Böyük zərərlər Bank BTB-nin borcunu artırıb

Bank BTB illik hesabatını tələm-tələsik İnternet səhifəsində dərc edib.

 

Marja” xəbər verir ki, Bank minimum kapital tələbini pozmaqdan borc alaraq xilas olub.

 

Hesabata görə, Bank BTB-nin 2015-ci ildə 3 milyon 392 min manat, 2016-cı ildə isə 9 milyon 630 min manat xalis zərəri olub. Son iki ildəki zərər 13 milyon manatı ötüb.

 

Yığılmış zərər Bankın 52 milyon manat olan nizamnamə kapitalının bir hissəsini silib. Nəticədə də Bankın cəmi balans kapitalı 39 milyon 133 min manata düşüb. Lakin götürülmüş 15 milyon 122 min manat subordinasiyalı borc hesabaına məcmu kapital 54 milyon 255 min manata qaldırılıb. Bu da 50 milyon manat olan minimum kapital tələbindən yüksəkdir.

 

Hesabatdan məlum olur ki, 2015-ci ilin sonunda Bank BTB-nin məcmu kapitalı 48 milyon 763 min manata düşübmüş.

 

BAĞLANAN BANKLARIN HESABINA BÖYÜYÜB

 

Hesabatdan bu da məlum olur ki, ötən il Bank BTB-nin cəmi aktivləri 33,4 milyon manat artaraq 208 milyon 507 min manatdan 241 milyon 907 min manata yüksəlib. Aktivlərdəki artımın səbəbi müştərilərə verilən kreditlərin 100 milyon 387 min manatdan 127 milyon 830 min manata qalxmasıdır. Qeyd edək ki, Bank BTB-nin kredit portfeli Bankın yaxşı işlədiyinə görə artmayıb. Xəbər verdiyimiz kimi, ötən il ləğv edilmiş “Gəncə Bank” SKB, “Kredo Bank” ASC, “Zamin Bank" ASC və  “Royal Bank” ASC-in 59 milyon 467 min 376,92 manat məbləğində ipoteka krediti portfeli "Bank BTB"-yə ötürülüb. Əgər bu ötürmə olmasaydı, Bankın kredit portfeli və aktivləri azalacaqdı.

 

DEPOZİT VƏ ƏMANƏTLƏR GERİ GÖTÜRÜLÜB

 

Bank BTB-dəki depozitlər, müştərilərin cari hesablarındakı vəsaitlər və əmanətlər təxminən 122 milyon manatdan 86,6 milyon manata geriləyib. Bankın aldığı borclar isə 37 milyon 849 min manatdan 100 milyon 402 min manata çıxıb.

 

Bank BTB maliyyə hesabatını ingilis dilində dərc edən banklardandır. Bu da ictimaiyyətin bankın maliyyə vəziyyəti ilə tanış olmasını məhdudlaşdırır.

 

Qeyd edək ki, neftin qiyməti düşdükdən və devalvasiyalardan sonra banklar üçün əməliyyat şəraiti pisləşib. Ödəmə vaxtı keçmiş kreditlərin artması, əmanətlərin vaxtından əvvəl geri götürülməsi, şərtlərin ağırlaşması ilə əlaqədar olaraq kredit götürənlərin azalması bankları iflasın astanasına gətirib.

 

TAM TƏMİRLİ 1 OTAQLI MƏNZİL AYLIQ 377 MANATA!

19 İyun 2017, 08:11   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin