Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Neftin ucuzlaşması və tərəfdaş ölkələrin valyutalarında dəyişkənlik davam edib”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Neftin ucuzlaşması və tərəfdaş ölkələrin valyutalarında  dəyişkənlik davam edib”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25% və faiz dəhlizinin aşağı həddinin 6.75% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8%-ə endirilmişdir.

Marja xəbər verir ki, faiz qərarı ilə bağlı Mərkəzi Bankın məlumatında bildirilir:

Reklam_3_11

Qlobal mühit və xarici sektor göstəriciləri

Pul siyasətinə həsr olunmuş son iclasdan ötən müddətdə də qlobal tələb və təklifin daralması, beynəxalq əmtəə və maliyyə bazarlarında yüksək dalğalanmalar koronavirus pandemiyasının neqativ təsirləri ilə bağlı olmuşdur.

Dünyanın aparıcı iqtisadi güc mərkəzlərində iqtisadi aktivlik kəskin aşağı düşmüş, işsizlik əhəmiyyətli artmaqdadır. Nüfuzlu beynəlxalq təşkilatlar 2020-ci ilin qlobal iqtisadi artım proqnozunu azalma istiqamətində əhəmiyyətli təshih etmişlər. Beynəlxalq Valyuta Fondu cari ilə 3%-lik qlobal ressesiya proqnozlaşdırır.

Qlobal tələbin əhəmiyyətli daralması şəraitində enerji bazarlarında yüksək dalğalanmalar müşahidə olunmaqdadır. Aprel ayında yeni OPEK+ razılaşması əldə olunsa da neft qiymətlərinin aşağı düşməsi davam etmişdir.

Qlobal maliyyə bazarlarında, o cümlədən başlıca ticarət tərəfdaşı olan ölkələrin valyuta bazarlarında dəyişkənlik davam etmişdir.

Beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr pandemiya dövründə iqtisadi aktivliyi dəstəkləmək məqsədilə iri həcmli dəstək proqramlarını həyata keçirməyə başlamışlar.

İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri

İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya gözlənildiyi kimi bir qədər yüksəlsə də, hədəf diapazonunun mərkəzindən aşağıda qalmışdır. Rəsmi statistikaya görə martda illik inflyasiya 3.3% təşkil etmişdir. Son 12 ayda inflyasiya ərzaq məhsulları üzrə 6%, qeyri-ərzaq məhsulları üzrə 1.2% və xidmətlər üzrə 1.2% təşkil etmişdir. Ərzaq inflyasiyasının yüksəlməsi əsasən karantin rejiminin sərtləşməsi şəraitində ərzağa tələbin qısamüddətli yüksəlməsi, eləcə də istehsal və daşınma xərclərinin lokal artımı ilə izah edilir.

Real sektor müəssisələri üzrə monitorinqə görə inflyasiya gözləntiləri martda əvvəlki aya nəzərən tikintidə dəyişməz qalmış, ticarətdə azalmış, qeyri-neft sənayesi və xidmətdə artmışdır. Ev təsərrüfatlarının inflyasiya gözləntilərinin bir qədər artması müvəqqəti xarakter daşıyır.

Mövcud makroiqtisadi siyasət çərçivəsi saxlanmaqla son proqnozlar 2020-ci ildə inflyasiyanın hədəf intervalında (4±2%) qalacağını göstərir. 

Monetar şərait

Ötən toplantıdan keçən müddətdə monetar şərait dövlət büdcəsində profisit və valyuta bazarında vəziyyətin stabilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən təsirlənmişdir. Pul bazasının dinamikası valyuta bazarında stabilliyi dəstəkləyən faktordur. 

Aprel ayı üzrə dinamika göstərir ki, valyuta bazarında vəziyyət normallaşmışdır.

İqtisadiyyatın likvidlik ehtiyaclarının ödənilməsi və valyuta bazarının stabilliyinin təmin olunması üçün Mərkəzi Bank situasiyadan asılı olaraq pul siyasəti alətlərini adekvat tətbiq edir. Pul bazarındakı son meyilləri nəzərə almaqla sterilizasiya alətlərinin müddəti və faizlərinin formalaşması çərçivəsində zəruri dəyişikliklər edilmişdir.

Pul bazarının seqmentlərində faiz dərəcələri müxtəlif istiqamətdə dəyişir. Banklararası pul bazarında faiz dərəcələri artmağa meyillidir. Banklarası REPO bazarında orta faiz martdakı 4.5%-dən aprel ayında 8%-ə yüksəlmişdir. Yeni əmanət və depozitlər, habelə manatla yeni kreditlər üzrə son ayda faiz dərəcələrində əhəmiyyətli dəyişiklik olmamışdır.

Aşağı inflyasiya şəraitində iqtisadi subyektlər üçün manat aktivlərinin cəlbediciliyi qorunmaqdadır. I rübün son ayında depozitlərin dollarlaşması bir qədər artsa da, apreldə əks proseslər müşahidə edilmişdir. “Əmanətlərin tam sığortalanması haqqında” qanunun vaxtının uzadılması bankların depozit bazasının qorunması ilə yanaşı de-dollarizasiya proseslərinə də dəstək verəcəkdir. 

Kredit portfelinin başlıca artım mənbəyi biznes kreditləridir. İstehlak kreditləri isə azalma meyilinə malikdir və istehlak kreditlərinin kredit portfelində payı azalmaqdadır.

Pandemiyadan zərər çəkən əhali və biznesin dəstəklənməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər maliyyə sabitliyinin qorunması çərçivəsində kreditləşmə şərtlərinin yumşalmasına imkan verir.

İqtisadi aktivlik

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da koronavirus pandemiyasının iqtisadi aktivliyə neqativ təsirləri müşahidə edilməkdədir. Mərkəzi Bank tərəfindən real sektor müəssisələrinin monitorinqi göstərir ki, qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələrindəki müəssisələrdə iqtisadi aktivlik göstəricilərinin yanvar-fevral aylarındakı müsbət dinamikası mart ayından başlayaraq azalma ilə əvəzlənmiş, ticarətdə aktivliyin daha kəskin enişi qeydə alınmışdır.

Koronavirusun təsirləri nəticəsində 2020-ci ilin ilk 2 ayında iqtisadi artım 2.8% olduğu halda I rübdə 1.1%-ə enmişdir. O cümlədən qeyri-neft sektorunda iqtisadi artım ilk 2 ayda 6.7%, I rübün yekunu üzrə isə 3.5% təşkil etmişdir.

Hökumət tərəfindən reallaşdırılmaqda olan ÜDM-in 4%-ni üstələyən iqtisadi dəstək paketi və sinxronlaşdırılmış makroprudensial tədbirlər tələbin daralmasının səngiməsinə və məşğulluğun – iş yerlərinin qorunmasına imkan verməlidir. 

İnflyasiya riskləri

İnflyasiyanın risklər balansının dəyişim perspektivləri ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Qlobal iqtisadi aktivlik və dünya neft bazarındakı konyunktur ölkəmizə əsasən ixrac gəlirləri və gözləntilər kimi kanallarla təsir edir. Digər tərəfdən qlobal miqyasda tətbiq olunan sosial təcrid tədbirlərinin mal və xidmət idxalını məhdudlaşdırması tədiyə balansını tarazlaşdıran amildir. Ölkənin yeni reallıqlara uyğun çevik makroiqtisadi manevr imkanlarının mövcudluğu, kifayətlik normalarını əhəmiyyətli üstələyən valyuta ehtiyatları və reallaşmaqda olan iqtisadiyyata yardım paketi pandemiyanın neqativ təsirlərini azaltmağa kömək edir. Makroiqtisadi risklərin azalması karantin rejiminin yumşalmasından sonra qlobal iqtisadiyyatın bərpası və dünya bazarında neftin qiymətinin məqbul səviyyədə stabilləşməsindən asılı olacaqdır.

İlin qalan dövründə xarici və daxili mühitdə gözlənilən proseslər faiz dəhlizinin parametrlərinə dair növbəti qərarların qəbulu zamanı iqtisadi aktivlik və məşğulluğun dəstəklənməsi hədəfi ilə makroiqtisadi sabitliyin və onun əsas lövbəri olan məzənnə sabitliyinin təmin olunması arasında optimal balansın qorunmasını tələb edir. Bu məqsədlə xarici mühitdə və daxili maliyyə bazarlarında gedən proseslər və inflyasiya hədəfinə nail olma vəziyyəti davamlı monitorinq olunacaqdır.

Bu qərar 1 may 2020-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il iyun ayının 19-da ictimaiyyətə açıqlanacaqdır.

01.05.2020 21:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ