Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Azərbaycanda turizmin bütün sektorlarında peşəkar kadr problemi var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda turizmin bütün sektorlarında peşəkar kadr problemi var"

"Mədəniyyət və Turizm Nazirliyinin özündə də peşəkar kadr çatışmazlığı mövcuddur. Turizm nazirliyin balansından çıxarılmalı, Azərbaycan Turizm Assosiasiyası əsas qurum olmalıdır"

 

  Turizm üzrə ekspert İldırım Musayevin  müsahibəsi:

 

- Uzun illərdir bu sahədə çalışan və eyni zamanda, ali məktəblərdə turizmin elmi əsaslarını öyrədən mütəxəssis kimi turizmin ölkə üçün əhəmiyyətini necə dəyərləndirərdiniz?

 

- Turizm dünya məşğulluğunun 10 faizini təşkil edir. Bu gün turizmin inkişafına təkan verən və onu geri atan amillər var. Mərkəzi Avropada yerləşən Avstriyanın 83 min kvadrat kilometr ərazisi var. Əhalisinin sayı da demək olar Azərbaycan əhalisinin sayına bərabərdir və bizim kimi bir ölkədir. Lakin Avstriyanın turizmdən əldə etdiyi gəlir 20 milyard dollardan çoxdur. Digər bir nümunə kimi neft ölkəsi Norveçi göstərə bilərik. Bu ölkənin neft hasilatı Azərbaycandan təxminən iki dəfə çoxdur. Norveçdə hava hər zaman tutqun olur. Ancaq turizmdən əldə etdikləri gəlir 6 milyard dollardan çoxdur. Norveç alimlərinin hesablamalarına görə, bir turistin dövlətə verdiyi gəlir 3 ton neftin satışından əldə olunan gəlirdən çoxdur. Ancaq 3 ton neftin ölkəyə vurduğu ziyan isə bir turistin vurduğu ziyandan dəfələrlə artıqdır.

 

- Bəs, Azərbaycanda turizmin inkişafına mane olan amillər hansılardır?

 

- Turizm Azərbaycanda iqtsadiyyatının prioritet sahəsi olmalıdır. Bir turizmçi olaraq düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyev öz göstərişləri, imzaladığı sərəncam və fərmanlar, irəli sürdüyü proqramlarla turizmin inkişafına birbaşa köməklik göstərir. Azərbaycanda Gənclər, İdman və Turizm Nazirliyi 2001-ci ildə fəaliyyət göstərməyə başlayıb. 2006-cı ildə isə turizm və mədəniyyət sahəsi birləşdirilib və Mədəniyyət və Turizm Nazirliyiyaradılıb. Turizm bazarının vəziyyətini öyrənmək üçün üç il kifayət idi. Nəticə etibarilə vəziyyəti öyrənib turizm infrastrukturlarımızı yaratmalıydıq. 

 

Azərbaycanda hotellərin tikintisi əsasən 1994-cü ildən başlandı. Amma peşəkar kadrların hazırlığı məsələsi yaddan çıxarıldı. Bu otellərin ulduzuna, şəraitinə uyğun peşəkar kadrları da yetişdirilməliydi. Lakin Türkiyədən, Almaniyadan kadrlar gətirildi. Ancaq onlar bizim mentalitetimizə uyğun olmayan istiqamət götürdülər və kadrlarımızın yetişdirilməsində heç bir rol oynamadılar. Yeni texnologiyalar gətirsələr də, bunlar sahənin inkişafı üçün azlıq etdi. 

 

1999-cu il iyunun 4-də "Turizm haqqında" qanun qəbul edilib. Hansısa bir sahəni inkişaf etdirmək üçün bunun üçün qəbul edilmiş qanunlara əməl olunmalıdır. Bundan başqa, turizmlə bağlı proqramlar da qəbul olunub. Əgər qanunumuz, proqramlarımız olmasına rəğmən, turizmi inkişaf etdirə bilməmişiksə, deməli, idarəetməni pis qurmuşuq. Yəni düzgün idarəçilik olsaydı, yüksək uğurlar əldə edə bilərdik. Çünki Azərbaycanın təbiəti, yerləşdiyi ərazi çox gözəldir. Dənizi, çayları, qoruqları, milli parkları var.

 

- İldırım müəllim, peşəkar kadrları hazırlamaq üçün hansı addımlar atılmalıdır?

 

- Bu gün Azərbaycanda hoteldə işləyən gənclərə 40 ildən yuxarı təcrübəsi olan şəxs kimi nəsə öyrətməyə çalışanda "məni belə öyrədiblər" deyir. Avropada masa xidməti standartları ən yüksək səviyyədədir. Mən bu sahədə kitab yazan insanam. Türkiyədən hansısa kababxanadan gələn birini restoranın müdiri qoyublar, onun öyrətdiyi insana da masa xidmətinin əslində necə olmalı olduğunu başa sala bilmirəm. Mən hələ mehmanxa işinin təşkili və metodikasından dərs deyən zaman peşəkar kadrların hazırlanması üçün tədris bazasının zəruriliyi barədə nazirə müraciət etmişdik. Həmin vaxtdan düz 15 il keçib. Mədəniyyət və Turizm Nazirliyinin kadrlar hazırlamaq və regionlara göndərmək üçün bir oteli belə yoxdur. Axı biz niyə xaricdən kadrlar gətiririk? Onsuz da brend otellərdə əcnəbilər bizim vətəndaşları işlədirlər. Azərbaycanda turizmin hər sahəsində peşəkar kadr məsələsi həddən artıq axsayır. Biri qulağını tərpədir, biri gözünü qırpır, birinin tüpürmək adəti var. Bu cür insanları ön cərgəyə, qonaqlarla ünsiyyətə buraxmaq olmaz. Elə götürək otaq xadimələrini. Məsələn, otaqların elementar silinmə ardıcıllığı var. Yəni beş-altı formada silinmə qaydası var. Ancaq bunları bilən yoxdur. Halbuki hamısının texnologiyaları var, kitablarda yazılıb. Lakin heç kim öyrənmək istəmir.

 

- Azərbaycandakı hotellər müasir tələblərə cavab verirmi və turistlərin rahatlığı üçün lazımı şəraitə malikdirlərmi? 

 

- Bu gün ölkədə mehmanxana təsərrüfatı və digər turist müəssisələri var. Hazırda mehmanxana təsərrüfatı pillə-pillə inkişaf edir. Ancaq boş buraxdığımız sahələr də var. İş adamlarımız yalnız dörd və beşulduzlu hotellər inşa etdirərək istifadəyə verir. Ancaq iki və üçulduzlu otellər də lazımdır. Çünki bu cür mehmanxanalara qoyulan xərc azdır. Nəticədə bu da qiymətə təsir edir. Qiymətlər aşağı olanda da tələbat çox ola bilər. Bu, markentiqin prinsipidir.

 

Mədəniyyət və turizm naziri rəhbərlik etdiyi qurumun mehmanxanaların işinə qarışmağa ixtiyarı olmadığını deyir. Axı dövlət idarəsi, mehmanxanaların təsnifat dərəcəsini verən bir nazirlik mehmanxanaların işinə necə qarışmaya bilər? Bütün beşulduzlu mehmanxanaların attestasiyası keçirilməlidir. Əgər müvafiq xidmət yoxdursa, ona necə beşulduzlu mehmana deyə bilərik?! Bu gün 20 ildir fəaliyyətdə olan və ulduzunu da həmin vaxt alan hotellər var. Lakin həmin hotelin xidmət səviyyəsində xeyli çatışmazlıqlar var. Mən bir çox hotellərdə olmuşam və avadanlıqların çatışmadığını müşahidə etmişəm. Yəni bu gün dörd və beşulduzlu mehmanxanaların çatışmayan çox cəhətləri var. Ona görə də attestasiya aparmaqla 5-i 4-lə əvəz edərsən və nəticədə qiymət də aşağı düşər. Bu da olar qiymət siyasəti. Bu gün qiymət amilinə çox diqqət yetirmək lazımdır. Xarici turistlər varlı ola bilərlər, ancaq öz pullarını qənaətlə xərcləyən insanlardır. Bizim qiymət siyasətimiz isə acınacaqlı vəziyyətdədir.

 

- Nəqliyyat infrastrukturunun turizmin inkişafında rolu nə dərəcədədir?

 

- Əlbəttə, turizmin inkişafında nəqliyyatın rolu böyükdür. İnkişaf etmiş ölkələr turizm sahəsində nəqliyyatın beş növündən də istifadə edirlər. Bizdə hava və dəmiryolu nəqliyyatı var, ancaq dəniz nəqliyyatı yoxdur. Biz hələ 2002-ci ildə xüsusi dəniz tramvaylarının hazırlanması məsələsini mədəniyyət və turizm nazirinin qarşısında qaldırmışdıq. Bu cür tramvaylardan İran, Türkmənistan, Qazaxıstan, Rusiya kimi ölkələrə, daxildə isə Bakının kəndlərinə, şəhərlərə getmək üçün istifadə etmək olardı. Ancaq biz bunlardan istifadə etmədik. Halbuki bu vasitədən daxili turizmin inkişafında çox istifadə etmək olar.

 

Eyni zamanda, bizdə avtomobillərin icarəsi problemi də var. İnkişaf etmiş turizm ölkələrində avtomobillərin icarəsini ya hava limanlarında, ya da şəhərin mərkəzi hissəsində təşkil edirlər. 

 

Dövlət başçısı tərəfindən infrastrukturun səliqəyə salınması üçün addımlar atılır. Kommunal xətlər yenilənir, işıq, qaz, su çəkilir.

 

- Hazırda Bakıda müxtəlif adda turoperatorlar fəliyyət göstərir. Onlar turizmin inkişafında hansısa rol oynayırmı?

 

- Təbii ki, turizmin inkişafında turoperatorların rolu da olmalıdır. Onlar turist məhsullarını alıb-satan idarələrdir. Bizdə turist axını azdırsa, deməli, turoperatorlarımız, turist şirkətlərimiz çox zəif işləyirlər. Azərbaycanda 300-ə yaxın belə şirkət var. Azərbaycanda turizmin inkişafına heç bir yardımları yoxdur. Hətta nazirliyə yardımları da çox cüzidir. Həmin şirkətlər daha çox ölkədən xaricə turist axını ilə məşğuldurlar. Bu ilin 6 ayına olan statistik məlumata görə, Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 600 mini keçib. Bu turistləri həmin ölkələrə turoperatorlar göndərir. Azərbaycanda daxili turizmin inkişafında onların heç bir rolu yoxdur. Daxili turizmi inkişaf etdirməsək, beynəlxalq turizmdən danışmağa ixtiyarımız yoxdur.

 

- Azərbaycanda turistlərin diqqət etdiyi məqamlar arasında daha nələr var?

 

- Qida sənayesi acınacaqlı vəziyyətdədir. Bizim istehsal sahələrimiz yoxdur. Azərbaycan məhsul idxal edən ölkədir. Ona görə də xarici ölkələrdən gətirilən qidalar gömrükdə laboratoriyadan keçirilməlidir. Hələ sovet dövründə Azərbaycanın daxilində bu cür laboratoriyalar var idi. Əcnəbi turistlər reklam paketinə baxanda qida məsələsinə çox fikir verirlər.

 

- Turizmin kompleks inkişafını sürətləndirmək üçün çıxış yolunu nədə görürsünüz?

 

- Azərbaycanda turizm və mədəniyyət nazirlikləri ayrı olmalıdır. Hesab edirəm ki, Mədəniyyət və Turizm Nazirliyinin özündə də peşəkar kadr çatışmazlığı var. Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Azərbaycan Turizm Assosiasiyası bir-birini tamamlamır. Fikrimcə, turizm nazirliyi ləğv olunmalı, yerində Azərbaycan Turizm Assosiasiyası qalmalıdır. Ona kadrların bütün mehmana təsərrüfatları ilə təmənnasız işləmələri üçün bir az səaliyyət verilməlidir. 

 

Ümumiyyətlə, turizmin inkişafı sadəcə Mədəniyyət və Turizm Nazirliyinin işi deyil. Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Nəqliyyat nazirlikləri və AZAL bir yerdə işləməlidir. Turizmin inkişafı, ölkənin büdcəsinin doldurulması naminə birlikdə işləməlidrlər. 

26.12.2016 08:36

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ