Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağını hədəfləyirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağını hədəfləyirik"

"Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağı, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etməyi və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyirik".

Marja xəbər verir ki, bunu ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru prof. dr. Haluk Görgünün “Xalq qəzeti”nə müsahibəsində bildirib.

Reklam_3_11

"Bir az əvvəl qeyd etdiyim kimi, 1998-ci ildən etibarən ASELSAN-ın Azərbaycanda “ASELSAN-BAKI” şirkəti fəaliyyət göstərir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ASEL­SAN arasında, xüsusilə elektrooptika və gecəgörmə sistemləri ilə bağlı birgə istehsalat fəaliyyətləri həyata keçirilir. Son illərdə bələdçi dəstlərlə bağlı bəzi birgə fəaliyyətlərimiz də var.

Gələcəkdə müdafiə sənayesi sahəsində birgə müəssisələrin təşkilinin, birgə məhsulların istehsalının reallaşacağı­na inanıram. Onu da qeyd etmək istərdim ki, bu sahədə texnologiyanı bilən, sevən, yaradıcı, innovativ universitet məzunlarına, beyin kapitalına ehtiyac var. Buna görə gələn il biz Texnofesti Azərbaycanda təşkil edəcəyik. Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağı, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etməyi və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyirik",-  Haluk Görgün deyib.

XXX

ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru prof. dr. Haluk Görgünün “Xalq qəzeti”nə müsahibəsi

Prof. dr. Haluk Görgün 1973-cü ildə İstanbulda anadan olmuşdur. Bakalavr və magistr təhsilini elektrik mühəndisliyi ixtisası üzrə Yıldız Texniki Universitetində, doktorantura təhsilini isə 2003-cü ildə ABŞ-ın Nyu York ştatının Troy şəhərində Rensseler Politexnik İnstitutunda almışdır. Doktoranturadan məzun olduqdan sonra 2004-2005-ci illərdə ABŞ-ın Konnektikut Universitetində elmi tədqiqatlarla məşğul olmuşdur. 2013-cü ildən Türkiyənin Yıldız Texnik Universitetinin professoru olub.

2009-2013-cü illərdə prof. dr. Haluk Görgün Yıldız Texniki Universitetinin Nəzarət və Avtomatlaşdırma Mühəndisliyi şöbəsində müdir vəzifəsində çalışmışdır. İdarə müdiri olduğu müddətdə bir çox aspi­rantura proqramları hazırlamışdır. 2007- 2010-cu illərdə Avropa Birliyi 7-ci Çərçivə Proqramı Enerji sahəsi üzrə Türkiyə nümayəndəliyində fəaliyyət göstərmişdir. Haluk Görgün Yıldız Texniki Universitetin Texnopark, Elmi-Tədqiqat Layihələri Ko­ordinatorluğunda çalışmış, Elm Tətbiqi və Araşdırma Mərkəzi İdarə Heyətinin üzvü, YTU Sigma Mühəndislik, Dəqiq və Təbiət Elmləri Jurnalının redaktoru olmuşdur. Yıl­dız Texniki Universitetinin Dəqiq və Təbiət Elmləri İnstitutunda müdir müavini, idarə müdiri və prorektor vəzifəsində fəaliyyət göstərmişdir.

2013-cü ildə Türkiyə Elmlər Akademi­yasının assosiativ üzvü seçilmişdir.

2014- 2018-ci illərdə Gebze Texni­ki Universitetinin rektoru olan prof. dr. Haluk Görgün çoxsaylı milli və beynəlxalq hesabatlara, layihələrə imza atmışdır. Rektor olduğu müddətdə universitet-sənaye əməkdaşlığı çərçivəsində önəmli töhfələrinə görə müxtəlif qurumlar tərəfindən 2015- 2018-ci illərdə İlin Rektoru seçilmişdir.

Prof. dr. Haluk Görgün İnformatika Vadisi İdarə Heyətinin üzvü kimi TÜBİ­TAK (Türkiyə Elmi və Texnoloji Araşdırma Şurası) və YÖK-də (Ali Təhsil Şurası) bir çox komissiya və komitədə xidmət göstərmişdir. Hazırda yaradılmasında önəmli töhfələri olduğu Gebze Texniki Təhsil və Araşdırma Vəqfi Qəyyumlar Şurası və İdarə Heyətinin sədri, ODTU (Orta Doğu Texniki Universiteti) Mikroelekt­romexaniki Sistemlər Araşdırma və Tətbiq Mərkəzi (MEMS) İdarə Heyəti üzvü, OS­TİM (Orta Şərq Sənaye və Ticarət Mərkəzi) Texniki Universiteti Qəyyumlar Şurasının üzvüdür.

Prof. dr. Haluk Görgün 2017-ci il mar­tın 15-də ASELSAN Baş Assambleyasının qərarı ilə ASELSAN İdarə Heyətinə üzv se­çilmişdir. 2018-ci il aprelin 2-də ASELSAN-ın ümumi yığıncağında yenidən İdarə Heyətinin üzvü seçilmiş və İdarə Heyətinin Yığıncağında İdarə Heyətinin sədri təyin edilmişdir. Prof. dr. Haluk Görgün 27 aprel 2018-ci il tarixindən həm də ASELSAN-ın Baş direktoru vəzifəsinə təyin edilmişdir.

Prof. dr. Haluk Görgün ailəlidir, 2 övladı var.

- Sayın Baş direktor, Amerikanın “Defense News” internet nəşrində dünyanın 100 aparıcı müdafiə şirkətinin sonuncu reytinqində ASELSAN 48-ci sırada yer alıb. Bu böyük göstəricidir.

- İlk olaraq, Sizinlə bərabər bu müsahibədə iştirak etdiyim üçün məmnuniyyətimi ifadə etmək istəyirəm. Bir az əvvəlki söhbətimizdən və indiki sualı­nızdan ASELSAN-ın fəaliyyətini izlədiyinizi görürəm. Əvvəlcə “Xalq qəzeti”nin oxucu­larına ASELSAN-ın necə bir şirkət oldu­ğundan bəhs etmək istərdim. ASELSAN 1975-ci ildə yaradılmış, o dövrdə ölkənin əsasən ehtiyacı olan, simsiz xəbərləşmə sistemlərinin yerli və milli istahsalı sahəsində fəaliyyətə başlamışdır. Zaman­la dövlətin ASELSAN-a duyduğu güvəni şirkət əməkdaşları, mühəndisləri vaxtında və düzgün dərk etdi. Müdafiə elektronikası sahəsində məsuliyyəti üzərinə götürdükcə böyüdü, inkişaf etdi. Şirkət bu gün sadəcə simsiz və xəbərləşmə texnologiyası deyil, informasiya, kriptologiya, peyk sistemləri, elektro-optik sistemlər, bələdçilik, avioni­ka sistemləri, pilotsuz sistemlər, elektron döyüş sistemləri, radar sistemləri, koman­da və idarəetmə sistemləri sahəsində Qara dəniz hava platformaları üçün, sualtı və kosmik sistemlər üçün mühəndislik məhsulları istehsal edən şirkətə çevrilmiş­dir. ASELSAN ölkənin texnoloji və iqtisadi müstəqilliyinə töhfə vermək üçün yalnız müdafiə sənayesi sahəsində deyil, mülki sahədə də müxtəlif məhsulların istehsalına xüsusi diqqət yetirir. Məsələn, nəqliyyat sahəsində, səhiyyə sahəsində məhsullar istehsal edirik. Pandemiya dönəmində res­piratorlar, tənəffüs aparatları mülki sahədə istehsal etdiyimiz son məhsullarımızdandır. Şirkətimiz, eyni zamanda, günəş, külək enerjisi kimi bərpa olunan enerji, özünütəhlükəsizlik və “ağıllı şəhər”lər istiqamətində fəaliyyət göstərir. Bu qədər geniş fəaliyyət sahəsi olan ASELSAN-ın bacarıqlı, yüksək ixtisaslı mütəxəssisləri var. Türkiyənin ən yaxşı mühəndisləri ASELSAN-da fəaliyyət göstərmək istəyirlər. Şirkətimizin 9 min 200-dən çox əməkdaşının qeyd etdiyim fəaliyyət sahələrində yenilikçi, məhsul yönümlü çalışma prinsipi var. Bu, ölkəmizin ehtiyac­larını qarşılamaqla, təkmilləşdirilən texniki həllərlə bərabər, rəqabətçi və beynəlxalq sahədə özünütəsdiq imkanı verir. Biz bu gün 73 ölkəyə məhsul ixrac edən şirkətik. Bu qədər geniş diapazonda məhsullarımızı istehlakçılara vaxtında və keyfiyyətli təqdim etdikcə, eyni zamanda, sayın Cumhurbaş­kanımızın müdafiə sənayesinə olan inancı, türk mühəndisinə olan güvəni doğrultduq. Təklif olunan imkanları yüksək şəkildə dəyərləndirmiş şirkət olaraq məhsulların satışından əldə etdiyimiz gəlirlərlə dünya­nın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətləri arasında ilk 40 şirkət arasında yer alan ilk türk şirkəti olduq.

-Cənab Haluk Görgün, ilk onluqda olmaq üçün nə tələb olunur? ASELSAN daha çox hansı sahələrdə fəaliyyətini gücləndirməlidir?

-Təbii ki, ilk onluqda yer almaq bi­zim hədəfimizdir. İlk 50 ola bilmək bizim 2005-ci illərdə qoyduğumuz hədəf idi, biz məqsədimizə çatdıq. İlk onluda olmaq üçün daha çox çalışmaq, daha çeşidli, dəyərli və innovativ məhsullar istehsal etməliyik. Bunu da qeyd etməliyəm ki, ASELSAN sadəcə öz müəssisələrini yarat­maqla kifayətlənməyərək, böyük ekosistem qurub. Hazırda Türkiyədə ASELSAN-la ça­lışan 3 mindən artıq firma var. Şirkətimizin müxtəlif ölkələrdə birgə layihələndirmə və istehsal, biznesin inkişafı fəaliyyətləri də var. ASELSAN özünün qurduğu və ya ortaq yaratdığı 25 fərqli şirkətə sahibdir. Bu gün 73 ölkəyə məhsul ixrac edən şirkət kimi keyfiyyət, qiymət və istifadə rahatlığı baxımından təkmilləşdirilməli sahələrin olduğunu bilirik və bu istiqamətdə fəaliyyət göstəririk. Amma bundan əlavə, sizin sual etdiyiniz ilk onluqda yer almaq üçün hansı innovativ sahələrdə fəaliyyətin lazımlı və labüd olduğunu düşünürük. Son zamanlarda yeni paradiqmaya keçidimiz var. Ümumiyyətlə, günümüzdə texnoloji şirkətlərin hansı sahədə çalışmasından asılı olmayaraq məlumat və rəqəmsallıq üzərindən innovativ fəaliyyət tələb olu­nur. Bu səbəbdən mövcüd ənənəvi sistemlərin üfüqi reallığının gücləndirilməsi qarışıq şəkildə meydanda olmalıdır. Bununla birlikdə əldə olan elektron hərb sistemlərini, radar sistemlərini önəmli möv­zular olaraq dəyərləndirirəm. ASELSAN-a yenilik rakursundan baxdığınız zaman, ağıllı sensorlar istehsal edə bilən şirkətdir. Şirkətimiz istər quraşdırma texnologiya­sı, istərsə də elektrooptikada çox xırda cihazlarla məlumatları toplayaraq faydalı sistemlərə çevirməyi bacarır. Dünyanın inkişaf tempinə və həyat tərzimizə baxdığı­mızda hər şeyin bir-birilə inteqrasiya oldu­ğu konnektor (birləşdirici) bir sistemə doğru getdiyimizi görürük. Buna görə də, onluqda yer almaq üçün müdafiə sənayesində əldə etdiyimiz texnoloji yeniliklərin mülki sahədə də tətbiq olunmasının faydalı olacağı­nı düşünürəm. “Ağıllı şəhərlərin, “ağıllı nəqliyyat sistemlərinin” burda yer alacağını görürəm.

- Müdafiə sənayesi müəssisələri innovativ, dayanıqlı və davamlı inki­şaf olmadan qlobal rəqabətə davam gətirə bilməz. Dünya müdafiə sənayesi şirkətləri reytinqində hər il yüksələn ASELSAN-ın müdafiə sənaye komplek­sinin modernləşdirilməsi strategiyasın­da həlledici amillər nələrdir?

-Sadəcə müdafiə sənayesi deyil, evimizə əşya alarkən belə istifadə ra­hatlığına çox diqqət edirik. Texnologiya inkişaf etdikcə, cihazlar və sensorlar komple olduqca (birləşdikcə) və sistemlər genişləndikcə, məhsulların həcminin kiçildilməsi və uzunmüddətli istifadəsi ciddi problemdir. Müdafiə sənayesi məhsullarımızın inkişafında türk or­dusu ASELSAN-a böyük töhfə verir. Biz müdafiə sənayesi məhsullarımızın təkmilləşdirilməsində həm də ona görə avantajlıyıq ki, cihazlarımız qəhrəman türk ordusu tərəfindən sınaqdan keçirilir. Türk ordusunda təcrübə olunan məhsullar və texnoloji sistemlər mühəndislərimizdən əlavə, ordudan gələn rəylər əsasında yenilənir, dəyişdirilir. Müdafiə sənayesi kompleksinin modernləşdirilməsi istiqamətində rəqabətdə çevik, sürətli olmaq, müştəri ehtiyacını düzgün anlamaq önəmlidir.

-Bu amillər arasında beyin kapitalı, bilik də önəmli yer tutur, necə düşünür­sünüz?

-Doğrudur, mən az öncə 9 min əməkdaşımızdan bəhs etdim. Türkiyənin ən öndə olan universitetlərindən məzunlar ASELSAN-da fəaliyyət göstərir. Biz hətta dünyanın ən yaxşı universitetlərində təhsil almış türk mütəxəssisləri beyin köçü ilə Türkiyəyə gətirmişik. Bu istiqamətdə universitetlərlə əməkdaşlıq edirik. Ötən il 64 universitetlə 128 layihə həyata keçir­dik. Universitetlərə verdiyimiz araşdırma büdcəsi 5,2 milyon dollar təşkil edir. Biz elmi, informasiyanı, texnoloji araşdırmanı yüksək qiymətləndirən şirkətik.

-Müdafiə sənayesində mühüm əhəmiyyət kəsb edən sahələr Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın əsas istiqamətlərindəndir. Bu əməkdaşlıqda ASELSAN şirkətinin yerini və rolunu necə qiymətləndirirsiniz?

- İlk növbədə onu bildirmək istəyirəm ki, biz iki qardaş ölkə olaraq çətin bir coğra­fiyadayıq. Biz regional təhlükəsizliyimizi təmin etmək üçün dövlətlərimizin və Silahlı Qüvvələrimizin müstəsna səylərinin yaxın­dan şahidi oluruq.

Türkiyə-Azərbaycan qardaşlığını zirvələrə daşıyan prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın və möhtərəm Prezident İlham Əliyevin bu məsələdə sərt mövqeyi də bizə ruh yüksəkliyi və cəsarət verir. Biz ASELSAN olaraq Türkiyə-Azərbaycan münasibətlərinin ən mühüm məsələlərindən biri olan regio­nal təhlükəsizlik və hərbi əməkdaşlıqla bağlı dövlətlərimizə hər cür töhfə verməyə çalışırıq.

90-cı illərin əvvəllərindən Qarabağ bölgəsində Azərbaycan Ordusunu ASEL­SAN məhsulları ilə təmin etməklə bu torpaqları daha da firavanlaşdırmaq, övlad­larımıza işıqlı gələcək bəxş etmək məqsədi ilə sarsılmaz təməllər üzərində qurduğu­muz əlaqələrimiz bir çox sahələrdə davam edir. 1998-ci ildə Azərbaycanda fəaliyyət sahələrimizin artması və göstərdiyimiz xidmətlər sayəsində ASELSAN-ın 100 faiz törəmə şirkəti olan ASELSAN-Bakı-nı yaratdıq. ASELSAN-Bakı vasitəsilə Azərbaycanda yeni layihələr hazırlayır və müqavilələr üzrə təhvil verilən sistemlərin texniki quraşdırılması, satışdan sonrakı nasazlıqların aşkar edilməsi və texniki xidmət-təmir işlərini həyata keçiririk. Biz taktiki sahədə təhlükəsiz, əl, avtomobil, arxa və hava radio həllərimizlə dəniz rabitə sistemləri, radio bağlantıları, peyk rabitə sistemləri kimi ən son texnologiya məhsulları təklif edirik.

-Müdafiə sənayesi sahəsində əməkdaşlıqdan söz düşmüşkən, II Qa­rabağ müharibəsi zamanı Azərbaycan Ordusunun qələbəsində Türkiyə hərbi sənayesinin, ASELSAN və “Bayraktar” şirkətlərinin istehsalı olan məhsulların əhəmiyyətini xüsusi qeyd etmək lazım­dır. ASELSAN şirkəti Azərbaycanda müdafiə sənayesi sahəsində müştərək müəssisələrin təşkilini nəzərdə tutur­mu? Ümumiyyətlə, ölkələrimiz arasında müdafiə sənayesi məhsulların birgə istehsalı mümkündürmü?

-Öncəliklə, Azərbaycan xalqının Qarabağ zəfərini bütün səmimiyyətimlə təbrik edirəm. Bu, bizim üçün də inanıl­maz xoşbəxtlik verən hadisədir. Başda Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ortaya qoyduğu iradə və uzun illər bu Zəfər üçün gördüyü hazırlıq sonda qalibiyyət gətirdi. Bu müharibədə bütün dünya bizim qardaşlığımızın şahidi oldu. Türkiyə müdafiə sənayesinin gücünü gördü. Xüsusilə SİHA-larımızın təsirli şəkildə istifadəsi Qarabağ Zəfərin qaza­nılmasına böyük töhfə verdi. ASELSAN-ın Azərbaycan Silahlı Qüvvələrinə verdiyi müasir rabitə avadanlıqları və bir çox müxtəlif məhsullar 44 gün davam edən Vətən müharibəsində geniş və səmərəli istifadə olundu.

Bizim Cumhurbaşkanımız son 20 ildə bu işdə inanılmaz iradə göstərdi. Müdafiə sənayesində yerli məhsulların xarici məhsullara nisbəti 20 il əvvəl yüzdə 20 faiz təşkil edirdisə, bu gün bu nisbət əks göstəricidir. İndi Türk ordusunda yüzdə 80 faiz yerli müdafiə sənayesi məhsullarından istifadə olunur.

İki qardaş ölkə arasında əməkdaşlıq hər sahədə davam edir. Müdafiə sənayesi sahəsində də birgə istehsal, inkişaf mövzuları prioritetdir. Bir az əvvəl qeyd etdiyim kimi, 1998-ci ildən etibarən ASELSAN-ın Azərbaycanda “ASELSAN-BAKI” şirkəti fəaliyyət göstərir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ASEL­SAN arasında, xüsusilə elektrooptika və gecəgörmə sistemləri ilə bağlı birgə istehsalat fəaliyyətləri həyata keçirilir. Son illərdə bələdçi dəstlərlə bağlı bəzi birgə fəaliyyətlərimiz də var.

Gələcəkdə müdafiə sənayesi sahəsində birgə müəssisələrin təşkilinin, birgə məhsulların istehsalının reallaşacağı­na inanıram. Onu da qeyd etmək istərdim ki, bu sahədə texnologiyanı bilən, sevən, yaradıcı, innovativ universitet məzunlarına, beyin kapitalına ehtiyac var. Buna görə gələn il biz Texnofesti Azərbaycanda təşkil edəcəyik. Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağı, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etməyi və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyirik.

-Türkiyə və aparıcı xarici ölkələrin hərbi-sənaye komplekslərinin inki­şafı təkcə hərbi deyil, həm də iqti­sadi əhəmiyyət kəsb edir. ASELSAN şirkətinin Türkiyə iqtisadiyyatına verdiyi gəlir hansı səviyyədədir?

-Doğru qeyd etdiniz, müdafiə sənayesi şirkətlərinin iş sahəsi və cihazların istifadəsi ilə bağlı büdcələri yüksək olur. Bi­zim keçən ilki büdcəmiz 2,4 milyard dollar olub. Bu ölkənin həm məşğulluğuna, həm iqtisadiyyatına fayda verib.

-Dünya müdafiə sənayesi bazarında əvvəllər alınmış texnika və silahların modernləşdirilməsi xidmətləri getdikcə daha çox tələb olunur, çünki idxalçı­ların çoxu hərbi büdcə çatışmazlığı səbəbindən yeni silahlara deyil, köhnə texnikanın moderinləşməsinə üstünlük verir. ASELSAN belə xidmətləri həyata keçirirmi?

-ASELSAN şirkəti qeyd etdiyiniz xidmətləri öz ölkəmizdə və dost, müttəfiq dövlətlərdə həyata keçirir. Bu, bizim üçün önəmli fəaliyyət sahəsidir. Zirehli maşınlar, təyyarələr, helikopterlər və digər müdafiə sənayesi məhsulları müəssisələrimizdə son texnologiyaya uyğun yenilənir. ASELSAN dünyanın müxtəlif yerlərində fərqli platformalarla moderinizasiya işlərini gerçəkləşdirdiyi üçün fərqli texnologi­yaları, həm Qərb, həm də Şərq mənşəli texnikaları yeniləyə bilir. Şirkət olaraq Qərb və Şərq texnologiya sistemini mənimsəməyimiz fəaliyyətimizdə geniş prespektivlər açır.

-ASELSAN Türkiyənin peyk sistemləri sahəsində layihələrdə də yer alır. Şirkətinizin kosmik sənayedə gələcəyini necə görürsünüz?

-Biz Türkiyədə peyk sistemləri sahəsində fəaliyyət föstərən flaqman şirkətlərdənik. Peyk sistemləri üçün müxtəlif layihələrimizlə ölkəmizdə həyata keçirilən Milli Peyk və Kosmos Proqramla­rına töhfə vermək üçün çalışırıq.

ASELSAN rabitə sistemləri, xüsusilə peyk rabitə, yer stasion, peykdən gələn məlumatların istifadəsini və çevirməsini bacararaq, bu texnologiyaların infratruk­turunu yaradır, eyni zamanda bu sahədə yeni cihazlar istehsal edir. Sayın Cum­hurbaşqanımızın irəli sürdüyü Türkiyənin kosmos hədəfində ASELSAN məsuliyyətli vəzifə icra edir. Kosmosa göndərdiyimiz və yenidən göndərəcəyimiz fərqli peyk sistemlərinin üzərindəki müxtəlif rabitə mo­dulları şirkətimiz tərəfindən layihələndirilir, dizan olunur və yığılır. Bununla bərabər görüntüləmə sistemləri üzərində də çalı­şırıq. Müxtəlif tipli kameralarımızla peyk sistemlərində məlumat transferini həyata keçiririk.

-Müdafiə ixracat bazarının məhdudluğu səbəbiylə aparıcı müdafiə sənayesi şirkətlərinin sırf hərbi məqsədlər üçün məhsul və xidmətlərin istehsalından kənara çıxmaq istəyi aydındır. ASELSAN şirkətinin hərbi-sənaye kompleksinin yüksək texnologi­yalı mülki sənaye sahələrinə inteqrasi­yası hansı mərhələdədir? Ağıllı şəhərlər, nəqliyyatın idarə edilməsi və enerji kimi sahələrdə fəaliyyətiniz oxucularımız üçün maraqlı olar.

-Kritik mülki texnologiyalar və hərbi tex­nologiyaların iç-içə olduğu dövrdə qabaqcıl texnologiya həlləri təklif edən müdafiə sənayesi şirkətlərinin mülki sahələrdə də fəaliyyət göstərməsi günün zərurətidir. Bu istiqamətdə ASELSAN olaraq Türkiyədə olduğu kimi Azərbaycanda da fəaliyyətimizi müvafiq qurumların həll ortağı məntiqi ilə həyata keçiririk. Biz Azərbaycanda ağıllı şəhərlər, siqnalizasiya və avtomatlaşdırma kimi strateji əhəmiyyətli mülki layihələrlə fəaliyyət göstərməyi hədəfləyirik.

-İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış dövründə bərpa və quruculuq işlərində şirkətinizin ağıl­lı şəhərlərə dair layihələrlə iştirakı gözlənilirmi?

- Təbii ki, biz orda olmaq istəyirik. Yenidənqurmada ASELSAN-ın yaratdığı bir çox sistem var. Bu istiqamətdə Türkiyədə qurduğumuz və tətbiq etdiyimiz bir sıra layihələr var. ASELSAN nəqliyyatdan başlayaqraq, sağlıq, ödəniş sisteminə qədər bütün istiqamətlərdə şəhərin mənalı şəkildə idarəsində istifadə edilə biləcək data və netvork əsaslı proqramları həm yazır, həm də layihələndirir.

Vətən müharibəsindən sonra Qara­bağın tamamilə yenidən qurulması üçün Prezident İlham Əliyevin elan etdiyi ağıllı şəhər konsepsiyasına qoşulmaq, ortaya qoyduğu iradəyə, məqsədə dəstək olmaq üçün enerjimizlə, bilgimizlə, bütün imkan­larımızla töhfə vermək istəyirik. Biz bu şəhərlərin layihələndirilməsində, dizayn olunmasında məsuliyyət götürərək dəstək vermək arzusundayıq. Bu istiqamətdə bilik və təcrübəmizi bölüşmək üçün aidiyyəti qurumlarla görüşlər keçiririk. Oktyabr ayında iştirak etdiyimiz “Qaraba­ğı yenidən qur 2021” yarmarkası bizim burada əməkdaşlığımızı gücləndirmək baxımından əhəmiyyətli idi. Bütün aidiyyəti dövlət qurumları və şirkətləri ilə çoxlu görüşlər keçirmək imkanımız oldu. Yaxın vaxtlarda bu sahədə fəaliyyətimizi sürətləndirməyi planlaşdırırıq. ASELSAN olaraq bu istiqamətdə Azərbaycanla hər cür əməkdaşlığa hazırıq.

-Hərbi-texniki əməkdaşlığın səmərəliliyinin artırılmasının mühüm şərtlərindən biri müdafiə sənayesi məhsullarının dünya bazarında satış həcminin dinamik və davamlı artımıdır. ASELSAN şirkətinin xarici dövlətlərlə əməkdaşlığı və inteqrasiyası barədə nə deyə bilərsiniz?

- Dünya səviyyəli texnoloji baza kimi hərbi və mülki sahələrdə istehsal etdiyimiz geniş çeşiddə məhsullarımızla, indi təkcə vətəndaşlarımızın deyil, həm də ölkənin demək olar ki, hər yerində insanların təhlükəsizliyinə, həyat keyfiyyətinə və rifa­hına töhfə verən qlobal təşkilati quruluşla fəaliyyətimizi davam etdiririk.

Fərqli fəaliyyət sahələrində əldə etdi­yimiz 50 ilə yaxın təcrübəmizi əməkdaşlıq etdiyimiz maraqlı tərəflərə ötürməklə, uzunmüddətli inkişaf strategiyamızla qlobal izimizi artırırıq. Son 3 ildə ASELSAN məhsullarını indiyə qədər satışı həyata keçirilməyən daha 14 ölkəyə sataraq istifadəçi ölkələrinin sayını 73-ə çatdırdıq. NATO üzvü olaraq məhsullarımız Türkiyə başda olmaqla müxtəlif NATO ölkələrinin Silahlı Qüvvələri tərəfindən istifadə olunur və biz də texniki sahədə texnologiyanın inkişafı üçün NATO-nun yaratdığı bir sıra işçi qruplarında iştirak edirik.

-Türkiyədə daxili bazarı xarici isteh­salçılardan qorumaq üçün ASELSAN şirkəti hansı addımları atır?

-Güclü və böyük Türkiyə üçün müdafiə sahəsində xarici asılılığı minimuma endirmək həm quruculuq məqsədimiz, həm də ən böyük missiyamızdır. ASELSAN olaraq quruculuq missiyamızı unutmadan Türkiyənin texnoloji müstəqilliyi və inkişafı üçün çalışmalarımıza davam edirik.

Müdafiə sənayesində milliləşdirmə proqramını genişləndiririk, xaricdən asılı­lığımız günü-gündən azalır. Bu çərçivədə tədarükçülərimizlə güc birliyi çətiri al­tında həyata keçirdiyimiz milliləşdirmə səylərimizi davam etdiririk.

-ASELSAN-ın növbəti illər üçün hədəfləri nədən ibarətdir?

-İlk olaraq bildirmək istərdim ki, ASELSAN məhsul və xidmətlər təqdim etməklə yanaşı, ölkələrin inkişafına, rifa­hına və həyat keyfiyyətinə töhfə verməyi hədəfləyən bir şirkətdir. Bu mənada qlobal bazarlarda inkişaf strategiyamızın bəhrələrini almağa başladıq. Sərmayə qoyduğumuz ölkələrdə inkişaf etdirdiyimiz yerli istehsal imkanları ilə ekosistemdə hər ölçüdə şirkətlərin dizayn və istehsal proseslərini inkişaf etdiririk. Biz xarici filiallarımız və ofislərimiz vasitəsilə yeni iş imkanları təklif edirik. Ən yüksək keyfiyyətli satış sonrası təlim, texniki xidmət - təmir və xidmət dəstəyini təmin etmək üçün yerli təşkilatlarımızı sürəti azaltmadan davam etdiririk.

Qarşıdakı dövrdə biz texnoloji trans­fer proqramlarını inkişaf etdirməklə, maliyyə impulsumuzu artırmaq və birgə müəssisələrimiz, yerli isteh­sal müəssisələrimiz, filiallarımız və ofislərimizlə ASELSAN-ı bütün dünyada güclü brend kimi tanıtmaq istiqamətində fəaliyyətimizi artıracağıq. Bütün çətin şərtlərə baxmayaraq, kəşf edərək, cəhd etməkdən vaz keçməyərək və dəyişən şərtlərə tez uyğunlaşaraq bu dinamizmi böyük həvəslə davam etdirəcəyik.

-Cənab Haluk Görgün, səmimi qəbulunuza, maraqlı müsahibənizə görə təşəkkür edirik. ASELSAN şirkətinin çox istiqamətli fəaliyyətində Sizə və əməkdaşlarınıza uğurlar diləyirik.

-Təşəkkür edirəm.

Leyla RƏŞİD, “Xalq qəzeti”

Haluk-Görgün Aselsan
29.12.2021 10:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ