Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Əhalinin yığımları sürətli inflyasiya şəraitində dəyərdən düşür - SƏRVƏTİ QORUMAQ ÜÇÜN NƏ ETMƏLİ?

İnflyasiya şəraitində investisiya imkanları
iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhalinin yığımları sürətli inflyasiya şəraitində dəyərdən düşür - SƏRVƏTİ QORUMAQ ÜÇÜN NƏ ETMƏLİ?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İnvestisiyalar üzrə ekspert Orxan Bağırov Marja.az üçün növbəti məqalə yazıb. Həmin məqaləni təqdim edirik.

İnflyasiya sürətlənir…

Reklam_3_11

Azərbaycanda Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında 2022-ci ilin yanvar ayında 2021-ci ilin yanvar ayına nisbətdə 12.5% artım elan edib. Əsas bahalaşma isə 17.5% ilə qida məhsullarında qeydə alınıb. 2021-ci ilin əvvəllərində bu göstərici illik 3.7% səviyyələrində idisə, oktyabr - dekabr aylarında illik 6-7%-ə qədər artıb. Yanvar ayında 12.5%-lik göstərici inflyasiyanın təkcə artdığını yox, həm də inflyasiyanın artım tempinin də yüksəldiyini göstərir.

Pandemiya sonrası tələbin kəskin artması ilə birlikdə dünyada həm enerji daşıyıcılarının, həm də ərzaq məhsullarının qiymətinin artması Azərbaycandan da yan keçmədi. Xüsusi ilə enerji daşıyıcılarının və taxılın qiymət artımı bu siyahıya rəhbərlik edirlər. 2020-ci ilin ortalarından etibarən neft qiymətləri 300%, taxıl qiymətləri isə 50% artmışdır.

İstiqrazların gəlirlilikləri artıb, səhmlər isə ucuzlaşıb

İnsanları ən çox narahat edən məsələlərdən biri də yığımlarının belə sürətli inflyasiya şəraitində dəyərdən düşməsidir. Belə ki, inflyasiya şəraitində Mərkəzi Bankların artım istiqamətindəki faiz qərarları dövlət istiqrazları başda olmaqla sabit gəlirli maliyyə alətlərində gəlirliliyi artırsa da, bu gəlirlər inflyasiyanı belə qarşılamır. Digər tərəfdən artan faizlər səhm bazarının ucuzlaşmasına gətirib çıxarır ki, bu da yığımların inflyasiyaya qarşı dəyər artımından qorunmaq üçün effektiv görünmür. Məsələn 10 illik ABŞ Dövlət istiqrazları 2020-ci ilin ortalarında 0.53% ətrafında ticarət olunurdusa, hazırda gəlirlilik 1.93%-ə qalxıb. Amma nəzərə almaq lazımdır ki, ABŞ-da yanvar inflyasiya göstəricisi illik 7.5% olub. Görüdüyünüz kimi, gəlirliliklər kifayət qədər aşağıdır. İlin əvvəlindən bugünə SP500 səhm indeksi 9.3%, NASDAQ 15%-dən çox, Dow Jones Sənaye indeksi isə 7.3% düşüb.

Azərbaycanda nə baş verir?!

Azərbaycanda hazırda baş verənləri anomaliya hesab etmək olar. Belə ki, Mərkəzi Bank pandemiya dövründə azalan iqtisadi aktivliyin artırılması məqsədi ilə aşağı saldığı uçot dərəcəsini 2021-ci il oktyabr ayında inflyasiyanın da sürətlənməsi ilə 6.25%-dən yuxarı artırmağa başladı. Ard-arda verilən faiz qərarları ilə uçot dərəcəsi 2022-ci ilin yanvar ayında 7.5%-ə çatdırıldı. Mərkəzi Bankın keçən ilin oktyabr ayından etibarən uçot faiz dərəcəsini artırmağa başlamasına baxmayaraq, 2022-ci ilin yanvar ayının sonunadək bazar bu xəbərə əks reaksiya vermişdir. Belə ki, həm Mərkəzi Bankın monetar siyasət aləti olan notlarda, həm də dövlət istqirazlarında olan gəlirliliklərdə may ayından başlayan azalma olduğu kimi davam etmişdir və 2 illik dövlət istiqrazlarının gəlirliliyi ilin əvvəlindəki 7.52% səviyyəsindən 3.5%-ə qədər enmişdir. Yalnız Mərkəzi Bankın son faiz artımı qərarından sonra keçirilən hərraclarda gəlirlilik volatil olmuş və hazırda 5.48%-də qərarlaşmışdır. Mərkəzi Bankın notlarında gəlirlilik isə nisbətən sabit olmuşdur. Keçən ilin sentyabr ayından etibarən Mərkəzi Bank notları üzrə gəlirlilik ortalama 6.01% olmuşdur. Müqayisə üçün deyim ki, 2 illik ABŞ Dövlət istiqrazlarının gəlirliliyi eyni dövrdə 0.12%-dən 1.58%-ə qalxmışdır.

Azərbaycanda inflyasiya

Azərbaycanda inflyasiyanın formalaşması ilə bağlı vəziyyət birmənalı deyil. Belə ki, iqtisadiyyatımızın xüsusi ilə asılı olduğu neftin qiyməti aşağı düşəndə dövlət gəlirləri azalır, manat üzərində təzyiqlər artır, manatın ucuzlaşması ehtimalı ilə idxal mallarına tələbat artır, bununla manatın ucuzlaşması ilə inflyasiya olacağını düşünən istehlakçılar daha çox istehlak etməyə, sahibkarlar isə daha çox anbar ehtiyatı yaratmağa meyllənirlər. Bu isə daha sonra real inflyasiyaya səbəb olur. Çünki, iqtisadiyyatımız təkcə neftdən deyil, həm də ərzaqdan tutmuş, tikinti, geyim, məişət əşyalarınadək ağırlıqla idxaldan asılıdır. Digər tərəfdən, neft qiymətləri artdıqda dünyada enerji qiymətlərinin artması müşahidə olunur ki, bu da idxaldan asılı olan iqtisadiyyatımızda yenə qiymət artımı ilə müşayət olunur. Həmçinin neftin qiymət artımı bizdə dövlət gəlirlərinin artmasına səbəb olsa da, tənzimlənən enerji qiymətləri də artırılır ki, bu da daxildə istehsal olunan və daşınan malların maya dəyərinin artırmaqla inflyasiyaya səbəb olur. Əslində isə, ikinci halda inflyasiya baş verməsi normaldır, birinci halda isə anormal. Bunun baş verməsinin səbəbi iqtisadiyyatın strukturuna görədir. Kiçik və orta sahibkarlığın inkişaf etməməsi, böyük oyunçuların de-facto oliqapoliyası (kiçik sayda böyük oyunçunun bazarda domantlıq etdiyi bazar şəraiti) rəqabəti zəiflədir və qiymətin bazardakı tələbə həssaslığını pozur.

İnflyasiya şəraitində yığımları necə idarə etməli?

Aydındır ki, sabit gəlirli maliyyə alətləri inflyasiyadan qorunmaq üçün yetərli olmayacaq. Yığımları inflyasiyadan qorumaq üçün aşağıdakı addımlardan bir neçəsini nəzərdən keçirmək olar:

1. Qızıl

Qızıl ucuzlaşan bazar şəraitində investorların təhlükəsiz adası sayılır. Belə ki, hazırda dünyada gedən proseslər, o cümlədən yüksək inflyasiya, Rusiya və Ukrayna arasındakı müharibə şəraiti bazarlar üçün müsbət nəticələr vəd etmir. Səhm bazarının itkilərinin və gəlirlilik faizlərinin artacağı, həmçinin iqtisadi aktivliyin azalması gözlənilir. Bu şəraitdə investorların qızıla olan tələbi artacağı üçün, qızıla investisiya investorlar üçün  inflyasiyadan qorunmağın effektiv yolu ola bilər. Bu alətdə gəlirlərini artırmaq istəyən investorlar qızılı marja ilə (daha kiçik təminatla daha böyük həcmdə ticarət) də ala bilərlər. Lakin onlar bilməlidirlər ki, marja ticarəti həm onların bazar riskinə daha çox məruz qalmasına səbəb olur, həm də yüksək həcmlə ticarət üçün günlük faiz ödəməli olacaqlar.

2. Əmtəələr

Yuxarıda qeyd etdiyim kimi, neft qiymətləri inflyasiya ilə birlikdə şiddətli şəkildə artıb. Bu artımın təkcə dövlət büdcəsində deyil, öz büdcənizdə də müsbət effektlərini görmək istəyirsinizsə, neft fyuçerslərinə investisiya edə bilərsiniz. Sentyabr ayında Azərbaycanda inflyasiya 5%-in üstündə açıqlanıb. Bu açıqlamanın oktyabr ayına təsadüf etdiyini nəzərə alsaq, siz oktyabr ayında neft fyuçersini alsaydınız bugünə 26% gəlir əldə edə bilərdiniz ki, bu da yanvarda açıqlanan illik inflyasiya səviyyəsindən iki dəfə çoxdur. Eyni ilə dünyada trend halını almış yeniliklərin baş tutması üçün istifadə olunan əmtəələrə baxa bilərsiniz. Misal üçün elektrik avtomobilərinin artması ilə batareyalara tələb artıb. Batareyalarda ən çox istifadə olunan əmtəə isə nikeldir. Bununla da siz nikelə investisiya edərək bütün elektrik avtomobil istehsalçılarının tələbinə investisiya edə bilərsiniz. Son 1 ildə nikel fyuçerslərinin qiyməti 50% artmışdır.

3. 60/40-a səhm/istiqraz portfeli

İnflyasiyanın artması ilə səhm qiymətlərinin də aşağı düşdüyünü bilirik. Amma bu bir gecədə baş verməyib. Belə ki, siz keçən ilin əvvəlindən etibarən sentyabr sonunadək SP500 səhm indeksindəki səhmlərə investisiya etmiş olsaydınız, sizin ilin sonuna gəliriniz 20% təşkil edəcəkdi ki, bu da inflyasiya dərəcəsindən yuxarıdır. Hələ bundan sonra da faizlərin artması ilə səhm qiymətlərinin düşəcəyini nəzərə alsaq, yanvarda bağlanmış olan mövqeləri mart ayından eitbarən qaytarmaqda fayda var. Portfeldəki istiqraz payı isə daha çox çeviklik verəcək.

4. Daşınmaz əmlak

Unutmaq olmaz ki, yüksək inflyasiya şəraitində daşınmaz əmlak və eləcə də kirayə qiymətləri artır. Nəzərə alsaq ki, Azərbaycanda istifadə olunan tikinti materiallarının bir çoxu idxal edilir, artıq müşahidə olunan inflyasiya manatın alıcılıq qabiliyyətini aşağı salır və yeni qaydalarla (torpaq sahəsinin ölçülərinə tətbiq olunan yaşayış sahəsi əmsalının limitləşdirilməsi) ölkəmizdə daşınmaz əmlak üzrə təklifin artma sürəti ciddi mənada azalıb. Bu faktorların hamısı özlüyündə daşınmaz əmlak qiymətlərinin artmasını şərtləndirən amillərdir. Bununla da investorlar inflyasiyadan qorunmaq üçün daşınmaz əmlak investisiyalarını da nəzərdən keçirə bilərlər.

Manatın ucuzlaşması haqqında danışmaq olarmı?!

Xaricdəki malların qiymətinin artması, o cümlədən manat məzənnəsinin sabit qalması istehlak və anbar ehtiyatının çoxaldılması həvəsini artırır. Bununla da xarici valyutaya tələb artır və manatın məzənnəsinə təzyiqlər yaranır. Lakin artan neft qiymətləri dövlət ehtiyatına daha çox valyuta ötürdüyü üçün bu tələbi qarşılamaq mümkün olur. Digər tərəfdən, administrativ üsullarla valyuta alışına tətbiq edilə bilən kvotalar, məlumat assimetriyasının yaradılması kimi üsullar da manatın sabitliyini qoruya biləcək amillərdir.

Vacib xəbərdarlıq: Bu məqalədəki məlumatlar yanlız öyrədici xarakter daşıyır və xüsusi investisiya, mühasibatlıq və ya vergi məsləhəti kimi qəbul edilməməlidir. Bəzi məlumatlar üçüncü tərəfdən əldə olunmuşdur, hansı ki, məlumat vermədən dəyişdirilə və ya keçmiş məlumata çevrilə bilər. Bu məlumat etibarlıdır lakin, dəqiqliyi və tamlığına zəmanət verilmir. Adı çəkilən bəzi maliyyə alətləri yanlız misal xarakteri daşıyır və məsləhət kimi başa düşülməməlidir.

Müəllif: Orxan Bağırov

Orxan Bağırov iqtisadiyyat və maliyyə sahəsində 15 ilə yaxın iş təcrübəsinə sahib ekspertdir. İndiyə kimi bank, investisiya şirkəti, depozitar, və ödəniş sistemlərində rəhbərə vəzifələr tutub. Hazırda da bu sahədə çalışır. Bu yazılar müəllifin şəxsi düşüncələridir və korporativ mövqeni əks etdirmir.

Müəllifin digər məqalələrini buradan oxuya bilərsiniz.

Orxan-Bağırov inflyasiya manat
21.02.2022 14:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ