"Azərbaycanda dərmansız tərəvəzçiliyə başlamışıq"

“Aqrosell” MMC-nin rəhbəri, türk iş adamı Kemal Yılmazla müsahibəni təqdim edirik:
– Kemal bəy, bildiyimizə görə, “Aqrosell” MMC Azərbaycanda ilk yaranan istixana təsərrüfatlarından biridir. Necə oldu ki, Azərbaycanda bu sahəyə investisiya yatırmağı qərara aldınız?
– 1965-ci ildə Türkiyənin Anamur şəhərində anadan olmuşam. Türkiyədə aqrar sahə üzrə ali təhsil almışam, sonra 13 il heyvandarlıq sahəsində işləmişəm. Türkiyədə kiçik sahədə şəxsi istixana təsərrüfatımı da yaratmışdım. Lakin həmin dönəmdə lirənin tez-tez devalvasiyaya uğraması iş adamlarının effektiv fəaliyyətinə, yaxşı gəlir əldə etməsinə mane olurdu. Həmin vaxtlarda Azərbaycanla Türkiyə arasında əlaqələr yenicə inkişaf etməyə başlayırdı. Azərbaycanda iqtisadi sabitlik vardı. Təsəvvür edin, 10 il ərzində çörəyin qiyməti dollar ekvivalenti ilə eyni qaldı. 1997-ci ildə Bakıya gəldim. Əvvəlcə nəqliyyat şirkəti qurdum, amma nəticə gözlədiyimiz kimi olmadı. Bu zaman bizə istixana məhsulları ilə bağlı təklif gəldi. Azərbaycanda ilk istixana təsərrüfatını yaradanlardan biri biz olduq. 1998-ci ildə ilk dəfə Şüvəlanda yarım hektar ərazidə istixana təsərrüfatına başladıq və getdikcə bu sahədə fəaliyyətimizi genişləndirdik. Sonra Bakıda 3 ortaq birləşərək, “Aqrosell” şirkətini yaratdıq. “Aqrosell”dən sonra Azərbaycanın Gəncə və Cənub zonasında istixana təsərrüfatları yaranmağa başladı və bu sahədə inkişaf yüksəldi. Azərbaycanda istixana tərəvəzçiliyinə tələb artdıqca işimizi daha da genişləndirdik. 5 il əvvələ qədər Azərbaycanda bu sahə, demək olar ki, yox səviyyəsində idi. Son bir neçə ildə isə Azərbaycan məhsulları xarici bazarda, xüsusilə də Rusiyada brendləşib. Digər tərəfdən, dövlətin bu sahəyə dəstəyi artdı. Məsələn, əvvəllər fermerlər istədikləri kimi iş qura bilmirdilər, dərmanların gətirilməsində çətinlik var idi. Amma indi sənədlər qaydasında olduğu halda, gömrükdən ölkəyə istənilən malı keçirmək mümkündür. Bundan əlavə, dövlətin dəstəyi ilə Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması fermerlərə böyük dəstək oldu. Bu Assosiasiya meyvə və tərəvəzçilərin hər yerdə səsinə çevrilib. Məsələn, qazın qiymətinin artması istixana təsərrüfatları üçün böyük problemə çevrilmişdi. Fermerlər müraciət etdilər, nəticə olaraq, qazın qiyməti aşağı salınmasa da, yerli meyvə-tərəvəzçilərə dəstək olaraq xaricdən gətirilən məhsullara vergi artırıldı. Ümumilikdə, Azərbaycanda bu sahəyə qoyulan yatırımların artması, tərəvəzçiliyin, istixana təsərrüfatlarının artması, dövriyyənin ciddi rəqəmlərlə ifadə edilməsi, qeyri-neft sektorunun inkişaf istiqamətlərindən biri kimi dövlətin kənd təsərrüfatına diqqətini artırıb. Bu baxımdan, meyvə-tərəvəzçiləri narahat edən hər bir problem operativ şəkildə aradan qaldırılır.
– “Aqrosell”, əsasən, hansı tərəvəzlərin yetişdirilməsi ilə məşğuldur?
– “Aqrosell”in əsas fəaliyyəti tərəvəzlərin istixana şəraitində yetişdirilməsidir. Hazırda Şüvəlan və Zirə ərazisində 9 hektar ərazidə istixanalarımız var. Burada 25-dən çox işçi çalışır. İstixanalarda, əsasən, həm daxili, həm də xarici bazar üçün pomidor və xiyar yetişdiririk. Bundan əlavə, pomidor, xiyar və kələm şitillərinin yetişdirilməsi ilə də məşğuluq.
– Becərmədə hansısa özünəməxsus bir texnologiyanız varmı?
– Onu deyə bilərəm ki, ənənəvi istixana təsərrüfatçılığından fərqli olaraq, biz məhsulları torpaqda deyil, Şri-Lankadan gətirilən kokobitlərdə yetişdiririk. Xüsusi paketlərdə olan hər kokobitə əvvəlcə 20 litr su tökülür. Bu zaman kokobit şişərək paketi tam əhatə edir. Bu halda artıq şitillər əkilir. Qeyd edim ki, biz, eyni zamanda, parnik təsərrüfatları üçün bu kokobitlərin satışını həyata keçiririk. Bundan əlavə, çiçəklərin mayalandırılması üçün dünyada məşhur olan, hətta ABŞ, Çin, Rusiyada tərəvəzçilikdə istifadə edilən “Biobet” arılarından istifadə edirik. Bu arılar adi bal arılarından fərqlənir. Effektiv mayalandırma sahəsində məhsul daha çox və dadlı olur. Qeyd edim ki, bu arıları Azərbaycana “Aqrosell” gətirib. Yəni, həm də “Biobet” arılarının Azərbaycanda rəsmi distribüteri bizik. “Biobet” arılarından “Aqrosell” ilə yanaşı, digər istixana təsərrüfatları da faydalanır.
– Kemal bəy, Türkiyə aqrar sənayedə öndə olan ölkələr sırasındadır və geniş təcrübəyə malikdir. Siz öz işinizdə Türkiyə təcrübəsindən nələri tətbiq edirsiniz?
– Mən artıq 20 ildir ki, Azərbaycanda bu sahə ilə məşğulam. Kənd təsərrüfatında son dövrlərdə yeni texnologiyalar geniş yayılıb. Məsələn, artıq 5 hektarlıq istixananı mobil telefon vasitəsilə sulamaq, istixananı havalandırmaq, pərdələri qaldırmaq mümkündür. Bu modern texnologiya o zaman Türkiyədə yox idi. Yəni, kənd təsərrüfatı da texnologiya ilə bərabər inkişaf edir. Türkiyə ənənəvi aqrar sənaye ölkəsi olsa da, hesab edirəm ki, istixana təsərrüfatlarının inkişafına görə Azərbaycan bir addım irəlidədir. Bildiyimə görə, Azərbaycanda 4 min hektardan çox modern istixana təsərrüfatı var. Bundan əlavə, ənənəvi istixana təsərrüfatlarının sahəsi isə 8 min hektar təşkil edir. Müqayisə üçün deyim ki, Türkiyə 200 min hektar istixanaya malikdir. Bunun cəmi 20 min hektarı modern istixanadır. Yəni, Türkiyədə modern istixananın həcmi 10% təşkil edirsə, Azərbaycanda istixanaların 30%-dən çoxu müasirdir.
– Kemal bəy, qeyd etdiniz ki, son bir neçə ildə Azərbaycan məhsullarına, xüsusilə də yerli pomidora Rusiya bazarlarında maraq artıb. Necə düşünürsünüz, bu, Rusiyada Türkiyə məhsullarına bir müddət əvvəl qoyulan qadağa ilə əlaqəli deyil ki?
– Qətiyyən belə fikirləşmirəm. Azərbaycandan tərəvəz məhsullarının ixracı əvvəllər çox aşağı səviyyədə idi. Bazara çıxmaq üçün brend paketləmələr yox idi. Məsələn, biz bir Tır məhsul ixrac etmək üçün bir il karton paketləyici axtardıq. Amma indi Azərbaycanda elə bir şərait yaradılıb ki, 100 Tır məhsulun varsa, bir gün ərzində hamısını yükləyib yola salmaq mümkündür. Çünki bu sahədə artıq təcrübə qazanan, məhsulu becərən, onu yükləyən işçi var. Qablaşdırma və paketləmə sahəsi də xeyli inkişaf edib. Bu sahədə işlərin, demək olar ki, 80%-i görülüb. Ona görə də xarici bazara, o cümlədən Rusiyanın bütün şəhərlərinə yerli məhsul ixrac edilir. Məhsul bir müddət istifadə edildikdən sonra isə artıq brendə çevrildi. Qeyd edim ki, Rusiyanın istənilən nöqtəsində Türkiyə məhsullarına rast gəlmək olar. Sadəcə, Azərbaycan tərəvəzləri, xüsusilə də Zirə ərazisində yetişən məhsullar dadı, keyfiyyəti və görünüşü ilə brend oldu və Rusiya bazarında özünə yer qazandı.
– “Aqrosell” yeni xarici bazarlara çıxmağı planlaşdırırmı?
– Hazırda məhsullarımızı yerli bazarla yanaşı, Rusiya bazarına ixrac edirik. Dövlətin iştirakı ilə yerli məhsulların xarici bazarlara çıxışına dəstək üçün Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosasiyası yaradılıb. “Aqrosell” də Assosasiyanın üzvüdür və tezliklə Avropa, ərəb ölkələrinə tərəvəz ixrac etməyi planlaşdırır. Ərəb ölkələrində Azərbaycan tərəvəzlərinə böyük maraq var. Bunu nəzərə alaraq, Körfəz ölkələrində də yerli pomidor, xiyarı tanıtdırmağı planlaşdırırıq.
– İnsanları son dövrlər daha çox narahat edən orqanik meyvə-tərəvəzlərin azalması, müxtəlif kimyəvi maddələr, dərmanlar vəsitəsilə yetişdirilməsidir. Müasir istixanalarda dərmanları əvəzləyəcək hansısa vasitələrin tətbiqi mümkündürmü?
– Çox maraqlı məqama toxundunuz. “Aqrosell” daim istixana təsərrüfatında yeniliklərin tətbiqinə önəm verir, o cümlədən sağlam və keyfiyyətli məhsul istehsalına daha böyük diqqət göstərir. “Bioloji mübarizə” deyilən anlam var. Çiçəklərin mayalandırılması ilə yanaşı, tərəvəzləri xəstəliklərdən qorumaq üçün də böcəklərdən istifadə etməyi planlaşdırırıq. Məsələn, məhsuldarlığa ziyan vuran ağ kəpənək, tutu böcəyi və digər zərərvericilərə qarşı artıq dərmandan istifadə etməyəcəyik. Əvəzində zərərvericiləri yeyən böcəklərin istixana təsərrüfatlarında istifadəsinə başlayacağıq. Bu sahədə yeniliklər getdikcə artır. Dövlətlər bu sahədə araşdırmalara böyük vəsaitlər xərcləyirlər. Məsələn, ABŞ-da artıq zərərverici göbələklərlə qidalanan böcəklər istixana təsərrüfatlarında istifadə edilir. Yəni, bütün dünya artıq bu sahədə dərmanlardan istifadəni azaltmağa çalışır. Avropada dərmansız yetişdirilən məhsulların həcmi 70%-ə, Tükiyədə 15%-ə qədər yüksəlib. Azərbaycanda isə hələlik 0,1% həcmdə dərmansız məhsul yetişdirmək mümkün olub. Dərmansız məhsul yetişdirmək iş adamları üçün də sərfəlidir. İndiyə qədər dərmanlama sahəsində insan amili var idi və bu, əlavə işçi xərci demək idi. İşçilər bəzən dərmanlamanı lazımi qaydada həyata keçirmirdilər. Amma böcəklər vasitəsilə artıq belə problem yaranmır və dərmanlama ilə məşğul olan işçiyə ehtiyac qalmır. Ümumilikdə, texnologiyanın inkişafı imkan verir ki, işçilərin sayını azaltmaqla daha böyük sahələrdə istixana təsərrüfatı yaradılsın.
– Sizcə, Azərbaycan tərəvəzlərinin xarici bazarda brendləşməsi üçün nələrə ehtiyac var?
– Azərbaycanda istixana təsərrüfatlarının qurulduğu ərazilər, əsasən, 49 və 99 il müddətinə icarəyə götürülən torpaqlardır. Beynəlxalq təcrübədə Türkiyə, Hollandiya kimi ölkələrdə torpaq icarəyə götürüldüyü və investisiya qoyulduğu halda bankların kənd təsərrüfatı üçün verdiyi güzəştli kreditlərdən yararlana bilirlər. Azərbaycanda isə yerindən aslı olaraq torpağı 20-50 min manat ödəyib icarəyə götürürsən, investisiya qoyduğun halda belə güzəştli kredit üçün burada şəxsi əmlakını banka girov qoymalısan. Hesab edirəm ki, bu sahəyə yatırımların artması və qeyri-neft sektorunun inkişafı baxımından nəinki iri fermerlərə, hətta kiçik təsərrüfat sahiblərinə, həyətyanı sahəsində istixana quran şəxslərə də güzəştli kənd təsərrüfatı kreditləri verilməlidir. Bundan əlavə, istixana təsərrüfatı avadanlıqları üzrə gömrük xərclərindən azadolma 6 hektardan az təsərrüfat sahəsi olan vətəndaşlara da şamil olunmalıdır. Yəni, 6 hektar təsərrüfatı olan investorun istixana qurmaq üçün vəsaiti var və işini qura bilir. Yarım hektar sahədə təsərrüfat yaratmaq istəyən, amma kifayət qədər vəsaiti olmayan kəndli isə bunun üçün əlavə gömrük xərcləri ilə qarşılaşır. Ümumilikdə, bu sahəyə dövlət tərəfindən vəsaitlərin ayrılması və güzəştlər əhalinin məşğulluq səviyyəsinin daha da yüksəlməsinə və sektorun inkişafına və xaricə yerli məhsulların ixracına daha da təkan verə bilər. Məsələn, Turqut Özalın prezidentliyi dönəmində Türkiyədə xaricə məhsul ixrac edənlərə məhsulunun dəyərinin 25%-i dövlət tərəfindən geri ödənilirdi. Əhalinin böyük hissəsi sırf bu vəsaiti əldə etmək üçün məhsul ixracına başladı, eyni zamanda, burada dövlətdən pul qoparma halları da oldu. Proses zamanı neqativ hallar ortaya çıxsa da, dövlətin bu sahədə gördüyü işin effektivliyi 50% olsa da, nəticədə Türkiyənin məhsulları dünyada tanındı.
– Kemal bəy, maraqlı söhbət üçün minnətdarıq və sizə biznesinizdə yeni-yeni uğurlar arzulayırıq!
Müəllif: Rahim Tarıverdiyev
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 3 d. əvvəl
- 11 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib
-
1 saat əvvəl
Azərbaycanda 8 ayda 36 mindən çox şəxsə əlillik təyin olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu
-
1 saat əvvəl
Azərbaycanın iri fondu Çin İnvestisiya Korporasiyası ortaq layihələr həyata keçirəcək
-
2 saat əvvəl
"Quş əti istehsalçıları avadanlıq idxalının 40 %-nin subsidiyalaşdırılmasından yararlana bilmirlər"
Son Xəbərlər

Sabahın hava proqnou açıqlanıb

Əhali ev alır, İpoteka və Kredit Zəmanəti Fondu da varlanır

Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq

Bank Beyləqanda yeni filialını açdı

Azərbaycanda 8 ayda 36 mindən çox şəxsə əlillik təyin olunub

Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu

Azərbaycanın iri fondu Çin İnvestisiya Korporasiyası ortaq layihələr həyata keçirəcək

"Quş əti istehsalçıları avadanlıq idxalının 40 %-nin subsidiyalaşdırılmasından yararlana bilmirlər"

"600 kVt-lıq bir transformatorun qoyulması üçün 275 min manatadək haqq və rüsum tələb olunur"

Azərbaycan şirkəti bu ildən 10 metrlik avtobuslar istehsal edəcək

Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib

Neft sanksiya narahatlığı ilə bahalaşıb

Çinin valyuta ehtiyatları 3 trilyon 322 milyard dollara çatıb

SOCAR “UCC Holding” ilə anlaşıb
