Mobil manşet üstü reklam-3_21

Devalvasiyanın sahibkarlar üçün yaratdığı risklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Devalvasiyanın sahibkarlar üçün yaratdığı risklər
iç səhifə xəbər şəkil altı (mobil)_32

Ölkə iqtisadiyyatı böhranla üzləşəndə hökumətlər diqqəti ilk növbədə sahibkarlıq subyektlərinin dəstəklənməsinə yönəlir. Əhalinin gəlirlərinin azalması fonunda mal və xidmətlərə tələbatı stimullaşdırmaqla, bazara əlavə pul buraxmaqla iqtisadi aktivliyin qorumağa çalışırlar. Çünki şirkətlərin kütləvi bağlanması təkcə sosial gərginliyə yol açan işsizlik yaratmır, həmçinin iqtisadi inkişafı əngəlləyir.

 

İqtisadçı ekspert Samir Əliyev "Marja"ya bldirib ki, neft resurlarının ucuzlaşması səbəbindən iqtisadi böhranla üzləşən Azərbaycanda milli valyutanın ucuzlaşması, iqtisadiyyatın yüksək səviyyədə dollarlaşması, pul təminatı səviyyəsinin aşağı düşməsi sahibkarlıq subyektləri üçün bir sıra risklər yaradıb. Beynəlxalq Özәl Sahibkarlıq Mәrkәzinin (CİPE) dəstəyi ilə devalvasiyanın biznesə təsirini qiymətləndirmək üçün tədqiqat  aparılıb və tədqiqat vasitəsilə bu riskləri müəyyənləşdirməyə çalışılıb:

 

Bu risklər aşağıdakılardır:

 

Risk 1. İqtisadiyyatın dollarlaşması səbəbindən biznesin milli valyutada borclanma imkanını məhdudlaşdırır. 

 

2014-ci ilin sonlarından başlayaraq maliyyə sektorundan müşahidə edilən dollarlaşma prosesi müəyyən qədər səngisə də hələki sabitləşməyib. Depozitlərin, o cümlədən əhali əmanətlərinin dollarlaşması və milli valyutanın məzənnəsinin qeyri-sabitliyi bankları və bank olmayan kredit təşkilatlarını milli valyutada olan kreditləşməni məhdudlaşdıraraq dollar kreditlərinə üz tutmağa vadar edib.

 

2012-2016-cı illərdə cəmi kreditlərdə xarici valyuta kreditlərinin payı 31,2%-dən 53,8%-ə yüksəlib. Kreditlərlə müqayisədə depozitlərin dollarlaşması daha yüksək səviyyədə olub. 2016-cı ilin sonuna xarici valyutada olan depozitlərin payı cəmi depozitlərdə 75,6%-ə yüksəlib. Bu müddətdə maliyyə təşkilatlarının depozitlərinin dollarlaşması 88,3% olub.

 

Maliyyə sektorunu dollarlaşması qiymətli kağızlar bazarına da sirayət edib və bu bazarda da milli valyutada resurs cəlbini çətinləşdirib. Kredit faizləri ilə müqayisədə kapital bazarından resurs cəlbi ucuz olsa da Azərbaycanda bu sektor zəif inkişaf edib və məhdud sayda şirkətin bu bazara çıxış imkanı mövcuddur. Kapital bazarında milli valyutada olan istiqrazlara maraq aşağı səviyyədədir. Xarici valyuta nominalında olan istiqrazlara isə kreditlərdən ucuz olmasına rəğmən maraq azdır. Buna görə də şirkətlər xarici valyutada borclanmaya getməyə məcburdurlar.

 

İqtisadiyyatın yüksək səviyyədə dollarlaşması pul-kredit siyasətinin səmərəliliyinin məhdudlaşmasına, likvidlik problemlərinin artmasına, Mərkəzi Bankın rolunun azalması kimi neqativ nəticələrə gətirib çıxarır. Bunun üçün iqtisadiyyatda dollarlaşma səviyyəsinin aşağı salınması vacibdir. Milli valyutada qiymətli kağızların buraxılması, etibarlı indeksasiya sistemi, valyuta risklərinini sığortalama (hedge) aləti, kapital bazarının və bankolmayan institutların gücləndirilməsi, kredit məlumatları sisteminin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi, faiz dərəcələri üzərində inzibati tədbirlərdən imtina edilməsi, valyuta depozitləri və istiqrazlarının gəlirliliyinə vergi rejiminin tətbiqi kimi addımlar dollarlaşmanı əngəlləyə bilər.

 

Risk 2. Milli valyutanın məzənnəsinin qeyri-sabitliyi yüksək inflyasiya təzyiqi yaradır 

 

Manatın məzənnəsin sabitliyi yalnız dayanıqlı makroiqtisadi sabitlik və iqtisadi inkişaf fonunda mümkündür. Ölkənin maliyyə sektorunun sürətlə dollarlaşması milli valyutaya təzyiqi artırmaqla yanaşı makroiqtisadi sabitliyi riski altına qoyur.  Milli valyutanın ucuzlaşması idxaldan asılı olan ölkə iqtisadiyyatını yüksək inflyasiya idxalına məruz qoyub. Son 5 ildə inflyasiya səviyyəsi birrəqəmli həddən (2012-cı il üzrə  1,1%) ikirəqəmli həddə (2016-cı il üzrə 12,4%) keçib. Milli valyutanın qeyri-sabitliyi istehlak qiymətləri indeksinə yüksəldici təsir göstərir. Qeyri-ərzaq məhsullarının əksər hissəsi, ərzaq məhsullarının isə əhəmiyyətli hissəsi (tam və ya qismən) idxal olunur. Milli valyutanın ucuzlaşması xarici valyuta ilə alınan məhsulları bahalaşdırır. 2016-cı ildə ərzaq məhsullarının qiymətləri 14,7%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7% artıb. Mərkəzi Bankın məlumatına görə, bu müddətdə manat ABŞ dollarına nisbətən dəyərini rəsmi olaraq 13%-dən çox itirib. Halbuki idxalatçı şirkətlərin müraciət etdikləri “qara bazar”da manatın il ərzində ucuzlaşması təxminən 20% təşkil edib.

 

Hazırda Azərbaycanda inflyasiyaya bir sıra daxili və xarici amillər təsir edir. Daxili amillərə dövlət büdcəsində kəsirin yaranması, mikro və makro səviyyədə disproporsiyanın yaranması, xarici ticarətdə inhisarın mövcudluğu, daxili bazarın iri şirkətlərin inhisarında olması, yüksək kredit faizləri daxildir. Xarici amillərə isə xarici tcarətdən daxilolmaların azalması, xarici ticarət və tədiyyə balansında kəsirin mövcudluğu, idxal mallarının xarici bazarlarda bahalaşması daxildir.

 

Bir qayda olaraq dəyişkən inflyasiya, milli valyutanın dəyərsizləşməsi, asimmetrik məzənnə siyasəti və maliyyə bazarının kiçikliyi maliyyə sisteminin dollarlaşmasını şərtləndirir. Valyutanın məzənnəsinin tez-tez aşağı salınması və valyuta məzənnələrində yüksək volatillik xarici valyuta depozitlərinin artımına gətirib çıxarır, yüksək inflyasiya isə öz növbəsində, bank kreditlərini “dollarlaşdırır”. Bütün bunlar Azərbaycanın maliyyə sektorunda müşahidə edilir və yüksək həddə dollarlaşma makroiqtisadi sabitliyi risk altına alır.

 

Risk 3. Mal və xidmət dövriyyəsinin azalması biznesin inkişafına mane olur, onların kadr potensialını zəiflədir. 

 

Bir tərəfdən milli valyutanın devalvasiyası səbəbindən mal və xidmətlərin bahalaşması, digər tərəfdən əhalinin real gəlirlərinin azalması səbəbindən alıcılıq qabiliyyətinin azalması mal və xidmətlərə tələbatı əhəmiyyətli dərəcədə azaltdı. Xarici valyutada olan kreditlərin qaytarılmasının çətinləşməsi bəzi subyektləri bağlanmağa, bəzilərini böyük zərərlə üzləşməsinə, üçüncülərinin isə yeni resurs əldə etmək imkanını məhdudlaşdırdı. Nəticədə sahibkarlıq subyektlərinin dövriyyəsinin azalması və işçi heyətini ixtisar etməsi zərurəti ortaya çıxdı. Əhalinin real gəlirləri 2016-cı ildə 2,74%-ə qədər azalması onların alıcılıq qabiliyyətinə mənfi təsir göstərib.

 

Tədqiqatın hazırlanması çərçivəsində kiçik və orta ölçülü sahibkar arasında aparılmış sorğunun nəticəsi də hər 5 respondentdən 4-ü dövriyyəsinin azaldığını, hər 4 respondentdən 3-ü isə işçi ixtisarını aparmaq məcburiyyətində qaldığını qeyd edib. Rəsmi statistika da dövriyyənin azalmasını və işçi ixtisarını təsdiq edir. Kəskin devalvasiyanın baş verdiyi 2015-ci ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoru üzrə məhsul buraxılışı 78%, sənayedə 51,7%, informasiya və rabitədə 66,5%, tikintidə 58,9%, daşınmaz əmlakla bağlı əməliyyatlarda 46,9% azalıb.  

 

İqtisadiyyatda muzdla işləyənləyənlərin sayı 2015-ci ildə 1.13% azalıb. Həmin il muzdlu işçilərin azalması emal (8,3%), tikinti (11,9%), maliyyə və sığorta (2,6%), informasiya və rabitə (0,8%) sektorlarında qeydə alınıb. İşsizlik kiçik sahibkarlıq subyektlərində də özünü qabarıq göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə bu sektorda işləyənlərin orta illik sayı 24%-ə qədər azalıb.

 

İşçi heyətinin azalması şirkətlərin kadr potensialını zəiflədir. İxtisarlardan qaçmaq üçün bəzi şirkətlərin maaşları azaltması siyasəti sosial baxımdan işçilərə dəstək olsa da peşəkar kadrların daha yüksək maaş təklif edən yerlərə üz tutmasına səbəb olur. 

 

Risk 4. Biznesin ucuz kredit resurslarına çıxışı məhdudlaşır

 

Kreditlər üzrə faiz dərəcələrinin yüksək olması biznesə, xüsusən də KOS-ların kredit resurslarına əlçatanlığını azaldan amillərdəndir. Bol neft pulları dövründə kredit faizlərinin yüksək olması ciddi fəsadlar törətməsə də, iqtisadi aktivliyin azaldığı və milli valyutanın qeyri-sabitliyi dövründə pul resurslarının baha olması sahibkarlığa ağır zərbə vurur. Uzun müddət inflyasiya səviyyəsinin aşağı olmasına rəğmən kredit resurslarının illik faiz dərəcəsi həmişə yüksək olub. 2009-2015-cü illərdə orta illik inflyasiya səviyyəsi 1-8% arasında dəyişdiyi halda 2016-cı ildə 12,4%-ə yüksəlib.  Bu müddətdə kreditlərin orta illik faiz dərəcəsində əhəmiyyətli dəyişiklik olub. Manat üzrə orta faiz dərəcəsi 15,9%-dən 12,8%-ə, dollar üzrə faiz dərəcəsi 17,19%-dən 9.16%-ə düşüb.  Buna baxmayaraq sahibkarların ucuz resursa çıxışı yox dərəcəsindədir. Banklar milli valyutada kredit vermirlər.

 

Xarici valyutada olan 1-3 illik kreditlərin faiz dərəcəsi isə biznes üçün 15-25% arasında dəyişir. Dolların bahalaşma perspektivini nəzərə alsaq bu faiz dərəcəsi ilə kredit götürməyin biznes üçün baha və riskli olduğunu söyləməyə əsas verir. Dollar manat münasibətdə 2015-ci ildə 2 dəfə, 2016-cı ildə 13,4% bahalaşsa da, 2017-ci ilin ilk yarısında 3,9% ucuzlaşıb. İlin ikinci yarısında məzənnənin hansı istiqamətdə gedəcəyini söyləmək çox çətindir. Manatın məzənnəsinin qeyri-sabitliyi sahibkarları dollar kreditlərini almaqdan çəkindirir. Banklar isə xarici valyutada kredit verməyə üstünlük verirlər. Biznesdə rentabelliyin aşağı düşməsi sahibkarları daha ucuz resurs cəlb etməsinə məcbur edir. Kiçik və orta sahibkarların maliyyə-uçot sistemi normalara uyğun olmadığından kapital bazarında iştirak edə bilmirlər. Ona görə də yeganə borclanma bank və bankolmayan kredit təşkilatları vasitəsilə aparılır.

 

Risk 5. Pul kütləsinin məhdudlaşması hesabına sahibkarlığın pul resurslarına çıxışının məhdudlaşması

 

Böhran dövründə hökumətlər bir qayda olaraq iqtisadi aktivliyi, o cümlədən tələbatı artırmaq üçün iqtisadiyyatın pulla təminatı səviyyəsini artırırlar. Azərbaycanda devalvasiya gözləntisi yarananda Mərkəzi Bank inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində və dollara tələbatı azaltmaq məqsədilə pul kütləsini məhdudlaşdırmaq siyasəti yürüdür. İqtisadiyyatın pulla təminat səviyyəsi 2012-2014-cü illərdə 26-30% civarında dəyişdiyi halda 2015-2016-cı illərdə 16-17%-ə qədər azalıb.  Ölkədə həm dollar qıtlığı, həm də paralel olaraq manat qıtlığı yaranıb. Manat qıtlığının yaranması kreditləşməyə də təsir göstərib. Pul təminatının aşağı olması büdcə xərclərinin ilboyu icrasında da çətinlik yaradıb. Məsələn, Maliyyə Nazirliyinin məlumatına görə, 2016-cı ildə dövlət büdcəsinin xərclərinin 21,5%-i dekabr ayında, 40,1%-i isə sonuncu rübdə icra olunub. Dövlət Neft Fondundan dövlət büdcəsi üçün nəzərdə tutulan transfertin 42,8%-i I-III rübdə, 57,2%-i isə IV rübdə köçürülüb. Mərkəzi Bankın pul kütləsini məhdudlaşdırmaqla manata təzyiqi azaltmaq, dollara tələbatı məhdudlaşdırmaq olub.

 

Qeyd etməyə dəyər ki, hazırda dünyada inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın monetizasiya sviyyəsi 45-50%-dən az deyil, bir sıra inkişaf etmiş ölkələrdə isə hətta 100%-200% arasında dəyişir. Azərbaycanla oxşar iqtisadiyyata malik Rusiyada 2015-2016-cı illərdə 42-45%, Qazaxıstanda isə 20% olub. ABŞ, Avropa, İngiltərə və Yaponiya Mərkəzi Bankları qlobal maliyyə böhranı dövründə və sonralar QE proqramı çərçivəsində iqtisadiyyatda pul kütləsini artırmaq siyasəti yürütdülər. Rusiya və Qazaxıstanda təxminən oxşar addımı atdılar. Ancaq Azərbaycanda əks addım atılaraq pul kütləsinin məhdudlaşdırılması siyasəti həyata keçirildi.  Mərkəzi Bankın 2017-ci il üzrə pul-kredit siyasəti barədə bəyanatından görünür ki, əsas hədəf inflyasiya və manatı sabitliyi olacaq və buna görə sərt-pul kredit siyasəti davam etdiriləcək. Deməli, pul kütləsinin əhəmiyyətli dərəcədə artırılması gözlənilmir.   

 

Risk 6. İdxalın məhdudlaşması və istehsalın tələbatı ödəyə bilməməsi səbəbindən mal çeşidi azalır

 

Manatın ucuzlaşması fonunda idxal mallarının bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin azalması idxal mallarına tələbatı azaldıb. Belə vəziyyətdə idxalatçı şirkətlər mal dövriyyəsinin azalmasının qarşısını almaq üçün daha çox tələb olunan və mümkün qədər ucuz olan malların alınmasına üstünlük verirlər. Belə vəziyyətdə mal çeşidinin azalması, idxal mallarının keyfiyyətinin azalması tendensiyası müşahidə edilir.

 

Gömrük sistemindən mal idxalı prosedurunun sadələşdirilməsi və asanlaşması uzun müddət qeyri-rəsmi yolla ölkəyə daxil olan bahalı malların rəsmi olaraq gömrük rüsumuna cəlb edilməsinə və bununla da onların daha da bahalaşmasına səbəb olub. Belə malların satış səviyyəsi aşağı düşdüyündən idxalatçılar daha çox ucuz qiymətə olan əvəzedicilər gətirməyə başlayıb.

 

Ərzaq məhsullarından fərqli olaraq qeyri-ərzaq mallarının yerli istehsalı səviyyəsi çox aşağıdır. Qeyri-ərzaq məhsullarının idxaldan asılılıq səviyyəsi yüksəkdir. Buna görə də ölkənin qeyri-ərzaq təminatı idxalatçıların seçimindən asılıdır. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdükcə idxalın çeşidir və keyfiyyəti aşağı düşməyə başlayacaq. Nəticədə bazarlar indiki məhsul rəngarəngliyi ilə müqayisədə aşağı keyfiyyətli və məhdud çeşidli məhsullarla əvəz olunacaq. 

 

© Samir Əliyev, iqtisadçı

15.07.2017 09:03

Müştərilərin xəbərləri

Mobil manşet altı reklam_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10