Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Prezident İlham Əliyev Natiq Əliyevin ölümü ilə bağlı nekroloq imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident İlham Əliyev Natiq Əliyevin ölümü ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev energetika naziri Natiq Əliyevin ölümü ilə bağlı nekroloq imzalayıb.

 

Reklam_3_11

"Marja"nın xəbərinə görə, nekroloqda deyilir:

 

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının energetika naziri Natiq Ağaəmi oğlu Əliyev 2017-ci il iyunun 9-da ömrünün 70-ci ilində vəfat etmişdir.

 

Natiq Əliyev 1947-ci il noyabr ayının 23-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1965¬–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda dağ mühəndis-geoloqu ixtisası üzrə ali təhsil almışdır. Natiq Əliyev 1971–1974-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında oxumuş və 1975-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 2008-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcələrini almışdır.

 

Əmək fəaliyyətinə 1970-ci ildən etibarən “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin “Azərdənizneftkəşfiyyat” trestində texnik-geoloq kimi başlayan Natiq Əliyev 1974–1976-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Geologiya İnstitutunun kiçik elmi işçisi, 1976–1979-cu illərdə Elmlər Akademiyası “Xəzər” elmi mərkəzinin kiçik elmi işçisi və baş elmi işçisi olmuşdur. O, 1979-cu ildə “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin Kompleks dəniz geoloji kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi təyin olunaraq 1984-cü ilədək bu vəzifədə çalışmış, 1984–1991-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft və kimya sənayesi şöbəsində təlimatçı və bölmə müdiri işləmişdir.

 

1993-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilən Natiq Əliyev 2005-ci ilədək həmin vəzifəni tutmuş, 2005–2013-cü illərdə Azərbaycan Respublikasının sənaye və energetika naziri, 2013-cü ildən ömrünün sonunadək isə energetika naziri olmuşdur.

 

Natiq Əliyev uzun illər Azərbaycanın milli maraqlarının qorunması üçün bilik və bacarığını əsirgəməyərək, özünün yüksək peşəkarlığı və təşəbbüskarlığı sayəsində ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Respublikamızın 1994-cü ilin sentyabrında dünyanın transmilli şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” ilə başlanan yeni neft strategiyasının uğurla həyata keçirilməsində, neft-qaz sazişlərinin imzalanmasında, Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum kimi qlobal layihələrin reallığa çevrilməsində və bütövlükdə Azərbaycanın enerji sahəsində tarixi nailiyyətlər qazanmasında Natiq Əliyevin özünəməxsus xidmətləri vardır. O, qlobal enerji təhlükəsizliyi layihəsi sayılan “Cənub Qaz Dəhlizi” üzrə əməkdaşlıq münasibətlərinin qurulması və layihənin yerinə yetirilməsi işinə layiqli töhfələr vermişdir.

 

Natiq Əliyevin tədqiqatçı-alim olaraq Xəzər dənizində neft-qaz yataqlarının axtarışı və kəşfiyyatına, eləcə də enerji sektorunun ayrı-ayrı məsələlərinin öyrənilməsinə dair 100-dən artıq sanballı elmi araşdırması mütəxəssislər tərəfindən rəğbətlə qarşılanmışdır.

 

Beynəlxalq enerji siyasəti sahəsində tanınmış mütəxəssislərdən olan Natiq Əliyevin Azərbaycanın sosial-iqtisadi yüksəlişi və enerji təhlükəsizliyinin təmin olunmasında, enerji resurslarından istifadənin səmərəliliyinin artırılması işlərinin əlaqələndirilməsində, neft sənayesinin və energetikanın inkişafında səmərəli xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra xarici ölkələrin mötəbər mükafatlarını almış, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən “Şöhrət” ordeninə layiq görülmüşdür.

 

Tanınmış ictimai-siyasi xadim, Əməkdar mühəndis, bacarıqlı təşkilatçı və təvazökar insan Natiq Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

Allah rəhmət eləsin!"

İlham Əliyev

Mehriban Əliyeva

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Yaqub Eyyubov

Valeh Ələsgərov

Hacıbala Abutalıbov

Akif Əlizadə

Şahin Mustafayev

Rövnəq Abdullayev

Xoşbəxt Yusifzadə

Etibar Pirverdiyev

Balababa Rzayev

Natiq Abbasov

Mərhumun cənazəsi vidalaşmaq üçün 2017-ci il iyunun 10-da saat 12.00-dan 14.00-dək Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin binasında (Rəşid Behbudov küçəsi, 3) qoyulacaq.

Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcək.

09.06.2017 14:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ