Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“İnstitutda “yaşıl hidrogen”in alınması ilə bağlı tədqiqatlar aparılır”

AMEA-nın müxbir üzvü İslam Mustafayev: “Azərbaycanda alternativ enerjinin tətbiqi ilə sudan hidrogenin alınması perspektivli istiqamətlərdəndir”
iç səhifə xəbər başlığı altı (mobil)_31
“İnstitutda “yaşıl hidrogen”in alınması ilə bağlı tədqiqatlar aparılır”
iç səhifə xəbər şəkil altı (mobil)_32

Noyabrın 22-də görkəmli alim AMEA Nyu-York Elmlər Akademiyası və  Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Akademiyanın üzvü, AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru, “Tərəqqi” medallı, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayevin 70 yaşı tamam olub.

Ömrünün 48 ilini elmə həsr etmiş alim radiasiya tədqiqatları sahəsində çoxsaylı elmi araşdırmaların müəllifidir. İ.Mustafayevin fəaliyyətinin əsas istiqamətlərini ionlaşdırıcı şüalanma və ultrabənövşəyi şüalanmanın maddələrə təsiri nəticəsində, xüsusilə neft məhsullarında baş verən proseslərin, eləcə də ətraf mühit problemlərinin öyrənilməsi təşkil edir. İ.Mustafayev müasir dövrdə Azərbaycanın daxil olduğu konvensiyalarda icraçı qrupun üzvü olmuş, ölkənin iqlim dəyişiklikləri ilə bağlı hesabatlarının hazırlanmasında yaxından iştirak etmiş, bərk məişət tullantıları ilə bağlı layihənin və bir sıra digər layihələrin koordinatoru və eksperti olmuşdur.

O, İstanbul Texniki Universitetində fəaliyyət göstərdiyi müddətdə hidrogen energetikası sahəsində tədqiqatların müəllifi kimi kömürdən hidrogenin və sintez qazın alınması üzrə araşdırmalar aparmış, eləcə də neftin emalından alınan son məhsulların qazlaşdırılması yolu ilə hidrogenin alınması prosesinə dair doktorluq dissertasiyasını müdafiə etmişdir. İ.Mustafayev Azərbaycanda radiasiya kimyası sahəsində ilk elmlər namizədi olmuşdur.

BMT-nin ətraf-mühit proqramının eksperti olan İ.Mustafayev ABŞ-ın Merilend Universitetində ekoloji siyasət məsələləri ilə məşğul olmuşdur.

Görkəmli alim İ.Mustafayev son zamanlar Azərbaycanda aktual məsələlərdən olan “yaşıl hidrogen”in alınması və tətbiqi, bu istiqamətdə RPİ-də aparılan tədqiqatlarla bağlı suallarımızı cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- İslam müəllim, son zamanlar Radiasiya Problemləri İnstitutunda rəhbərliyiniz altında həyata keçirilən layihələr, aparılan elmi tədqiqatlar barədə məlumat verməyinizi istərdik.

Hazırda Radiasiya Problemləri İnstitutunda fiziklər, kimyaçılar, bioloqlar və digər mütəxəssislər ionlaşdırıcı şüaların təsiri altında baş verən prosesləri öyrənir, multidissiplinar tədqiqatlarla məşğul olurlar. Ümumiyyətlə, institutda radiasiya təhlükəsizliyi məsələləri üzrə tədqiqatlar prioritet istiqamətlərdən biri kimi qəbul olunub. RPİ ölkədə ekoloji siyasətlə bağlı sənədlərin hazırlanmasında birbaşa iştirak edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin monitorinqi məqsədilə bu istiqamətdə tədqiqatların aparılmasına böyük əhəmiyyət verilir.

Azərbaycanda radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün elektron məlumat bazasının yaradılması da prioritetlərimizdəndir. Bu istiqamətdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə birgə mühüm işlər görülür, radiasiya təhlükəsizliyi sahəsində müasir texnologiyaların tətbiqi ilə multidissiplinar tədqiqatlar aparılır.

Onu da qeyd edim ki, radiasiya texnologiyalarının tətbiqi ilə yeni xassələrə malik materialların alınması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və ətraf mühitə davamlılığının artırılması, azkarbonlu texnologiyalar tətbiq etməklə hidrogen energetikasının inkişafı, alternativ enerji mənbələrinin istifadəsi əsas tədqiqat istiqamətlərimizdir.

Bu məqsədlə institutda radiasiya materiallarını tətbiq etməklə yeni yarımkeçirici materiallar, cihazlar alınır. Yeni istiqamətlərdən biri də yaşıl artımla bağlıdır. Qeyd edim ki, iqlim dəyişikliklərinin mənfi təsirlərindən qorunmaq, karbon emissiyasını 35 faizədək azaltmaq üçün imzalanmış Paris anlaşmasına Azərbaycan da qoşulub və öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.

Hazırda karbon qazının atıldığı müəssisələrdə istiliyi əvəz edə bilən texnologiyaların tətbiqinin üstünlük təşkil etməsi istiqamətində işlərə başlanılıb.

Digər tərəfdən, aparılan tədqiqat istiqamətlərindən biri də Radiasiya Problemləri İnstitutunun Bərpa olunan enerji mənbələri laboratoriyası tərəfindən hazırda Zəngilan ərazisində Günəş və külək enerjisi potensialının müəyyənləşdirilməsidir. Bu texnologiyalar bölgədə salınacaq “ağıllı şəhər”lərin enerji təminatının həyata keçirilməsinə xidmət edəcək.

Bununla yanaşı, Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə pambıqçılıqda radiasiyanın tətbiqi ilə bağlı tədqiqatlar həyata keçirilməkdədir. Bu üsul vasitəsilə pambıq toxumlarının şüalandırılaraq əkilməsi nəticəsində onun məhsuldarlığı artır və ətraf mühitin zərərli təsirlərinə davamlı pambıq yetişdirilir.

-Radiasiya tədqiqatları üzrə zəngin təcrübəyə malik alimsiniz. Avropa İttifaqı, NATO, Dünya Bankı, BMT və digər nüfuzlu təşkilatların 50-dən çox beynəlxalq layihəsinin rəhbəri və eksperti olmusunuz. Azərbaycanda əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi, ekoloji vəziyyətin sağlamlaşdırılması üçün nə kimi tədbirlər həyata keçirilməlidir?

Vurğulamaq istərdim ki, ölkə ərazisində radiasiya təhlükəsizliyinin təmin olunması üçün təbii radiasiya fonu dəqiqləşdirilməli, antropogen fəaliyyət nəticəsində ətraf mühitə atılmış radiasiya mənbələri aşkar olunaraq izolə  edilməlidir. Radiasiya xəritələrinin tərtib olunması, qonşu dövlətlərdən olan transsərhəd təsirlərin (burada Metsamor AES xüsusi diqqət mərkəzindədir) müəyyənləşdirilməsi və s. həlli vacib olan məsələlərdir.

Hazırda informasiya texnologiyalarının nailiyyətləri ilə təchiz olunmuş radiasiya təhlükəsizliyi üzrə elektron məlumat bazasının yaradılması istiqamətində işlər görülməkdədir. AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin ideya müəllifi olduğu bu məlumat bazasında ölkə ərazisinin istənilən nöqtəsində radiasiya fonu qeyd olunacaq və insanlar asanlıqla bu məlumatlardan istifadə edə biləcək.

Ekoloji vəziyyətin sağlamlaşdırılması məsələsinə gəldikdə, bu sahədə ölkəmizdə genişmiqyaslı tədbirlər görülməkdədir. 2021-2025 illər üçün sosial-iqtisadi inkişafın əsas istiqamətləri arasında “Təmiz ətraf mühit  və yaşıl artım” xüsusi müddəa kimi təqdim olunub. Bu sənədlərdən irəli gələrək, son zamanlar yaşıl artım probleminə xüsusilə diqqət yetirilir, bu istiqamətdə tədqiqatlar aparılır.

Avtomobil sektorundan atmosfer havasına atılan tullantıların azaldılması, quraq və tozlu ərazilərdə kütləvi ağacəkmə aksiyalarının təşkili, su resursları ilə bağlı son illər meydana çıxan böhran vəziyyətinin aradan qaldırılması, torpaqların deqradasiyasına qarşı mübarizə tədbirləri, tullantıların idarə olunmasının təkmilləşdirilməsi və digər sahələrdə hələ də həlli vacib olan problemlər qalmaqdadır.  Qeyd etmək lazımdır ki, ayrı-ayrı ekoloji problemlərin həllinə milli fəaliyyət planları, strategiyalar çərçivəsində yanaşma məsələlərin effektiv həllinə dəstək verir.

-Bu günlərdə Azərbaycanda istilik təchizatının tədarükünün atmosferi çirkləndirmədən həyata keçirilməsini təmin edən “yaşıl hidrogen” istehsalı məsələsi gündəmdədir. Ölkəmizin “yaşıl hidrogen” istehsal etməsi nə kimi üstünlüklər və fayda vəd edir? “Yaşıl hidrogen”i digər növlərdən fərqləndirən xüsusiyyətlər nələrdir?

Qlobal iqlim dəyişikliklərinin təzahürləri bütün dünyada olduğu kimi, Azərbaycanda da özünü göstərməkdədir. Əsas səbəblərdən biri atmosferə karbon qazı, metan və s. kimi istilik effekti yaradan qazların atılmasıdır. Bu qazların əsas mənbəyi üzvi yanacaqların yandırılması vasitəsilə istilik enerjisi istehsal edilməsidir. Üzvi yanacaqların tərkibində olan karbon yanma prosesində CO2-ə çevrilir və atmosferə atılır.

Hidrogen yanacağının yanması prosesində isə yalnız su alınır və atmosferə istilik effekti yaradan qazlar atılmır. Bu proses atom reaktorunun müxtəlif komponentlərindən istifadə etməklə həyata keçirilir. Bundan başqa, hidrogen yanacağının istiliktörətmə qabiliyyəti yüksəkdir, onun alınması və çevrilmə prosesləri kifayət qədər öyrənilmişdir.

-Azərbaycanda “yaşıl hidrogen” istehsal edən zavodların fəaliyyət göstərməsi üçün hansı tədbirlərin görülməsi tələb olunur?

Hidrogenin alınmasının həm xammala, həm də tətbiq olunan texnologiyalara görə bir çox üsulları vardır. Lakin mükəmməl variant odur ki, üzvi yanacaq yandırılmadan sudan hidrogenin alınması alternativ enerjinin, o cümlədən atom enerjisinin tətbiqi ilə həyata keçirilsin. Bu zaman hidrogenin nə alınmasında, nə də istifadəsində atmosferə karbon emissiyaları baş vermir. Azərbaycanda da alternativ enerjinin tətbiqi ilə sudan hidrogenin alınması perspektivli istiqamət hesab oluna bilər.

-RPİ-də “yaşıl hidrogen”lə bağlı tədqiqatlar aparılırmı? İnstitutda bu istiqamətdə görülən işlər haqqında məlumat verməyinizi xahiş edirik.

RPİ-də hidrogen energetikası ilə bağlı tədqiqatlar 1980-cı illərdən etibarən çox intensiv surətdə aparılır. Burada əsasən Günəş və nüvə enerjisinə ilkin enerji mənbəyi kimi baxılır, hidrogenin mənbəyi kimi su, metan, neft emalının ağır fraksiyaları və s. istifadə olunması nəzərdə tutulur. Aparılan tədqiqatlarda  səmərəliliyi 60-70%-ə çatan proseslərin parametrləri müəyyən edilmişdir. Radiasiya heterogen proseslərdə ionlaşdırıcı enerjinin səmərəli istifadəsi proseslərin effektivliyini daha da artıra bilər. Nüvə enerjisinin radiasiya və istilik komponentlərinin istifadəsi ilə sudan hidrogenin alınması prosesi daha perspektivli görünür.

-Rəhbərlik etdiyiniz institutda müasir dövrün çağırışlarına cavab verən daha hansı istiqamətlər üzrə tədqiqatların aparılması nəzərdə tutulur?

Hazırda institutda mühüm islahatlar həyata keçirilir, həm tədqiqat mövzuları, həm də struktur vahidləri günün tələbi səviyyəsində yenidən nəzərdən keçirilir.

Məlumdur ki, 30 il nəzarətsiz qalmış və artıq erməni işğalından azad olunmuş ərazilərimizdə infrastrukturun yenidən qurulması təhlükə amillərinin, o cümlədən radiasiya risklərinin aradan qaldırılmasını daha da zəruri edir.

Bu səbəbdən işğaldan azad olunmuş ərazilərdə radiasiya təhlükəsizliyi məsələlərinin araşdırılması və Günəş/külək enerjisi potensialının qiymətləndilməsi, radiasiya texnologiyalarının kənd təsərrüfatında tətbiqi, azkarbonlu texnologiyaların işlənməsi və s. qarşıdakı illərdə institutun prioritet tədqiqat istiqamətləri olacaqdır.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant

25.11.2021 12:50
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-3_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-2_23
Mobil əsas səhifə 5-ci-2_28
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
InvestAZ

SON XƏBƏRLƏR