Fransada lüks mağazalara hücumlar – Vitrinlər sındırılıb, bahalı mallar aparılıb
Fransa qarışıb: Fransada böyük iğtişaşlar – Dior, Hermès və Kenzo mağazaları talanıb.Fransada bahalaşma, yaşayış xərclərinin artması və sosial problemlərə qarşı keçirilən kütləvi etiraz aksiyaları ölkənin müxtəlif şəhərlərində ciddi iğtişaşlarla müşayiət olunub. Paris və digər böyük şəhərlərdə lüks brendlərin mağazalarının vitrinləri və giriş qapıları sındırılıb, ticarət obyektləri talan edilib, avtomobillər və inzibati binalar yandırılıb. Hadisələr nəticəsində 1200 nəfər saxlanılıb, 150 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Marja.az xəbər verir ki, Reuters, AFP, Associated Press və Fransanın Le Monde nəşrinin məlumatlarına əsasən, oktyabrın 17-də ölkə boyunca keçirilən etirazlar son illərin ən ciddi küçə qarşıdurmalarından birinə çevrilib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin müxtəlif şəhərlərində təşkil olunan 110 yürüşdə 550 min nəfər iştirak edib. Paytaxt Parisdə nümayişçilərin sayı 110 min nəfər olub. Təşkilatçılar isə iştirakçıların ümumi sayının 800 min nəfərə çatdığını açıqlayıblar.
Etirazlar əvvəlcə təhsil sistemindəki problemlər və dövlət xərcləri ilə bağlı narazılıqlardan başlayıb. Daha sonra aksiyalara həmkarlar ittifaqları, tələbə təşkilatları, əməkhaqqının artırılmasını tələb edən vətəndaşlar və “Sarı jiletlilər” hərəkatının tərəfdarları da qoşulublar.
Lüks brendlərin mağazalarının vitrinləri sındırılıb, mallar talan edilib
Etirazlar zamanı ən çox diqqət çəkən hadisələrdən biri məşhur beynəlxalq brendlərin mağazalarına hücumlar olub.
AFP-nin məlumatına görə, Marsel şəhərində onlarla mağaza talan edilib. Hədəfə alınan obyektlər arasında dünyaca məşhur Hermès lüks moda brendinin butiki də olub.
Parisdə isə Kenzo, Salomon və Arc’teryx mağazalarının vitrinləri sındırılıb, rəflərdəki məhsullar aparılıb. Le Monde nəşrinin hadisə yerindən hazırladığı reportajda şəhərin mərkəzi küçələrində çoxsaylı mağazaların talan edildiyi, şüşə qırıqlarının küçələrə yayıldığı bildirilir.
CLPRESS xəbər agentliyi Parisdə Dior butikinin talanması və Vendom meydanı ətrafında çoxsaylı lüks mağazalara hücumlar barədə videogörüntülər yayımlayıb.
New York Post nəşri Louis Vuitton və Hermès mağazalarına hücumlar barədə də məlumat yayıb.
Paris və digər şəhərlərdə hücum edən qruplar mağazaların şüşələrini, vitrinlərini və giriş qapılarını sındıraraq içəri daxil olub, geyim, çanta, elektronika və digər bahalı məhsulları ələ keçiriblər.
AFP-nin məlumatına görə, Lill şəhərində Apple mağazası da talan edilib. Parisdə isə mobil telefon, kosmetika və idman malları satılan mağazalar hücumlara məruz qalıb.
Məşhur Yelisey çölləri prospektində yerləşən lüks mağazalar da təhlükə ilə üzləşib. Təxminən 300 nəfərlik qrup bu istiqamətdə irəliləməyə çalışsa da, polis gözyaşardıcı qazdan istifadə edərək onların qarşısını alıb.
Məlumatlara görə, bəzi mağazalar əvvəlcədən vitrinlərini taxta və metal qoruyucu lövhələrlə bağlamışdı. 
Paytaxtın bir sıra küçələrində böyük dağıntılar törədilib
Parisdə Respublika meydanı və ətraf küçələr qarşıdurmaların əsas mərkəzlərindən birinə çevrilib. Maskalı şəxslər polis əməkdaşlarına daş və digər əşyalar atıb, avtomobillərə od vurub, yol barrikadaları qurublar.
Şəhərin müxtəlif rayonlarında mağazalar və digər kommersiya obyektləri talan edilib.
Paris meri Emmanuel Qreqüar baş verən hadisələrin miqyasını ciddi qiymətləndirərək, bəzi küçələrin sistemli şəkildə dağıdıldığını bildirib.
Şəhər rəhbərliyi dinc etiraz iştirakçıları ilə dağıntı və talançılıq törədən şəxslərin fərqləndirilməsinin vacibliyini vurğulayıb.
Bordo şəhərində isə məşhur Sent-Katrin ticarət küçəsində mağazalar talan edilib. Decathlon mağazasında başlayan yanğının yerləşdiyi binaya yayıldığı bildirilib.
Limoj şəhərində tarixi meriya binası yandırılıb
Fransanın Limoj şəhərində maskalı şəxslər əvvəlcə bələdiyyə polisinə məxsus avtomobili yandırıb, daha sonra şəhər meriyasına hücum ediblər.
Hücum edən şəxslər binanın şüşələrini sındıraraq içəri daxil olub və yanğın törədiblər.
1883-cü ildə istifadəyə verilmiş tarixi binada alovlar dam örtüyünə qədər yayılıb və ciddi dağıntılara səbəb olub.
Lill şəhərində də etirazçılardan bir qrup meriya binasının şüşə qapılarını sındıraraq içəri daxil olub və inzibati otaqlara ziyan vurub.
Marsel və Lion şəhərlərində də dövlət binalarına və digər obyektlərə hücumlar qeydə alınıb. Lionda şəhər mərkəzindəki turizm ofisində yanğın törədilib. 
1200 nəfər saxlanılıb, 150 polis əməkdaşı xəsarət alıb
Fransanın Baş naziri Sebastyen Lekornünün açıqladığı sonrakı ilkin məlumatlara əsasən, iğtişaşlar zamanı ölkə üzrə 1200 nəfər saxlanılıb.
Xəsarət alan polis və jandarm əməkdaşlarının sayı isə 150 nəfərə çatıb.
Daxili işlər naziri Loran Nünyes dağıntılarda radikal solçu qruplaşmaların və fürsətdən istifadə edən talançıların iştirak etdiyini bildirib.
Nazirin sözlərinə görə, hücum edən şəxslər kiçik və hərəkətli qruplara bölünərək müxtəlif yerlərdə eyni vaxtda dağıntılar törədiblər.
Hüquq-mühafizə orqanlarının nümayəndələri kütləvi qarşıdurmalar zamanı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər.
Sent-Etyen şəhərində isə polis tərəfindən istifadə edilən qumbaranın partlaması nəticəsində 17 yaşlı etirazçının əli qopub. Hadisə ilə əlaqədar araşdırma başlanılıb.
Makron iğtişaşları pisləyib, hökumət təcili iclas keçirib
Fransa Prezidenti Emmanuel Makron baş verən zorakılıqları kəskin pisləyib. Dövlət başçısı mağazaların talanması, dövlət müəssisələrinə hücumlar və dağıntılar törədən şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib.
Baş nazir Sebastyen Lekornü ölkədə yaranmış vəziyyətlə əlaqədar böhran qərargahının iclasını çağırıb və hadisələrin miqyasını ciddi təhlükə kimi qiymətləndirib.
Daxili işlər naziri Loran Nünyes isə hazırkı mərhələdə fövqəladə vəziyyətin tətbiqinin nəzərdən keçirilmədiyini açıqlayıb.
Solçu “Təslimolmayan Fransa” partiyasının qurucusu Jan-Lük Melanşon polis tərəfindən etiraz aksiyalarının idarə olunmasını tənqid edib və baş verən qarşıdurmalarla bağlı məsuliyyətin hakimiyyət orqanlarının fəaliyyətində də axtarılmalı olduğunu bildirib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 22 saat sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
























