Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Səhiyyə Nazirliyinin “bizlik deyil” məntiqi

Yaxud gecikmiş cavablara yumşaq sözardı.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Səhiyyə Nazirliyinin “bizlik deyil” məntiqi

Dərman satışında şəffaflığın təmin edilməsi, ictimaiyyət və dövlət tərəfindən nəzarətin gücləndirilməsi, süni qiymət artımı və kəskin məzənnə dəyişikliyi şəraitində qiymətlərlə manipulyasiyaların qarşısının alınması, dərmanların bütün apteklərdə eyni qiymətə satılması, ucuz aptek axtarmaq zərurətinin aradan qaldırılması kimi məsələlər dövlət tənzimləməsini zəruriləşdirir. Məqsəd obyektiv səbəblər olmadan bahalaşmanın qarşısını almaq və optimal qiymətlərin tətbiqini həyata keçirməkdir.

Əczaçılıq məhsulları istehsalçıları daha çox qazanmaq məqsədilə yuxarı qiymətlərin, istehlakçılar isə xərclərinin az olması üçün aşağı qiymətlərin təsdiqlənməsini istəyirlər. Amma, doğru olanı, əhalinin dərman vasitələri ilə etibarlı təchizatını mümkün edən optimal qiymətdir. Bu məsələlərlə bağlı üzümüzü Səhiyyə Nazirliyinə tutduq. Suallarımızı ötən il dekabrın 27-də nazirliyə əlbəəl təqdim etdik. 15 gündən sonra, yəni yanvarın 11-də cavab aldıq. Jurnalist sorğusuna verilən cavabın qanunla müəyyən edilmiş müddətdən xeyli sonraya təsadüf etməsini dövlət qurumunun əlaqədar struktur bölməsinin daha vacib işlərinin olduğu reallığına bağlayıb üzərində dayanmır, birbaşa mətləbə keçirik.

İlk sualımızda hazırda ölkəmizdə dərman bahalığının, bəzilərinin isə qıtlığının hökm sürdüyünü bildirmiş, bunun kökünü harada axtarmağın lazım olduğunu, yerli dərman istehsalının vəziyyəti və səviyyəsi barədə soruşmuşuq.

Nazirlik dünyadakı qlobal proseslərin enerji daşıyıcılarının qiymətinin artmasına, logistika xərclərinin və xammalın qiymətinin qalxmasına səbəb olduğunu və bu proseslərin dərman vasitələrinin qiymətinə də təsir göstərdiyini bildirib. Eyni zamanda, qeyd edib ki, qlobal təchizat zəncirində qırılmalar müşahidə olunduğundan, mövcud faktor dünyada ərzaq qiymətlərinin də bahalaşmasını doğurur. Bu, Azərbaycana da təsir göstərir. Nazirlik belə olan halda dərmanların qiymətinin də dəyişməz qalmasının mümkünsüzlüyü qənaətinə gəlir: “Müharibə, logistik marşrutların dəyişməsi istehsal xərclərini artırır və müəyyən qədər bahalaşmaya səbəb olur”.

Yəqin diqqətli oxucularımız sualımızla ona verilən cavabın qeyri-mütənasibliyini tutdular. Düşünürük ki, nazirliyin mövqeyi qeyd etdiyimiz problem üzrə yalnız bir detaldır. Ancaq dövlət qurumu bunu başlıca səbəb kimi göstərib, birbaşa bazar amili üzərində dayanır. Onun açıqladığı məsələlər hamıya çox yaxşı məlumdur. Yəni, eyni qaydada istənilən dövlət qurumu öz sahəsindəki məhsulun qiymətindəki artımı əsaslandıra bilər. Məlumdur ki, bu əsaslandırma ümumi xarakter daşıyacaq. Belədə sual yaranır: Səhiyyə Nazirliyi nə üçündür? Qurum problemi aradan qaldırmaq üçün hansı işləri görür? Axı, problem var. Cəmiyyət onu havadan – sudan götürmür.

Nə isə, keçək ikinci sualımıza. Ölkəmizdə tətbiq edilən “referans qiymət yanaşması”nın beynəlxalq təcrübədə ən geniş yayılmış mütərəqqi tənzimləmə üsulu olduğunu diqqətə çatdırmışıq. İstinad edilmiş 10 ölkə ilə Azərbaycandakı qiymətlərin fərqinin necə olduğunu soruşmuşuq.

Suala cavabın ilk cümləsi belədir ki, Azərbaycan dərman vasitələri idxalından asılı ölkədir, istehsal sahələri yeni qurulmağa başlayır. Ölkə rəhbərliyinin siyasi iradəsi ilə Pirallahı və Ələt Azad İqtisadi Zonasında bu istiqamətdə işlər aparılır. Qısa müddətdə Azərbaycanın özünü bəzi dərman vasitələri ilə təmin edə bilməsi üçün zəruri addımlar atılıb.

Bunları başa düşdük. Konkret sualımıza isə dövlət qurumu cəmi bir cümlə ilə cavab verir: Dərman vasitələrinin (DV) qiymət tənzimlənməsi və qiymət intizamına nəzarət Səhiyyə Nazirliyinin səlahiyyətində deyil. İndi biz sual veririk. Sualımızda bildirmişik ki, Səhiyyə Nazirliyi qiymət intizamına nəzarət edirmi, yaxud etmir? Görürsünüz ki, yox. Bəs, yaxşı nazirlik dünyadakı qiymət bazarını da araşdırırmı? Fərqləri izləyirmi, səmərəli təkliflər verirmi? Bunlardan danışmaq çətindirmi? Axı, biz bilirik ki, Səhiyyə Nazirliyi böyük potensiala malikdir...

Üçüncü sualımızı diqqətinizə çatdırırıq: İstinad ölkələri seçilərkən oradakı tənzimləmə təcrübəsi, əczaçılıq sənayesinin inkişafı, dərman vasitələrinin qiymətləri nəzərə alınır. İstinad ölkələrindən birindən–qonşu Türkiyədən alınan hər hansı dərman nə səbəbə apteklərimizdə ən azı 3-5 dəfə baha qiymətə satılır?

Səhiyyə Nazirliyinin mövqeyi budur ki, dərmanların qiymətlərinin, sadəcə, rəqəm üzərindən müqayisəsi düzgün olmaz. Belə ki, müqayisə olunan dərmanın Türkiyə istehsalı olması və ya Türkiyənin xaricdən idxal etdiyi dərman vasitəsi olması nəzərə alınmalıdır: “Bu baxımdan hər hansı konkret dərmanın qiymət fərqi ilə bağlı məlumat olarsa, biz bunu müvafiq qurumlarla birgə araşdıraraq cavablandıra bilərik”.

Məlumatı “Xalq qəzeti” olaraq, biz sualımız vasitəsilə verdik. Olmazdımı ki, nazirlik qeyd etdiyi kimi, müvafiq dövlət qurumları ilə araşdırma aparıb cavab verəydi? Problem deyildi. Deyə bilərdi ki, biz araşdırdıq, haqqında söz açdığınız məsələ doğru deyil, Azərbaycanda qiymətlər istinad ölkələrindən 3–5 dəfə baha qiymətə satılmır. Bu məsələ bildirilmədiyi, ümumi cavabla kifayətlənildiyi üçün belə qənaətə gəlmək mümkündür ki,.. Yox, qənaətimizi demirik. Görünür, sualımızı ətraflı cavablandırmağa 15 gün bəs eləməyib. Nazirliyin vacib işləri çoxdur...

Keçək dördüncü sualımıza. Dərman satışında şəffaflığın təmin edilməsi üçün ictimaiyyət və dövlət tərəfindən nəzarətin gücləndirilməsinin manipulyasiyaların qarşısını ala bilməsində effektivliyi nə dərəcədə müəyyənləşdirməyə çalışmış və apteklərdə dərmanların nə üçün baha qiymətə satıldığını soruşmuşuq.

Dövlət qurumunun cavabını təqdim edirik: “Qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər görülür”.

İndi sual veririk: Nə kimi tədbirlər görülür? İş hansı qurumlarla birgə aparılır? Onların mütəmadilik vəziyyəti nə yerdədir, davamlılıq hansı səviyyədədir? Görülən tədbirlərin effektivliyi varmı? Dərmanların apteklərdə baha qiymətə satılması ilə bağlı tədbirlər görülürsə, niyə nəticə yoxdur?

Suallarımızda manipulyasiyalara qarşı ictimaiyyət nümayəndələrinin səfərbərliyi məsələsini qabartmışıq. Nazirliyin ictimai şurası olmamış deyil. Həmin qurum iclasını keçirirmi? Yaxud problemləri qabardıb təmsil olunduğu dövlət qurumunun nəzərinə çatdırıbmı? Axı, ictimai nəzarət mexanizmlərinin möhkəmləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışlarının bir çoxunun ana xəttini təşkil edir. Nazirlik nə əcəb buna önəm vermir?

“Öncədən qiymətləri məlum olmuş bəzi dərmanlar hazırda Avropada da bahalaşır. Həmin qiymətlər ölkəmizdə yenidən necə tənzimlənəcək? Gizli və “sehirli” əllərin dərman biznesində roluna son qoymaq olmazmı?” Bu da beşinci sualımız.

Nazirliyin bu sualımıza da cavabı cəmi bir cümlədən ibarətdir: “Zərurət yarandıqda idxalçı şirkətlərin və istehsalçıların müraciəti əsasında və Səhiyyə Nazirliyinin rəyi nəzərə alınaraq Tarif Şurası müraciət olunan dərmanların qiymətinə yenidən baxır”.

Nə olardı ki, nazirlik indiyədək özünün rəyi ilə Tarif Şurasında hansı dərmanların qiymətinə yenidən baxıldığı barədə söz açaydı? Belə olduqda cəmiyyətdə, həmin gizli və “sehirli” əllərlə mübarizəyə müqavimət yaranardı. İnanmırıq ki, qurum bunu istəmir. Yumşaq olsun deyə bildirək ki, sualımıza cavab verməyi məqbul saymır. Hər şey işin çoxluğundandır.

Altıncısı. Biz bildirmişik ki, yaşlı insanlar dərmana daha çox ehtiyac hiss edir, amma maddiyyat ucbatından ala bilmirlər. Tarif Şurası dərman vasitələri ilə bağlı qərar verərkən, elə bil, yalnız sahibkarların mövqeyini nəzərə alır. Bəs əhalinin aztəminatlı təbəqəsinin dərmana əlçatanlığını kim düşünəcək?

Nazirlik isə bildirir ki, qlobal bahalaşma zamanı qiymətlərə yenidən baxılması təmin olunmazsa, o halda sahibkarlar həmin dərman vasitələrini idxal edə bilmirlər, bu, həmin şirkətlərin iflasına səbəb olur. Nəticədə daha ciddi qıtlıq yarana bilər. Dövlət qurumu əlavə olaraq bildirir ki, qəbul olunmuş 10 dövlət proqramı çərçivəsində imtiyazlı qrupa daxil olan xəstələrin və stasionarda müalicə alan bütün vətəndaşların dərman vasitələri ilə təminatı ödənişsizdir.

Artıq belə qənaətə gəlirik ki, Səhiyyə Nazirliyində danışmağa yox, iş görməyə üstünlük verirlər. Amma belə də düşünə bilərik ki, iş olmadığından, danışıq da yoxdur. Axı, danışıq olmasa, işin görüldüyünü necə müəyyənləşdirə bilərik? Axı, biz də bilirik ki, dərman vasitələri satışı da bazardır. Səhiyyə Nazirliyi isə həmin bazarın spesifikliyini bizdən də, ölkə vətəndaşlarından da daha yaxşı bilməli və onun struktur xüsusiyyətlərini nəzərə alaraq hərəkət etməlidir. Nəzərə almalıdır ki, bu hərəkət dövlətin səhiyyə siyasətidir. Sahibkarların mövqeyini düşünmək isə Səhiyyə Nazirliyinin fəaliyyətində prioritet sayıla bilməz. Bunu digər əlaqədar qurumlar düşünməlidir. Necə olur ki, nazirlik əvvəlki sualımızda qoyulan məsələnin digər qurumların səlahiyyət dairəsində olduğunu bildirir, indi sahibkarları düşünəsi olur? Axı, bu düşüncə belə təəssürat yarada bilər ki, həmin sahibkarların Səhiyyə Nazirliyinə bağlılıqları var. Yoxdursa, lap yaxşı. Onda nazirlik bu sualımıza cavab versin: Ödənişsiz dərman vasitələrinin sahiblərinə çatdırılmasına nəzarət varmı? Bizdə olan məlumata görə, rayonlarda mövcud sahədə neqativ hallara rast gəlinir. Məsələn, şəkərli diabetdən əziyyət çəkən xəstələrə pulsuz dərmanların verilməsi vəziyyəti ürəkaçan deyil. Yəni, belə şayiələr var. Nazirlik daha çox açıqlama verməli, daha çox üzdə olmalıdır ki, belə dəllallığa yol verənlər nəzarət mexanizminin mövcudluğunu düşünüb nəticə çıxarsınlar. Həm də vətəndaşlarda dövlətimizin səhiyyə sisteminə qarşı inamsızlıq olmasın.

Əczaçılar da etiraf edirlər ki, indiki dərmanların təsiri ilə 5–10 il öncəki dərmanların orqanizmə təsiri eyni deyil? Belə fikirlər var ki, dərman alverçiləri istehsalçı müəssisələrlə razılığa gəlib, dərmandan müəyyən tərkib hissəsini çıxarmaq və yaxud dozanı azaltmaqla, preparatın daha ucuz başa gəlməsinə, bununla da daha çox qazanc əldə edilməsinə nail olurlar. Daha bir sualımız bununla bağlı idi.

Səhiyyə Nazirliyinin cavabını təqdim edirik: “Bu vaxta qədər dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin tərkibində təsiredici maddənin dozasının istehsalçı tərəfindən təqdim edilmiş normativ sənəddə göstərilmiş limitlər xaricində olması ilə bağlı Analitik Ekspertiza Mərkəzinə müraciət olunmayıb. Dediyiniz məsələ ilə bağlı vətəndaşlarda konkret faktlar olduğu təqdirdə onlar AEM-in “qaynar xətt”i, mərkəzin saytı vasitəsilə və yaxud “Bir pəncərə” sektoruna müraciət edə bilərlər. Fakt təsdiqlənərsə, operativ şəkildə lazımi tədbirlər görüləcək”.

Bu cavab bizi qane etdi. Oxucularımızı da qane etdisə, Səhiyyə Nazirliyinə gələcək fəaliyyətində uğurlar arzulayaraq, fikrimizi tamamlayaq.

İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

© “Xalq qəzeti”

14.01.2023 10:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ