turun keçirilməsi ilə bağlı sığorta xidmətlərinin göstərilməsinə kömək edir.

Maddə 35. Turizm xidmətlərinin göstərilməsinə dair müqavilənin rəsmiləşdirilməsi və həmin müqavilə üzrə hüquqların həyata keçirilməsi

35.1. Turizm yollayışının forması, habelə elektron turizm yollayışının verilməsi qaydası nəzarət orqanı tərəfindən müəyyən edilir.
35.2. Turizm yollayışı müqavilənin ayrılmaz hissəsi olaraq turoperatorun və ya turagentin turizm məhsulunun satışına yazılı razılığını və onun satıldığı faktını təsdiqləyən ilkin hesabat sənədidir.
35.3. Turist göndərən turoperatorla və ya turagentlə turist qəbul edən turoperator və ya tura daxil olan konkret xidmətləri təklif edən şəxslər arasında qarşılıqlı ödəmələr turizm vauçeri əsasında həyata keçirilir.
35.4. Turizm xidmətlərinin göstərilməsinə dair müqavilədə başqa müddət nəzərdə tutulmayıbsa, həmin müqavilə üzrə hüquqlarını başqasına güzəşt etmiş istehlakçı və ya həmin hüquqları əldə etmiş şəxs bu barədə turizm təşkilatçısına tur başlayana qədər xəbər verir. Lakin turizm müqaviləsində daha uzun xəbərdarlıq müddəti nəzərdə tutula bilər.
35.5. Turizm xidmətlərinin göstərilməsinə dair müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, həmin müqavilə üzrə hüquqların istehlakçı tərəfindən başqasına güzəşt edilməsinə görə əlavə haqq tutula bilməz. 
35.6. Turizm xidmətlərinin göstərilməsinə dair müqavilədə həmin müqavilə üzrə istehlakçı tərəfindən hüquqların güzəşt edilməsinə görə yalnız bununla bağlı turizm təşkilatçısının əlavə xərcləri yarandıqda əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Bu halda əlavə haqqın məbləği əsaslandırılmalı, onun ödənişi qaydası müəyyən edilməli və tərəflər arasında yazılı surətdə razılaşdırılmalıdır.

Maddə 36. Bronlaşdırma

36.1. Bronlaşdırma ilkin müqavilə qüvvəsinə malikdir.
36.2. Turizm sahəsində bronlaşdırmanın xüsusiyyətləri nəzarət orqanının normativ hüquqi aktları ilə tənzimlənir.
36.3. İzafi bronlaşdırma (mövcud olan nəqliyyat vasitəsi oturacaqlarının və ya yerləşdirmə vasitəsi çarpayılarının sayından artıq bronlaşdırma) halında turizm müqaviləsinin icrası mümkünsüz olarsa, turizm təşkilatçısı tərəfindən istehlakçıya ya alternativ tur təklif edilir, ya da onun ödədiyi xidmət haqqı tam geri qaytarılır. 
36.4. İzafi bronlaşdırma halı turizm zərfinə daxil olan yalnız bir və ya bir neçə ekskursiyaya aiddirsə və həmin ekskursiyanın (ekskursiyaların) qiyməti müqavilədə ayrıca qeyd olunubsa, bu qayda yalnız həmin ekskursiyanın (ekskursiyaların) qiymətinə şamil edilir. Müqavilədə belə bölgü aparılmayıbsa, turun hansı qisminin icra edilib-edilməməsindən asılı olmayaraq, istehlakçı xidmət haqqının bütövlükdə qaytarılmasını tələb edə bilər.

Maddə 37. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə xitam verilməsi

37.1. Turizm xidmətlərinin göstərilməsinə dair müqavilədə istehlakçının müqaviləni ləğv etmək hüququ və müddəti təsbit edilir. Bu müddət turizm xidmətlərinin göstərilməsinə dair müqavilənin imzalandığı gündən hesablanaraq on dörd gündən az ola bilməz. 
37.2. Turizm xidmətlərinin göstərilməsinə dair müqavilədə göstərilmiş müddətdə istehlakçı tərəfindən müqavilə ləğv edildiyi halda həmin müqavilə üzrə turizm təşkilatçısına ödənilmiş bütün məbləğlər tam geri qaytarılır. Bu halda ödəniş aşağıdakı müddətlərdə həyata keçirilir:
37.2.1. müvafiq müqavilə bağlandığı gündən turun başlanması gününə qədər olan müddət iyirmi bir gündən azdırsa, on dörd gün müddətində;
37.2.2. müvafiq müqavilə bağlandığı gündən turun başlanması gününə qədər olan müddət iyirmi bir gündən artıqdırsa, turun başlanmasına yeddi gün qalmışa qədər olan müddətdə. 
37.3. Turizm xidmətlərinin göstərilməsinə dair müqavilə turun başlanmasından sonra ləğv edildiyi zaman turizm təşkilatçısına həmin müqavilə üzrə ödənilmiş məbləğdən, əgər bunlar müqavilədə nəzərdə tutulubsa, yalnız aşağıdakı xərclər tutula bilər:
37.3.1. məbləğin geri qaytarılması üçün sərf edilmiş bank xərcləri;
37.3.2. real istehlak olunmuş iş və xidmətlərin məbləği;
37.3.3. tur zamanı turistə satılmış malların, o cümlədən konkret istehlakçı üçün hazırlanmış malların qiyməti;
37.3.4. müqavilənin ləğvinə görə turizm təşkilatçısına vurulmuş digər real zərərin dəyəri.
37.4. Turizm xidmətlərinin göstərilməsinə dair müqavilənin ləğvinə görə turizm təşkilatçısının əldən çıxmış mənfəəti onun əməliyyat risklərinə aid edilir və müqavilə ləğv edildiyi halda xidmət haqqından çıxıla bilməz.
37.5. İstehlakçı müqaviləni qiymət dəyişikliyi səbəbindən ləğv etmək qərarına gələrsə, onun ödədiyi xidmət haqqı heç bir tutma tətbiq edilmədən geri qaytarılır. Bu zaman yaranmış xərclər turizm təşkilatçısının əməliyyat xərclərinə aid edilir.
37.6. Turizm müqaviləsinə xitam verildikdə, turizm təşkilatçısı tərəfindən istehlakçıya vurulmuş zərərin ağlabatan məbləğdə əvəzi istehlakçının tələbi ilə ona ödənilməlidir. Tərəflər həmin məbləğ barəsində razılığa gələ bilmədikdə vurulmuş zərərin məbləği məhkəmə qaydasında müəyyən edilir.

4-cü fəsil
Turizm sahəsində təhlükəsizlik

Maddə 38. Turizm təhlükəsizliyinin təmin edilməsi üsulları

38.1. Turistlərin və ekskursantların təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Respublikasının turizm sahəsində siyasətinin prioritet istiqamətini təşkil edir.
38.2. Turistlərin və ekskursantların təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı üsullardan istifadə edilir:
38.2.1. Turizmin inkişafına dair Dövlət Proqramında turizm sənayesinin təhlükəsizliyinə dair müddəaların nəzərdə tutulması və onların həyata keçirilməsi;
38.2.2. turizm təhlükəsizliyi üzrə tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsi;
38.2.3. turizm sahəsində sığortalamanın, bank qarantiyalarının və digər təminat üsullarının tətbiqi və təşviqi;
38.2.4. turizm marşrutlarının pasportlaşdırılması;
38.2.5. barəsindəki məlumatların Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməsi zamanı təhlükəsizlik qaydalarına, tələblərinə və standartlarına əməl edilməsi üçün turizm infrastrukturu subyektlərinə metodoloji yardımın göstərilməsi.
38.3. Nəzarət orqanı turistlərin və ekskursantların getdikləri ölkədə (müvəqqəti olacaqları yerdə) onların həyat və sağlamlıqlarını təhlükə altına ala biləcək hər bir hal barəsində turizm təşkilatçılarına, turagentlərə, turistlərə və ekskursantlara məlumat və təlimat verir. Bu cür məlumat və təlimatlar nəzarət orqanının rəsmi internet saytında xüsusi səhifədə yerləşdirilir.
38.4. Təsisçisi dövlət olan kütləvi informasiya vasitələri turistləri və ekskursantları təhdid edən təhlükə barədə nəzarət orqanının təcili məlumatlarını efirə (çapa) verməyə imkan yaradırlar.
38.5. Turizm təşkilatçıları beynəlxalq turizm zamanı turistlərə və ekskursantlara səyahətlərin xüsusiyyətləri, habelə səyahət zamanı onların həyat və sağlamlıqlarını, əmlaklarının salamatlığını təhdid edən mümkün təhlükələr barədə müfəssəl məlumat verməyə borcludurlar. Bu məlumatlar yazılı və şifahi qaydada verilə bilər. Məcburi qaydada yazılı surətdə verilməli olan məlumatların siyahısı nəzarət orqanı tərəfindən müəyyən edilir.
38.6. Turistlərlə və ekskursantlarla bağlı təhlükələr barədə məlumatın verilməsi üzrə vəzifələr turoperatorla turagentlər arasında onların qarşılıqlı razılığına əsasən bölüşdürülür. Bu cür razılıq turizm agenti müqaviləsində əks etdirilir və ya ayrıca müqavilə ilə tənzimlənir.
38.7. Turizm təşkilatçıları tur zamanı turistlərin, ekskursiya zamanı ekskursantların rastlaşdığı fövqəladə hadisələr, həmçinin getmə turizmi zamanı səyahətdən qayıtmamış turistlər və ekskursantlar barədə nəzarət orqanına və turistin yaxın qohumlarına təxirə salmadan məlumat verməlidirlər. Bu halda Turizm təhlükəsizliyi üzrə Tədbirlər Planında və ya turizmdə fövqəladə hallar üzrə Tədbirlər Planında nəzərdə tutulmuş işlər həyata keçirilir.

Maddə 39. Təhlükəsizlik tədbirləri

39.1. Azərbaycan Respublikasının hüquq mühafizə orqanları nəzarət orqanı ilə birgə turistlərin, ekskursantların və birgünlük ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakıları nəzərdə tutan Turizm təhlükəsizliyi üzrə Tədbirlər Planı hazırlayıb həyata keçirirlər:
39.1.1. Azərbaycan Respublikasında olan, o cümlədən tranzitlə Azərbaycan Respublikası ərazisindən keçən əcnəbi turistlərin və ekskursantların mühafizəsini, eləcə də onların fövqəladə hallarda təxliyəsini;
39.1.2. xarici tur zamanı Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin bütün tur boyu mühafizəsini, eləcə də onların fövqəladə hallarda təxliyəsini;
39.1.3. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda ölkəmizdə xarici turistlərin və ekskursantların müdafiəsini, o cümlədən onların təxliyəsini;
39.1.4. Turizm sənayesində mövcud və gələcəkdə ortaya çıxa biləcək təhlükələrin aradan qaldırılması və ya qarşısının alınması;
39.1.5. digər ölkələrə səfər edən turistlərin, ekskursantların və birgünlük ziyarətçilərin yoluxucu xəstəliklərə tutulma riskinin olduğu hallarda onların Beynəlxalq Tibbi Sanitariya Qaydalarına uyğun olaraq məlumatlandırılması və profilaktika tədbirlərinin görülməsi;
39.1.6. yoluxucu xəstəliklərə qarşı tədbirlərin görülməsi;
39.1.7. Beynəlxalq Tibbi Sanitariya Qaydalarının bioloji təhlükəsizlik normalarına riayət edilməsi.
39.1.8. Turistlərin və ekskursantların qida təhlükəsizliyi "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
39.2. Turizm təhlükəsizliyi üzrə Tədbirlər Planı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
39.3. Turizm təşkilatçıları turizm təhlükəsizliyi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş, habelə nəzarət orqanının turistlərin və ekskursantların təhlükəsizliyinə dair tələblərini yerinə yetirməyə borcludurlar.
39.4. Barəsindəki məlumatlar Dövlət Turizm Reyesrtinə daxil edilmiş turizm infrastrukturu subyektlərinə dövlət nəzarəti həyata keçirilən zaman təhlükəsizlik tələblərinə riayət edilməsi və müvafiq qaydalara əməl olunması səviyyəsi nəzərə alınır.

Maddə 40. Fövqəladə hallar zamanı tədbirlər

40.1. Fövqəladə halların təsirinə məruz qalmış turistlərə və ekskursantlara yardım göstərilməsinin və onların müdafiəsinin xüsusiyyətləri turizm təhlükəsizliyi üzrə Tədbirlər Planında təsbit edilir.
40.2. Fövqəladə hallarla üzləşmiş turistlərin və ekskursantların qorunması üçün turizm təşkilatçılarının Azərbaycan Respublikasının fövqəladə hallar və mülki müdafiə haqqında qanunvericiliyinə zidd olmayan tədbirləri nəzarət orqanının müəyyən etdiyi idarəetmə tələblərinə uyğun surətdə fərdi qaydada hazırlanıb icra edilir.
40.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda fövqəladə hal baş verdikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı dərhal həmin ərazidə Azərbaycan Respublikasından turistlərin və ekskursantların olub olmamasını müəyyən etmək üçün tədbirlər görür.
40.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda baş verən fövqəladə hallar zamanı Azərbaycan Respublikası tərəfindən görülən tədbirlər Azərbaycan Respublikasının fövqəladə hallar və mülki müdafiə haqqında qanunvericiliyi, habelə turistlərin təhlükəsizliyi üzrə Tədbirlər Planı ilə tənzimlənir.
40.5. Xaricdə fövqəladə hal baş verdikdə Azərbaycan Respublikası fövqəladə halın müddətindən və təhlükəlilik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasından olan turistlərin və ekskursantların təhlükəsiz ərazilərədək uzaqlaşdırılması, habelə onların hüquqlarının müdafiəsi üçün tədbirlər görür.
40.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə xaricdə baş verən fövqəladə hallar zamanı turistlərin təxliyəsi, xilas edilməsi və bu kimi tədbirlərlə bağlı müddəalar nəzərdə tutulduğu halda turistlərin təhlükəsizliyi üzrə Tədbirlər Planında xaricdə olan turistlərə dair müddəalar əks edilir.

Maddə 41. Turizm marşrutlarının pasportlaşdırılması

41.1. Turizm marşrutunun pasportlaşdırılmasının əhəmiyyəti dövlət tərəfindən müəyyən marşrutlarda təhlükəsizlik qaydalarına riayət edilməsinin təsdiq olunmasından ibarətdir.
41.2. Pasportlaşdırılmamış turizm marşrutlarında baş verən qəzalara görə nəzarət orqanı məsuliyyət daşımır. Amma bu maddə nəzarət orqanını müəyyən qəza haqqında məlumat aldıqda turizmdə fövqəladə hallar üzrə Tədbirlər Planında nəzərdə tutulmuş hərəkətləri icra etməkdən azad etmir.
41.3. Ekstremal turizm növü üzrə turizm marşrutunun pasportlaşdırılması icbaridir. Digər hallarda turizm marşrutlarının pasportlaşdırılması könüllü qaydada həyata keçirilir.
41.4. Turizm marşrutlarının pasportlaşdırılması nəzarət orqanı tərəfindən aparılır.
41.5. Turizm marşrutlarının pasportlaşdırılması haqqında qaydalar nəzarət orqanı tərəfindən müəyyən edilir.
41.6. Nəzarət orqanı turizm marşrutlarının pasportlarını, habelə pasportları ləğv edilmiş turizm marşrutları barədə məlumatları Dövlət Turizm Reyestrinə daxil edir.
41.7. Turizm marşrutları turizm təşkilatçılarının müraciətinə əsasən pasportlaşdırılır.
41.8. Turizm marşrutlarının pasportlaşdırılması qaydalarının tələblərinə riayət olunmayan turizm marşrutunun pasportu ləğv edilir. Həmin qaydalara riayət olunmasının yoxlanması və pasportların ləğvi qaydaları Turizm marşrutlarının pasportlaşdırılması haqqında qaydalar ilə müəyyən edilir.
41.9. Turizm təşkilatçısı tərəfindən pasportlaşdırılmamış turizm marşrutundan istifadə etmə faktı bu Qanuna əsasən aparılan yoxlamalar zamanı müəyyən edilir.

5-ci fəsil
Turizm sahəsində məlumatlandırma

Maddə 42. Turizm sahəsində məlumatlandırmanın məqsədi və məlumatın tərkibi

42.1. Turizm sahəsində məlumatlandırmanın məqsədləri aşağıdakılardan ibarətdir:
42.1.1. turizm fəaliyyətinin təbliği;
42.1.2. turizm məlumatlandırma sisteminin yaradılması və inkişafı;
42.1.3. turizm sahəsində beynəlxalq əməkdaşlığa nail olma.
42.2. Turizm məlumatına aşağıdakılar aiddir:
42.2.1. turizm ehtiyatları və onların vəziyyəti, təsnifatlaşdırılması və istifadəsi qaydaları;
42.2.2. turizm marşrutları;
42.2.3. turizm axınları;
42.2.4. Dövlət Turizm Reyestrində əks etdirilmiş məlumatlar;
42.2.5. təsnifatlaşdırılmış yerləşdirmə vasitələri haqqında məlumatlar;
42.2.6. turizm fəaliyyəti üçün əhəmiyyətli olan kartoqrafik məlumatlar və turizm sənayesi obyektlərinin və ehtiyatlarının yerləşməsi xüsusiyyətləri haqqında məlumatlar;
42.2.7. turizm sənayesi obyektlərinin ətrafındakı nəqliyyat sıxlığı (intensivliyi) haqqında məlumatlar;
42.2.8. turizm sahəsi üzrə normativ aktlar haqqında məlumatlar;
42.2.9. yol hərəkəti, görməli yerlər, müqəddəs yerlər və obyektlər haqqında məlumatlar;
42.2.10. turizm və rekreasiya ehtiyatları haqqında məlumatlar;
42.2.11. kurortlar və sanatoriyalar haqqında Dövlət Turizm Reyestrində əks etdirilməyən məlumatlar;
42.2.12. yerli əhalinin adətləri haqqında məlumatlar;
42.2.13. turistlər üçün məhdudiyyətlər barədə məlumatlar;
42.2.14. turizmin dövlət tənzimlənməsini həyata keçirən dövlət hakimiyyəti orqanlarının fəaliyyəti haqqında məlumatlar;
42.2.15. nəzarət orqanı tərəfindən verilən elanlar.
42.2.16. yerləşdirilmə üçün gərəkli olan məlumatlar;
42.2.17. Nəzarət orqanı tərəfindən verilən elanlar.
42.3. Turizm sahəsinin inkişafı məqsədi ilə turizm infrastrukturu subyektləri öz təşəbbüsləri ilə, nəzarət orqanı isə ona ayrılmış maliyyə vəsaitləri çərçivəsində mütəmadi olaraq aşağıdakı məlumatlandırma tədbirlərini həyata keçirirlər:
42.3.1. Azərbaycan Respublikasını turizm üçün əlverişli ölkə kimi təbliğ etmək;
42.3.2. beynəlxalq və yerli sərgilərdə, yarmarkalarda, festivallarda və digər tədbirlərdə iştirak etmək.
42.4. Nəzarət orqanı tərəfindən təşkil olunan və ya rəhbərlik edilən turizm tədbirlərində iştirak qaydaları həmin orqan tərəfindən müəyyən edilir.
42.5. Turizm məlumatını əldə etmək istəyən şəxslər dövlət, xidməti və kommersiya sirrinin mühafizəsi maraqları baxımından bu cür məlumatlara buraxılışın məhdudlaşdırıldığı hallar istisna olmaqla yaradılmış məlumat ehtiyatlarından istifadəyə azad şəkildə buraxılırlar.

Maddə 43. Turizm barəsində məlumat toplularına dair tələblər

43.1. Turizm barəsində həqiqətə uyğun olmayan məlumatları əks etdirən məlumat toplusu aşkar olunduqda nəzarət orqanı bu toplunu hazırlayan şəxsə onun yayımının dayandırılması barədə icrası məcburi olan bildiriş göndərir. Bu cür toplunun yayımı yalnız müvafiq qüsurlar aradan qaldırıldıqdan sonra bərpa edilir.
43.2. Məlumat toplusunun yayımının dayandırılması barədə nəzarət orqanı tərəfindən verilmiş bildirişdən məhkəmə qaydasında şikayət verilə bilər. Bu bildirişdən şikayət verilməsi həmin bildirişdə əks etdirilmiş tələblərin icra edilməməsi üçün əsas deyildir.
43.3. Nəzarət orqanı Azərbaycan Respublikasının turizm imicinə yanlış məlumatlara görə vurulmuş zərərin əvəzinin ödənilməsinə dair həmin məlumatın müəllifinə qarşı məhkəmə qaydasında iddia qaldırır.

Maddə 44. Turizm informasiya, habelə "turizm informasiya və biznes mərkəzləri"nin fəaliyyətinin əsasları

44.1. Turizm informasiya, habelə "turizm informasiya və biznes mərkəzləri" hüquqi şəxs qismində nəzarət orqanı, bələdiyyə və ya hər hansı hüquqi şəxs tərəfindən təsis olunur.
44.2. Bələdiyyələr ayrıca hüquqi şəxs olan yerli əhəmiyyətli turizm informasiya mərkəzləri təsis edə bilərlər. Beynəlxalq qurumlar tərəfindən təşkil olunmuş turizm informasiya mərkəzləri hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmalıdır.
44.3. Turizm inkişaf fondları özlərinin maliyyə proqramlarına uyğun olaraq xüsusi mülkiyyətdə və ya bələdiyyə mülkiyyətində olan turizm informasiya, habelə "turizm informasiya və biznes mərkəzləri"nin fəaliyyətinə maliyyə yardımı göstərirlər.
44.4. Nəzarət orqanı xüsusi mülkiyyətdə və ya bələdiyyə mülkiyyətində olan turizm informasiya, habelə "turizm informasiya və biznes mərkəzləri"nin fəaliyyətinə onların müraciətinə əsasən təşkilati yardım göstərir. 
44.5. Dövlət müvafiq dövlət proqramında və ya dövlətlə bağlanan müqavilədə nəzərdə tutulan hallarda dövlət mülkiyyətində olmayan turizm informasiya, habelə "turizm informasiya və biznes mərkəzi"nin təsis olunmasında iştirak edir. Bu halda nəzarət orqanı dövlət adından həmin turizm informasiya və ya "turizm informasiya və biznes mərkəzi"nin idarə edilməsində və fəaliyyətində iştirak edir.
44.6. Dövlət mülkiyyətində olmayan turizm informasiya, habelə "turizm informasiya və biznes mərkəzləri" nəzarət orqanı tərəfindən akkreditasiya olunurlar. Akkreditasiya qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 45. Məlumatlandırma turu üzrə tədbirlər

45.1. Məlumatlandırma turu (infotur) üzrə tədbirlər turizm ehtiyatlarının və turizm imkanlarının öyrənilməsi məqsədi ilə turizm təşkilatçılarının iştirakı ilə həyata keçirilən tədbirdir.
45.2. Məlumatlandırma turu üzrə tədbirlər nəzarət orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.
45.3. Məlumatlandırma turu üzrə tədbirlərdən gəlir əldə edən benefisiar turizm təşkilatçısıdır.

6-cı fəsil
Turizm növlərinin xüsusiyyətləri

Maddə 46. Sağlamlıq turizmi

46.1. Sağlamlıq turizmi ərazilərinə aşağıdakılar aiddir:
46.1.1. kurortlar;
46.1.2. sağlamlıq turizminin həyata keçirildiyi turizm-rekreasiya zonaları; 
46.1.3. sağlamliq turizmi obyekti üçün yararlı olan kurortlardan və turizm-rekreasiya zonalarından kənar ərazilər.
46.2. Sağlamlıq turizmi obyektləri aşağıdakılardır:
46.2.1. sanatoriyalar;
46.2.2. pansionatlar;
46.2.3. tibbi müalicə (SPA) yerləri;
46.2.4. sağlamlıq turizminin həyata keçirildiyi ərazidə fəaliyyət göstərən və barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilmiş yerləşdirmə vasitələri və çimərlik obyektləri;
46.3. Turizm və rekreasiya zonaları sanatoriya-kurort məqsədləri üçün istifadə edilə bilər. Bu halda rekreasiya zonalarında qanunvericiliklə müəyyən edilmiş xüsusi rejim tətbiq olunur. 
46.4. Kurortların idarə olunması (həmçinin kurortlarda tikintilərin aparılması) turizm və rekreasiya zonasının idarə olunması qaydasında həyata keçirilir.
46.5. Kurortlarda yerləşdirmə vasitəsi xidmətləri yalnız barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilmiş turizm infrastrukturu subyekti tərəfindən göstərilə bilər.
46.6. Turizm təşkilatçılarının, yerləşdirmə vasitələrinin və çimərlik obyektlərinin kurortlarda həyata keçirilən fəaliyyətinə nəzarət orqanı tərəfindən nəzarət edilir. 
46.7. Nəzarət orqanı sağlamlıq turizmi sahəsində aşağıdakıları həyata keçirir:
46.7.1. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə sağlamlıq turizmi, o cümlədən rekreasiya, sanatoriya-kurort müalicəsi barədə dövlət siyasətinin işlənib hazırlanmasını;
46.7.2. rekreasiya yerlərindən, həmçinin kurortlardan turizm məqsədləri üçün istifadə olunması qaydalarının və normalarının müəyyən edilməsini;
46.7.3. Dövlət Turizm Reyestri çərçivəsində ayrıca bölmədə kurortların reyestrinin aparılmasını;
46.7.4. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə kurortların hüdudlarının və rejiminin müəyyən edilməsini;
46.7.5. sağlamliq turizmi ilə bağlı layihələrin, habelə təbii müalicə ehtiyatlarının dövlət ekspertizasını;
46.7.6. sağlamliq turizmi obyektlərinin dəqiq siyahısının və həmin obyektlər üzrə idarəetmə tələblərinin müəyyən edilməsini;
46.7.7. turizm inkişaf proqramlarında sağlamlıq turizmi ərazilərinin və sağlamlıq turizmi obyektlərinin inkişafının nəzərdə tutulmasını;
46.7.8. sağlamlıq turizmi ərazilərinin və sağlamlıq turizmi obyektlərinin sayının artırılması üçün elmi-tədqiqat işlərinin sürətləndirilməsini; 
46.7.9. sağlamlıq turizmi sahəsində kadr hazırlığını;
46.7.10. sağlamlıq turizmi sahəsində beynəlxalq əməkdaşlığı;
46.7.11. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə sağlamlıq turizmi obyektlərində dövlət əmlakından istifadə xüsusiyyətlərinin müəyyən edilməsini.
46.8. Azərbaycan Respublikasında sağlamlıq turizmi ərazilərinin növləri və onlara dair tələblər müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla nəzarət orqanı tərəfindən müəyyən olunur və Dövlət Turizm Reyestrində əks etdirilir.

Maddə 47. Sosial turizmin rəsmiləşdirilməsi qaydası

47.1. Sosial turizm dövlət vəsaiti hesabına həyata keçirildikdə dövlət satınalmaları haqqında qanunvericilik tətbiq edilir. Bu zaman yerli podratçılara üstünlük verilir.
47.2. Sosial turizm müqaviləsi korporativ qiymətlərlə bağlanılır. 
47.3. Sosial turizm müqaviləsində digər şərtlərlə yanaşı turistin turizm təşkilatçısına təqdim edəcəyi sənədin rəsmiləşdirilməsi və təqdim edilməsi qaydaları göstərilir.
47.4. Sosial turizm üzrə turist yollayışında müvafiq müqavilə ilə turistə təqdim ediləcək xidmətlərin siyahısı göstərilir.
47.5. Sosial turizm üzrə turizm vauçerini icra üçün qəbul etmiş turizm təşkilatçısı müvafiq ödəniş sənədində göstərilən məbləğ həcmində sosial turizm müqaviləsi bağlamış hesab edilir. 
47.6. Turizm vauçerləri əsasında xidmət göstərən turizm təşkilatçıları bu barədə məlumatları öz reklam məhsullarında qeyd edirlər.
47.7. Məktəblilərin və tələbələrin müvafiq təlim düşərgələrinə, yay və ya qış, eləcə də istirahət mərkəzlərinə və digər turizm obyektlərinə, habelə ekskursiyalara göndərilməsi sosial turizm kimi rəsmiləşdirilir və bu Qanunla tənzimlənir.

Maddə 48. Sosial turizm üzrə xərclərin bölünməsi

48.1. Sosial turizm üzrə xərclər Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına, bölgə büdcəsi, yerli büdcələr (bələdiyyə büdcələri), habelə könüllülük əsasında öz işçilərinin və ya digər şəxslərin xeyrinə sosial turları maliyyələşdirən fərdi sahibkarın, hüquqi şəxsin və ya digər təşkilatın hesabına həyata keçirir.
48.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış kollektiv əmək müqavilələrində sosial turizm üzrə xərclərin işçi ilə işəgötürən arasında bölüşdürülməsi nəzərdə tutula bilər. Bu halda müvafiq kollektiv müqavilədə sosial turizmin işəgötürən tərəfindən maliyyələşdirilməli olan hissəsinin aşağı həddi dəqiq göstərilir. 
48.3. İşçi sosial turizmi öz hesabına maliyyələşdirilmək qərarına gəldikdə işəgötürən tərəfindən həmin işçi üçün hər hansı bir məhdudiyyət müəyyən edilə bilməz.
48.4. Dövlət tərəfindən dövlət qulluqçularının xeyrinə sosial turizmin maliyyələşdirilməsi halları, həcmi və bu maliyyələşdirmə ilə əhatə olunan dövlət qulluqçularının dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
48.5. Turizm inkişaf proqramlarında sosial turizm üzrə vəzifələr və tədbirlər, habelə sosial turizmin təmin edilməsi və inkişafı məqsədi ilə turizm infrastrukturu subyektləri üçün ayırmalar, güzəştlər və imtiyazlar təsbit edilir. Həmin güzəştlər və imtiyazlar müvafiq proqram vəsaiti hesabına təmin olunur.
48.6. Dövlət xaricdə yaşayan azərbaycanlıların və onların ailə üzvlərinin  Azərbaycana gəlmələrini təmin etmək üçün şərait yaratmaq məqsədi ilə sosial turizm layihələri həyata keçirir və belə layihələrin həyata keçirilməsini dəstəkləyir.
48.7. Sosial turizm proqramları çərçivəsində kurort-sanatoriya istirahəti dövlət tərəfindən maliyyələşdirilən şəxslərin siyahısı və maliyyələşdirilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
48.8. İşçilərinin sanatoriya-kurort istirahəti üçün işəgötürənlərin ödənişləri onların fəaliyyət (istehsal) xərclərinə aid edir.

Maddə 49. Sosial turizm sahəsində baza standartları, reklam və kiçik sahibkarlıq

49.1. Sosial turun baza standartları əsasında, yerli xüsusiyyətlər nəzərə alınmaqla investorlar maliyyələşdirdikləri sosial turizm üçün həmin baza standartlarından yüksək standartlar müəyyən edə bilərlər. Belə yüksək standartlar müəyyən edilərkən nəzarət orqanının rəyi nəzərə alınır.
49.2. Sosial turun baza standartları Nəzarət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
49.3. Sosial turizmin reklamı sosial reklam hesab olunur.
49.4. Sosial turizm sahəsində kiçik sahibkarlıq dövlət tərəfindən dəstəklənir.

Maddə 50. Sosial turizm üzrə komissiyalar

50.1. Sosial turizm üzrə komissiyalar turizm təşkilatçıları tərəfindən aşağıdakı məqsədlərlə yaradılır:
50.1.1. sosial turizm sahəsində ictimai münasibət iştirakçılarının müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətinin səmərəliliyini artırmaq;
50.1.2.  sosial turizm sahəsində tərəfdaşlığı inkişaf etdirmək və onun iştirakçılarına təşkilati-metodiki kömək göstərmək;
50.1.3. sosial turizm sahəsində hüquqi tənzimləmə və sosial siyasət üzrə birgə təkliflər hazırlamaq;
50.1.4. sosial turizmin və onun iştirakçılarının maraqlarını turizm üzrə beynəlxalq qeyri-hökumət təşkilatlarında təmsil etmək;
50.1.5. sosial turizmin təbliği işi ilə məşğul olmaq.

Maddə 51. Ekoloji turizm

51.1. Ekoloji turizm haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Qanunundan, bu Qanundan və bunlara uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir.
51.2. Bu Qanunla Azərbaycan Respublikasının digər qanunvericilik aktları arasında ziddiyyət yarandıqda turizm və o cümlədən ekoloji turizm fəaliyyətinin tənzimlənməsi sahəsində bu Qanunun müddəaları tətbiq edilir.
51.3. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən turizm (istirahət-rekreasiya, ekskursiya) məqsədi ilə istifadə edildikdə müvafiq ərazinin və ya obyektin hüquqi rejimindən asılı olmayaraq turizm haqqında qanunvericiliyin tələblərinə mütləq qaydada riayət edilir və ekoloji turizm fəaliyyəti bu qanunvericiliyə əsaslanır.
51.4. Xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində müvafiq idarəetməni həyata keçirən qurumlar tabeliliyindən asılı olmayaraq turizm, o cümlədən ekoloji turizm üzrə müvafiq qanunvericiliyi təbliğ edirlər.
51.5. Ekoloji turizm fəaliyyətini həyata keçirən turizm təşkilatçısı ekoloji qanunvericiliyin tələblərinə ciddi surətdə riayət edir və bu tələblərə əməl olunmasının zəruriliyini xidmət göstərdiyi turistlərin nəzərinə çatdırır.
51.6. Xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində qanunla müəyyən olunmuş məqsədlərə nail olunması üçün turizm sahəsində dövlət nəzarətini Nəzarət orqanı həyata keçirir.
51.7. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin idarəetmə orqanları və vəzifəli şəxsləri nəzarət orqanına səlahiyyətlərini həyata keçirməsi üçün köməklik göstərir, bu qanuna uyğun olaraq yoxlamaların aparılması üçün şərait yaradır, o cümlədən əraziyə və obyektlərə nəzarət orqanının əməkdaşlarının daxil olmasını, yoxlanılanların sərəncamında olan sənədlərin təqdim olunmasını təmin edir.
51.8. Milli parkların ərazilərində, habelə xüsusi mühafizə olunan digər ərazilərdə və obyektlərdə turizm və rekreasiya zonaları, eləcə də turistlərə və ekskursantlara xidmət göstərən zonalar turizm və rekreasiya zonaları üçün nəzərdə tutulmuş qaydada yaradılır və fəaliyyət göstərir. Bu zaman həmin zonaların əsasnamələri xüsusi mühafizə olunan müvafiq ərazinin əsasnaməsi nəzərə alınmaqla tərtib edilir.
51.9. Tərkibində turizm və rekreasiya zonaları, eləcə də turistlərə və ekskursantlara xidmət göstərən zonalar olan milli parkın əsasnaməsində müvafiq turizm və (və ya) rekreasiya zonaları, eləcə də turistlərə və ekskursantlara xidmət göstərən zonalar barədə müddəalar əks etdirilmir. Həmin müddəalar yalnız turizm və rekreasiya zonalarının, eləcə də turistlərə və ekskursantlara xidmət göstərən zonaların əsasnamələrində təsbit edilir.
51.10. Xüsusi mühafizə olunan təbiət ərazisinin əsasnaməsi ilə onun tərkibində olan turizm və rekreasiya zonalarının, eləcə də turistlərə və ekskursantlara xidmət göstərən zonaların əsasnaməsi arasında ziddiyyət yarandıqda turizm və rekreasiya məsələlərində, həmçinin xidmətlərin göstərilməsinə dair qayda və tələblərdə üstünlük turizm və rekreasiya zonalarının, eləcə də turistlərə və ekskursantlara xidmət göstərən zonaların əsasnaməsinə, ətraf mühitin qorunması məsələlərində isə xüsusi mühafizə olunan təbiət ərazisinin əsasnaməsinə verilir.
51.11. Turizm və rekreasiya zonalarının, eləcə də turistlərə və ekskursantlara xidmət göstərən zonaların əsasnaməsi ilə həmin zonada yerləşən xüsusi mühafizə olunan təbiət obyektinin əsasnaməsi arasında ziddiyyət yaranarsa, turizm və rekreasiya məsələlərində, həmçinin xidmətlərin göstərilməsinə dair qayda və tələblərdə üstünlük turizm və rekreasiya zonalarının, eləcə də turistlərə və ekskursantlara xidmət göstərən zonaların əsasnaməsinə, ətraf mühitin qorunması məsələlərində isə xüsusi mühafizə olunan təbiət obyektinin əsasnaməsinə verilir.
51.12. Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarəetmə qurumu həmin ərazidə turizm və ya rekreasiya zonası, eləcə də turistlərə və ekskursantlara xidmət göstərilən zona olduqda turizm, istirahət-rekreasiya üçün şərait yaradarkən turizm haqqında qanunvericiliyi rəhbər tutur, bu sahədə nəzarət orqanının qüvvədə olan normativ hüquqi aktlarını nəzərə alır. Həmin xüsusi mühafizə olunan təbiət ərazilərinin idarəetmə qurumu bilavasitə ödənişli əsaslarla turizm xidmətləri, bələdçi xidmətləri, ekskursiya xidmətləri, eləcə də turizm sahəsində digər xidmətlər göstərmək hüququna malik deyildir və bu xidmətləri yalnız müvafiq turizm təşkilatçısı göstərə bilər. 
51.13. Təbiət parkının idarəetmə qurumu tərəfindən istirahət üçün şəraitin yaradılması, nəbatat bağlarına, zooloji və dendroloji parklara gələn adamlara xidmətlərin göstərilməsi formaları və qaydaları nəzarət orqanı tərəfindən müəyyən olunur. "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Qanunun 42-ci maddəsinə uyğun olaraq turizm sahəsində müvafiq ödəniş dövlət qurumu tərəfindən tutula bilməz.

Maddə 52. Ekstremal turizm növünün tənzimlənməsi

52.1. Ekstremal turizmin təşkili bu Qanunla və "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 
52.2. Nəzarət orqanı ekstremal turizm növü üzrə xüsusi dövlət standartlarını hazırlayır və müvafiq icra hakimiyyəti orqanına təsdiq üçün təqdim edir. Turizm təşkilatçılarının təqdim etdikləri ekstremal turizm məhsulları həmin standartlara cavab verməlidir.
52.3. Ekstremal turizm növü üzrə turların təşkilinə dair nəzarət orqanı ayrıca idarəetmə tələbləri müəyyən edir. Həmin idarəetmə tələblərində risklərin idarə edilməsi və təminat növləri, turist və ekskursantların, avadanlıq və qurğuların, habelə infrastruktur elementlərinin idarə edilməsi qaydaları təsbit edilir.
52.4. Ekstremal turizm xidmətinin göstərildiyi təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğunluğu baxımından sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
52.5. Ekstremal turizm növündə istifadə edilən bütün turizm marşrutları pasportlaşdırılır.
52.6. Turistlər hər bir ekstremal turizm məhsulundan istifadə etməzdən əvvəl bu məhsulla bağlı təhlükəsizlik qaydaları ilə və məsuliyyətlə bağlı qeyd-şərtlərlə tanış edilir və bu barədə iltizamı imzalamadan həmin turizm məhsulunun istifadəsinə buraxılmırlar.
52.7. Turizm təşkilatçıları ekstremal turizm növü üzrə turistlərin müvafiq yaş həddinə uyğun olmalarını yoxlayır və onları bu növlə məşğul olmaq üçün müraciət edənlərin fiziki vəziyyətinə dair tələblərlə tanış edirlər. Turistlər ekstremal turizm məhsulundan istifadə etdikdə, həmin xidmətlər üzrə turizm təşkilatçısı tərəfindən müəyyən edilmiş təhlükəsizlik qaydalarına riayət edirlər.
52.8. Bütün ekstremal turizm xidmətləri üzrə icraat qaydaları yazılı surətdə təsdiq olunur və turistlər müvafiq xidməti göstərən şəxs tərəfindən həmin qaydalarla tanış edilirlər.

Maddə 53. Ekstremal turizm üzrə tədbirlər planları

53.1. Ekstremal turizm xidmətləri təqdim edən turizm təşkilatçısı təklif etdiyi turizm zərfinə daxil olan hər bir ekstremal turizm xidməti üzrə:
53.1.1.  işi özü həyata keçirmirsə, həmin xidməti göstərən şəxsin "Qəza halları üçün tədbirlər planının" olmasını tələb edir;
53.1.2. özü həyata keçirirsə, onun "Qəza halları üçün tədbirlər planı" olur.
53.2. Ekstremal turizm xidmətləri təqdim edən turizm təşkilatçısının və onun bu turizm növü üzrə tərəfdaşlarının birgə hazırlayıb təsdiq etdikləri "Risklərin idarə edilməsi planı" olur. 
53.3. "Risklərin idarə edilməsi planı"nın və "Qəza halları üçün tədbirlər planı"nın forması və həmin planlara dair tələblər müvafiq icra hakimiyyəti orqanlarının birgə aktı ilə təsdiq edilir.

Maddə 54. Kənd yaşıl turizminin xüsusiyyətləri

54.1. Kənd yaşıl turizmi ilə məşğul olmaq istəyən ailə-kəndli təsərrüfatı bu Qanunun 27.1-ci maddəsinə uyğun olaraq nəzarət orqanına bildirişlə məlumat verdikdən sonra ailə-kəndli təsərrüfatının ən azı bir üzvü həmin turizm növü ilə məşğul olması üçün turizm sahəsi üzrə sertifikasiyadan keçir. 
54.2. Ailə-kəndli təsərrüfatı üzvünün sertifikasiyası "Ailə-kəndli təsərrüfatları haqqında" Azərbaycan Respublikası Qanunun 10.2.4-cü maddəsinin tələbləri qaydasında həyata keçirilir.
54.3. Ailə-kəndli təsərrüfatı turizm sahəsində göstərdiyi xidmətlər üçün ümumi qaydada uyğunluq sertifikatı ala, habelə istifadə etdiyi marşrutların pasportlaşdırılması üçün müraciət edə və barəsindəki məlumatların Dövlət Turizm Reyestrinə daxil edilməsi üçün ərizə təqdim edə bilər.

Maddə 55. Çimərlik obyektlərinin yaradılması xüsusiyyətləri

55.1. Çimərlik obyektinin yaradılması üçün ayrıca dövlət standartları müəyyən edilir.
55.2. Çimərlik obyekti yalnız nəzarət və müvafiq icra hakimiyyəti orqanlarının müsbət rəyinin alınması şərti ilə tikilir.
55.3. Çimərlik obyektinin tikintisi layihələndirilərkən dövlət standartlarının tələbləri, normativ hüquqi aktlarla və müvafiq dövlət standartları ilə müəyyən edilmiş təhlükəsizlik qayda və standartları, çimərlik obyekti üçün müəyyən edilmiş idarəetmə tələbləri nəzərə alınmadıqda ona nəzarət orqanı tərəfindən mənfi rəy verilir.
55.4. Nəzarət orqanı çimərlik obyektinin dövlət təhvili üzrə komissiyasında təmsil olunur.

Maddə 56. Çimərlik obyektlərinin mövsümdən qabaq yoxlanılması

56.1. Çimərlik mövsümünün açılmasına iki ay qalmış Nəzarət orqanı bütün çimərlik yerlərində müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq yoxlama keçirir. Bu zaman:
56.1.1. çimərlik xidmətləri göstərən turizm infrastrukturu subyekti barədə məlumatların Dövlət Turizm Reyestrinə daxil edilməsini yoxlayır;
56.1.2. barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilmədən fəaliyyət göstərən təsərrüfat subyektini aşkar etdikdə, həmin subyektə barəsindəki məlumatların Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməsi üçün ərizə təqdim etməsi barədə tələb göndərir;
56.1.3. turizm infrastrukturu subyekti bu Qanuna və Dövlət Turizm Reyestrinin yaradılması (strukturlaşdırılması), aparılması və istifadəsi haqqında qaydalara uyğun olaraq ərizə ilə müraciət etdikdə, onun barəsindəki məlumatları Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edir;
56.1.4. barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməmiş təsərrüfat subyektlərinə aid çimərlik obyektinin fəaliyyətini çimərlik mövsümü başlamazdan qabaq dayandırır və bu Qanuna uyğun olaraq tədbirlər görür;
56.1.5. barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməmiş və bir ildən artıq fəaliyyət göstərən obyektlərin sahibi olan təsərrüfat subyektlərindən son kənar audit rəyini, işçi heyəti barədə və çimərlik xidmətlərinin göstərilməsinə mülki hüquqi əqdlər əsasında cəlb edilmiş şəxslər haqqında məlumatları tələb edir.
56.2. Çimərlik obyektinin və onun istifadə etdiyi ləvazimatların müvafiq dövlət standartlarına uyğunluğu hər çimərlik mövsümünün əvvəlində nəzarət orqanı tərəfindən yoxlanılır. Çimərlik obyekti bu standartlara cavab vermədikdə, ona həmin qüsurların aradan qaldırılması üçün vaxt verilir. Bu vaxt ərzində qüsurlar aradan qaldırılmadıqda həmin turizm infrastrukturu obyekti, eləcə də sahibi olan subyekt barəsində məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsindən çıxarılır.
56.3. Çimərlik xidməti göstərən turizm infrastrukturu subyekti çimərlik mövsümünün başlanmasına azı bir ay qalmış çimərliyin sanitariya norma və qaydalarına uyğunluğunun yoxlanılması üçün nəzarət orqanına müraciət edir və nəzarət orqanı bu uyğunluğun yoxlanılmasını müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə təşkil edir.

7-ci fəsil
Turist daşıma xidmətləri

Maddə 57. Turistlərin və ekskursantların daşınması xidmətlərinin tənzimlənməsi

57.1. Turistlərin və ekskursantların daşınması xidmətləri "Nəqliyyat haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Aviasiya haqqında" Azərbaycan Respublikasının qanunları, habelə Ticarət Gəmiçiliyi Məcəlləsi ilə, bu Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir.
57.2. Turistlərin və ekskursantların daşınması qeyri-müntəzəm sərnişin daşınması formasında həyata keçirilir.
57.3. Turistlərin və ekskursantların daşınması üçün nəzərdə tutulan avtonəqliyyat vasitələrinə dair tələblər, habelə turistlərin daşınması üçün nəzərdə tutulan avtomobil nəqliyyatında işçilərin ayrı-ayrı kateqoriyalarının iş və istirahət rejimi, iş şəraitinin xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən "Avtomobil nəqliyyatı ilə turistlərin, ekskursantların və onların baqajlarının daşınması Qaydaları" ilə müəyyən olunur.
57.4. Turistlərin və ekskursantların daşınması üçün daşıyıcılar müvafiq icra hakimiyyəti orqanlarının birgə müəyyən etdiyi qaydada akkreditasiyadan keçir və akkreditasiya kartları ilə təmin olunurlar. 
57.5. Turist avtonəqliyyat vasitəsinə tələblər "Avtomobil nəqliyyatı ilə turistlərin, ekskursantların və onların baqajlarının daşınması Qaydaları" ilə müəyyən edilir. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinin turistlərin və ya ekskursantların daşınması üçün istifadə edilməsi qadağandır.

Maddə 58. Turistlərin və ekskursantların daşınmasını həyata keçirən sürücülərin sertifikasiyası

58.1. Turistlərin və ekskursantların daşınmasını həyata keçirən sürücülərin bilikləri Nəzarət orqanı tərəfindən sertifikatlaşdırılır. Həmin sertifikatı əldə etməmiş daşıyıcı turistlərin və (və ya) ekskursantların daşınması ilə məşğul ola bilməz.
58.2. Turistlərin və ekskursantların daşınmasını həyata keçirən sürücülərin sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
58.3. Turist avtonəqliyyatı vasitələrinin işçiləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə turistlərin və ekskursantların daşınmalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar.

Maddə 59. Turistlərin və ekskursantların daşınması üçün akkreditasiya

59.1. Avtomobil nəqliyyatı ilə daşıma xidmətləri göstərmək istəyən şəxs daşıma xidmətlərinin göstərilməsi üçün lisenziya aldıqdan sonra turistlərin və ekskursantların daşınması sahəsində xidmət göstərmək üçün nəzarət orqanının nümayəndələrinin iştirakı ilə akkreditasiyadan keçir. Həmin akkreditasiya zamanı müvafiq daşıyıcının "Avtomobil nəqliyyatı ilə turistlərin, ekskursantların və onların baqajlarının daşınması Qaydaları"na uyğunluğu yoxlanılır.
59.2. Turistlərin və ekskursantların daşınması üçün akkreditasiyadan keçmiş daşıyıcılara onların turist avtonəqliyyatı vasitələrinin sayına uyğun olaraq akkreditasiya kartları verilir. 
59.3. Akkreditasiya kartının etibarlılıq müddəti xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddəti ilə eynidir. 
59.4. Turistlərin və (və ya) ekskursantların digər nəqliyyat vasitələri ilə daşınmasına akkreditasiya tətbiq olunmur.

Maddə 60. Turist avtonəqliyyatı vasitələrinin nəqliyyat sənədləri

60.1. Turist avtonəqliyyatı vasitəsi ilə daşımaların yerinə yetirilməsi üçün tələb edilən sənədlərin forması və rəsmiləşdirilməsi qaydası müvafiq olaraq "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" və "Avtomobil nəqliyyatı ilə turistlərin, ekskursantların və onların baqajlarının daşınması Qaydaları" ilə müəyyən olunur. 
60.2. Turist avtonəqliyyatı vasitəsindən istifadə edilməsi müvafiq formada tərtib edilən yol vərəqəsi ilə rəsmiləşdirilir.
60.3. Turistlərin və ekskursantların daşınması bilet və ya digər ödəniş sənədi əvəzinə qeyri-müntəzəm sərnişin daşınması üçün nəzərdə tutulmuş müvafiq formada tərtib edilən formulyar (sərnişinlərin siyahısı) ilə rəsmiləşdirilə bilər.
60.4. Turistlərin və (və ya) ekskursantların baqajlarının daşınması sərnişinlərin baqajlarının daşınması ilə eyni qaydada həyata keçirilir və baqaj qəbzi ilə rəsmiləşdirilir.

8-ci fəsil
Digər müddəalar

Maddə 61. Turizm sahəsində ictimai nəzarət

61.1.  Dövlət orqanları ictimai nəzarətin gücləndirilməsi üçün turizm sahəsində ictimai birliklərin və ya hüquqi şəxslərin ittifaqlarının yaradılmasına köməklik göstərirlər. Bu cür köməklik aşağıdakı formalarda həyata keçirilir:
61.1.1. nəzarət orqanı tərəfindən idarəetmə tələblərinin müəyyən edilməsi və tövsiyələrin verilməsi;
61.1.2. həmin ictimai birliyin və ya hüquqi şəxslərin ittifaqının nümayəndələrinin turizm sahəsində dövlət tərəfindən təşkil olunan tədbirlərə dəvət olunması;
61.1.3. turizm inkişaf fondları vasitəsi ilə maliyyə dəstəyinin və ya vasitəçilik xidmətlərinin göstərilməsi.
61.2.  Turizm infrastrukturu subyektləri özlərinin sahibkarlıq fəaliyyətinin əlaqələndirilməsi, həmçinin ümumi əmlak maraqlarının təmsili və müdafiəsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada birliklər yarada bilərlər.
61.3.  Turizm infrastrukturu subyektlərinin birlikləri təşkilati-hüquqi formasına görə ictimai birlik və ya hüquqi şəxslərin ittifaqı şəklində yaradıla bilər.
61.4.  Barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil olumuş turizm infrastrukturu subyektləri turizm üzrə həmkarlar ittifaqında birləşirlər.
61.5.  Turizm infrastrukturu subyektləri qeyri-kommersiya təşkilatı olan fondlar yarada bilərlər.
61.6.  Turistlər tur zamanı sərbəst yerdəyişmə azadlığını, istirahət-rekreasiya və başqa hüquqlarını həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ictimai birliklər yarada bilərlər.
61.7.  Turistlər birliyinin fəaliyyəti turizmin və özfəaliyyət turizminin təşkilinə və inkişafına, əhalinin turizm sahəsində maarifləndirilməsi, turistlərin hüquq və maraqlarının müdafiəsi, turizm infrastrukturu subyektlərinin fəaliyyəti barədə ictimai rəyin formalaşdırılmasına və digər vəzifələrin həllinə kömək etməyə yönəldilə bilər.

Maddə 62. Qanunun pozulmasına görə məsuliyyət

62.1.   Bu Qanunun pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət, inzibati və mülki hüquqi məsuliyyətə səbəb olur.
62.2.  Turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını, o cümlədən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunurlar. Bu cür qaydalar olmadıqda əməkdaşların intizam məsuliyyətinə cəlb olunması qadağandır.

Maddə 63. Qanunun qüvvəyə minməsi

63.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
63.2. Bu Qanun qüvvəyə mindiyi gündən "Turizm haqqında" Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli 674-IQ nömrəli Qanunu qüvvədən düşmüş hesab edilir.

 

2 May 2017, 09:10   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin