Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

"Xaricdən müştərilərimiz olduğu halda, yerli idarə və müəssisələrdən sifariş almırıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Xaricdən müştərilərimiz olduğu halda, yerli idarə və müəssisələrdən sifariş almırıq"

“On bir ildir Azərbaycanın, Rusiyanın və Avropanın bir sıra ölkələrində, o cümlədən Qazaxıstanda, İranda, İraqda, Qətərdə otel, restoran, villaları, tekstil, xalı, mebel və digər ləvazimatlarla təmin edən firmalar sırasında mənim rəhbərlik etdiyim “Vəfa Collection” şirkətinin də məhsulları var”.

 

Məhsullarını “Made in Azerbaijan” brendi kimi xarici bazarlara çıxaran “Vəfa Collection” şirkətinin rəhbəri Vəfa Muradzadə ilə görüşdük. Türkiyəyə yola düşürdü. İstanbulda keçirilən “Ev tekstili-2017” sərgisinə dəvət almışdı. Söhbət zamanı öyrəndik ki, ixtisasca riyaziyyatçı, həm də hüquqşünasdır. Lakin onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq marağı hər şeyə üstün gəlib. Baxmayaraq ki, həmin vaxt bu işlə məşğul olmaq mürəkkəb məsələ idi. Bir tərəfdən ardı-arası kəsilməyən əsassız yoxlamalar, digər tərəfdən isə istehsal etdiyin məhsula bazar tapmaq. Bu çətinliklər Vəfa xanımı sahibkarlıq fəaliyyətinə olan maraqdan çəkindirə bilməyib. Üstəlik, riyaziyyatçı və hüquqşünas olması da, onun bu həvəsinə təkan verib. Çünki sahibkarlıq fəaliyyətində uğur qazanmaq üçün iqtisadiyyatı və hüququ dərindən bilməlisən. Bu həvəslə o, on bir il əvvəl sahibkarlıq fəaliyyətinə başlayıb və respublikamızın tanınmış iş adamlarından biri olub. Hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü, Dünya Azərbaycanlıları Assosiasiyası İş Adamları Koordinasiya Şurasının sədridir.

 

– Vəfa xanım, qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması bir o qədər də asan iş deyil. Bu işlə məşğul olmaq sizin üçün problem yaratmayıb ki?

 

–Bilirsinizmi, hər şey başladığın işə ürəklə, həvəslə yanaşmağından asılıdır. Mən sahibkarlıq fəaliyyətinə başlayanda, bu işin nə qədər çətin, mürəkkəb olduğunu bilirdim. Ancaq bu sahəyə olan həvəsim çətinlikləri üstələdi. On bir il əvvəl sahibkarlıq fəaliyyətinə başlayanda məni yaxından tanıyanlar arasında bunu təəccüblə qarşılayanlar da oldu. Hətta, “gül kimi peşəsindən ayrılıb sahibkarlıq fəaliyyətinə başlayıb”– deyə qınayanlar da var idi. Ancaq mənim iradəmə, həvəsimə, başladığım işi sona qədər uğurla başa çatdırmağıma inananlar daha çox idi. Onlar deyirdilər ki, Vəfa xanım bir işə başladısa, mütləq o sahədə nailiyyət qazanacaq. Söz yox ki, ilk illər çətinliklərlə qarşılaşmışam. Özünüz də bilirsiniz ki, əsassız yoxlamalar sahibkarların göz açmasına imkan vermirdi. Ancaq bunlar məni ruhdan salmadı. Ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin sahibkarlıq fəaliyyətinə göstərdiyi yüksək diqqət, əsassız yoxlamaların qarşısının alınması tədricən biznes əlaqələrinin genişlənməsinə əlverişli şərait yaratdı. On bir ildir Azərbaycanın, Rusiyanın və Avropanın bir sıra ölkələrində, o cümlədən Qazaxıstanda, İranda, İraqda, Qətərdə otel, restoran, villaları, tekstil, xalı, mebel və digər ləvazimatlarla təmin edən firmalar sırasında mənim rəhbərlik etdiyim “Vəfa Collection” şirkətinin də məhsulları var. Sevindirici haldır ki, istehsal etdiyimiz məhsulları xarici bazarlarda “Made in Azerbaijan” adı ilə satırıq. Hazırda bir sıra məhsulların ixrac mövqeyini təmin etmək və daha da artırmaq üzrə işlər aparırıq. Digər tərəfdən, xidmətlər sahəsində böyük potensialımız olduğundan respublika daxilində təklif olunan xidmətləri dünya bazarına çıxarmaqda maraqlıyıq. Bilirsinizmi, sahibkarlıq fəaliyyətində ixrac kifayət qədər mürəkkəb prosesdir. Buraya istehsal, daxili bazarın ehtiyaclarının ödənilməsi, keyfiyyət və digər məsələlər daxildir. Məhsulların xarici bazarlarda tanıdılması üçün müxtəlif tədbirlərin təşkili – ixrac missiyaları, mötəbər beynəlxalq sərgilərdə həm vahid stend adı altında, eyni zamanda, fərdi şəkildə iştirak mexanizmləri öz əksini tapır. On bir ildir ki, fəaliyyətimizin inkişafına daha çox təsir göstərən əsas amillərdən biri dəyişməyən yüksək keyfiyyət, müştəri önündə məsuliyyət və münasib qiymətlərimizdir. Bir faktı da qeyd edim ki, Azərbaycanda ilk dəfə olaraq, məktəbli forması bizim şirkətimiz tərəfindən tikilib. On minlərlə məktəbli forması tikib-satmaq asan iş deyil. Demək, məhsullarımız keyfiyyətli olub ki, tələbat da yüksək olub. İstehsal etdiyimiz məhsullar böyük maraqla qarşılanıb. Sərgilərdə nümayiş olunan məhsullarımızın “Made in Azerbaijan” brendi kimi tanınması bizdə qürur hissi yaradır.

 

 – Keyfiyyətli məhsul istehsalında xammalın rolu böyükdür. Sizin şirkət xammalı haradan alır?

 

–Xammalı, əsasən, Türkiyədən və Hindistandan alırıq. Həmin ölkələrin dünyada tanınmış fabriklərindən aldığımız xammal respublikamıza gətirilir və şirkətimizin istehsal müəssisələri tərəfindən standartlara uyğun şəkildə hazırlanır. Sonra həmin məhsullar sərgi-satış mağazalarımıza çıxarılır. Biz məhsullarımızı respublikadan kənara çıxararkən ilk növbədə müstəqil dövlətimizin adını düşünürük. Məqsədimiz yüksək keyfiyyətli Azərbaycan istehsalını dünyada sərgiləmək, gördüyümüz işlərin keyfiyyətinə görə daha çox müştəri toplamaqdır.

 

– Sahibkarların əsas vəzifələrindən biri yerli məhsul üçün bazar tapmaqdır. Məhsullarınızın bazarlara çıxarılması və satışı sizi qane edirmi?

 

– Bu sahədə hər bir sahibkar dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdardır. Möhtərəm Prezidentimiz 5 oktyabr 2016 -cı ildə “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramı və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi" ilə bağlı fərman imzalamışdır. Fərmanla yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi qaydası və Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilmişdir. Bundan başqa, yerli şirkətlərin xarici ölkələrdə ixracla bağlı sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqatinkişaf proqram və layihələrinə çəkilən xərclərin də müəyyən hissəsinin dövlət hesabına maliyyələşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası da bu fərmanda öz əksini tapmışdır. Yerli istehlakçılar, xüsusilə də qeyri-neft məhsullarının istehsalçıları, məhsullarını ixrac edərkən bu dəstək tədbirlərindən yararlana bilirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu il aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində mən də iştirak edirdim. Həmin müşavirədə dövlətimizin başçısı sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirərək dedi ki, əslində, bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı yerli istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Dövlət başçımız dedi: “Biz bu yolla gedirik: “Sahibkarlarla mənim müntəzəm olaraq ildə bir neçə dəfə görüşlərim keçirilir. Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilmişdir. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca, bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar”.

 

 – Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunuz dövrdə sizin üçün daha çox hansı hadisə yaddaqalan olub?

 

– 2007-ci ildə Heydər Əliyev adına İdman və Konsert Kompleksində yerli istehsal məhsullarının sərgisi keçirilirdi. Dövlətimizin başçısı sərgi ilə tanış olurdu. Cənab Prezident bizim şirkətin məhsulları nümayiş olunan stendə yaxınlaşdı və heç kimin gözləmədiyi halda, stendə daxil oldu, məhsullarımıza diqqətlə baxdı. Bizimlə bir qədər söhbət etdi və məhsullarımızı yüksək dəyərləndirdi. Dedi ki, əvvəllər belə məhsulları xaricdən alardıq. İndi isə artıq özümüzdə istehsal olunur. Ölkə başçısının məhsullarımıza belə yüksək qiymət verməsi bizi daha da ruhlandırdı.

 

– Yerli idarə və müəssisələrdən sifariş alırsınızmı?

 

– Bizim yaralı yerimizə toxundunuz. İstehsal etdiyimiz məhsulların keyfiyyətinə söz ola bilməz. Respublikadan kənarda müştərilərimiz olduğu halda, yerli idarə və müəssisələrdən sifariş almırıq. Mən dəfələrlə şahidi olmuşam ki, bizim şirkətin məhsulları hansısa xarici şirkət tərəfindən alınaraq, baha qiymətə ölkəmizin idarə və müəssisələrinə satılır. Halbuki, ötən ilin yanvarında keçirilmiş regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda möhtərəm Prezidentimiz İlham Əliyev yekun nitqində demişdir ki, Azərbaycanda yerli istehsal nə qədər inkişaf edir, o cümlədən mebel istehsalı. Ancaq bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? Yox. Təkcə mebeldən söhbət getmir. Digər mal, materiallar alınanda da, nədənsə, bizdə xarici mallara üstünlük verilir. Dövlət başçısı demişdir ki, bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır. Ümid edirik ki, yerli idarə və təşkilatlar da bizə müraciət edəcək. Bütün bunlara baxmayaraq, əlimiz işdən soyumur, şirkətimiz “Made in Azerbaijan” brendi ilə məhsul istehsalını davam etdirir və müştərilərimizə yeni çeşidlərlə keyfiyyətli məhsul təqdim etməyə çalışırıq.

 

© Xalq qəzeti

24.05.2017 06:05

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ