"Regionlardan vergi daxilolmaları 16 dəfə artmışdır"

Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərovun müsahibəsi 

 

- Elçin müəllim, son illər dövlət regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirir və bu sahədə böyük dəyişikliklər baş vermişdir. Bəs bu dəyişikliklər regionlardan vergi daxilolmalarında özünü necə göstərir?

 

- Regionların inkişaf etdirilməsi ilə bağlı 2004-cü ildən başlanılmış siyasətin davamı olaraq təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasına, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yeni müəssisələrin və iş yerlərinin yaranmasına, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə səbəb olmuşdur. Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu il respublikanın 33 şəhər və rayonu öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan vergilərin hesabına formalaşdırmalıdır.

 

Regionların inkişafı ilə bağlı qəbul edilmiş və uğurla həyata keçirilən dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, regionlardan büdcə daxilolmalarının artmasına imkan vermişdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, regionlardakı vergi ödəyicilərinin əksər hissəsinin fəaliyyəti kənd təsərrüfatı ilə əlaqədardır və  1999-cu ildən bu sahənin, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunmasına baxmayaraq, 2016-cı ildə vergi daxilolmaları 600,8 milyon manat təşkil etmişdir. Halbuki Dövlət  Proqramının qəbulundan əvvəlki  2003-cü ildə bu rəqəm 37,7 milyon manat idi. Beləliklə, son 15 ildə regionlardan vergi daxilolmaları 16 dəfə artmışdır. Burada, necə deyərlər, şərhə ehtiyac yoxdur.

 

- Qeyd etdiniz ki, regionlardakı vergi ödəyicilərinin çoxu kənd təsərrüfatı sektorunda fəaliyyət göstərir. Bu sahədə son dövrlər atılan addımlar barədə nə deyə bilərsiniz?

 

- Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verməsinə, fəallığın yüksəlməsinə səbəb olmuşdur.

 

Aparılan təhlillər, nüfuzlu beynəlxalq qurumların hesabatları bir daha təsdiq edir ki, hazırda respublikamızda qeyri-neft sektorundan ixracın artım tempi bu sahənin öz inkişaf sürətinə tam uyğundur. Qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan aqrar sektorun  daha da inkişaf etdirilməsi məqsədilə investisiya layihələrinin reallaşdırılmasına, güzəştli kreditlərin, subsidiyaların verilməsinə, kənd təsərrüfatının inkişafının stimullaşdırılmasına şərait yaradan qanunvericilik bazasının formalaşdırılmasına xüsusi diqqət yetirilir.

 

Ölkəmizin müxtəlif bölgələrində yaradılan sənaye məhəllələrinə vergi güzəştlərinin verilməsi, aqrar parkların yaradılması infrastruktur şəbəkələrinin genişləndirilməsinə, aqrar sahədə məhsul istehsalının həcminin artırılmasına, qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsinə və diversifikasiyasına, eləcə də ölkənin xarici ticarət dövriyyəsinin artmasına böyük töhfələr vermişdir. Son illərdə  aqrar sektorda rəqabət qabiliyyətli məhsulların istehsalını artırmaq yolu ilə respublikamıza valyuta axınını təmin etmək, qeyri-neft sektorunun inkişafı hesabına bir çox məhsul növləri üzrə idxaldan asılılığı aradan qaldırmaq yolunda mühüm nailiyyətlər əldə olunub. Görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində son illərdə  kənd təsərrüfatında iqtisadi inkişaf prosesinin artım tendensiyası müşahidə olunmaqdadır.  Regionlarda pambıqçılıq, baramaçılıq, ipəkçiliklə bağlı son dövrlər müşahidə edilən fəallıq, eləcə də qeyri-neft sektorunun ixracı ilə bağlı atılan addımlar öz müsbət nəticələrini verir. 2017-ci ilin birinci rübü ərzində qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artmışdır. Sahibkarlığın təşviq edilməsi məqsədilə qısa müddət ərzində investisiya təşviqi üzrə 130 sənəd verilmiş və proqram çərçivəsində ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində sərmayə qoyulmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilmiş qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısının regionlarda fəaliyyət göstərən sahibkarlarımızın qarşısında qoyduğu vəzifələrin icrası iqtisadiyyatın şaxələndirilməsi, gələcəkdə davamlı inkişafın qeyri-neft sektoru hesabına təmin edilməsi üçün ölkənin qeyri-neft ixrac potensialının inkişafına mühüm töhfə olacaqdır.

 

- 2017-ci ilin birinci rübü ərzində regionlarda fəaliyyət göstərən vergi ödəyiciləri üzrə proqnoz tapşırıqlarının icrası barədə nə deyə bilərsiniz?

 

- Regionlarda infrastrukturun inkişafı, yeni iş yerlərinin açılması, ixrac potensialının genişləndirilməsi yalnız bütün vergilərdən azad edilmiş kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinin deyil, həmin ərazilərdə digər fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicilərinin də iqtisadi aktivliyinə səbəb olmuşdur. 2017-ci ilin birinci rübündə ümumi dövriyyələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,1 faiz artmışdır. Pərakəndə ticarət sahəsindən vergi daxilolmaları 6,9 faiz, xidmət sahəsində isə 30,6 faiz  artmışdır.  

 

İslahatlar iqtisadi sistemin şəffaflaşmasına, əlverişli biznes mühitinin formalaşmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin cəlb­ediciliyinin artırılmasına şərait yaratmış, bütün bunların nəticəsində 2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları üzrə 20 mindən yuxarı vergi ödəyicisi fəaliyyətini bərpa etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,1 dəfə çoxdur. Cari ilin birinci rübündə fəaliyyətini bərpa edən obyektlərin sayında 2 dəfə artım olmuşdur.

 

2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 155,4 milyon manat proqnoza qarşı 176,6 milyon manat vəsait daxil olmaqla proqnoz tapşırığına 113,6 faiz əməl olunmuş, o cümlədən yerli mənbələr üzrə dövlət büdcəsinə 113,8 milyon manat proqnoza qarşı 135,1 milyon manat vəsait daxil olmuş və ya proqnoz tapşırığına 118,8 faiz əməl edilmişdir.

 

Ərazi vergi orqanlarının əhatə dairəsinə daxil olan bütün rayon və şəhərlər üzrə proqnoz tapşırıqları, o cümlədən  dövlət büdcəsindən  dotasiya tələb etmədən öz gəlirləri hesabına xərclərinin ödənilməsinin təmin edilməsi nəzərdə tutulmuş 33 rayon (şəhər) üzrə proqnoz tapşırıqları tam icra olunmuşdur.

 

 -  Bu ilin əvvəlinə bir sıra vergi ödəyicilərinin borcları silindi. Regionlar üzrə belə vergi ödəyicilərinin sayı nə qədər olmuşdur?

 

- Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, vergi yükünün optimallaşdırılması məqsədilə  ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Qanun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılması, onların sərəncamında olan vəsaitlərin həcminin artırılması, sahibkarlığın inkişafının stimullaşdırılması və daha əlverişli biznes mühitinin formalaşdırılması üçün əlavə imkanlar yaratmışdır.

 

Qanuna əsasən, regionlarda qeydiyyatda olan 38.111 vergi ödəyicisinin 1 yanvar 2017-ci il tarixə olan 107 milyon manat borcu silinmişdir ki, bu da vergi ödəyiciləri tərəfindən rəğbətlə qarşılanmış və sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılmasına, onların sərəncamında olan vəsaitlərin həcminin artmasına şərait yaratmışdır. Bundan əlavə, 3285 vergi ödəyicisi tərəfindən maliyyə sanksiyaları üzrə borclarının müəyyən faizi ödənilərək, onların daha 4,8 milyon manat borclarının silinməsi də təmin edilmişdir.

 

- «Nağdsız hesablaşmalar haqqında» Qanunun icrası ilə bağlı işlər nə yerdədir?

 

- Nağdsız əməliyyatların həcminin artması, bankların maliyyə vəziyyətinin yaxşılaşması, pul dövriyyəsinin tənzimlənməsi, onların likvidliyinin və büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsi məqsədilə «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir və bu Qanunun tələblərinin pozulmasına görə maliyyə sanksiyasının tətbiq olunması ilə bağlı Vergi Məcəlləsinə müvafiq maddə daxil edilmişdir.

 

Təhlillər göstərir ki, hələ də bəzi vergi ödəyiciləri əməliyyatlarını nağd şəkildə aparmaq vərdişindən əl çəkməmişlər və bununla əlaqədar ərazi vergi orqanları tərəfindən maarifləndirmə və izahat işləri davam etdirilməkdədir.

 

Uzun illər ərzində nağd hesablaşmalara öyrəşən insanlar üçün nağdsız ödənişlərə keçidin bəzi suallar yaratması təbii və başadüşüləndir. Ona görə də dövlət bu məsələdə kifayət qədər təmkin və dözümlülük nümayiş etdirir. Xatırlatmaq yerinə düşər ki, nağdsız ödənişlərin həcminin artırılması ilə bağlı uzun illər müzakirələr aparılmış və hələ 2011-ci ilin noyabr ayında ölkə başçısı Nazirlər Kabinetinin ilin doqquz ayının yekunları ilə bağlı iclasındakı çıxışında bu məsələ ilə bağlı siyasi iradəsini və konkret mövqeyini açıq şəkildə bildirmişdir.

 

Hazırda dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində maliyyə axınları şəffaf həyata keçirilir və nağdsız ödənişlərin xüsusi çəkisi 60-80 faiz təşkil edir. Bəzi Skandinaviya ölkələri isə hətta bir neçə il əvvəl tezliklə nağd puldan ümumiyyətlə imtina etmək niyyətində olduqlarını bəyan etmişlər.

 

Sirr deyil ki, nağd hesablaşmaların xüsusi çəkisinin çox olduğu ölkələrdə terrorçuluğun maliyyələşdirilməsi, korrupsiya və rüşvətin geniş vüsət alması bu kimi neqativ hallara qarşı mübarizəni çətinləşdirir. Nağdsız ödənişlərin həcminin artırılması, ilk növbədə, pul dövriyyəsinin tənzimlənməsinə müsbət təsir göstərməklə yanaşı, maliyyə sektorunda kifayət qədər canlanma yaradacaq, vergidən yayınma hallarının azalmasına gətirəcək və təbii ki, həm də vergi daxilolmalarının artmasına birbaşa təsir edəcək.

17 May 2017, 11:30   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, info@marja.az