Azərbaycanda pensiyaçıların sayı açıqlandı

Azərbaycanın müasir əsaslarla fəaliyyət göstərən sosial müdafiə sistemi vasitəsilə üç ayrı istiqamət üzrə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailənin 546 min nəfər üzvü isə ünvanlı sosial yardım alır.

 

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib.

 

O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə sosial müdafiəyə xas olan bütün elementləri özündə cəmləşdirən əhatəli və ünvanlı sosial müdafiə sistemi formalaşıb:

 

"Ötən dövr ərzində bu sahədə ciddi islahat tədbirləri həyata keçirilmiş və sosial müdafiə sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində əsaslı nailiyyətlər qazanılıb. baycanda həyata keçirilən sosial siyasət ölkədə etibarlı sosial müdafiə sisteminin formalaşmasına, əhalinin müxtəlif təbəqələrinin, xüsusilə də aztəminatlı ailələrin və sosial cəhətdən həssas insanların həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaradıb. Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir və həssas əhali qruplarına münasibətdə Azərbaycan dövlətinin mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir".

 

O qeyd edib:

 

“Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, ölkənin sosial müdafiə sistemi geniş əhatəliyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynamaqla yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir və bu sistem vasitəsilə ödənilən pensiyalar, müavinətlər və sosial yardımlar həmin əhali təbəqəsinin gəlirlərinin artırılmasında mühüm rol oynayır. 2006-cı ildən ölkədə müasir əsaslarla fəaliyyət göstərən sosial müdafiə sistemi vasitəsilə üç ayrı istiqamət üzrə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailənin 546 min nəfər üzvü isə ünvanlı sosial yardım alır və bu insanlara nazirliyin yerli orqanlarının xətti ilə hər ay 316,3 milyon manat vəsait ödənilir. Bu etibarlı sistemin birinci istiqaməti üzrə bazar iqtisadiyyatı şəraitində sosial risklərdən sığorta prinsipi əsasında səmərəli qorunma mexanizmini özündə ehtiva edən, sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya sistemi vasitəsilə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyaları ödənilir".

 

S.Müslümov qeyd edib ki, sosial müdafiənin digər ayrıca istiqaməti kimi dövlət büdcəsindən maliyyələşdirilən sosial müavinətlər sistemi fəaliyyət göstərir. Bu müavinətlər əmək pensiyası almaq hüququ olmayan şəxslərə verilir və onların yaşayışını minimal səviyyədə təmin etmək və ya hansısa istiqamət üzrə konkret ehtiyaclarını qarşılamaq məqsədi daşıyır. Əhaliyə sosial ödənişlər sistemində tamamlayıcı amil qismində üçüncü istiqamət üzrə isə aztəminatlı əhalinin minimum maddi tələbatının ödənilməsinə yönəldilən ünvanlı dövlət sosial yardım proqramı həyata keçirilir. Dövlət büdcəsindən maliyyələşdirilən və aztəminatlı əhalinin gəlirlərinin ehtiyac meyarı ilə müəyyən olunan bəlli bir gəlir səviyyəsinin üzərinə çıxarılmasını nəzərdə tutan bu yardım sosial qeyri-bərabərliyin azaldılması, həmin əhali kateqoriyalarının istehlak və xidmətə əlçatanlığının artırılması üçün reallaşdırılan mühüm sosial müdafiə tədbiridir: “Qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının rolu və onun cəmiyyətin inkişafında əhəmiyyəti artmaqdadır. Bu texnologiyalar iqtisadiyyatda stimullaşdırıcı faktorla yanaşı cəmiyyətin müxtəlif sahələrində, o cümlədən sosial sahədə də sabitliyin və şəffaflığın yaranmasına şərait yaradır. Bu əsasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün fəaliyyət istiqamətləri üzrə müasir texnologiyalar və innovativ yeniliklərin geniş tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə söykənən kompleks tədbirlər həyata keçirilir ki, bu da sosial sferada modernləşməni, habelə uzunmüddətli maliyyə dayanıqlığı əsasında etibarlı sosial müdafiəni təmin etməyə imkan verir. Eyni zamanda nazirliyin sosial cəhətdən həssas əhali kateqoriyaları ilə işində qeyd olunan mühüm texnoloji innovasiyalar təbii olaraq əhaliyə göstərilən xidmətlərin elektron müstəvi üzərindən təşkili imkanlarını genişləndirmiş və bu əsasda nazirliyin böyük sosial tələbə malik 30-dək elektron xidməti istifadəyə verilmişdir. Cari ilin birinci rübündə “Elektron hökumət” portalı vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən 2 milyon 607 min dəfə istifadə olunmuşdur ki, bu da ölkə üzrə bu portal vasitəsilə bütün elektron xidmətlərdən istifadənin 52,6 faizini təşkil edir.”

Nazir vurğulayıb ki, iqtisadiyyatın sosialyönümlü inkişafında məşğulluq amilinin ön planda saxlanılması, aztəminatlı ailələr üçün passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçid, hər bir əməkqabiliyyətli ölkə vətəndaşının səmərəli məşğulluq imkanlarına malik olmasına şərait yaradılması Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikanın sosial-iqtisadi inkişaf modelini formalaşdıran siyasətinin əsas prioritetlərindən biridir. Nəticədə ölkənin əmək ehtiyatlarından dolğun istifadə, əhalinin məşğulluğu dövlətin sosial firavanlığın təminatına yönələn siyasət kursunun aparıcı bir sahəsi kimi formalaşaraq, ölkədəki iqtisadi inkişaf proseslərinin və islahatların səmərəlilik göstəricisi kimi çıxış edir. Bunun əməli təsdiqi kimi iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi şəraitində əməktutumlu sahələrin yaradılması, iri infrastruktur layihələrinin icrası, özəl sektorun, xüsusən kiçik və orta sahibkarlığın genişlənməsinə yönələn investisiya fəallığının, digər tərəfdən, regionların inkişafının hərtərəfli dəstəklənməsi ölkədə yeni iş yerlərinin açılmasını daimi prosesə çevirib. Ümumilikdə son 13 il ərzində qeyri-neft iqtisadiyyatının genişləndirilməsi şəraitində 1,5 milyondan çox yeni iş yerinin yaradıldığı ölkəmizdə əmək bazarında sabitliyə və işsizliyin 5 faizədək azaldılmasına nail olunub: “Dövlət məşğulluq siyasətinin bütün istiqamətlər üzrə gücləndirilməsi çərçivəsində əmək bazarı proqramlarının genişləndirilməsi, ölkədə ailə biznesinin inkişaf etdirilməsi baxımından dövlət başçısının 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı ilk dəfə ölkəmizdə dövlət səviyyəsində icra edilən proqram mühüm əhəmiyyətə malikdir. İcrasına start verilmiş bu özünüməşğulluq proqramına ölkə üzrə təqribən 1400-dən çox ailə cəlb olunub ki, bu məqsədlə 6 milyon manat vəsait ayrılıb. Hazırda praktik icra mərhələsində olan bu proqram təkcə məşğulluğun təminatı məqsədinə deyil, həm də kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib.


“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə bu sahədə ayrıca sosial sığorta sisteminin tətbiqi və bu əsasda adekvat maliyyə təminatının formalaşması nəticəsində ölkə üzrə məşğulluq tədbirlərinin əhəmiyyətli şəkildə genişləndirilməsi nəzərdə tutulur”.

5 May 2017, 11:03   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]