Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Prezident Sülh sazişi barədə - "Biz hələ də konsensusa yaxın deyilik"

sülh sazişi, əslində, sülhü tam əks etdirmir
iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident Sülh sazişi barədə -  "Biz hələ də konsensusa yaxın deyilik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Məncə, həmçinin bu da beynəlxalq ekspertlər tərəfindən də təhlil edilməlidir ki, otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib. Ermənistana sülh təklif edən biz idik".

Marja.az xəbər verir ki, bunu Dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

İlham Əliyev "Xatırlayıram, müharibədən sonra o vaxt keçmiş Minsk qrupu gəlib-gedəndə hiss edirdim ki, onlar özləri nə edəcəklərini bilmirlər" deyərək çıxışına belə davam edib:

"Çünki onların fəaliyyətinə artıq ehtiyac yoxdur. Azərbaycan “Madrid prinsipləri” adlanan və nizamlanma üçün əsas hesab edilən əksər müddəaları həyata keçirib. Onlar, sadəcə, nə edəcəklərini bilmirdilər.

Məhz yenə də biz - Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq. “Delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır” dedik. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən biz idik. Proses məhz belə başladı. Sonra gördük ki, heç nə baş vermir. Beləliklə, biz sülh sazişinin prinsiplərini işləyib hazırlamaq qərarına gəldik. Onları işləyib Ermənistana göndərdik. Sonra yenə sükut oldu və biz bunu ictimailəşdirdik. Beləliklə, biz o məşhur beş prinsipi açıqladıq ki, Ermənistan indi onları qəbul etməyə daha hazır görünür. Əgər üç il əvvəl onları qəbul etsəydilər və ya əsasən qəbul etsəydilər, antiterror tədbirlərinə ehtiyac qalmayacaqdı.

Beləliklə, bu, keçmişdə qalıb. Amma bilməliyik ki, bu, Ermənistanın deyil, Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirir. Son ayların başqa bir nümunəsini də misal göstərmək olar. Beş-altı şərh mübadiləsi aparılıb – ilkin Azərbaycan layihəsinə şərhlər verilib. Ermənistanın şərhləri, Azərbaycanın şərhləri, fikir ayrılıqları, razılaşmalar. Xarici işlər nazirləri bir neçə dəfə müxtəlif yerlərdə görüşüblər. Son şərhimizi sentyabrın 11-də göndərmişik. Beləliklə, bu sülh sazişinin nə olduğu haqqında daha ətraflı məlumat vermək üçün deyim ki, bu, 20-dən az maddədən ibarət maksimum altı-yeddi səhifəlik bir sənəddir. Beləliklə, belə kiçik bir sənədə Ermənistana bizə cavab vermək üçün 70 gün vaxt lazım olub və onlar yalnız Azərbaycanın xarici işlər naziri bunu açıqlayandan sonra (“İki aydır gözləyirik, niyə cavab vermirsiniz?” deyəndən sonra) cavab verdilər.

Deməli, bu onu göstərir ki, bu prosesi gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Niyə gecikdirdilər? Bunu bilmirəm. Bu, onların öz qərarı idi, yoxsa bəzi Avropa paytaxtlarında yeni dostları tərəfindən məsləhət görülüb? Bunu bilmirəm, yalnız ehtimal edə bilərəm. Amma fakt budur ki, sentyabrın 11-də göndərdiyimiz şərhlərə cavabı noyabrın 21-də aldıq. İndi Xarici İşlər Nazirliyimiz həmin şərhləri nəzərdən keçirir və biz onu geri göndərəcəyik. Düşünürəm ki, bundan sonra xarici işlər nazirlərinin görüşü məqsədəuyğun olacaq. Çünki indi görürük ki, biz hələ də konsensusa yaxın deyilik, amma Ermənistanın əvvəldən təkid etdiyi bir çox mühüm məsələlər artıq mövcud deyil. Onlar, ümumiyyətlə, mövcud deyil və şərhlərində də yoxdur. Təfərrüatlara çox varmaq istəmirəm, çünki bunun məxfi sənəd olduğunu başa düşürsünüz.

Düşünürəm ki, indi biz daha bir addım atırıq. Amma yenə də Azərbaycan təşəbbüskar ölkə olub, Azərbaycan faktiki olaraq öz iradəsini nümayiş etdirən ölkə olub və ümid edirəm ki, razılığa gəlmək çox vaxt aparmayacaq. Amma bircə müşahidə ondan ibarətdir ki, sülh sazişi, əslində, sülhü tam əks etdirmir. O sülhü pozan bir çox ölkə arasında sülh müqavilələri bağlanıb. Yaxud o vaxt Sovet İttifaqı, indiki Rusiya ilə Yaponiya arasında sülh sazişi yoxdur. Ancaq, eyni zamanda, Rusiya-Ukrayna müharibəsindən əvvəl bu ölkələr çox yaxın tərəfdaşlar və dostlar idi - çoxlu bizneslər, çoxlu investisiyalar, çoxlu qarşılıqlı əlaqələr mövcud idi.

Beləliklə, bu ölkələr üçün, istər Sovet İttifaqı, istərsə də Rusiya və Yaponiya olsun, formal sülh sazişi normal qarşılıqlı fəaliyyət üçün maneçilik törətməyib. Eyni tarixi nümunəni götürmüş kimi görünmək istəmirəm, ancaq bu da variantlardan biridir. Düşünürəm ki, sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşməməliyik. Bizə, əslində, nə lazımdır, yəni, Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var.

Həmin paytaxtın adını qeyd etmədən belə, məncə, hamı kimi nəzərdə tutduğumu anlayır. Beləliklə, bu, bir təkan rolunu oynaya bilər. Hələlik bunlar təxribatçı məsləhətlərdir, lakin onların dağıdıcı məsləhətlərə çevriləcəyini istisna etmirik. Deməli, iki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş “Dağlıq Qarabağ respublikası”nı unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur.

İmzalanacaq sənəd şübhəsiz ki, əhəmiyyət kəsb edir, amma bizim üçün xüsusilə də 30 ildir ermənilərin torpaqlarımızın bir santimetrini belə azad etmək istəməməsindən sonra vacibdir. 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyəndə prezident olan əvvəlki Qarabağ klanının liderləri yox, Paşinyanın özü nə demək istəyirdi? Heç kim ona bu sualı vermirdi. Onun müdafiə naziri 2019-cu ildə də Azərbaycanı işğalla hədələyən “yeni ərazilər uğrunda yeni müharibə olacaq” deyəndə bu, Köçəryan-Sarkisyan qruplaşması deyildi. Bu, Paşinyan idi, o idi. İndi o, “Qarabağ Azərbaycandır” deyir. Ona görə deyir ki, çünki biz müharibədə qalib gəlmişik, ideologiyasını dəyişdiyi üçün yox. İdeologiya eynidir. Onlar hələ də bu ideologiya ilə yaşayırlar. Ermənistan iqtidarı ilə müxalifətin fərqi yalnız ondan ibarətdir ki, Ermənistan hökuməti aydın başa düşür ki, əgər onlar bizim ərazi bütövlüyümüzə qarşı çıxmağa davam etsələr, arxasında kimin durmasından asılı olmayaraq, biz onları yenidən əzəcəyik, onların arxasında kimin dayanmasından və ya o məşhur, gözəl Avropa paytaxtında kimin onlara nə deməsindən asılı olmayaraq. Müxalifət bunu istəyir, çünki Paşinyanı devirmək istəyirlər. Onlar bunun baş verməsini istəyirlər. Onlar istəyirlər ki, o, bu səhvi etsin, sonra hakimiyyətə gəlsinlər. Deməli, bizim gözümüzlə görə biləcəyimiz zəmanətlər lazımdır. Bu, Qafqazda sülh üçün ən yaxşı amil olacaq".

07.12.2023 07:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ