“Şahdəniz-2” çərçivəsində əlavə 16 milyard kubmetr qaz hasil olunacaq”

“Bu gün tarixdə qalacaq. Çünki biz bu gün “Şahdəniz” platformasının üst hissələrini rəsmi qaydada açıq elan edirik. Bir neçə gündən sonra bu nəhəng qurğular dənizə göndəriləcək və “Şahdəniz” yatağında quraşdırılacaq. Bu, böyük tarixi hadisədir. Çox sevindirici haldır ki, bu nəhəng qurğular yüz faiz Azərbaycanda inşa edilibdir. Bir neçə il bundan əvvəl, xüsusilə “Şahdəniz” yatağı üzrə kontrakt imzalananda, bunu təsəvvür etmək belə mümkün deyildi”. 

 

Bunu “Şahdəniz Mərhələ 2” üçün inşa olunan yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

“Onu da qeyd etmək istəyirəm ki, “Şahdəniz” üzrə kontrakt 21 il bundan əvvəl iyun ayında Xəzər neft və qaz sərgisi zamanı imzalanmışdır. Artıq 21 ildən sonra biz bax, bu tarixi günü qeyd edirik. Bütün bu qurğular Azərbaycanda inşa edilib. Mənə verilən məlumata görə, bu qurğuların inşasında çalışanların əksəriyyəti - 90 faizi Azərbaycan vətəndaşı olub. Yəni, bu illər ərzində gözəl kadr potensialı yetişib və bu, əlbəttə, ölkəmizin enerji potensialını, iqtisadi potensialını gücləndirəcək. Çünki təkcə “Şahdəniz-2” layihəsi çərçivəsində əlavə 16 milyard kubmetr qaz, eyni zamanda, kifayət qədər kondensat hasil ediləcək. Hasil ediləcək bütün bu təbii resurslarla bağlı kontraktlar imzalanıb, onların müştəriləri var və inşa edilən Cənub Qaz Dəhlizi vasitəsilə dünya bazarlarına çıxarılacaq. İcra olunan layihələrin hər biri ayrılıqda tarixi hadisədir - TANAP, TAP, Cənub Qaz Kəməri, “Şahdəniz-2” layihəsi, bu platformaların tikintisi, bu yaxınlarda Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışı. Bir daha qeyd edirəm ki, bunların hər biri ayrılıqda tarixi layihədir. Amma bunlara birlikdə baxanda görürük ki, Azərbaycanda nə qədər böyük potensial yaranıb”, - deyə o vurğulayıb.

 

1 İyun 2017 , 13:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin