DESFA-nın SOCAR-a satılmayacağı dəqiqləşib

Yunanıstan hökumətinin kreditorlarla imzaladığı çərçivə sazişi qaz bazarının liberallaşdırılmasını və DESFA (Yunanıstanın qaz-nəqliyyat sisteminin operatoru - red.) şirkətinin səhmlərinin 66%-nin yalnız Avropa şirkətinə satışını nəzərdə tutur.

 

RİA "Novosti" agentliyi xəbər verir ki, bu barədə Yunanıstanın Energetika Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Kreditorlarla imzalanan çərçivə sazişi sentyabr ayınadək qaz bazarının liberallaşdırılmasına dair "yol xəritəsi"nin hazırlanmasını da nəzərdə tutur. "Qəbul olunan qərara əsasən, DESFA-nın 66%-nin ("Hellenic Petroleum" dövlət şirkətinə məxsus 35%, Dövlət Əmlakının İdarə olunması üzrə Fonda məxsus 31% satılacaq - red.) özəlləşdirilməsi planlaşdırılır. Saziş iki şərti özündə ehtiva edir. Birincisi, potensial investor yalnız Avropa şirkəti olmalı və yaxud üçüncü ölkələrin də daxil olduğu konsorsiumun iştirakçısı olmalıdır. İkincisi, özəlləşdirmədən sonra DESFA tam özəl bölgü modelinə əsaslanaraq fəaliyyət göstərməlidir", - deyə qurumun yaydığı məlumatda vurğulanıb.

 

Artıq HRADF özəlləşdirmə prosesi ilə bağlı məsləhətçinin seçiminə başlayıb. Prosesin ilin sonunadək başa çatması gözlənilir.

 

Qeyd edək ki, 2013-cü ilin iyun ayında DESFA-nın özəlləşdirilməsi ilə bağlı ilk tender keçirilib. Tenderin qalibi SOCAR elan olunub. Belə ki, SOCAR DESFA-nın səhmlərinin 66%-i üçün 400 mln. avro təklif edib. Lakin 2016-cı ilin noyabrında Avropa Komissiyası DESFA-nın nəzarət səhm paketinin SOCAR-a satılmasına razılıq verməyib. Qurum SOCAR-a payını 49%-dək azaltmağı təklif edib. Lakin rəsmi Afina səhm paketi üçün təklif olunan məbləği azaltmağa razı olmayıb.

 

© APA

2 May 2017, 16:29   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin