Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda ilk investisiya fondu yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk investisiya fondu yaradılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda “Pullman” oteldə “AzFinance” İnvestisiya Şirkətinin təşkilatçılığı ilə bank və sığorta şirkətləri üçün “Maliyyə bazarlarında yeni imkanlar – 2017” mövzusunda tədbir  keçirilib.

 

“AzFinance” İnvestisiya Şirkətinin və “AzFinance Asset Management” MMC-nin baş direktoru Abid Məmmədov şirkətin yaranma tarixi barədə məlumat verib. “Bloomberg” şirkətində 5 il çalışdığını deyən A.Məmmədov bildirib ki, topladığı təcrübə əsasında Azərbaycanda iqtisadi inkişafa töhfə vermək məqsədi ilə investisiya şirkəti yaratmaq qərarına gəlib. Onun sözlərinə görə, şirkətin sağlam və düzgün təməl üzərində qurulması üçün beynəlxalq təcrübə öyrənilib və 2014-cü ildə “AzFinance” İnvestisiya Şirkəti fəaliyyətə başlayıb. A.Məmmədov qeyd edib ki, düzgün strategiya və peşəkar komanda sayəsində “AzFinance” İnvestisiya Şirkəti 2015-2016-cı illərdə gəlir əldə etməyə başlayıb: “Biz işə başlayandan dərhal sonra gəlir əldə etməyə başladıq. Bizim şirkət daim Azərbaycanın TOP-3 şirkəti arasında yer alıb. Hazırda “AzFinance” İnvestisiya Şirkəti 20 milyon manatlıq vəsaiti idarə edir. Biz gələn il bu məbləği iki dəfə artırmağı planlaşdırırıq. Hesab edirəm ki, biz irəliyə doğru addımlayırıq”.

 

Böhranla əlaqədar investisiya şirkətlərinə müraciətlər çoxalır 

 

Dünya bazarında neftin ucuzlaşmasının və qlobal iqtisadiyyatda sarsıntıların ölkənin maliyyə sektoruna təsir etdiyini deyən A.Məmmədov hesab edir ki, böhran investisiya şirkətlərinə inkişaf etmək imkanı yaradır. Onun sözlərinə görə, iqtisadi çətinlik qiymətli kağızlar bazarına, investisiya şirkətlərinə marağı artırıb. “AzFinance” İnvestisiya Şirkətinin direktoru hazırda əhalinin broker xidmətləri ilə müqayisədə vəsaitlərin idarəetməyə verilməsi ilə bağlı sifarişlərin getdikcə artdığını vurğulayıb: “Maliyyə sektoru ölkə iqtisadiyyatının ürəyidir. Maliyyə böhranı bir sıra şirkətlərə sarsıdıcı zərbə vurub. Bununla belə, böhran digər şirkətlərə yaranmaq, inkişaf etmək və öz mövqeyini tutmaq imkanı verir. Maliyyə böhranı ilə əlaqədar investisiya şirkətləri üçün bir çox yeni imkan yaranıb. Ona görə ki, indi bizim məhsullar daha aktual və maraqlı olub. Məsələn, ilk növbədə əgər şirkətlər kredit götürməkdə maraqlı deyilsə, biz kredit əvəzinə bir çox şirkətə səhm buraxmağa kömək edirik və bu istiqamətdə çalışırıq. Bu kreditlə müqayisədə riskləri azaldır. Bununla yanaşı, bazarda yeni məhsullar meydana gəlir, bazarın digər iştirakçılarına bu məhsulları almaq və ya şirkətlərə sərmayə yatırmaq imkanı yaranır. Biz depozit əvəzinə hazırda investisiya fondu yaratmaq üzərində işləyirik. İnvestorlar depozit yatırmaqla yaranan risklərdən qaçmaq istəyirsə və depozit faizlərindən də yüksək gəlir götürmək istəyirsə, investisiya fonduna vəsait yatıra bilər. Biz investisiya fondu yaratmaqla onlara bu imkanı verəcəyik. Hazırda biz bu istiqamətdə intensiv iş aparırıq. 2017-ci ildə biz investisiya fondunun fəaliyyətə başlamasını planlaşdırırq”.  

 

1 milyon dollardan 39%-lik gəlir

 

“AzFinance” İnvestisiya Şirkətinin direktor müavini Murad Əhmədov “Xarici bazarlarda asset management” (fərdi investisiya portfelinin idarə edilməsi) mövzusunda təqdimatla çıxış edib. M.Əhmədov bildirib ki, fərdi investisiya portfelinin idarə edilməsi bazarda yeni xidmətlərdən biridir: “Bu, pul vəsaitləri, qiymətli kağızlar və digər aktivlərin professional idarəetmə ilə investora gəlir gətirməsinə xidmət edir. Siz vəsaitlərinizin idarə olunması, sizə maraqlı olan strategiyanın seçilməsi, hər gün sizin hesablarınızın necə idarə olunması ilə bağlı hesabat almaq və gəlir əldə etmək istəyirsinizsə, investisiya şirkətinə müraciət edə və müqavilə bağlaya bilərsiniz. Bizim digər şirkətlərdən üstünlüyümüz nədir? Azərbaycan bazarında ilk dəfə bu xidmətləri biz təklif etmişik. Bizim məhsulların unikallığı ondan ibarətdir ki, biz öz müştərilərimizə fərdi xidmətlər təklif edirik. Bizim müştərilər arasında banklar, sığorta şirkətləri və idxal-ixracla məşğul olan şirkətlər var. Daha bir üstünlük odur ki, əgər banklar və sığorta şirkətləri gələcək maliyyə institutları daimi, zəmanətli gəlir əldə etmək istəyirsə, biz onlar üçün strategiya hazırlayırıq. İdxal-ixracla məşğul olan şirkətlər üçün isə valyuta əməliyyatlarından qazanmaq imkanı yaradırıq. Bilirsiniz ki, bu şirkətlər idxal və ixracla məşğuldur və bu fəaliyyətə görə valyuta əldə edir. Bu vaxt onlar ayrıca risklərlə üzləşir. Bu, daha çox ixracatçılara aiddir. Bu şirkətlər Azərbaycanda fəaliyyət göstərdiklərindən və xərcləri manatda olduğundan  əldə etdikləri valyutanı satmalı olurlar. İxracatçılar üçün ayrıca qazanmaq imkanı var. Biz onlara ayrıca qazanmaq imkanı veririk. Biz valyutadan gəlir əldə edilməsi üçün satışın müddətini planlaşdırırıq”.

M.Əhmədov əlavə edib ki, “AzFinance” İnvestisiya Şirkəti fərdi investisiya portfelinin idarə edilməsi ilə bağlı güclü infrastruktur yaradıb. Belə ki, “AzFinance” bu məqsədlə dünyanın ən iri investisiya bankları və beynəlxalq maliyyə təşkilatları ilə müqavilələr imzalayıb:“Məsələn, siz bizim köməyimiz ilə “İnteractive brokers”, “İş bankası” “İş Yatırım”, “Raiffeisen Bank” kimi qurumlarda hesab aça bilərsiniz. Əgər siz iri banklarla işləmək istəmirsinizsə və ya böyük məbləğdə hesab açmaq istəmirsinizsə, bizim şirkətdə hesab aça bilərsiniz. Bizim şirkətdə açılan hesablara gündəlik nəzarət etmək mümkündür. O cümlədən, bizim fəaliyyətimizi Maliyyə Bazarlarına Nəzarət Palatası çox ciddi izləyir”.

 

M.Əhmədov qeyd edib ki, dünyada investisiya şirkətləri vəsaitlərin idarə edilməsinə (menecement komissiyası) görə 2%  və nəticələrə görə (performans komissiyası) 20%-lik komissiya alınır. Əgər dünyada nəticəsindən asılı olmayaraq vəsaitlərin idarə olunmasına görə müştəridən 2%-lik komissiya tutulursa, “AzFinance” İnvestisiya şirkəti gəlir əldə etməyən şirkətdən pul tələb etmir: “Bizim daha bir üstünlüyümüz odur ki, razılaşmaya əsasən əldə olunan gəlir nəzərdə tutulandan az olarsa, şirkətimiz idarəetməyə görə pul almır. Yəni, bu halda ödəniş 0% olur. Biz yalnız qazanılan gəlirdən 20% komissiya götürürük. Əgər biz sizin gözlədiyinizdən çox gəlir əldə etmişiksə, onda vəsaitlərin idarə edilməsinə (menecement komissiyası) görə 2%  və nəticələrə görə (performans komissiyası) 20%-lik komissiya alınır”.

 

“AzFinance” hesabatlılığa da xüsusi önəm verir: “Hesabatlılığa gəlincə, siz birjalarda təmsil olunan istənilən bankda hesab açdıra bilərsiniz, gündəlik nə qədər və necə qazandığınızı görə bilərsiniz. Bizim şirkətdə açılan hesaba görə müştərilərə aylıq hesabatları təqdim edilir”.

 

M.Əhmədov deyib ki, şirkətin hazırladığı strategiyalar orta və uzun müddətli olur. Onun sözlərinə görə, uzunmüddətli seçilmiş strategiyanın formasından asılı olaraq təxmini gəliri müəyyənləşdirmək mümkün olur: “Şirkətlər, bank depozitinin alternativi kimi bu strategiyanı seçir. Biz onlar üçün çox etibarlı şirkətlərin səhmlərini seçirik. Bu şirkətlər illik 5-7% artan şirkətlər olur. Siz bu şirkətlərdən 2,3 və ya 5%-lik dividend ala bilərsiniz. Biz portfelin neytrallığını qoruyub saxlayırıq. Bizim müştəri olan şirkətlərdən biri investisiyanın müddəti 1 il, həcmi 1 milyon dollar olmaqla aqressiv strategiyanı seçib və bizə öz vəsaitlərinin 15%-nin riskə gedilməsinə razı olub. Noyabrın ortasına olan məlumata görə, bu şirkət bizim sayəmizdə 39,5% gəlir əldə edib. Əgər siz buna inanmırsınızsa, öz auditorunuzu bizim şirkətə göndərə və bu məlumatları yoxlaya bilərsiniz”.

 

Azərbaycanda ilk dəfə olaraq İnvestisiya Fondu yaradılacaq

 

“AzFinance” İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyev “İnvestisiya fondları: bu günün tələbi” mövzusunda təqdimat edib. O bildirib ki, gələn il Azərbaycanda yeni və daha peşəkar maliyyə alətləri ilə işləyən ilk investisiya fondu yaradılacaq. Bununla bağlı qısa zamanda Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunacaq.

 

“AzFinance” İnvestisiya Şirkəti 3 investisiya fondunun yaradılmasını hədəfləyir. Şirkət əvvəlcə Paylı Borc alətləri və Özəl Sərmayə İnvestisiya Fondları yaradacaq. Sonra Daşınmaz Əmlak İnvestisiya Fondunun yaradılması nəzərdə tutulur.

 

İ.Səfərəliyev bildirib ki, Paylı İnvestisiya Fondu Milli Depozit Mərkəzində açılan bir hesaba malikdir: “Bu hesabın bir neçə sahibi var. Onlar pay sahibləri adlanır. Həmin hesabda eyni zamanda qiymətli kağızlar saxlanılır. Həmin qiymətli kağızların gündəlik dəyəri hesablanır və həmin payların sayına bölünür və hər bir insan qiymətli kağızlarına uyğun faizə və qiymətə sahib olur. Paylı investisiya fondları üç formada yaradıla bilər. Açıq, qapalı və interval paylı investisiya fondları”.

 

İ.Səfərəliyev əlavə edib ki, dünyada investisiya fondlarına maraq artır. Bunun ən böyük səbəbi insanların kapitalın təmərküzləşməsinə meyl etməsi ilə bağlıdır. “Peşəkarlar kapitalı daha yaxşı idarə edir. Məhz bu səbəbdən də Rusiyada son 6 ildə paylı investisiya fondlarında artım nümayiş olunub və bu fonadların xalis kapitalının dəyəri iki dəfə artıb. Bu da bizim marağımızı çəkib. Bizdə yeni investisiya fondlarının yaranmasında maraqlıyıq. İnvestisiya fondunun üstünlükləri diversifikasiya və risklərin minimuma endirilməsi ilə bağlıdır. Bir investor öz vəsaiti həcmində çox diverfsifikasiya edə bilməz. Çünki, onun vəsaiti məhduddur. Ancaq paylı investisiya fondunda böyük vəsait toplandığına görə burada diversifikasiyaya getmək olar.  Müxtəlif sahələrdə istiqraz əldə edə və riskləri minimuma endirə bilər. Bizim yaradacağımız paylı investisiya fondları öz şəbəkəmiz vasitəsi ilə  müxtəlif kapital bazarlarına çıxarılacaq”, - deyə İ.Səfərəliyev vurğulayıb.

 

10-a yaxın dollar nominasiyalı borc alətləri  buraxılacaq

 

Onun sözlərinə görə, indi əhalinin bank-maliyyə sektoruna olan inamı azalıb. İ.Səfərəliyev hesab edir ki, belə bir şəraitdə təmsil etdiyi şirkət əhaliyə yeni investisiya məhsulu təqdim etməlidir: “Digər hədəf də xarici investorların Azərbaycana investisiya qoyması üçün daha tanınan  bir vasitənin yaradılmasıdır. Bu paylı investisiya fondu olacaq. SOCAR istiqrazları kimi borc alətlərinə investisiya olunacaq. SOCAR istiqrazları hələ ki, bazarda yeganə borc alətidir. Biz də müəyyən emissiyalar üzərində çalışırıq. Digər istiqamətdə işlər gedir. Yaxın zamanlarda bazarda 10-a yaxın dollar nominasiyalı borc alətləri olacaq. Bundan başqa, biz paylı investisiya fondunun vəsaitlərinin bir hissəsini də xarici bazarlarda olan fərdi investisiya portfelinin idarə edilməsinə investisiya etməyi düşünürük”.

 

Özəl Sərmayə İnvestisiya Fondları səhmlərə investisiyaları həyata keçirəcək. İ.Səfərəliyev qeyd edib ki, müəyyən hüquqi şəxslərin nizamnamə kapitalına birbaşa yatırımlar həyata keçiriləcək: “ Burada əsas məqsəd xarici investorlardan vəsait toplamaq və vəsaiti yerli şirkətlərimizin nizamnamə kapitalı və səhmlərinə yerləşdirməkdir. Əmlaka sərmayə investisiya  fondu qapalı olacaq. Bunu ən sonda növbəti ilin əmlak proqnozunu əldə edəndən sonra yaratmağı düşünürük”.

 

İ.Səfərəliyev vurğulayıb ki, hər üç investisiya fondunun  başlanğıc nominal dəyəri 5 mln. manat  həcmində müəyyənləşdirilib: “Tələbə uyğun olaraq gələcəkdə payların sayının artırılması yolu ilə əlavə investorlar cəlb oluna bilər. Payları hər 3 aydan bir geri satmaq və ya satın almaq mümkündür. Borc alətləri investisiya fondunun vəsaiti Socar istiqrazları kimi dollar nominallı istiqrazlara investisiya edilməsi nəzərdə tutulur. İstiqrazlar yerli və xarici bazarlardan seçiləcək. Bu fondun aktivləri və gəlirləri ABŞ dollarında olacağı üçün şirkət əhalidən bu fonda investisiya cəlb edə biləcəyini proqnozlaşdırır. Eyni zamanda, xarici investorlar da Azərbaycana investisiya edib valyuta riski daşımadan qazanc əldə edə biləcək. Sərmayə paylı investisiya fondunun vəsaiti isə Azərbaycanda fəaliyyət göstərən layihələrdə 10-30% payla iştirak etməklə onların səhmlərinə yatırılacaq. Burada əsas məqsəd Azərbaycana investisiya etmək istəyən xarici investorlara müasir, şəffaf investisiya məhsulları təqdim etməklə onların Azərbaycan şirkətlərinə vəsait yatırmasına nail olmaqdır”.

 

Şirkət ilk olaraq fondun paylarını AzFinance İnvestisiya Şirkətində 20 milyon manatdan çox idarəetmədə vəsaiti olan müştərilərə, banklara və sığorta şirkətlərinə təklif edəcək. Şirkətin auditoru böyük dördlük arasından seçiləcək və depozitari isə Milli Depozit Mərkəzidir.

 

“AzFinance” İnvestisiya Şirkətinin Əməliyyat Departamentinin rəhbəri Fərid Məmmədov təqdimatını “Bakı Fond Birjasında müştərilər üçün online ticarət dövrü” mövzusuna həsr edib. O, onlayn ticarətin qaydaları barədə tədbir  iştirakçılarına geniş məlumat verib.

Qeyd edək ki, “AzFinance” İnvestisiya Şirkəti yerli və institutsional investorlar üçün maliyyə-investisiya xidmətləri, qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, fərdi investorların portfelinin idarə edilməsi kimi xidmətlər göstərir. 02 mart 2015-ci il tarixindən etibarən, “AzFinance” İnvestisiya Şirkəti  Bakı Fond Birjasının (BFB) üzvlüyünə qəbul edilib. Xatırladaq ki, “AzFinance İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 6 yanvar 2016-ci il tarixində verilmiş ilk investisiya şirkəti fəaliyyəti lisenziyasına malikdir. Şirkətin cari tarixə nizamnamə kapitalı 1,55 mln. manat təşkil edir.

©APA

 

16.12.2016 12:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ