Strateji Yol Xəritəsində İPO-ya yaşıl işıq

Dövlət şirkətlərinin ayrı-ayrı hissələrini  özəl kapitalın iştirakı üçün səhmlərin ilkin kütləvi təklifinə (İPO) çıxarmaq mümkündür.

“Marja” xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyatının Strateji Yol Xəritəsində deyilir.

 

-Strateji Yol Xəritəsində sektorlar üzrə özəlləşdirməyə dair əsaslı yanaşmanın müəyyənləşdirilməsinə də yer verilmişdir (müvafiq sektorlarda daha ətraflı bəhs edilir). Bu baxımdan, Strateji Yol Xəritəsi üzrə aparılmış təhlillərdən əldə edilmiş nəticələr həyata keçirilən davamlı tədbirləri daha da gücləndirmək üçün əlavə perspektivlər verə bilər. Bu nəticələr iqtisadi sektorlara, məsələn, neft–qaz, kommunal xidmətlər, ağır sənaye və maşınqayırma, logistika və turizm sektorlarına dair strateji yol xəritələrində verilən məlumatlara əsaslanır. “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi vasitələrindən biri kimi, bu sektor üzrə güzəştlər, vergiqoyma prosedurları və kapital bazarlarının tənzimləyici infrastrukturunun yaradılması və inkişaf etdirilməsi neft-qaz sektoruna dair müvafiq bölmədə müəyyən edilmişdir. Bu istiqamətdə maliyyələşmə imkanlarından, məsələn, kapital bazarlarından səmərəli şəkildə yararlanmaq neftqaz sektorunda dövlət müəssisələri üzrə sağlam maliyyə göstəricilərini, məhsuldarlığın artırılmasını və səmərəliliyi təmin edə bilər (şəkil 30). Buna görə də kapitala çıxış imkanlarını yüksəltmək məqsədilə milli neft şirkətlərinin yerli və ya 75 beynəlxalq bazarlarda qiymətli kağızların emissiyası yolu ilə borclanması, yaxud yerli birjalarda səhm buraxması təcrübələri nəzərə alına bilər. Bu yanaşmanı həyata keçirərkən şirkətləri tam şəkildə deyil, onların ayrı-ayrı hissələrini (məsələn, yanacağın pərakəndə satışı və ya polimer istehsalı) özəl kapitalın iştirakı üçün səhmlərin ilkin kütləvi təklifinə (İPO) çıxarmaq mümkündür.

 

Kommunal xidmətlər sahəsində səmərəliliyin və keyfiyyət səviyyəsinin təmin edilməsi məqsədilə özəl sektorun iştirakı nəzərdən keçirilə bilər. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edildiyi kimi, dəyər zənciri üzrə elektrik enerjisinin istehsalının, ötürülməsinin, paylanmasının və satışının bir-birindən ayrılması və liberallaşdırılması dünya təcrübəsində artıq sınaqdan keçirilmişdir. Bu təcrübə göstərir ki, elektrik enerjisi sektorunun liberallaşdırılması müxtəlif yollarla, o cümlədən

1) “Tik–idarə et–təhvil ver” (TİT modeli);

2) tam özəlləşdirmə;

3) idarəetməyə verilmə;

4) açıq tipli səhmdar cəmiyyətinə çevrilmə və ya

5) konsessiya müqaviləsi əsasında reallaşır.

Bu sektorda özəlləşdirmə, əsasən, istehsal (strateji obyektlər istisna olmaqla) və satış sferalarını əhatə edə bilər. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə göstərilən təşəbbüslərin səmərəli şəkildə reallaşdırılması üzrə qiymətləndirmə prosesi təmin edilməlidir. Bu məqsədlə, düzgün prioritetlərin müəyyən olunması ilə müşayiət edilən sistemli yanaşmanın tətbiqi nəzərdə tutulur. Müvafiq Strateji Yol Xəritəsində müəyyən edilən mərhələli 76 yanaşmada müəyyən istehsal aktivlərinin səmərəliliyinin artırılması üçün özəl müəssisələrə diqqət yetirilir və özəl sektorun iştirakçılığını təmin etmək üçün yaradılan istehsal aktivləri prioritetlər üzrə sıralanır. Rəqabətqabiliyyətli enerji alışı müqavilələri, özəlləşdirmə üçün hərraclar və yeni istehsal lisenziyaları vasitəsilə özəl sektorun səmərəli əməliyyat və icra göstəricilərinin təmin edilməsi istehsal portfelində qiymətləndirmə üçün potensial sahələrdir. Burada, həmçinin regionlarda elektrik enerjisinin paylanması fəaliyyətinin seçmə üsulla özəlləşdirilməsi nəzərə alına bilər.

 

“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, səmərəliliyi artırmaq məqsədilə istifadə edilməyən aktivlərin daha səmərəli istifadəsini təmin etməyin bir metodu kimi, bu sahədə özəl sektorun iştirakçılığı nəzərdən keçirilə bilər. Potensial rəqabət üstünlüyü və aşağı investisiya tələbi olan istifadəsiz aktivlərin canlandırılması, həmçinin gəlir əldə etmək və daha yaxşı idarəetmə qurmaq üçün bu aktivlərin səhmlərinin özəl şirkətlərə satılması yolu ilə bu sahələrdə özəl sektorun xüsusi çəkisinin artırılması məsələsi qiymətləndirilə bilər. Həmçinin, böyük investisiya tələb edən və məhdud rəqabət üstünlüyünə malik olan istifadəsiz aktivlərin sağlamlaşdırılması, zərurət olduğu hallarda, torpaq və aktivlərin satılması və təyinatının dəyişdirilməsi vasitəsilə özəl sektorun sərəncamına verilməsi metodu da nəzərdən keçirilə bilər. Bu sahə üzrə özəlləşdirmə idxalın tədricən əvəz edilməsinə və gələcəkdə qlobal dəyər zəncirinə qoşulmağa istiqamətlənməlidir.

 

“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin mexanizmlərindən biri də özəl sektorun logistika sahəsində xüsusi çəkisinin artırılmasıdır. Həmin Strateji Yol Xəritəsində nəzərdə tutulan sektoral yanaşmada bu sahənin də potensial imkanlarından yararlanmaq olar. Qabaqcıl təcrübəyə malik bəzi ölkələrdə 30 il ərzində logistika sahəsində xeyli dövlət aktivləri özəlləşdirilmişdir. Təcrübə göstərir ki, özəl sektorun logistika sahəsində iştirakı əməliyyat gəlirləri üzrə marjanın, kommunikasiyanın şəffaflığının və açıqlığının, həmçinin xidmətlərin səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu həm də dövlət üçün daha yüksək gəlirlilik göstəricilərinin təmin olunması və bu sektorun rentabelliyinin təmin edilməsi deməkdir. Logistika üzrə özəl sektorun xüsusi çəkisinin artırılması bu sahədə rəqabət mühitini sağlamlaşdıraraq, regional və beynəlxalq turizmin inkişafı üçün də ciddi təkan ola bilər. Azərbaycanda mədəni turizm, sağlamlıq turizmi, ekoturizm, kənd turizmi kimi turizm növləri üzrə tələbatın artırılması və qış turizminin inkişafına dəstək verilməsi kimi islahatların aparılması turizmlə bağlı digər altsektorların daha da inkişaf etdirilməsi strategiyası ilə bağlıdır. Turizmin inkişafında özəl sektorun iştirakının genişləndirilməsi istiqamətində atılacaq addımlar sırasında dövlət mülkiyyətində olan Şahdağdakı mehmanxanalardan başlamaqla, qış kurortlarının özəlləşdirilməsi məsələsi də nəzərdən keçirilə bilər. Peşəkar mehmanxana şəbəkələrindən idarəetmə heyətinin cəlb edilməsi və ya mövcud idarəetmə sisteminə əlavə inzibati çevikliyin gətirilməsi üçün özəlləşdirmə potensialı və özəlləşdirmə şərtləri qiymətləndirilməlidir.

9 Dekabr 2016 , 18:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin