Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dünyada adambaşına 18 kq, Azərbaycanda isə 7 kq istehlak olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyada adambaşına 18 kq, Azərbaycanda isə 7 kq istehlak olunur

Balıqçılıq: Azərbaycanda akvakulturaların inkişafı üçün ciddi zəmin yaradılır

 

Reklam_3_11

Azərbaycanda bütün sahələr kimi, balıqçılıq təsərrüfatının inkişafı da diqqət mərkəzindədir. “Balıqçılıq haqqında” qanunun hələ 1998-ci ildə qəbul olunması, sonralar bu istiqamətdə mövcud qanunvericiliyin təkmilləşdirilməsi, ümumiyyətlə, balıqçılığın inkişafının beynəlxalq standartlara uyğunlaşdırılması üçün ciddi addımların atılması da bunun nəticəsidir.

 

Statistikaya əsasən, göl və nohur balıqçılığı ilə məşğul olan fiziki şəxslərin sayı 2009-cu ildə 54-dən 2010-cu ildə 80-ə, 2015-ci ildə 157-yə çatmışdır. 2009-cu ildə göl və nohurların səthinin sahəsi 594 hektar idisə, bu rəqəm 2015-ci ildə 1771 hektar olmuşdur. 2009-cu ildə tutulmuş (ovlanmış) təzə balığın miqdarı 183 ton olmuşdursa, 2015-ci ildə bu rəqəm 561 ton təşkil etmişdir. Maraqlısı odur ki, Azərbaycanda qızılxallı balığın yetişdirilməsi 2009-2015-ci illərdə təxminən 5 dəfə artaraq 57 tondan 304 tona çatmışdır. Ölkəmizin unikal təbiəti, gur dağ çayları qızılxallı balığın istehsalında daha böyük nəticələrə nail olmağa imkan yaradır. 
Göl balıqçılğının daha sürətlə inkişafına nail olmaq üçün balıq yeminin ölkədə istehsal olunması vacib idi. Neftçala Sənaye Zonasında Azərbaycanda ilk balıq yemi istehsalı zavodunun yaradılması da bu məqsədə xidmət edir. Ümumi dəyəri 12 milyon manat olan layihənin reallaşması üçün dövlət tərəfindən 5,9 milyon manat güzəştli kredit ayrılmış, zavodun sənaye zonasında yaradılmasının təşkili isə ilkin investisiya xərclərinə təqribən 30 faizədək qənaət etməyə imkan yaratmışdır. İllik istehsal gücü 25 min ton olan bu zavodun tikinti işləri başa çatmışdır. Burada Almaniya, Avstriya və Hollandiyanın aparıcı şirkətlərindən alınmış avadanlıqlar quraşdırılmışdır. Neftçaladan başqa digər rayonlarda da sənaye üsulu ilə balıqçılığın inkişafına güclü təkan verilməsində bu zavod ciddi rol oynayacaq. 


Göl və nohur balıqçılığının inkişafı heç bir ekoloji fəsadlara səbəb olmur, əksinə, şirin su hövzələrinin sayının artmasına, floranın və faunanın zənginləşməsinə şərait yaradır, ekoloji tarazlığı qoruyur. Dağ çaylarında qızılxallı balıq yetişdirən göllər də yeni istirahət ünvanları kimi həm yerli, həm də xarici turistləri cəlb edir. Balıq yemi istehsal edən zavod isə geniş istehlak olunan balıq növləri istehsalını stimullaşdırılmaqla yanaşı, balıq yemi üçün Gürcüstana, Türkiyəyə üz tutan sahibkarların işini xeyli asanlaşdırır.


Azərbaycanda balıqçılığın inkişafına təkan verən amillərdən biri Su Bioresurslarının Artırılması, Bərpası və Mühafizəsi Fondunun yaradılmasının nəzərdə tutulmasıdır. Bu, “Balıqçılıq haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapmışdır. Fondun yaradılmasında məqsəd balıq və digər su bioresurslarının artırılmasını, bərpasını, mühafizəsini, balıqçılığın elmi təminatını və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etməkdir. Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının süni artırılması, bərpası, mühafizəsi və balıqçılıq təsərrüfatı meliorasiya işləri fondun vəsaitləri dövlət vəsaiti hesabına maliyyələşdiriləcək.
Məlumdur ki, Azərbaycanda balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası və mühafizəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olur. Ölkəmizdə Xəzərin bioresurslarının idarə edilməsi ETSN-in Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, dəniz bioresurslarının sistemli tədqiqatları isə ETSN-in tabeliyində olan Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən həyata keçirilir. Hazırda ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nəzdində balıq ehtiyatlarının artırılması ilə 12 balıqartırma müəssisəsi məşğul olur. Bunlardan 4-ü nərə, 3-ü qızılbalıq və forel, 5-i çəkikimi balıq körpələrinin artırılması üzrə ixtisaslaşıb. Xəzər regionunda ən iri belə müəssisə illik istehsal layihə gücü 15 milyon ədəd balıq körpəsi olan 2003-cü ildə istismara verilmiş Xıllı Nərə Balıqartırma Zavodudur. Bu müəssisə son illər Azərbaycanda Xəzər dənizinin unikal bioresurslarının qorunması üzrə müəyyən işlər həyata keçirib və proses indi də davam edir. 


ETSN-in Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu (AzərETBTİ) isə nərə cinsli və digər vətəgə əhəmiyyətli balıqların ehtiyatının qiymətləndirilməsi və ovlanmasının tənzimlənməsi üçün hər il dəniz elmi-tədqiqat ekspedisiyaları (bioloji monitorinq) keçirir. Dənizin ekosisteminə antropogen təsirləri azaltmaq üçün brakonyerliklə mübarizə tədbirlərindən əlavə, Xəzər regionunda akvakulturanın inkişaf etdirilməsi və əhalinin yeni fəaliyyət növü olan bu sahəyə cəlb olunması həm Xəzər dənizində ekoloji vəziyyətin yaxşılaşmasına, həm də brakonyerliyin azalmasına xidmət edir. Bu sahənin inkişafında həm dövlət, həm də sahibkarlar maraqlıdır. Baxmayaraq ki, son bir neçə on ildə dünyada balıq ovunun həcmi azalaraq 90-95 mln ton səviyyəsində stabilləşib. Amma sevindirici hal odur ki, əmtəə akvakulturasının məhsul həcmi dünya üzrə artmaqdadır. Hazırda ümumi balıq ovu və istehsalının 70 faizdən çoxunu özündə birləşdirən akvakultura balıqçılığı sürətlə inkişaf edir. Bu müsbət tendensiya ölkəmizdə də müşahidə olunmaqdadır. Azərbaycanın balıqçılıq təsərrüfatı kompleksində akvakulturanın payı az olsa da, bu sahə ildən-ilə inkişaf edərək genişlənir. 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının (FAO) statistik məlumatlarına əsasən, dünya üzrə adambaşına düşən balıq istehlakının orta illik göstəricisi 18 kq-dır. Ən yüksək orta göstəricilər (60 kq-dan çox) Cənub-Şərqi Asiya regionunda (Yaponiya, Çin, Vyetnam və Tailandda 100 kq-dan artıq) qeydə alınıb. Qonşu Türkiyədə bu rəqəm 18 kq-dır. Azərbaycanda isə adambaşına düşən orta illik balıq istehlakı 2009-cu ilədək 2 kq-a yaxın olub. Amma son illərdə bu göstərici artaraq 2014-cü ildə təxminən 7 kq-a çatıb. Adi balıq növlərinin qiymətinin bazarda ətdən xeyli ucuz olması belə qənaətə gəlməyə imkan verir ki, istehsalın artması heç bir problem yaratmayacaq, əksinə, istehlakçıların marağını təmin edən amil kimi bazarda zəruri bolluğu yaradacaq. 


Nazirlər Kabinetinin müşavirələrində, dövlət başçısının çıxışlarında da bu məsələyə xüsusi önəm verilir. Akvakulturanın ölkəmizdə inkişafı üçün atılan addımlar isə belə qənaətə gəlməyə əsas verir ki, bu sahə daha sürətlə inkişaf edəcək, süni yolla yetişdirilən balıqların ümumi çəkisi ildən-ilə artacaq.


© “Azərbaycan”

21.07.2017 06:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ