Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İnhisarçılar üçün hansı cəzalar mövcuddur?

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnhisarçılar üçün hansı cəzalar mövcuddur?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

RƏQABƏT SAHƏSİNDƏ HÜQUQİ İSLAHATLAR: REALLIQ VƏ GÖZLƏNTİLƏR

 

Reklam_3_11

Dünya təcrübəsində rəqabət hüququ

 

Avropada, ABŞ-da və digər inkişaf etmiş ölkələrdə rəqabət mühitini qoruyan rəqabət (antiinhisar) qanunvericiliyi və tətbiqi təcrübəsi kifayət qədər inkişaf etmişdir. Məsələn, Avropa İttifaqında rəqabət hüququnun müxtəlif institutlarını, o cümlədən, hökmran mövqedən sui-istifadə, kartel sövdələşmələri, birləşmə və qoşulma, dövlət yardımı və s. məsələləri əhatə edən yüzlərlə Avropa İttifaqı Rəqabət üzrə Baş Direktorluğunun, üzv dövlətlərin milli rəqabət agentiklərinin sənədləri, Avropa Ədalət Məhkəməsinin və yerli məhkəmələrin qərarları, elmi-praktiki konfransların materialları mövcuddur. Eyni zamanda, Avropada rəqabət hüququ bir hüquq fənnindən inkişaf etdirilərək, hüquq istiqamətinə və ixtisasına çevrilmişdir. Bəzi Avropa ali təhsil müəssisələrində rəqabət hüququ ixtisas kimi özündə bir neçə fənni birləşdirən tədris proqramı kimi təqdim edilir və onu bitirənlərə rəqabət hüququ üzrə hüquqşünas kimi dərəcələr verilir.

 

Azərbaycanda rəqabət sahəsində ciddi qanunvericilik və institusional islahatları gözlənilir

 

Son dövrlərədək Azərbaycanda hüququn bu sahəsi və tətbiqi təcrübəsi lazımi səviyyədə inkişaf etməmişdir. Haqsız rəqabət sahəsində müəyyən hüquqi təcrübə və məlumatlar olsa da, rəqabət (antiinhisar fəaliyyəti) ilə bağlı açıq mənbələrdə təcrübi materiallar, nəzarət orqanının sənədləri, məhkəmə qərarları olduqca məhduddur. Son dövrlərdə sahibkarlığın inkişafının dəstəklənməsi, rəqabətə şərait yaradan islahatların həyata keçirilməsi, bu sahədə qanunların, fərmanların, qərarların qəbul edilməsi, o cümlədən, Strateji Yol Xəritələrin təsdiq edilməsi onu deməyə əsas verir ki, rəqabət sahəsində ciddi qanunvericilik və institusional islahatları gözləmək olar. Belə ki, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.1.1-ci bəndi, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin 1.4.1., 1.4.2-ci bəndləri antiinhisar fəaliyyətinə nəzarət edən müstəqil qurumun (rəqabət orqanının) yaradılacağını və Rəqabət Məcəlləsinin qəbul ediləcəyini nəzərdə tutur.

 

Rəqabət və inhisarçılıq fəaliyyəti nədir?

 

Hazırda qüvvədə olan, 4 mart 1993-cü il tarixdə qəbul edilmiş “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən rəqabət – bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyətləri hər birinin bazarda əmtəə dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan malların istehsalını stimullaşdırır.

 

İnhisarçılıq fəaliyyəti isə inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat subyektlərinin, yaxud icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdIrmağa, yaxud arada qaldırmağa yönəldilmiş fəaliyyətidir.

 

İnhisarçılığın hansı növləri var?

 

“Antiinhisar fəaliyyəti haqqında” Qanunda subyektlərə və predmetlərə görə inhisarçılığın növləri və mahiyyəti izah edilir. Bura dövlət inhisarçılığı, sahə inhisarçılığı, yerli inhisarçılıq, təsərrüfat subyektlərinin inhisarçılığı, maliyyə-kredit inhisarçılığı, bazar subyektlərinin üfüqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq, təbii inhisarçılıq, patent-lisenziya inhisarçılığı və yerin təkindən istifadə inhisarçılığı növləri aiddir.

 

Qanunda hər bir növün mahiyyəti açıqlanır. Məsələn, təsərrüfat subyektlərinin inhisarçılığına bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyəti aiddir. Bu qeyri-qanuni fəaliyyətə isə xalq təsərrüfatının, əhalinin, ayrı-ayrı təsərrüfat subyektlərinin tələbatının ödənilmədiyi malların istehsalının əsassız olaraq məhdudlaşdırılması, yaxud dayandırılması, süni qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədi ilə istehsalın həcminin dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması, digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaradılması, bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması), məhsulun alternativ satıcıları və alıcıları olmadıqda təsərrüfat subyektləri arasında ayrı-seçkilik yaratmaq məqsədilə həmin məhsulu satmaqdan və ya almaqdan imtina edilməsi və s. daxildir.

 

Digər diqqətçəkən inhisarçılıq növü bazar subyektlərinin üfüqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıqdır. Qanuna əsasən icra hakimiyyəti və idarəetmə orqanları arasında, yaxud bu orqanlarla təsərrüfat subyektləri arasında, və ya təsərrüfat subyektlərinin öz aralarında rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən bir sıra qeyri-qanuni üfüqi və şaquli sazişlər qanunsuz sayılır. Bunlara kartel sövdələşməsi (rəqabət qaydalarına zidd olaraq bazarın bölüşdürülməsi, malların alğı-satqısından imtina edilməsi və s. barədə rəqiblərin könüllü sövdələşmələri), bir-birilə rəqabət aparmayanların arasında rəqabətin məhdudlaşdırılmasına yönələn sazişləri, təsərrüfat subyektlərinin qovuşması və ya başqasının əlinə keçməsi ilə nəticələnən, hökmran mövqe yarada və ya bu mövqeyi gücləndirə bilən sazişləri və s. bu kimi sazişlər aiddir.

 

Dövlət nəzarət orqanın səlahiyyətləri nədən ibarətdir?

 

Qanuna əsasən müvafiq dövlət orqanı təsərrüfat subyektlərinin antiinhisar qanunvericiliyinə riayət edilməsinə nəzarət edir, müvafiq hallarda təsərrüfat subyektlərinin yaradılmasına, yenidən təşkilinə və ləğv edilməsinə, habelə əqdlər bağlamalarına razılıq verir, özlərinin hökmran mövqeyindən sui-istifadə edən təsərrüfat subyektləri inhisarçılıq fəaliyyəti göstərdikdə, öz hərəkətləri ilə rəqabətin məhdudlaşmasına və istehlakçıların mənafeyinin pozulmasına səbəb olduqda inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı idarəetmə orqanlarına təkliflər verir, müvafiq hallarda məcburi bölünmə haqqında qərar qəbul edir.

 

Antiinhisar qanunvericiliyinə riayət edilməməsinə görə hansı məsuliyyət növləri var?

 

“Antiinhisar fəaliyyəti haqqında” Qanun müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirməyən, tələb olunan məlumatları və sənədləri verməyən, yaxud düzgün olmayan məlumatlar verən təsərrüfat subyektləri üçün maliyyə sanksiyalarını nəzərdə tutur.

 

Bundan başqa, inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma cinayət məsuliyyəti də yaradır. Belə ki, Cinayət Məcəlləsinin 199.1-ci maddəsinə əsasən “təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və ya yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə rəqabəti məhdudlaşdıran vasitələrin tətbiqi barədə kartel sövdələşməsi, belə sövdələşmədə iştirak etmə, yaxud rəqabətin qarşısının alınmasına, aradan qaldırılmasına və ya məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən bazar maneələrini yaratma, məhdudlaşdırıcı fəaliyyət vasitələrindən istifadə etmə və ya digər inhisarçılıq hərəkətlərini etmə cərimə və üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560-cı maddəsi də bazar şəraitinin xeyli pozulması, rəqabətin qarşısının alınması ilə nəticələnə bilən əlverişli vəziyyətdən sui-istifadə etməni və hərəkət metodlarını qadağan edir, bu əsas üzərində həyata keçirilən razılaşmaları və hərəkətləri etibarsız sayır.

 

Qəbul ediləcək Rəqabət Məcəlləsindən gözləntilər

 

İnhisarçılıq fəaliyyətinin və rəqabətin məhdudlaşdırılmasının qarşısının alınmasına və aradan qaldırılmasına dair qanunvericilik tam təkmil deyil və tətbiqi təcrübəsi azdır. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə, qanunvericilik aktlarının vahid Rəqabət Məcəlləsində birləşdirilməsinə və institusional islahatlara (qanunvericiliyi effektiv və müstəqil şəkildə tətbiq edən rəqabət qurumunun yaradılmasına) ehtiyac vardır. Məhz bu işlərin görülməsi də Strateji Yol Xəritələrində qeyd edilmişdir.

 

Ümid edirik ki, tezliklə beynəlxalq təcrübəyə uyğun Rəqabət Məcəlləsi qəbul ediləcək və daha geniş imkanlara malik olan müstəqil rəqabət qurumu yaradılacaqdır. Bu da ölkədə rəqabət mühitinin daha da inkişaf etdirilməsinə, rəqabətqabiliyyətli yerli məhsul və xidmətlərin artmasına rəvac verəcəkdir. Habelə,bu islahatlar rəqabət hüququ üzrə hüquqi təcrübənin də inkişaf etdirilməsinə kömək edəcəkdir. Belə ki, istənilən hüquq sahəsi geniş tətbiq edildiyi təqdirdə boşluqların aşkar olunması, qanunvericiliyin təkmilləşdirilməsi, ictimai məlumatlılığının artması, elmi araşdırılmaların, yaxşı təcrübələrin bölüşdürülməsi yolu ilə inkişaf edir.

 

"Marja.az" üçün vəkil Allahverən Oruclu

19.05.2017 11:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ