Çin Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə edəcək
“Bir kəmər- bir yol” strategiyası çərçivəsində beynəlxalq forumda iştirak etmək üçün Pekində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Çinin Ninsia-Huy Muxtar Rayonunun kommersiya idarəsinin rəis müavini Kun Quoxua və vilayətin dövlət sərhəd-buraxılış məntəqəsinin rəis müavini Cu Dun ilə görüşüb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, görüşdə iki ölkə arasında böyük maraq kəsb edən nəqliyyat, o cümlədən dəmir yolu ilə yük daşımaları sahəsində əməkdaşlıqdan danışılıb.
Çinin dəmir yolu daşınmalarında əhəmiyyətli çəkiyə sahib olan Ninsia-Huy Muxtar Rayonunun rəsmiləri əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etmək arzusunda olduqlarını bildirdilər. Onlar Çinin şimal hissəsində yerləşən vilayətlərdə istehsal olunan məhsulların Şərqi Avropaya, Yaxın Şərq ölkələrinə, habelə Türkiyə və Gürcüstana çatdırılması üçün Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlana biləcəklərini qeyd ediblər.
C.Qurbanov Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Azərbaycanın nəqliyyat-logistika imkanları, o cümlədən inşası bu il başa çatacaq və Asiya ilə Avropa arasında ən qısa dəmir yolu əlaqəsini təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər-bir yol” strategiyasının iki istiqamətindən biri olan və tarixi İpək yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər.
C.Qurbanov Azərbaycanın Çin tərəfinə yüklərin Azərbaycan üzərində daşınmasına hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. O, bu istiqamətdə məsələləri müzakirə üçün Ninsia-Huy Muxtar Rayonun nümayəndə heyətini Azərbaycana səfərə dəvət edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
14 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
16 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl