“Payim” kolbasaları da təhlükəli elan edildi

Bakı şəhərində antisanitar şəraitdə saxlanılan, yararlıq müddəti bitmiş kolbasa məmulatlarının müayinəsi başa çatmışdır

 

Xəbər verdiyimiz kimi, 5 may 2017-ci il tarixində alınmış məlumat əsasında Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarına baxış keçirilmişdir.

 

Dövlət Baytarlıq Xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, baxış zamanı 20 kvadrat metr sahəsi olan, havalandırma və soyuducu sistemi olmayan qarajda temperatur rejiminə əməl edilməyən, qeyri-qanuni, antisanitar şəraitdə ümumi çəkisi 100 kq olan yararlıq müddəti bitmiş kolbasa məmulatlarının saxlanıldığı və satıldığı aşkar olunmuşdur. İlkin araşdırma zamanı qarajda “Payim” firmasının istehsal etdiyi yararlıq müddəti bitmiş, kiflənmiş və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və yarım hisə verilmiş ”Xlbmaya” kolbasa məmulatlarının olması müəyyən edilmişdir.

 

Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları qarajda aşkar edilmiş kolbasa məhsullarından baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişlər.

 

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella aboreus, salmonella typhimurium) aşkar edilmişdir. Bakterioloji və biokimyəvi müayinələrin nəticəsinə əsasən yoxlanılan nümunələrin insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilmişdir.

 

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, baytarlıq-sanitariya cəhətdən yararsız olan,qarajda temperatur rejiminə əməl edilməyən, soyuducusu olmayan, istifadəyə yararlıq müddəti bitmiş, qeyri-qanuni, antisanitar şəraitdə saxlanılan və satılan ümumi çəkisi 100 kq olan kolbasa məmulatları barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

 

11 May 2017 , 08:26   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin