Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dövlət Xidməti “Azsertcenter” şirkətinin iddialarına cavab verdi

“AZSERTCENTER” MMC şirkəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və onun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin fəaliyyətlərinə maneələr törətdiklərini iddia edir. Dövlət Xidməti isə bildirib ki, "AZSERTCENTER” ona verilmiş icazədən sui-istifadə etmiş, qanunsuz uyğunluq sertifikatlarının verilməsi ilə məşğul olmuşdur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Xidməti “Azsertcenter” şirkətinin iddialarına cavab verdi

“AZSERTCENTER” Məhdud Məsuliyyətli Cəmiyəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyi tərəfindən onlara təzyiqlər olduğunu, eyni zamanda Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin qanunları pozduğunu və  inhisarçılıq yaratdığını iddia edib.

“AZSERTCENTER” MMC-nin direktoru Mahmud Yusubov Marja-ya müraciətində yazıb: 

"İlk öncə qeyd etmək istərdik ki, “AZSERTCENTER” MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanı 2015-ci ildən qanunvericiliyə uyğun olaraq  Respublikamızda bu sahədə AZS ISO/IEC 17065-2021 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” standartının tələblərinə uyğun akkreditasiya olunaraq fəaliyyət göstərən ilk sertifikatlaşdırma orqanıdır. Fəaliyyətimiz əsasən xarici istehsalçıların məhsullarının uyğunluğunun qiymətləndirilməsindən ibarətdir. “AZSERTCENTER” Sertifikatlaşdırma Orqanı Azərbaycan Respublikasında yeganə orqandır ki, 5-ci sxem üzrə İtaliya, İrlandiya, Fransa, ABŞ və s. kimi ölkələrdə Baker Hughes, General Electric, Juniper Networks, LG Electronics və s. müəssisələrin istehsal sahəsində iştirak edərək uyğunluğun qiymətləndirilməsini həyata keçirmişlər. Həmçinin Orqanımızda fəaliyyət göstərən 22 nəfər əməkdaşın hər biri sertifikatlaşdırma sahəsində təcrübəli, beynəlxalq sertifikatlara malik ekspertlərdir.  

“AZSERTCENTER” Sertifikatlaşdırma orqanının fəaliyyət göstərdiyi 7 il ərzində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 3 dəfə akkreditasiya  olunub, akkreditasiya dövründə 6 dəfə akkreditasiya tələblərinə riayət olunmasına aid illik qiymətləndirilməsi müsbət nəticələnmişdir. Həmçinin bu zaman ərzində  uyğunluğun qiymətləndirilməsi prosesini eyni sahə üzrə apararaq fəaliyyətimizi davam etdirmişik. 

İlkin olaraq nəzərinizə çatdırmaq istərdik ki, fəaliyyətə başladığımız tarixdən bugünə kimi fəaliyyətimiz dövründə tərəfimizdən verilən bütün uyğunluq sertifikatlarının qanunvericiliyə uyğun olaraq surəti Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, və  Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinə dövlət reyestrinə yerləşdirilməsi üçün göndərilmişdir. Lakin, 2020-ci il ilin avqust ayından (Xidmətin Əsasnaməsinin təsdiqlənməsindən 3 ay sonra) etibarən qərəzli olaraq tərəfimizdən verilən uyğunluq sertifikatlarının heç biri dövlət reyestrinə yerləşdirilməmişdir. Burada əsas məqsəd tərəfimizdən verilmiş uyğunluq sertifikatlarının dövlət reyestrində görünməməsini təmin etməklə əməkdaşlıq etdiyimiz xarici təşkilatlarda orqanımız haqqında müəyyən çaşqınlıqların yaradılmasıdır. Eyni zamanda, bu addımın atılmasında əsas məqsəd yuxarıda adı çəkilən təşkilatların (İtaliya, İrlandiya, Fransa, ABŞ və s. kimi ölkələrdə Baker Hughes, General Electric, Juniper Networks, LG Electronics və s.) xidmətimizdən imtina edilməsinə və inhisarçılıq yaradaraq himayəlik etdikləri və yeni yaradılan “PROBO” MMC-yə yönləndirilməsindən ibarətdir. Qeyd edək ki, “PROBO” MMC 2020-ci ilin dekabr ayından etibarən (Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin təsdiqləndiyi dövrdən) fəaliyyətə başlamışdır. Bu təşkilatın yaradıldığı və fəaliyyətə başladığı dövrdən etibarən 10 ilə yaxın olaraq eyni sahə üzrə fəaliyyət göstərən “AZSERTCENTER” Sertifikatlaşdırma Orqanına müəyyən təzyiqlər olunmağa başlamış və illərdir uyğunluğun qiymətləndirilməsini apardığımız sahə üzrə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yanında Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən müəyyən məhdudiyyətlər qoyulmuşdur. 

Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyinin və onun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin  inhisarçı siyasətinə əlavə olaraq onu da bildirmək istərdik ki, himayəlik etdiyi qurumlar tərəfindən verilən uyğunluq sertifikatlarının görünməməsi məqsədilə 2021-ci il tarixindən etibarən rəsmi internet saytında uyğunluq sertifikatlarının dövlət reyestrinin aparılması qanunsuz olaraq dayandırılmış və ictimaiyyətdən gizlədilmişdir. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsində uyğunluq sertifikatlarının reyestrinin aparılması vəzifəsi olmasına baxmayaraq atılan bu qərəzli addım həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 215 saylı “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə Qərara ziddir. Antiinhisar siyasəti əsasında yaranmış Xidmət bu sahədə inhisarçılıq siyasəti həyata keçirərək akkreditasiya edilmiş sertifikatlaşdırma orqanlarının fəaliyyətlərinə müdaxilələr edir. Azərbaycan Respublikasının Prezidentinin qəbul etdiyi qanunvericilik aktlarının ölkə ərazisində sahibkarlığın inkişafına yönəlməsinə baxmayaraq, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyi və Xidmətin tabeliyində olan publik hüquqi şəxslər tərəfindən uyğunluğu qiymətləndirən qurumların bu cür sıxışdırılması sahibkarlığın inkişafına yönəlmiş siyasətə ciddi xələl gətirir. Təəssüflər olsun ki, fəaliyyəti inhisarçılığın qarşısını almağa yönəldilmiş bir qurumun həyata keçirdiyi siyasət sertifikatlaşdırma bazarında özü inhisarçılıq yaradır.

 “AZSERTCENTER” Sertifikatlaşdırma orqanı akkreditasiya attestatının qüvvədə olma müddətinin 05 aprel 2021-ci il tarixində bitməsini nəzərə alaraq 2 ay öncədən, 15 fevral 2021-ci il tarixində orqanın təkrar akkreditasiyadan keçirilməsi üçün Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinə müraciət etmişdik. Eyni zamanda,  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 252 nömrəli qərarı ilə təsdiq edilmiş“Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydaları”nın 3.2. bəndinə uyğun olaraq tələb olunan bütün sənədlər tərəfimizdən Azərbaycan Akkreditasiya Mərkəzinə təqdim olunmuşdur. Sənədlərin tam və dəqiq şəkildə təqdim olmasına baxmayaraq Azərbaycan Akkreditasiya Mərkəzi təkrar akkreditasiya prosesini süni şəkildə 5 ay müddətinə uzadaraq yuxarıda qeyd olunan qərarda nəzərdə tutulmamış sənədləri və məhsulların statistik kodlarının qeyd olunmasını bizdən tələb etmişdir (Hərçənd ki, bu kodlar ölkə ərazisində istehsal və idxal olunan məhsulların statistikasının aparılması üçün nəzərdə tutulub və o kodların göstərilməsi uyğunluğun qiymətləndirilməsi sahəsində heç bir qanunvericilik aktlarında göstərilməmişdir.) Bu statistik kodların sertifikatlaşdırma orqanlarına tətbiqi Azərbaycan Akkreditasiya Mərkəzinin süni şəkildə məbləğin artırılmasına yönəldilmiş siyasəti və həmin orqanlara qarşı istədikləri vaxt süni müdaxilələrin edilməsi üçün inzibati vasitədir. Dəfələrlə qeyd olunan tələbin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 252 nömrəli Qərarına zidd olduğunu bildirməyimizə baxmayaraq qarşımızda qoyduqları qanunsuz tələbləri dəyişməmişlər. Bütün bunlara baxmayaraq fəaliyyətimizin dayanması və orqanımızın ciddi maliyyə sıxıntısı ilə əlaqədar olaraq qoyulan tələbləri təzyiq altında məcburi icra etmişik.

Təkrar akkreditasiya ilə əlaqədar Xidmətin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən orqanımıza 2 fərqli formatda (fərqli məbləğ və fərqli bəndlərlə) müqavilələr təqdim olunmuşdur. İlkin müqavilədə orqanımızın təkrar akkreditasiyası üçün ümumi 55020 (əlli beş min iyirmi) manat məbləğində xidmət haqqı hesablanmışdır. Bununla bağlı müraciətimizdən sonra ikinci, 15 aprel 2021-ci il tarixli 426 nömrəli Akkreditasiya müqaviləsində təkrar akkreditasiya üçün ümumi məbləğ 27510 (iyirmi yeddi min beş yüz on) manat (ilkin qiymətləndirmə üçün 14000 (on dörd min) manat, illik qiymətləndirmə üçün 7000 (yeddi min) manat olmaqla) göstərilmişdir. Həmçinin, həmin müqavilələrdə qanunvericiliyə zidd olan bəndlər qeyd edilmişdir. Nəzərinizə çatdırmaq  istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2019-cu il tarixli“Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği”nin və “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri”nin təsdiq edilməsi barədə 271 saylı Qərarında akkreditasiya prosedurunun xidmət haqqının hesablanması qaydası açıq və aydın şəkildə qeyd olunmuşdur. Belə ki, 1 nömrəli əlavədə sertifikatlaşdırılacaq məhsulların sayı 10-dan yuxarı olduğu təqdirdə akkreditasiya prosedurunun xidmət haqqı 1500 AZN, uyğunluğu qiymətləndirən qurumun ilkin və təkrar akkreditasiyasında, akkreditasiya sahəsində dəyişikliklərin edilməsində iştirak edən qiymətləndiricilərin saatı isə 90 AZN məbləğində nəzərdə tutulmuşdur. Həmin qərarda illik qiymətləndirmə ilə bağlı heç bir xidmət haqqı nəzərdə tutulmamağına baxmayaraq bizdən tələb olunan şişirdilmiş qiymətlərin nəyə əsasən hesablandığı bizə hələ də müəmmalıdır. Azərbaycan Akkreditasiya Mərkəzinə bu xidmət haqqının qanunvericiliyə zidd olaraq hesablanması və akkreditasiya müqaviləsinin bəndlərindəki qanunsuzluqların dəyişdirilməsi ilə bağlı dəfələrlə tərəfimizdən müraciət olunsa da, müqavilələrdə göstərilən ödəmə üçün nəzərdə tutulmuş məbləğin necə hesablanması ilə bağlı heç bir qiymətləndirmə hesabatı bizə təqdim edilməmişdir. Orqanımızın fəaliyyətinin dayandırılması səbəbindən və şirkətdə çalışan əməkdaşların əmək haqqının ödənilməsi ilə bağlı yarana biləcək mümkün maliyyə sıxıntılarımızı  nəzərə alaraq  təzyiq altında 16 may 2021-ci il tarixində 14000 (on dörd min) manat Azərbaycan Akkreditasiya Mərkəzinin bank hesabına köçürmüşük. Hərçənd ki, Azərbaycan Respublikasının Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında qanunun 5.2 bəndinə əsasən akkreditasiya zamanı hər şey qaydasında olduğu təqdirdə ödəniş sonda edilməli olsa da ödəniş əvvəlcədən tələb edilib. Təkrar akkreditasiya zamanı nəzərdə tutulmuş bu ödənişlərin necə hesablanması barədə heç bir məlumatın olmaması ilə yanaşı, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hesablanmış xidmət haqqı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin“Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği”nin və “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri”nin təsdiq edilməsi barədə 271 saylı Qərarına ziddir və şişirdilmiş bu qiymət bilərəkdən maliyyə yükümüzü artıraraq orqanımızın fəaliyyəti üçün süni şəkildə yaradılmış ikinci bir maneədir. 

Yuxarıda qeyd olunduğu kimi, beş ay naməlum səbəblərdən araşdırmadan sonra (hərçənd ki, AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli Qərarının 1.4. bəndinə əsasən Akkreditasiyanın ümumi müddəti akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, bu Qaydaların 3.5-ci və 4.9-cu bəndlərinə uyğun olaraq təyin edilən müddətlər nəzərə alınmadan 60 (altmış) iş günündən çox ola bilməz) Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi orqanımızda cəmi 1 gün (29.04.2021-ci il tarixində) yoxlama aparmışdır, lakin qiymətləndirmənin nəticəsi ilə bağlı hesabatı bizə təqdim etməmişdir. Dəfələrlə yazılı müraciətlərimizdən sonra, nəhayət Azərbaycan Akkreditasiya Mərkəzi 14 iyul 2021-ci il tarixində (6 aydan sonra) təkrar akkreditasiyadan keçdiyimizi təsdiq edən akkreditasiya attestatımızı və “AZSERTCENTER” MMC-nin əsasnaməsini təsdiqləmiş, № 0668-21 UQQA qərarı bizə göndərmişdir. Həmin qərarda “AZSERTCENTER” MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanının akkreditasiya tələblərinə cavab verməsi aydın şəkildə əks olunmuşdur. Lakin, Azərbaycan Akkreditasiya Mərkəzi 07 aprel 2021-ci il tarixində tərəfimizdən təqdim olunmuş və Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən qəbul olunmuş akkreditasiya sahəsinin layihəsini təsdiqləməmişdir. Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi PHŞ tərəfindən atılan bu addım “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyul 2015-ci il tarixli №252 “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydaları”nın 5.1. bəndinə ziddir. Belə ki, həmin bəndə əsasən Uyğunluğu qiymətləndirən qurum Qanunda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda Akkreditasiya orqanı 2 iş günü müddətinə uyğunluğu qiymətləndirilən qurumun akkreditasiyası barədə qərar qəbul edir. Akkreditasiya qurumu tərəfindən akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi barədə sənəd təqdim edildiyi gün akkreditasiya attestatı hazırlanır və imzalanaraq möhürlənir, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilir.

Bir daha qeyd etmək istəyirik ki, akkreditasiya attestatı verildiyi halda qanunverciliyə əsasən akkreditasiya sahəsi də 2 iş günü ərzində təsdiq olunaraq sertifikatlaşdırma orqanına təqdim edilməlidir. 

Yuxarıda qeyd etdiyimiz məsələlər ilə əlaqədar dəfələrlə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və onun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinə müraciətlərimizə baxmayaraq bizə məxsus olan akkreditasiya sahəsi təsdiqlənməmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyul 2015-ci il tarixli № 252 “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydaları”nın 5.1. bəndinə zidd olaraq). Qeyri-rəsmi danışıqlara əsasən Azərbaycan Akkreditasiya Mərkəzi elektrotexniki avadanlıqların elektromaqit uzlaşması (EMC) və rabitə vasitələrinin radiotezlik (RF) standartlarının çıxardılmasını və həmin standartlar üzrə uyğunluğun qiymətləndirilməsini yalnız “PROBO” MMC-yə həvalə edilməsini bizə bildirmişlər. Burada əsas məqsəd yuxarıda qeyd etdiyimiz kimi inhisarçı Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyinin “PROBO” MMC-yə himayəlik etməsi ilə bağlıdır. Bu isə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyinin və onun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin inhisarçı və qanunsuz fəaliyyətinin açıq-aşkar göstəricisidir və bu sahə üzrə uyğunluğun qiymətləndirilməsini yeni fəaliyyətə başlayan “PROBO” MMC-yə həvalə edilməsinin təsdiqi və tərəfimizdən haqsız rəqabət, məhdudlaşdırma və inhisarçılığın yaradılmasının ilk addımı olaraq dəyərləndirilir. Hesab edirik ki, araşdırma nəticəsində məlum olar ki, elektrotexniki avadanlıqların elektromaqit uzlaşması (EMC) və rabitə vasitələrinin radiotezlik (RF) göstəriciləri üzrə uyğunluq sertifikatları hal-hazırda da yalnız adı çəkilən qurum (“PROBO” MMC) tərəfindən həmin avadanlıqların istehsalçısı, idxalçısı və ya tədarükçüsü olmayan fiziki şəxslər Yusifova Sevda, Qurbanova Vüsalə, TEUDA MMC və CERTAZ MMC-yə verilir. (Belə başa düşülür ki, Azərbaycan Respublikasında telekommunikasiya vasitələrini yalnız adı çəkilən fiziki və hüquqi şəxslər idxal edə bilər, yəni başqaları yoxdur?!)

Bu məsələ öz qanuni həllini yuxarıda adı çəkilən qurumlarda tapmadığı üçün məhkəməyə müraciət etməli olduq. Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən təqdim olunmuş müqavilənin qanunvericiliyə zidd olan bəndlərinin dəyişdirilməsi və ya ləğvi, həmçinin akkreditasiya sahəmizin təsdiqlənməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq,  tərəfimizdən iddia ərizəsi ilə 18 oktyabr 2021-ci il tarixində Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bu müraciətdən sonra Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinə sonuncu müraciətimizdən sonra tərəfimizdən təqdim olunan akkreditasiya sahəsini deyil, bizə məxsus olmayan və bizimlə razılaşdırılmadan, qərəzli şəkildə və qanunsuz olaraq özləri tərəfindən hazırlanmış, akkreditasiya sahəsini öz rəsmi saytlarına yerləşdirmişlər. Burda isə məqsəd orqanımızın verdiyi sertifikatlaşdırma sahəsinə süni müdaxilələr üçün nəzərdə tutulub. Bu da Azərbaycan Akkreditasiya Mərkəzinin növbəti qanunsuz fəaliyyətinin sübutudur. 

Məhkəməyə müraciətimizdən sonra, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən təzyiqlər daha da artaraq, qanunvericiliyə zidd şəkildə, təkrar akkreditasiya attestatımızın təsdiqlənməsindən cəmi 3 ay keçməsinə baxmayaraq (25 noyabr 2021-ci il tarixindən etibarən) və “AZSERTCENTER” MMC-nin fəaliyyəti ilə bağlı heç bir şikayət olmadığı təqdirdə dəfələrlə tərəfimizdən verilmiş sertifikatların araşdırılması üçün sənədlər tələb olunmuşdur. Onu da bildirmək istərdik ki, uyğunluğun qiymətləndirilməsi ilə bağlı qurumların akkreditasiyası Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli №965-IVQ “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında qanunu” ilə tənzimlənir. Həmin qanunun 10.1. yarımbəndinə əsasən Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət akkreditasiya orqanı tərəfindən ildə bir dəfə, habelə qurumun fəaliyyəti barədə şikayət daxil olduğu hallarda həyata keçirilə bilər. Azərbaycan Akkreditasiya Mərkəzinə dəfələrlə qeyd olunan tələblərin qanunvericilikdən kənar olduğu bildirilmiş, həmçinin, bununla yanaşı vurğulanmışdır ki, “AZSERTCENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Akkreditasiya Mərkəzinin qanunvericiliyə uyğun olaraq (Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərmanına və Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli №714-IVQ “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanununa əsasən dövlət reyestrindən çıxarışla) istənilən vaxt və yerində yoxlama aparmasına etiraz etmir. 

Bütün bunlara baxmayaraq, 20 dekabr 2021-ci il tarixində Azərbaycan Akkreditasiya Mərkəzi heç bir dövlət reyestrdən çıxarış olmadan əsassız olaraq “AZSERTCENTER” Məhdud Məsuliyyətli Cəmiyyətinin akkreditasiya sahəsinə müvəqqəti olaraq məhdudiyyətlər (Kompüter, elektron və optik məmulatlar və Elektrik avadanlıqları) qoymağa başlamış və internet portalında yerləşdirilmişdir.

Bununla da orqanımıza olan təzyiqlər dayanmamış, Azərbaycan Akkreditasiya Mərkəzi heç bir qanun və fərmanlara məhəl qoymadan, heç bir rəsmi yoxlama açılmadan 24 may 2022-ci il tarixində “AZSERTCENTER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.07.2021-ci il tarixli AZ 02.0567.01.21 saylı akkreditasiya attestatının qüvvəsinin müvəqqəti olaraq dayandırılması, 27 may 2022-ci il tarixində isə qanunvericiliyə zidd olaraq akkreditasiya attestatının ləğv edilməsi barədə qərar qəbul etmiş və bu haqda məlumatı öz rəsmi internet saytlarında yerləşdirmişdir. Burda isə məqsəd orqanımızın fəaliyyətinin dayandırılması və sifarişçilərimizin bizdən imtina etməsinə gətirib çıxarmışdır. 

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərmanına və Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli №714-IVQ “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanununa ziddir. “Azərbaycan Akkreditasiya Mərkəzi” tərəfindən qəbul olunmuş bu qərar “AZSERTCENTER” Məhdud Məsuliyyətli Cəmiyyətinə qərəzli yanaşmanın növbəti göstəricisidir. Əsas məqsəd çoxsaylı sifarişçilərimizin xidmətimizdən imtina edərək yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyinin himayəlik etdiyi “PROBO” MMC ilə əməkdaşlıq etməsidir. Süni şəkildə yaradılmış bu maneələr isə inhisarçılığın bariz nümunəsidir. Həqiqətən də, qeyd olunan təzyiqlər nəticəsində əməkdaşlıq etdiyimiz təşkilatlar qarşısında müqavilə öhdəliklərimizi yerinə yetirə bilmədiyimizə görə xidmətlərimizdən imtina olunmuş, nəticədə orqanımızda ciddi maliyyə problemləri yaranmış, həttaorqanımızın fəaliyyəti iflic vəziyyətinə düşmüşdür. 

Burda da əsas məqsəd sertifikatlaşdırma sahəsində lider olan orqanın tamamilə müflisləşdirərək fəaliyyətinə son qoymaq və eyni zamanda öz inhisarçı maraqlarını təmin eləməkdir.

 “AZSERTCENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkəmizin son illərdə yaşadığı problemlərdə hər zaman dövlətin və xalqın yanında olan öz vətəndaş, ictimai və mənəvi məsuliyyətini dərk edən bir şirkət olaraq istər pandemiya dövründə, istər müharibə dövründə öz maddi dəstəyini dövlətindən əsirgəməmişdir. Bütün yaranmış problemlərə baxmayaraq, “AZSERTCENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna, həmçinin “YAŞAT Fondu” və “Qarabağ Dirçəliş Fondu”na öz maddi dəstəyini göstərmişdir.

Hətta COVİD-19 pandemiyası cərəyan edən iki ildən artıq müddət ərzində belə mövcud vəziyyətlə əlaqədar olaraq orqanımızın gəlirlərinin azalmasına və müxtəlif vaxtlarda əməkdaşların işə tam həcmdə çıxmamasına baxmayaraq (Operativ Qərargahın qərarı ilə 30-35%) heç bir işçinin əmək müqaviləsinə xitam verilməmişdir. 

Lakin, dəfələrlə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyinə və məhkəmə orqanlarına müraciətlərimizə baxmayaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyinin “AZSERTCENTER” Məhdud Məsuliyyətli Cəmiyyətinə qərəzli yanaşması və Azərbaycan Respublikasının Qanununa,  Azərbaycan Respublikasının Prezidentinin fərmanına və Nazirlər Kabinetinin qərarlarına məhəl qoymadan bu sahədə inhisarçılıq yaradaraq qəbul etdiyi qərarlar nəticəsində orqanımızda maliyyə sıxıntılarının artması səbəbindən əməkdaşlarımızın 60%-ə qədər (16 nəfər) həcminin işdən azad olunmasına gətirib çıxarmışdır. 

Bunlarla belə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyinin qanunsuz hərəkətləri bitməmiş, ehtimallarımıza görə müraciət etdiyimiz məhkəmə hakimi Pərviz Hüseynova da müəyyən təsirlər etmişlər. Baxmayaraq ki, məhkəmənin qərarında Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin qanunvericiliyinin tələblərini pozması aydın şəkildə göstərilsə də, qərarın sonunda iddiamız təmin olunmamışdır. 

Həmçinin onu da bildirmək istərdik ki, Məhkəmə tərəfindən qəbul edilən 13 may 2022-ci il tarixli, 2-1(112)-3245/2022 saylı Qərar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.7. və 75.2. maddələrinin tələbləri pozulmaqla rəsmi qaydada müəssisəmizə çatdırılmamışdır. Belə ki, həmin maddələrin tələblərində nəzərdə tutulduğu kimi yazılı formada tam məhkəmə Qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 15 gündən gec olmayaraq tərtib olunaraq məhkəmənin dəftərxanasına verilməli olduğu halda, Qərar çıxarıldıqdan 47 (qırx yeddi) gün sonra, 01 iyul 2022-ci il tarixində o, Elektron Məhkəmə Sistemindəki kabinetimizə yerləşdirilmişdir. 

Bütün bunlara baxmayaraq  iddiamıza yenidən baxılması və ədalətli qərar verilməsi üçün tərəfimizdən 29 iyul 2022-ci il tarixində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Yenə də hakim Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 86.3. maddəsinin tələblərini kobud şəkildə pozaraq şikayətin daxil olduğu vaxtdan 5 (beş) gün müddətində həmin şikayəti mübahisə ilə bağlı işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərməli olduğu halda, şikayətin verildiyi gündən 52 (əlli iki) gün keçəndən sonra, yəni şikayətimizi 19 sentyabr 2022-ci il tarixində apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə orqanlarına təsir olunaraq  yenidən qanunvericilikdən kənar qərarların qəbul olunması və Azərbaycan sahibkarlarının hüquqlarının həm icra, həm də məhkəmə orqanları tərəfindən pozulması bizi narahat edir (Bu məsələ ilə bağlı 26 sentyabr 2022-ci il tarixində tərəfimizdən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Sədri cənab Fikrət Məmmədova şikayət məktubu ünvanlanmışdır).

3 illik etibarlılıq müddəti olan akkreditasiya attestatının 1 ili artıq bitib. Lakin biz hələ də bu məsələ ilə bağlı problemlərimizi həll edə bilməmişik. İstər adı çəkilən qurumlarla olan problemlər, istərsə də məhkəmə proseslərinin uzadılması orqanın fəaliyyətini tamamilə dayandırıb. Bu da öz növbəsində orqanın müflisləşməyinə gətirib çıxarıb. Baxmayaraq ki, iş hələ də məhkəmədədir ancaq şirkərt artıq bağlanmaq üzrədir.

Bunu yazmaqda məqsədimiz yuxarıda qeyd etdiyimiz qurumların orqanımızın fəaliyyətinin qanunsuz dayandırılması, 22 əməkdaşın tam işdən azad olunmasına gətirib çıxarılması ilə bağlıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və onun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi bizim kimi təşkilatların kiçik sahibkarlığın inkişafına tam olaraq maneələr törədir".

DÖVLƏT XİDMƏTİNDƏN İDDİALARA CAVAB

İddia ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu göndərdik:

Dövlət Xidməti Marja.az-ın sorğusuna cavabında bildirib:

"İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətinizə (daxilolma qeydiyyatı: 3-21-1/1-1448/2023 10.02.2023-ci il tarixli) aidiyyəti üzrə baxılmışdır. 

Müraciətinizə cavab olaraq bildiririk ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sertifikatlaşma uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqi hesab olunur.

“AZSERTCENTER” MMC İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsə müraciət edərək malın (xidmətin, işin) sertifikatlaşdırılması fəaliyyəti üzrə akkreditasiya olunmuşdur. Akkreditasiya edilmiş qurum akkreditasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl etməli və onun prinsip və qaydalarını pozmamalıdır. Qanunvericiliyin tələblərinə əsasən, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət akkreditasiya orqanı tərəfindən ildə bir dəfə, habelə qurumun fəaliyyəti barədə şikayət daxil olduğu hallarda həyata keçirilir. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur. Nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması, nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır. Dövlət Xidmətinə daxil olmuş müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, “AZSERTCENTER” MMC “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən ona verilmiş icazədən (akkreditasiya attestatından) sui-istifadə etmiş və akkreditasiya sahəsindən kənara çıxmaqla qanunsuz uyğunluq sertifikatlarının verilməsi ilə məşğul olmuşdur. 

Göstərilənləri nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə sözügedən quruma dəfələrlə yazılı bildirişlər göndərilmişdir. Lakin nöqsanların aradan qaldırılması ilə bağlı qurum tərəfindən hərəkətsizlik nümayiş etdirildiyindən quruma verilmiş akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması (21.01.2022-ci il tarixədək) və nöqsanların müəyyən olunmuş müddət ərzində aradan qaldırılması barədə 20.12.2021-ci il tarixli qərar qəbul edilmişdir. Buna baxmayaraq, akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırıldığı dövrdə qurum tərəfindən uyğunluq sertifikatının verilməsi halları aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən “AZSERTCENTER” MMC-yə verilmiş akkreditasiya attestatının ləğvi barədə 27.05.2022-ci il tarixli qərar qəbul edilmişdir.

Bununla yanaşı aşkar olunmuş nöqsanlarla bağlı qurum barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmənin müvafiq qərarına əsasən Dövlət Xidmətinin hərəkətləri qanuni hesab olunmuş və quruma inzibati tənbeh tətbiq edilmişdir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin, habelə akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya edilmiş qurumların fəaliyyətinə nəzarəti davam etdirir".

Azsertcenter Mahmud Yusubov
06.03.2023 08:41

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ