Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

İlham Əliyevin sədrliyi ilə iclas keçirilib - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyevin sədrliyi ilə iclas keçirilib - YENİLƏNİB

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

 

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

 

- İlin birinci yarısı arxada qalıb. Bu gün biz altı ayda görülən işlərə yekun vuracağıq, eyni zamanda, görüləcək işlər haqqında danışacağıq. Bütövlükdə Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib.

 

Əfsuslar olsun ki, 2017-ci ildə dünyada çox təhlükəli meyillər daha da güclənir. Həm bizim bölgəmizdə, həm dünyada narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar - əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Azərbaycan isə uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir. Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir.

 

Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində öz gələcəyini qurur.

 

Bu ilin altı ayında bizim beynəlxalq əlaqələrimiz daha da fəallaşıb. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır və beynəlxalq təşkilatlarda da bizim fəaliyyətimiz çox müsbətdir. Mən ilin altı ayında 10 xarici səfər etmişəm - beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, mənim Avropa Komissiyasına çox uğurlu səfərim olubdur, Fransaya və Polşaya rəsmi səfərlər etmişəm. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlər etmişəm. Azərbaycan səfər etdiyim bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edibdir. Bu da çox gözəl göstəricidir.

 

Bu il Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Əlbəttə ki, mötəbər beynəlxalq tədbirlərin keçirilməsi hər bir ölkə üçün önəmlidir. Bu tədbirlər əslində ölkəyə olan münasibəti, hörməti əks etdirir. Azərbaycanda keçirilən mötəbər tədbirlər ən yüksək səviyyəli tədbirlərdir. Onların arasında əsas tədbirləri qeyd etmək istərdim. Bu il Bakıda V Qlobal Forum keçirilibdir. Bu, artıq dünya miqyasında çox dəyərli, səviyyəli bir tədbirdir. Əgər Davosda daha çox iqtisadi, Münxendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda daha çox siyasi və eyni zamanda, bütün digər məsələlər müzakirə edilir. Forumda bir neçə ölkənin dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər iştirak etmişlər. Qlobal Bakı Forumu artıq dünya xəritəsində özünəlayiq yerini tuta bilmişdir.

 

Bu il IV Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bu da bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl ilk dəfə keçirilmiş tədbirdir. Builki tədbirdə Azərbaycanla bərabər dünyanın altı aparıcı beynəlxalq təşkilatı Forumun təşkilatçısı kimi çıxış etmişdir. Forumda aparılmış müzakirələr və qəbul edilmiş qərarlar əlbəttə ki, multikulturalizm dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Forum çərçivəsində bir daha multikulturalizmin mərkəzlərindən biri kimi qeyd olundu. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi həm bizim beynəlxalq nüfuzumuzu artırır və eyni zamanda, bu tədbirlər dünyada gedən müsbət proseslərə öz töhfəsini verməkdədir.

 

Bu il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu da qlobal tədbirdir. Biz həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik, minlərlə idmançı, qonaq bizim gözəl Bakı ilə tanış olub, şəhərimizə, ölkəmizə heyran qalıb. Bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədədir. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan milli komandası bu Oyunlarda birinci yeri tuta bilmişdir. Bu da bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Azərbaycan Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerdədir. O ki qaldı, Olimpiya Oyunlarına, son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında on dördüncü ölkə idi.

 

Bu il 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilmişdir. Bu sərgi və konfrans dünya miqyasında enerji sektorunda seçilmiş tədbirlərdən biridir. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Tramp məktub göndərmişdir. Mənə ünvanlanan məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır. Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur.

 

Ölkəmizdə keçirilmiş bu tədbirlər, - mən ancaq əsas tədbirləri qeyd etdim, - əslində, Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir.

 

Bizim xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, bu ilin birinci yarısında bu istiqamətdə - danışıqlar istiqamətində heç bir nəticə əldə edilməmişdir. Bununla bərabər, hesab edirəm ki, 2017-ci ildə münaqişənin həlli ilə bağlı önəmli hadisələr də baş vermişdir və Azərbaycanın haqlı mövqeyi daha da böyük dəyər qazanmışdır.

 

Mən bir neçə faktı Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. İlk növbədə, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirmişdir. Bu “referendum”un keçirilməsi əslində onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri – Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr – İran, Gürcüstan “referendum”u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma “referendum”un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi.

 

Bilirsiniz ki, aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Mən o vaxt yenə də görürdüm, bilirdim ki, bu, növbəti axmaqlıqdır. Çünki gec-tez onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən növbəti dəfə salacaqlar. Belə də oldu. Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilibdir.

 

Bu, bizim mövqeyimizdir, biz həmişə demişik ki, belə olmalıdır. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Ona görə işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil.

 

Ermənistan isə həmişə çalışırdı ki, həm danışıqları pozsun və onlara təzyiq artdıqca təxribat törətsin. Bunu biz yaxın tarixdən yaxşı bilirik. Hələ 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror aktı törədilmişdir və bu da ovaxtkı Ermənistan rəhbərliyi üçün bir bəhanə idi ki, danışıqlar pozulsun. Belə də oldu. 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermənistan növbəti hərbi təxribata əl atdı, Ağdam rayonunda hərbi təlimlər təşkil etdi. Bizim mövqelərimizə helikopterlər hücuma keçdi və onlardan biri Azərbaycan Ordusu tərəfindən məhv edildi.

 

2016-cı il martın sonunda Vaşinqtonda nüvə sammitində mən də iştirak edirdim, Ermənistan prezidenti də. O vaxt Ermənistan prezidentinə təzyiqlər göstərilirdi ki, məsələ tezliklə öz həllini tapsın. Danışıqları pozmaq üçün aprel hadisələri törədildi, bizə qarşı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu cavab nəticəsində bu gün bizim bayrağımız Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır.

 

O vaxtdan bu günə qədər danışıqlar aparılmırdı və Ermənistana təzyiq artırdı. Danışıqlara başlamamaq üçün onlar keçən ay növbəti hərbi təxribat törətdilər, bir əsgərimiz həlak oldu. Yenə də Azərbaycan Ordusu onları cəzalandırdı. Azərbaycan Ordusunun zərbəsi nəticəsində bir çox işğalçı məhv edildi. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu, hərbi cinayətdir. Bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi.

 

Bu cinayət cavabsız qalmadı. Azərbaycan ictimaiyyəti də bunu bilir. Baxmayaraq ki, Ermənistan öz itkilərini həmişə gizlətmək istəyir. Amma bütün itkiləri gizlədə bilmir. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində bir çox işğalçı məhv edildi. Balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq. Nəyə hesablanmışdır bu cinayət? İlk növbədə, bu, Ermənistan siyasi rəhbərliyinin xislətini göstərir. Xocalı qatilindən, uşaq, qadın qatilindən başqa bir şey gözləmək mümkün deyil. Bu, erməni faşizmidir, bütün dünya da bunu belə qəbul etməlidir. Bu, birincisi.

 

İkincisi, iyunun 11-də xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Artıq bu tarix bəlli idi, sadəcə olaraq, son günlərdə bu tarix açıqlandı. Bu təxribatı törətməklə onlar hesab edirdilər ki, Azərbaycan danışıqlardan imtina edəcək. Biz imtina edə bilərdik, əgər onlara layiqli cavab verməsəydik. Cavablarını verdik, işğalçıları məhv etdik, onları cəzalandırdıq, sonra da danışıqlara getdik.

 

Bax, budur Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan əsas məsələlər. Ona görə mən deyirəm ki, bu il Azərbaycan mövqeləri daha da möhkəmləndi. Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-sədası var. Yəni, Ermənistan gördü ki, Azərbaycan böyük beynəlxalq dəstəyə malikdir. Bizim bütün qurumlarımız çox fəal, operativ işlədilər, bu məlumatı dünya ictimaiyyətinə çatdırdılar. Həm dövlət qurumları, səfirliklər, diaspor təşkilatları, ictimai təşkilatlar, bizim xaricdəki dostlarımız öz səslərini ucaltdılar və Ermənistana, onun faşist xislətli siyasi rəhbərliyinə dünyada nifrət daha da artdı.

 

O ki qaldı, danışıqların perspektivlərinə, bir daha demək istəyirəm ki, danışıqlar bərpa edilir, bu, müsbət haldır. İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq.

 

Həmişə olduğu kimi, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik. Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik. Bu il Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan həm özünü böyük dərəcədə silah-sursatlarla təmin edir, eyni zamanda, xarici ölkələrə də ixrac edir.

 

Məcburi köçkünlərin problemləri həmişəki kimi bu il də diqqət mərkəzində olubdur. Son illər yüzə yaxın qəsəbə salınmışdır. Ancaq onların arasında bu il açdığımız Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Bu, tarixi hadisədir. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. Biz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini bərpa etdik. Orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Ailələr oraya qayıdır. Açılışdan sonra mən növbəti Sərəncam imzaladım. Növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılmışdır. Əminəm ki, gələcək aylarda Cocuq Mərcanlı kəndi tam bərpa ediləcək və bu kəndə tam həyat qayıdacaqdır.

 

Digər layihələr icra edilir. Tərtər rayonunda böyük şəhərcik salınır. Sumqayıt və Bakı şəhərlərində həm yeni şəhərciklər tikilir, həm köçkünlər üçün mənzillər alınır və onlara verilir. Masazırda, Sumqayıtda, Qaradağ rayonunda belə təşəbbüslər irəli sürülür. Onların arasında Qaradağ layihəsini xüsusilə qeyd etmək istərdim. Çünki bu, bir yenilikdir, yeni təşəbbüsdür. Bu, özəl sektor tərəfindən inşa edilən böyük şəhərcikdir. Orada min köçkün ailəsi məskunlaşacaq və bu, çox gözəl nümunədir.

 

Bu gün Azərbaycanda yaratdığımız şərait nəticəsində yüzlərlə, minlərlə sahibkar öz fəaliyyətini genişləndirir. Bizim sahibkarlarımız böyük imkanlara malikdirlər. Sahibkarların sosial məsuliyyəti də yüksək səviyyədə olmalıdır. Bu şəraiti onlar üçün biz yaratmışıq. Çünki indi Azərbaycanda sabitlik, sürətli inkişaf olmasaydı, bizim sahibkarlar bu qədər inkişaf edə bilməzdilər. Eyni zamanda, dövlət onlara güzəştli şərtlərlə kreditlər verir, onların məsələləri həll olunur. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm. Hər il bir neçə dəfə görüşürəm və tam dəstək göstərilir. Onlar da öz növbəsində sosial məsuliyyəti dərk etməlidirlər. Ona görə, Qaradağ rayonunda sahibkarlar tərəfindən öz vəsaitləri hesabına 1000 mənzillik şəhərciyin tikilməsi çox yaxşı təşəbbüsdür. Mən bunu bəyənirəm, alqışlayıram. Bu, bütün sahibkarlara nümunə olmalıdır. Mən bundan sonra sahibkarların fəaliyyətini, o cümlədən bu göstəriciyə görə də qiymətləndirəcəyəm.

 

Əlbəttə ki, bütün bu məsələlərin həll edilməsi bir daha bizim dövlətimizin siyasətini, niyyətini ortaya qoyur. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır. Beş milyondan çox insan bu il pulsuz müayinədən keçmişdir. Bilmirəm, hansı ölkədə belə bir təşəbbüs var ki, insanlar, əhalinin böyük əksəriyyəti il ərzində pulsuz müayinədən keçsin.

 

Sosial infrastruktur obyektlərinin tikintisi aparılmışdır və aparılır. Birinci altı ayda 26 tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. İyirmidən çox modul tipli məktəb tikilmişdir. İlin sonuna qədər onların sayı 100-ə çatmalıdır. Yəni, sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir.

 

Əlbəttə ki, bütün bu uğurlara nail olmaq üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Altı ayın göstəriciləri məni çox qane edir. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz.

 

Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir.

 

Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək.

 

Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Bu da çox gözəl göstəricidir. Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə müəyyən dərəcədə qalxıb. Yenə də düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə. Ona görə ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan büdcəyə transferlər də azaldı. Yəni, ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir.

 

Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlandı. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Bu, əslində daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda, - 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, - əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir.

 

Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bax, budur gördüyümüz işlərin nəticələri. Bununla bərabər, idxal 15 faiz azalıbdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir. Kənd təsərrüfatı da 2,2 faiz artıbdır.

 

Bu göstəricilər, - yəni, bunlara heç bir şərh verməyə ehtiyac yoxdur, - dünya miqyasında bu gün ən gözəl göstəricilərdir. Bunu o ölkə əldə edib ki, biz hələ enerji amilindən asılıyıq. O ölkə əldə edib ki, onun gəlirləri son iki il ərzində üç-dörd dəfə azalıb. Bax, budur bizim siyasətimiz, gördüyümüz işlər və əldə etdiyimiz nəticələr.

 

X X X

 

Sonra ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilin altı ayının yekunlarına dair məruzələrlə çıxış etdilər.

 

Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.

 

XXX

 

Prezident İlham Əliyevin yekun nitqi

 

-Mən ilin əvvəlində demişdim ki, 2017-ci il iqtisadi inkişaf ili olmalıdır. Belə də oldu. Artıq bunu demək olar. Düzdür, biz hələ gələcək aylarda fəal işləməliyik, işləyəcəyik. Ancaq artıq əldə edilmiş nəticələr və giriş sözümdə səsləndirdiyim rəqəmlər deməyə əsas verir ki, bu il inkişaf ili olacaqdır. Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olmuşdur. Bu il isə inkişaf ili olacaq. Əminəm ki, bundan sonrakı illərdə də Azərbaycan öz iqtisadi potensialını daha da gücləndirəcək.

 

Uğurlu iqtisadi islahatları və iqtisadi siyasətimizi davam etdirmək üçün əlbəttə ki, maliyyə və iqtisadi sabitlik olmalıdır. Bu, əldə edilibdir. İlin əvvəlindən makroiqtisadi vəziyyət sabitdir. Düzdür, ilin ilk aylarında qiymət artımı müşahidə olunurdu. Ancaq son aylar ərzində demək olar ki, qiymətlər sabitləşib. İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin. Buna heç bir əsas yoxdur. Çünki makroiqtisadi sabitlik təmin olunur. Manatın məzənnəsi neçə aydır ki, sabitdir. İdxaldan asılılıq azalır və tələbat daha çox yerli istehsal hesabına ödənilir. Bir sözlə, makroiqtisadi sabitlik məsələləri həmişəki kimi diqqətdə olacaq və əminəm ki, ilin sonuna qədər hər hansı bir problem olmayacaq. Mən artıq qeyd etdim, bizim valyuta ehtiyatlarımız artır, xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 ayda təxminən 2 milyard dollara yaxındır. Ona görə, bizim kifayət qədər güclü iqtisadi imkanlarımız və valyuta ehtiyatlarımız var. Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə qabaqcıl ölkələr sırasındadır. Valyuta ehtiyatlarının dövlət xarici borcuna olan nisbəti də Azərbaycanı dünya miqyasında ön sıralara çıxarır. Bizdə valyuta ehtiyatları dövlət xarici borcundan 4-5 dəfə çoxdur.

 

Növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Səsləndirdiyim rəqəmlər məhz bu siyasətin təzahürüdür. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim etdiyim layihələr artıq reallaşır. Xüsusilə sənaye parklarının yaradılması uğurla gedir. Sumqayıt Sənaye parklarında rezidentlərin sayı, investisiyaların həcmi artır və maraq da çox böyükdür. Orada böyük sənaye kompleksləri yaradılır və dövlət öz tərəfindən lazım olan bütün infrastruktur layihələrini icra edir.

 

Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcəkdir. Bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaqdır. Ümid edirəm ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək. Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib. Bax, bu, artıq gördüyümüz işlərin gözəl təzahürüdür. Əminəm ki, bütün rayonlarımızda tapşırıq verdiyim kimi, tezliklə sənaye zonaları yaradılacaqdır.

 

Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu proses geniş vüsət almışdır. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır.

 

Biz pambıqçılığın şöhrətini bərpa etdik. Artıq pambıqçılıqla məşğul olmaq istəyənlərin sayı artır. Bu, pambıqçılıq rayonlarında işsizliyi demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük edilmişdisə, keçən il bu rəqəm təxminən 90 min tona çatıbdır. Keçən il 51 min hektarda pambıq əkilmişdisə, bu il 136 min hektarda pambıq əkilibdir. Biz əkin sahələrini təqribən 3 dəfə artırmışıq. Əgər biz orta məhsuldarlığı 20 sentner götürsək, bu il 260-270 min ton pambıq gözlənilə bilər. Yəni, bu, çox da ola bilər, az da. Bu, artıq hava şəraitindən və o cümlədən texniki xidmətdən asılıdır. Amma hər halda biz artıq pambıqçılıqda çox ciddi dönüş yarada bildik. Pambıq həm gözəl ixrac məhsuludur, dünya birjalarında satılır, eyni zamanda, Mingəçevir Yüngül Sənaye Parkının fəaliyyəti üçün də resurs bazasıdır. Biz əlbəttə, çalışacağıq ki, hazır məhsulu ixrac edək.

 

İyirmidən çox rayonda pambıq becərilir. Bir daha qeyd etməliyəm ki, həmin rayonlarda bizim üçün ənənəvi olan bu sahəyə çox böyük maraq var. Bizim bu təşəbbüsümüz çox yüksək qiymətləndirilir.

 

Biz keçən ildən baramaçılıqla çox ciddi məşğul olmağa başlamışıq. Biz əvvəlki illərdə bu sahəni demək olar ki, itirmişdik. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdi. Bu sahənin itirilməsi çox böyük problemlər yaratdı. Həm Şəki ipək kombinatı demək olar ki, fəaliyyətini dayandırdı, - orada yüzlərlə insan işləyirdi, - həm də kəndlərdə yaşayan, baramaçılıqla məşğul olan kəndlilər bu imkanlardan məhrum oldular. Biz keçən il bu sahədə operativ qaydada ciddi dönüş yarada bildik. Lazımi materialları idxal etdik, tinglər gətirdik. Keçən il 70 ton barama tədarük edilmişdir. 200 kiloqram hara, 70 ton hara? Bu proses davam etdirilir. Mənə verilən məlumata görə, bu il 244 ton yaş barama tədarük edildi. Yəni, keçən ilə nisbətən 3,4 dəfə artım var. Otuz rayonda baramaçılıq inkişaf edir və 739 kənddə insanlar baramaçılıqla məşğul olurlar. Yəni, bu sahə çox gəlirli sahədir, o qədər də böyük zəhmət tələb edən sahə deyil. Qısa müddət ərzində insanlar yaxşı pul qazanırlar və yerində də pulunu alırlar. Ona görə, baramaçılığın inkişafına verdiyimiz təkan əminəm ki, çox böyük nəticəyə gətirib çıxaracaq. Bizim təbii şəraitimiz elədir ki, ölkəmizin əksər yerlərində baramaçılığın yaxşı perspektivləri var. Dövlət öz dəstəyini bundan sonra da göstərəcək. Bu il mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrıldı. Bu vəsaitlə ilin sonuna qədər Qax Barama Damazlıq Mərkəzi yaradılacaqdır. Vaxtilə Qaxda belə mərkəz olubdur. İndi o, yararsız vəziyyətə düşüb, həm dağılıb, həm də orada heç bir avadanlıq yoxdur. İndi ən müasir damazlıq mərkəzi yaradılacaq ki, biz lazım olan o materiallardan da, onların idxalından da asılılığı aradan götürək.

 

Şəki ipək kombinatı indi daha böyük həcmlə işləyir. Elə etməliyik ki, Şəki ipək kombinatı tam gücü ilə və ilboyu işləsin. Əkilən tut tingləri və apardığımız siyasət əminəm ki, yaxın gələcəkdə ona gətirib çıxaracaq ki, Azərbaycanda 1000 tondan çox barama tədarük ediləcək. Yenə də deyirəm, bunun çox böyük perspektivləri var. Mən indi rəqəm səsləndirmək istəmirəm. Hər halda dövlət öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi.

 

Bununla bərabər, biz demək olar ki, təqribən böyük hissəsi itirilmiş tütünçülüyü də bərpa edirik. On üç rayonda tütünçülüklə məşğul olurlar. Keçən ilə nisbətən tütünçülük üçün nəzərdə tutulan əkin sahələri 35 faiz artıb. İndi 3200 hektarda tütün becərilir. Bu sahə daha da geniş ola bilər. Çünki tütünçülüklə məşğul olan bu 13 rayonda kifayət qədər böyük torpaq sahələri var. Tütünçülük də çox gəlirli sahədir. Dövlət yenə də öz dəstəyini göstərir, subsidiyalar verilir. Eyni zamanda, tütünün ixracı ilə bağlı dövlət öz imkanlarını ortaya qoyur. Mən əvvəllər də demişəm, biz, əlbəttə, tütünü ixrac etməliyik. Ancaq hazır məhsulu ixrac etsək daha yaxşı olar. Bu məqsədlə işlər gedir. İndi yeni tütün fabriklərinin yaradılması istiqamətində addımlar atılır. Ümid edirəm ki, bu addımlar uğurlu olacaqdır və biz hazır məhsulu dünya bazarlarına çıxaracağıq.

 

Çayçılığın bərpası istiqamətində işlər gedir. Düzdür, Azərbaycan çayı bu gün xarici ölkələrdə tanınır. Biz çayı ixrac edirik. Ancaq onu da bilməliyik ki, biz xammalı da idxal edirik. Ona görə, yeni çay plantasiyalarının salınması və müasir texnologiyaların gətirilməsi nəticəsində biz daxili xammal hesabına daha çox çay istehsal edə biləcəyik. Yeni texnologiyalar məhsuldarlığı bir neçə dəfə artıra bilər. Bu sahəyə də cənub zonasında çox böyük maraq var.

 

Eyni zamanda, cənub zonasında hazırda çəltikçilik də çox geniş vüsət alır. Buna da çox böyük maraq var. Dövlət xüsusi texnika alıbdır. Çünki çəltikçilik çox böyük əziyyət, zəhmət tələb edən bir sahədir. Fermerlərin, kəndlilərin işini yüngülləşdirmək üçün müasir texnika alınıb gətirilibdir ki, çəltikçilik sahəsi əziyyətsiz inkişaf etsin.

 

Burada artıq zeytunçuluqla bağlı məlumat verildi. Biz keçən il 300 ton zeytun ixrac etmişik. Ancaq zeytun ixracı, əlbəttə ki, 50 milyon dollar səviyyəsində ola bilər. Bizim təbii iqlimimiz, şəraitimiz və ənənələr buna imkan verir. Sadəcə olaraq işlər düzgün qurulmalıdır və qurulur. Əgər ehtiyac olarsa yeni zeytun emalı fabrikləri yaradılmalıdır. Biz ən yüksək keyfiyyətli məhsulları dünyanın aparıcı ölkələrinin bazarlarına çıxarmalıyıq.

 

Mən əvvəlki çıxışlarımda qeyd etmişdim ki, kənd təsərrüfatı məhsullarının arasında bizə ən çox gəlir gətirən sahə fındıqçılıqdır. Bizim hazırda fındıq bağlarımızın sahəsi təqribən 30 min hektardır, bəlkə də bir qədər çox. Qarşıya vəzifə qoyulub ki, əlavə 40 min hektarda fındıq bağları salınsın. Bu proses gedir və bu 40 minin 18 mini artıq əkilib. Əlbəttə ki, bu bağlar bir neçə ildən sonra məhsul verəcək. Ancaq bu bağlar məhsul verəndən sonra biz fındıq istehsalını iki dəfədən çox artıra bilərik. Əgər hazırda fermerlər 100 milyon dollar həcmində fındıq ixrac edirlərsə, bu, iki dəfədən çox artacaq, həm fermerlərə, həm də dövlətə xeyir gətirəcək.

 

Ən gəlirli sahələrdən biri də kartofçuluqdur. Bu sahəyə də maraq böyükdür. Əfsuslar olsun ki, biz hələ böyük ixrac potensialına malik deyilik, bu, mövsümdən-mövsümə dəyişir. Statistik göstəricilərə diqqət yetirəndə görürəm ki, biz bəzi illərdə öz tələbatımızı ödəyə bilmirik. Bəzi illərdə isə başabaş çıxırıq. Ona görə kartofçuluğun da inkişafı prioritet olmalıdır. Çünki kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən sahələrdən biri də kartofçuluqdur. Bu sahəyə də xüsusi diqqət göstərilməlidir.

 

Heyvandarlığın inkişafı bizə imkan verəcək ki, özümüzü süd məhsulları ilə, ətlə tam təmin edək. Biz o rəqəmlərə yaxınlaşırıq. Ancaq heyvandarlığın müasir texnologiyalar əsasında, iribuynuzlu mal-qaranın qapalı şəraitdə yetişdirilməsi həm torpaqlara qənaət edəcək, həm də ki, nəticələr daha yaxşı olacaq. Əlbəttə, cins mal-qaranın alınması və eyni zamanda, süni mayalanma mərkəzinin yaradılması burada dönüşə gətirib çıxaracaq. Heyvandarlıq iki faizdən çox artıb. Onu da deyim ki, yaradılan 38 aqroparkın içində, o cümlədən heyvandarlıq kompleksləri də var. Ümid edirəm ki, onların fəaliyyəti nəticəsində kəskin artım olacaq.

 

İyirmi yeddi rayonda 14 min hektarda şəkər çuğunduru əkilibdir. Bu, rekord göstəricidir. Azərbaycanda heç vaxt bu qədər şəkər çuğunduru əkilmirdi. Bunun da başlıca səbəbi İmişli şəkər zavodunun yerli xammal əsasında işləməsidir. Çünki daha çox xaricdən gətirilən şəkər qamışı emal olunurdu. İndi isə şəkər çuğunduru İmişlidəki zavoda veriləcək. Hər il ölkədən təqribən 200 milyon dollar valyuta gedir ki, xam şəkər gətirilsin. Biz ona qənaət edəcəyik. Beləliklə, bizim idxalımız daha da azalacaq, ixrac isə artacaq. Bu sahənin çox böyük perspektivləri var. Mən bunu da tapşırıq kimi verirəm.

 

Bir müddət əvvəl verdiyim tapşırıq isə soya ilə bağlıdır. Əvvəlki illərdə Azərbaycanda soya əkilmirdi. Biz soyanı idxal edirik. Hər il buna 10 milyonlarla dollar pul xərcləyirik. Ona görə, soya əkilməsi ilə bağlı göstəriş vermişdim və bu il biz artıq bunun nəticəsini görürük. On doqquz rayonda 9300 hektarda soya əkilib. Bu, hələ ki, tələbatımızı tam ödəməsə də, xarici valyutaya böyük dərəcədə qənaət edəcəyik. Çalışmalıyıq ki, soya üçün nəzərdə tutulmuş əkin sahələrini getdikcə genişləndirək.

 

Eyni zamanda, 500 hektar badam bağlarının salınması nəzərdə tutulur. Nəzərə alsaq ki, bizdə cəmi 1000 hektar badam bağları var, onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır, beş yüz hektar birinci mərhələdə yaxşı göstəricidir. Badam emalı zavodunun tikintisi də nəzərdə tutulmalıdır. Mən bu tapşırığı da verirəm.

 

Taxılçılıqla bağlı məsələlər daim gündəlikdədir. Mənim göstərişimlə Prezident Administrasiyasında xüsusi müşavirə keçirilmişdir, məsələlər təhlil edilmişdir. Biz gərək bu sahədə daha da yaxşı nəticələr əldə edək ki, idxaldan asılılığı azaldaq və məhsuldarlığı artıraq. Məhsuldarlıqla bağlı mən bəzi rəqəmləri səsləndirmək istəyirəm, həm bunlar təhlil edilsin, həm də ictimaiyyət də bilsin ki, vəziyyət necədir. Buğda ilə bağlı deməliyəm ki, hələ biçin aparılır. Amma bu günə orta məhsuldarlıq 28,8 sentnerdir. Prinsipcə bu rəqəm o qədər də aşağı rəqəm deyil, amma bundan da çox ola bilər. Çünki indi rayonlar üzrə səsləndirəcəyim rəqəmlər göstərir ki, daha da böyük məhsuldarlıq mümkündür. Ən böyük məhsuldarlıq aşağıdakı rayonlardadır: Saatlı rayonu 42 sentner, Ağcabədi 38 sentner, Sabirabad 40 sentner, Beyləqan 33 sentner, Bərdə 40 sentner, Ağdam 39 sentner, Hacıqabul 32 sentner, Qax 31 sentner, Xaçmaz 32 sentner, Yevlax 38 sentner, Tərtər 38 sentner, Şəmkir 33 sentner, İsmayıllı 40 sentner, Qəbələ 32 sentner, Cəbrayıl 32 sentner, Gəncə 32 sentner. Bunlar yaxşı rəqəmlərdir və bu, deməyə əsas verir ki, biz daha da böyük məhsuldarlıq əldə edə bilərik. Amma bəzi suallar da var.

 

İndi mən aşağı məhsuldarlığı olan rayonların adlarını çəkəcəyəm və bu məsələ sonra təhlil edilməlidir. Bir-birinin yanında yerləşən rayonlarda məhsuldarlıq fərqi bizi düşünməyə vadar edir, o da araşdırılmalıdır. Məsələn, Kürdəmir rayonunda məhsuldarlıq 21 sentnerdir. Ancaq qonşu rayonlarda - Saatlıda 42 sentner, Sabirabadda isə 40 sentnerdir. Bəs nə üçün bu qədər fərq var?! Eyni zona, eyni iqlim, eyni şərait, suvarma işlərinə gəldikdə təxminən eyni layihələr icra edilir. Mən hələ ki, buna qiymət vermək istəmirəm. Ancaq tapşırıram ki, bu, araşdırılsın və mənə məlumat verilsin ki, bunun səbəbi nədir. Qax rayonunda məhsuldarlıq təqribən 32 sentnerdir, Şəkidə isə 22 sentner. Nə üçün? Özü də Şəki əkin sahələrinə görə Cəlilabaddan sonra ikinci yerdədir, 47 min hektar əkin sahəsi var, məhsuldarlıq isə 22 sentnerdir. Qonşu Qax rayonunda isə 32 sentnerdir. Səbəb nədir? Araşdırılmalıdır, məruzə edilməlidir və ölçü götürülməlidir.

 

Mən aşağı məhsuldarlığı olan rayonların da adlarını çəkmək istəyirəm. Ona görə ki, baxmaq lazımdır, orada gələcəkdə də bu səviyyədə əkin sahələri buğda üçün nəzərdə tutulsun, yoxsa, başqa sahəyə üstünlük verilsin. Dediyim kimi, Kürdəmir 21 sentner, Masallı 22 sentner, Ucar 23 sentner, Şamaxı 17 sentner. Özü də Şamaxıda 14 min hektar torpaq sahəsi var və əlbəttə, biz bu məhsuldarlığın nə qədər məqsədəmüvafiq olmasına baxmalıyıq. Qobustan 19 sentner, Şabran 21 sentner, Siyəzən 23 sentner, Xızı 19 sentner, Yardımlı 18 sentner və sairə. Ona görə buna çox ciddi baxmaq və ciddi təhlil aparmaq lazımdır.

 

Meliorativ tədbirlər haqqında məruzə edildi. İlin əvvəlində qarşıya vəzifə qoyulmuşdu ki, biz 100 min hektardan çox yeni torpaq sahələrinin suvarılmasını təşkil edək və bu istiqamətdə işlər gedir. Biz buna nail olacağıq. Biz yeni layihələr üzərində işləyirik. Elə etməliyik ki, suvarma işlərini maksimum dərəcədə yüksək səviyyədə aparaq. Çünki bu, məhsuldarlığa bilavasitə təsir göstərir. Subartezian quyularının qazılması davam etdirilir. 2013-2016-cı illərdə minə yaxın subartezian quyusu qazılmışdır. İyun ayında yeni Sərəncam imzalamışam. Bu Sərəncam əsasında 36 rayonun 136 yaşayış məntəqəsində 150 subartezian quyusu qazılacaq və deməli, 375 min insan bundan istifadə edəcək. Əvvəlki illərdə qazılmış quyular hesabına 1 milyon 300 min insan bu imkanlardan istifadə edib.

 

İnşaat sektorunun canlanması müşahidə olunur. İndi Bakıda 100-dən çox hündürmərtəbəli bina tikilir. Qəzalı binaların yerində yeni binalar tikilir. Onların sayı 80-ə yaxındır. Bu, şəhərimizi daha da gözəlləşdirir, abadlaşdırır. Yararsız, qəzalı binalardan vətəndaşlar köçürülür. Müvəqqəti olaraq onlara kirayə pulu verilir. Tikiləcək yeni binalarda onlara daha da böyük ölçüdə mənzillər veriləcək. Bu qəzalı binaların hər birinin yerində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası da nəzərdə tutulur. Bu, mənim xüsusi göstərişim idi. Beləliklə, ancaq bu yolla Bakı şəhərində bir-iki ilə 80-dən çox uşaq bağçası istifadəyə veriləcək.

 

Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 29 bina tikilir. “Ağ şəhər”də onlarla bina inşa olunub. Yəni, bax, bu üç istiqamətdə artıq 100-dən çox binanın inşaat işləri aparılır. Əlbəttə ki, Bakının digər yerlərində, digər şəhərlərimizdə mənzil tikintisi geniş vüsət alıb, inşaat sektoru artıq bərpa edilir, canlanma var. Əlbəttə ki, bunun tikinti materialları sektoruna da müsbət təsiri var və olacaq. Mən iş adamlarına məsləhət görərdim ki, bu sahəyə daha da böyük diqqət yetirsinlər, sərmayə qoysunlar. Çünki bundan sonra inşaat işləri Azərbaycanda daha sürətlə aparılacaq, tikinti materiallarına böyük ehtiyac olacaq.

 

Mən sərmayə qoyuluşu ilə bağlı rəqəmləri səsləndirdim, 5 milyard dollar sərmayə qoyulub. Ancaq bunun böyük hissəsi xarici sərmayədir. Biz çalışmalıyıq ki, daxili sərmayəni də cəlb edək. Daxili sərmayə deyəndə mən dövlət investisiyalarını nəzərdə tutmuram. Onsuz da biz bunu edirik və Dövlət İnvestisiya Proqramı uğurla icra olunur və tam icra edilməlidir. Buraya məktəb, xəstəxana, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, infrastruktur layihələri, yol salınması və sair daxildir. Mən özəl sərmayəni nəzərdə tuturam. Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcəkdir. Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın.

 

Bu il infrastruktur layihələrinin icrası davam etdirilmişdir. Qazlaşdırma səviyyəsi artıq 93 faizə çatmışdır. Biz qarşıya 95 faiz hədəfi qoymuşduq. Ölkəmizin relyefini nəzərə alsaq hesab edirəm ki, bu, yaxşı rəqəmdir. Artıq biz bu hədəfə çatırıq. Digər infrastruktur layihələri də icra edilir, elektrik təsərrüfatı yenilənir. Kənd yolları layihələri icra edilir. Şərti olaraq biz bu layihəni “40 kənd yolu” layihəsi adlandırdıq, ancaq hər bir layihənin əhatə dairəsi daha genişdir. Yəni, 40 deyəndə, əslində, bu, 200, bəlkə də daha çox kəndi əhatə edir. Çünki hər bir layihə 4-5 kəndi əhatə edir və bu, çox gözəl nəticə verir, bölgələrdə də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İçməli su layihələri icra edilir. Kifayət qədər vəsait var və gələn il də bu proses davam etdiriləcək. Artıq bir çox şəhərlərimizdə içməli su məsələsi həll olunub.

 

Bakı şəhərində böyük yol infrastrukturu layihələri icra edilir, yeni yollar açılır. Bu yaxınlarda da yeni yol açılmışdır. “Sovetski” adlanan ərazidə müasir yol infrastrukturu artıq istismara verilmişdir. Eyni zamanda, o ərazidə böyük abadlıq işləri aparılır. İndi Təzəpir məscidinin önü açılıbdır, orada park olacaq. Digər tərəflərdə də ictimai yerlər yaradılacaq ki, Təzəpir məscidinin hər tərəfdən görünməsi mümkün olsun. Azərbaycan Dövlət Dram Teatrının arxasında - yol infrastrukturu yaradılan ərazidə də ictimai yerlər, parklar, bağlar, salınacaq, ağaclar əkiləcək ki, bunlar Bakı şəhəri üçün, necə deyərlər, yeni bir “ağ ciyər” olacaq. Bu ərazi yaşıllıq zonası olacaq və bu, bizə çox lazımdır. Son illər ərzində bir çox ictimai yerlər açılıbdır, parklar, bağlar yaradılıbdır. Elə bulvarın özü böyük ictimai istirahət zonasıdır və bu proses davam etdirilməlidir. Hacı Cavad məscidinin yeni binasının tikintisi gedir, daha da sürətlə getməlidir ki, yaxın aylarda bu məscid istifadəyə verilsin.

 

Qeyd etdiyim kimi, qeyri-neft sektorunun ixracının artırılması istiqamətində işlər gedir, artım yaxşıdır, 27 faiz təşkil edib. Biz ixracın coğrafiyasını da genişləndirməliyik. Ənənəvi bazarlar var. Biz o bazarlarda varıq, mövqelərimizi daha da gücləndirməliyik, yeni bazarlara da çıxmalıyıq. Bu istiqamətdə də görülən işlər artıq nəticə verir. Biz indi bir neçə Körfəz ölkəsinə öz kənd təsərrüfatı və emal məhsullarımızı ixrac etməyə başlamışıq. Bunu genişləndirmək lazımdır. Körfəz ölkələrinin bazarı kifayət qədər böyükdür və məsafə baxımından yaxındır. Ona görə, ilkin layihələr başlayıb. Biz artıq məhsul ixracına başlamışıq. Bunu daha da genişləndirməliyik. Dövlət qurumları, İqtisadiyyat Nazirliyi sahibkarlara öz köməyini göstərir. Biz artıq Asiya ölkələrinin bazarlarına çıxırıq və çalışmalıyıq ki, Avropa İttifaqı ölkələrinin bazarlarına da çıxaq. Mənim demək olar ki, bütün xarici səfərlərim çərçivəsində və xarici həmkarlarım Bakıda olanda bu məsələni qaldırıram, siyahını onların qarşısına qoyub deyirəm ki, biz bu məhsulları ixrac edə bilərik, siz də bunları alırsınız, gəlin bizdən alın. Biz də sizin ixrac etdiyiniz məhsulları alaq. Ona görə, indi biz bütün görüşlərə bu siyahı ilə gedirik və bunun gözəl nəticələri var. Avropa ölkələrində, Körfəz ölkələrində, Asiya ölkələrində bizim məhsullara maraq var, sadəcə olaraq, bu günə qədər onlarda məlumat yox idi. “Azexport” portalının yaradılması da bu istiqamətdə atılan çox ciddi bir addımdır. İndi portala bütün dünyadan sifarişlər gəlir. Amma əvvəllər heç kim bilmirdi ki, biz nə istehsal edirik. İndi bilirlər, müraciət edirlər, elektron qaydada müqavilələr bağlanır. Yəni, bu, böyük bir hadisədir və belə addımların atılması görün sahibkarların işini nə qədər yüngülləşdirir. Bütün əsas bazarlar olan ölkələrə indi dövlət və özəl sektorun nümayəndələrindən ibarət ticarət missiyaları göndərilir. Biz öz məhsullarımızı xaricə ixrac etməliyik.

 

Mən burada da bəzi rəqəmləri səsləndirmək istəyirəm. Bu, həm ictimaiyyət üçün maraqlı olar, həm də bizim sahibkarlar və dövlət qurumları bilsinlər ki, bu, yaxşı nəticələrdir. Amma biz bu istiqamətdə işləri davam etdirməliyik. Kənd təsərrüfatı və emal məhsullarının ixracı ilə bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm: bu il pomidor ixracı 55 faiz, kartof 63 faiz, soğan 1100 faiz, pambıq 154 faiz, pambıq lifi 650 faiz, süd məhsulları təqribən 400 faiz, meyvə və tərəvəz emalı məhsulları 54 faiz, emal olunmamış dəri 38 faiz, spirtli və spirtsiz içkilər 16 faiz, o cümlədən şərab 13 faiz, alma təxminən 200 faiz, xurma 14 faiz, nar 106 faiz, çay 50 faiz, şokolad 50 faiz, tütün məmulatları 5 faiz, bitki-heyvan mənşəli yağlar 7 faiz artıb. Bax, bunlar görülən işlərin nəticəsidir. Sənaye məhsullarının ixracı: qızıl 64 faiz, elektrik enerjisi 300 faiz, - biz indi elektrik enerjisini satırıq və birinci altı ayda 25 milyon dollar dəyərində satmışıq. Nəyə görə? Çünki biz xətləri tikdik, birləşdirdik, bütün qonşu ölkələrlə bizim yüksəkgərginlikli xətlərimiz var və ixrac edirik, - alüminium 30 faiz, plastik məmulatlar 22 faiz, avadanlıqlar, mexaniki qurğular 50 faiz, mis 67 faiz, mis-filiz konsentratlar 100 faiz, qatran yağları 56 faiz, bentonit gili 255 faiz, toxuculuq məmulatları 73 faiz, daş, gips, sement 3000 faiz, kimya sənayesi məhsulları 8 faiz, qurğuşun 123 faiz artıb.

 

Bunlar görülən işlərin ən gözəl göstəriciləridir. Bununla bərabər, bəzi məhsullar var ki, ixracı azalıb. Onu da hamı bilməlidir ki, həm araşdırılsın nə üçün azalıb, həm də ölçü götürülsün. Misal üçün, albalı və gilas, ixrac 22 faiz azalıb. Şəkər 11 faiz, fındıq 9 faiz azalıb. Sənaye məhsulları arasında isə azalan yeganə pozisiya qara metal və ondan məmulatlardır. Bu məhsulun ixracı 11 faiz azalıb. Yəni, azalan siyahı üç pozisiyadan ibarətdir, artan isə baxın nə qədərdir və bizim imkanlarımız nə qədər genişlənib. Mən bu rəqəmləri ona görə səsləndirdim ki, bu, çox gözəl nəticələrdir, bizim işimizin təzahürüdür. Eyni zamanda, bu, gələcək üçün də bir nümunədir. Bu pozisiyalar üzrə istehsalımızı artırmalıyıq və ixracın coğrafiyasını da genişləndirməliyik.

 

Sahibkarlara 6 ayda güzəştli şərtlərlə 63 milyon manat kredit verilibdir. Ümumiyyətlə, bütövlükdə güzəştli şərtlərlə iki milyard manat kredit verilib. İnvestisiya təşviqi mexanizmi özünü tam doğruldub. Bu, çox düzgün addım idi. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra məhz bu təşəbbüsə görə Azərbaycana 1,6 milyard manat dəyərində investisiya qoyulub. Əgər bu mexanizm olmasaydı bu 1,6 milyard manat investisiya da olmayacaqdı. Biz bunu etdik. Baxmayaraq ki, bu məsələ ilə bağlı müxtəlif fikirlər var idi. Amma mən dedim ki, biz buna getməliyik və nəticə də göz qabağındadır. İnvestisiya təşviqi mexanizmi qədər bizə investisiya gətirən ikinci amil yoxdur. Ona görə, sahibkarlar da bunu yüksək qiymətləndirirlər. İş yerləri də açılır və gözəl iqtisadi sənaye potensialı yaranır. İxracın təşviqi mexanizmi də fəaliyyət göstərir. Bunun da yaxşı təsiri var.

 

Bu il turizmin inkişafı da bizi sevindirir. Turistlərin sayı 25 faiz artıbdır. Əlbəttə ki, bunun səbəbləri bəllidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əlbəttə ki, marağı artırır. Xüsusilə o yarışlar arasında mən Formula-1 yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar əlbəttə ki, qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə, turist axını daha da böyük olacaq. Biz buna hazır olmalıyıq. Xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac var. Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək.

 

Qeyd etmək istədiyim sonuncu məsələ də yenilikdir, yeni təşəbbüsdür. Bunun da çox böyük perspektivi və artıq yaxşı nəticələri var. Bu, özünüməşğulluq proqramıdır. Biz bu yaxınlarda bu proqrama start verdik. İlkin vəsaiti mən Prezidentin ehtiyat fonundan ayırdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi treninqlər keçiribdir, ailələr müəyyən edilibdir. Artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar. Bu istiqamətdə qanunvericilikdə də müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər nəticəsində gələn ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz vəsaiti yaradılacaq və biz o vəsaitlə minlərlə ailəni özünüməşğulluq proqramı ilə əhatə edə bilərik. Mən hesab edirəm ki, birinci mərhələdə hər il 5-10 min ailə dövlətdən bu dəstəyi almalıdır. Əgər nazirliyin buna vəsaiti çatmasa müraciət etsinlər, mən əlavə vəsait ayıraram. Beləliklə, əgər biz hər il 5-10 min ailəni əhatə etsək, 5-6 faiz səviyyəsində olan işsizlik də aradan götürüləcək və ünvanlı yardıma da ehtiyac qalmayacaq.

 

Beləliklə, bir daha qeyd etmək istəyirəm ki, bu ilin 6 ayının yekunları məni sevindirir. Nazirlər Kabinetinin iclası o cümlədən xalqa verilən hesabatdır. Biz bunu müntəzəm olaraq edirik. Eyni zamanda, verdiyim tapşırıqlar yerinə yetirilməlidir ki, biz müsbət dinamikanı daha da artıraq. Sağ olun.

12.07.2017 09:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ