Uşaqlar milli qəhrəman sorağında
Əziz oxucular, sizə “Kayu”, “Şirinlər”, “Sedrik”, yaxud Qarqamel, Adriel adları tanış gəlirmi? Gəlmirsə, uşaqlarınızdan soruşun. Bunlar cizgi filmləri və o filmlərin personajlarıdır. “Şrek”, “Ayı və Maşa” kimi populyar cizgi filmi də var. Siyahını uzatmaq da olar.
İndi valideyinlərin başı dolanacaq qayğılarına qarışıb. Sabahımızı qazanmaq haqda lazımınca düşünmürük. Düşünsəydik, anlayardıq ki, uşaqlara öz mili nağıllarımız əsasında hazırlanmış cizgi filmləri nümayiş etdirmək lazımdır.
Animasiya Azərbaycana 30-cu illərdə gəlib çıxıb. İlk Azərbaycan animasiya filmlərinin yaradıcılarının arasında Müslüm Maqomayevin atası Məhəmməd Maqomayevin də adı var.
Sovet dönəmini də nəzərə alsaq, indiyə qədər “Azərbaycanfilm” kinostudiyasında 100-dən çox animasiya filmi çəkilib, amma onlar nadir hallarda telekanallarda nümayiş olunur. Niyə? Hansı səbəbdən uşaqlar o filmləri görə bilmirlər? İndinin özündə animasiya filmləri çəkilirmi? Çəkilirsə, niyə onların da nümayişini görən olmayıb? Bu suallara aydınlıq gətirməyə çalışaq.
Sovet İttifaqı dağıldıqdan sonra respublikalarda film fondları yaradıldı, filmlər onlar üçün münasib olan saxlama yerlərinə köçürüldü. Azərbaycanda film fondu yaradılıncaya, lazımi şərait düzəlincəyə qədər bəzi filmlərin lentləri, o cümlədən milli multiplikasiya filmləri yararsız vəziyyətə düşdü. Onların bərpası isə film çəkməkdən baha başa gəlir. Çünki restavrasiya etmək üçün əvvəlcə o filmlərin Moskva film fondunda qalan orijinal variantlarını əldə etmək lazımdır. Məsələ bundadır ki, Moskvadakı film fondu sovet dönəmində çəkilmiş bütün filmlərin orijinal variantlarını müəllif kimi özündə saxlayır. O filmlər sovet hökumətinin varisi kimi Rusiyaya qalıb.
1992-ci ildən bəri çəkilmiş cizgi filmlərinin orijinalları öz film fondumuzdadır, onları da aşkarlamaq lazımdır. Aşkarlamaq üçün də bizdə laboratoriya yoxdur, bu iş ya Moskvada, ya da Kiyevdə həyata keçirilir. Kinolarımızın bu problemi animasiya filmləri üçün artıq öz yoluna qoyulub. Animasiya fılmləri kompüter qrafikası ilə çəkilir, lentlərə deyil, disklərə köçürülür. Belə halda isə animasiya filmlərinin nümayişi yalnız televiziya üçün nəzərdə tutulur. 2000-ci ildən bəri kompüter qrafikası ilə ərsəyə gələn filmləri isə bu səbəbdən görə bilmirik. Onların nümayişi televiziya üçün nəzərdə tutulub, telekanallar isə bunun üçün qonorar ödəmək istəmirlər. Niyə? Əslində, bu sualın cavabını yerli telekanallardan almalı idik, ala bilmədik. Bəhanələrlə cavabdan yayındılar.
ANİMAFİLM Azərbaycanın ilk və tək beynəlxalq animasiya festivalıdır və 2018-ci ildən etibarən hər il keçirilir. Festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir. Bu il sentyabrın 6-dan 10-dək Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Festivalı təşkil olunub. Beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş 64 müxtəlif animasiya filmi nümayiş etdirilib. Builki mövzu “Qadın haqları” idi. Azərbaycan Animasiya Assosiasiyasının sədri və ANİMAFİLM festivalının direktoru Rəşid Ağamalıyev deyir ki, il ərzində 2–3 cizgi filmi çəkilir, bu isə azdır, çünki maliyyə çatışmazlığı ilə üz-üzə gəlirik.
–Bu sahənin bir böyük problem də kadr məsələsidir. Uzun müddət Azərbaycanda animasiya mütəxəssisi yetişməyib. Ali məktəblərdə belə ixtisas yoxdur. Çəkilən filmlərin nümayiş olunması isə artıq bu sahənin deyil, ümumilimkdə, kinonun problemidir. Animasiya filmləri, demək olar ki, yalnız bizim festivalda nümayiş olunur.
Animator Elçin Hami Axundovun dediyinə görə, isə animatorların xüsusi məktəbi olmur, hətta Sovet vaxtı Moskva Kinemotoqrafiya institutunun özündə də belə fakültə olmayıb. Bu peşəyə yalnız təcrübə ilə yiyələnmək mümkündür. Bunun üçün gərək rəssamlıq məktəbini qurtarasan, amma hər rəssam da animator ola bilməz. Onun bir az da aktyorluğu olmalıdır. Bir sözlə, peşənin elə spesifik cəhətləri var ki, hər adam bunu bacarmaz. Peşəyə ehtiyacı nəzərə alan animator 1988-ci ildə özü məsələ qaldırıb 20 nəfər gənc rəssamla məşğul olmağa başlayıb. Onlardan həm də aktyorluq bacarığı olan 6 nəfər animator yetişib. Təəssüf ki, indi o 6 nəfərdən biri də Azərbaycanda yoxdur. Dünyanın müxtəlif ölkələrində, o peşə fəaliyyətini davam etdirirlər.
Animasiya filmləri yeganə ekran işi sahəsidir ki, əvvəlcə səs yaranır, sonra ona forma verilir. Səsin əsasında cizgilər hərəkətə gətirilir. Bu üsulla, həm də kompüter qrafikası ilə “Azanfilm”də “Cavanşir”, “Basat və Təpəgöz”, “Qızıl”, “Qarğa balası və özgə yuvası” ,“Güzgü” adlı filmlər çəkilib.
Bütün problemlərə baxmayaraq, Rəşid Ağamalıyev 2021-ci ili müasir Azərbaycan animasiya kinosu tarixində ən uğurlu il sayır. Həmin il filmlərin və animasiya studiyaların sayı çoxalmaqla yanaşı, beynəlxalq film festivallarında iştirak edən filmlərimiz də çox olub. Müxtəlif kurslarda öyrədilən animasiya artıq ali təhsil səviyyəsində də tədris olunur. Lakin Azərbaycan animasiyası hələ yolun əvvəlindədir. “Azanfilm” Studiyası tərəfindən 2021-ci ildə “Tıq-Tıq möcüzələr axtarışında – Qobustan”, “Oğurlanmış bahar” çəkilib. Rejissor və prodüser Firəngiz Qurbanovanın rəhbərlik etdiyi “Birlik” 2021-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə “Sərçə” diplom işini çəkib. Studiyanın “Qarabağ nağılı” adlı layihəsi isə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Böyük Qayıdış” müsabiqəsinin qalibi olub. “Balta” animasiya serialı YouTube-da nümayiş olunub. Rejissor, prodüser Sultan Abbasbəylinin rəhbəri olduğu “Sultan”studiyası 2021-ci ildə “Həmin nar ağacı” sosial çarxını təqdim edib. 2020-ci ildə “Harmony of Chaos” studiyası tərəfindən ərsəyə gələn “Evə qayıdış” animasiya çarxı (prodüser və rejissor Ağarəhim İbrahimov) internetdə böyük əks-səda yaradıb, dəfələrlə televiziyalarda, kinoteatrlarda nümayiş etdirilib.
Belə görünür ki, müstyəqilliyin ilk illərində dağılmış bu sahə yenidən qurulur. İstərdik ki, telekanallarımızda hər gün Cırtdan, Məlikməmməd, Şahzadə oğlan, Fatma, başqa xalqların da ürək açan qəhrəmanlarından bəhs edən cizgi filmləri nümayiş olunsun.
© Ramilə QURBANLI, "Xalq qəzeti"
Müştərilərin xəbərləri
Davamlı inkişaf və yenidənqurma missiyası ilə "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir ®
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
19 saat sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
19 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda əhali 9 ayda alış-verişə 50,8 milyard manat xərcləyib – Ən çox alınan mallar açıqlanıb
-
1 saat əvvəl
Bakıda daha bir marşrutun bütün avtobusları yenilənir – Gedişhaqqı 60 qəpik olacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
İri bankın biznes kreditləri portfeli 4 milyard manata yaxınlaşıb
-
4 saat əvvəl
"Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
ABB-yə depozit axını
Davamlı inkişaf və yenidənqurma missiyası ilə "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir ®
Ən çox oxunanlar
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
İri bankın biznes kreditləri portfeli 4 milyard manata yaxınlaşıb
"Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"
Oktyabrın 14-də gözlənilən hava şəraiti
“Yapı Kredi Bank Azərbaycan” 2026-ci ilin 9 ayını 9,2 milyon manat mənfəətlə başa vurub

























