Qış gəldi, qaz qəhətə çıxdı - Və ya "Azəriqaz”ın Çağrı Mərkəzində... virtuoz ifa
"Azəriqaz” İstehsalat Birliyində əyləşənlərin peşə qabiliyyətlərini deyə bilmərik, amma çox yaxşı musiqi zövqləri var. Zarafat-filan etmirik, inanmırsınızsa, yaxud şübhə edirsinizsə, istehsalat birliyinin Çağrı Mərkəzi adlandırdığı "104 Operativ Xidməti”nə zəng vurun, təbii ki, düşə bilsəniz. Çünki bu nömrə "operativ xidmət” üçün nəzərdə tutulsa da, ona operativ düşmək hər adama nəsib olmur, bunun üçün dəqiqələr yox, saatlar lazım gəlir.
Lakin mətləbdən uzaqlaşmayaq, "Azəriqaz”ın musiqi zövqünə qayıdaq. Deməli, kimsə qaz sarıdan yaranmış problemi ilə barışaraq (sözsüz ki, imkan daxilində) səbrini basıb "104”ün üstündə otursa, xeyli vaxtdan sonra xəttin o başından mərhum virtuoz sənətkar Vaqif Mustafazadənin təkrarsız ifasına qulaq asmaq imkanı qazanar, özü də saatlarla. O səbəbdən ki, sizin probleminizi eşidib operativ tədbirlər görməli olan "bütün operatorlar məşğuldur” və bu məşğulluğun da nə vaxt qurtaracağını bilən yoxdur, hətta bilən varsa, ona nə əl çatır, nə də söz.
İndi isə keçək əsas mətləbə. Redaksiyamıza Bakının mərkəzində - Murtuza Muxtarov 185 A ünvanında yaşayan sakinlər müraciət edib şikayətlənirlər ki, artıq 4 gündür ərazidə, o cümlədən binalarında qaz yoxdur. Əlləri, səsləri çata bilən "104” Çağrı Mərkəzidir ki, ondan da çağrılara cavab almaq hər adamın işi deyil. Əvəzində əlacsız qalıb bizə üz tutan qonşular şəxsi kanalları ilə öyrəniblər ki, haradasa yaxınlıqda ərazini qazla təchiz edən 500 mm-lik boru zədələnib, üstündə işləyirlər.
Nə etməli, hadisədir olub. Amma olmalı olmayan odur ki, adi bir boruda baş verən zədənin təmiri günlərlə uzanır və nəticədə təxminən 2000 abonent, yəni hər biri orta hesabla 3-5 nəfərlik ailə ilin-günün bu vaxtında qazsız qalır! İlin-günün bu vaxtı deyəndə biz təkcə havaların soyumasını nəzərdə tutmuruq, hərçənd bunun özü rahatsızlıq yaradan kiçik səbəb deyil! Həm də onu nəzərdə tuturuq ki, nə Bakı ucqar şəhərdir, nə də Azərbaycan yoxsul ölkə! Paytaxtımız neft-qaz yataqlarının üstündə salınıb, Azərbaycan hökuməti, xüsusən dövlət başçısı isə ölkənin təbii qazla tam və normal təchizatı üçün mümkün olanları edir.
Belə olmasaydı, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 95 faizə çatmazdı. İndi qışda yolsuzluq avtomobillərinin belə gedib çıxa bilmədikləri dağ kəndlərində qaz var. Biz hələ Azərbaycan qazının sorağının yaxın qonşu və uzaq Avropa ölkələrindən gəldiyini demirik. Onlar ölkəmizin timsalında təkcə enerji təhlükəsizliklərini təmin etməyiblər, həm də bu sahədə etibarlı dost və tərəfdaş tapıblar.
Bəs bütün bunların fonunda paylayıcı bir borunun zədələnməsi ucbatından şəhərin mərkəzində yüzlərlə evin, mənzilin, xəstəxananın, məktəbin, uşaq bağçasının, müəssisə və təşkilatın günlərlə qazsız qalması nə deməkdir?! Əvvəlki vaxt olsaydı, bu məsuliyyətsizliyi ört-basdır etmək üçün onu abunəçilərin ödəmədikləri borcun üstünə yıxmaq mümkün idi! İndi elə deyil axı... Hamının smart sayğacı və hamının da sayğacda işlədəcəyi qazın pulu. Yəni hamı "Azəriqaz”a əvvəlcədən vəsait ödəyib ki, qazı daim gəlsin! Əgər yoxdursa, özü də uzun müddətə, bunu səbəbinin fərqinə varmadan istehlakçıların ən azından haqqının pozulması adlandırmaq mümkündür.
Ümumiyyətlə, xüsusən qış aylarında ölkənin bütün ərazilərində, o cümlədən paytaxtda və digər iri şəhərlərdə qazla təchizatda tez-tez fasilələrin baş verməsi artıq adi hal alıb. Düzdür, "Azəriqaz” bunu aparılan "profilaktik işlər”lə əlaqələndirir. Lakin bu zaman izah etmir ki, həmin işlər niyə mütləq havalar soyuyanda görülür?! Axı hələ payızda "Azəriqaz” qışa tam hazır olduğunu bildirir və bütün KİV, o cümlədən biz onların bu işini təbliğ və təqdir edirik. Biz həmçinin mövsüm ərzində profilaktik işlərin vacibliyini də danmırıq, bir şərtlə ki, bu "vaciblik” xroniki hal olmasın və günlərlə uzanmasın. Təəssüf ki, gördüyümüz, eşitdiyimiz narazılıqlar bizə belə qənaətə gəlməyə imkan vermir. Necə deyərlər, hər il qış başlamamışdan şikayətlər başlayır, havalar soyuyan kimi qaz qəhətə çıxır! Bu zaman dəm qazından boğulanların sayının artması, belə hallara qarşı təsirli tədbirlərin görülməməsi isə bir ayrı yazının mövzusudur.
Söz ki şikayətdən düşdü, qayıdaq yazımızın əvvəlinə. Çünki qaz sarıdan şikayəti olan hər kəs, ilk növbədə, təbii ki, "104”ə zəng vurmaq istəyəcək. Amma belə arzuya düşənlərə bir məsləhətimiz var: çalışın probleminizi nə qədər təhlükəli olsa da, özünüz həll edin, xüsusən hövsələniz yoxdursa! Baxmayaraq ki, "Azəriqaz”ın rəsmi saytında göstərildiyi kimi, "İstehsalat birliyinin "104 Operativ Xidməti” Çağrı Mərkəzi qanunçuluğun təmin edilməsi, müraciətlərin operativ araşdırılması və cavablandırılması, sui-istifadə əməllərinin qarşısının alınması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə təşkil olunmuşdur”, bu, asan iş deyil və sitatda yazılanlar da sizi çaşdırmasın. Elə vətəndaş məmnunluğu əvəzinə narazılıq yaradanlardan biri də həmin qurumun laqeyd və məsuliyyətsiz işidir!
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
Raqif MƏMMƏDOV,
"Azərbaycan”
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
14 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
14 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib























