Ən yuxarı statik reklam_3

“Biz biznes və gəlir hədəflərimizi təhlillər əsasında proqnozlaşdırırıq" - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Biz biznes və gəlir hədəflərimizi təhlillər əsasında proqnozlaşdırırıq" - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

PAŞA Bank: “Biz biznes və gəlir  hədəflərimizi proqnoz edən zaman makro-iqtisadi vəziyyətə, idxal və ixrac rəqəmlərinin trendinə, müştərilərimiz olan iri şirkətlərin biznes fəaliyyətlərinin nəticələrinə baxırıq və sənaye sektorları üzrə təhlil edirik” 

Reklam_3_11

 

Maliyyə hesabatları investorların, kreditorların və müştərilərin qərar qəbul etməsinə kömək edir. Maliyyə hesabatlarının düzgün hazırlanması mühasibat uçotunun və hesabatlıq prosesinin müasir və effektiv qurulmasından çox asılıdır.

 

Bəzi hallarda təcrübəsiz jurnalistlərin maliyyə hesabatları əsasında qeyri-dəqiq xəbərlər hazırlamaları, ekspertlərin səhv şərhlər açıqlamaları bank müştərilərini narahat edir. Rəqəmlər düzgün təhlil edilmədən oxuculara çatdırılır və bu cür hallar digər maliyyə qurumları kimi, Azərbaycanın ən böyük korporativ bankı olan PAŞA Banka da təsir edir.

 

Məsələyə aydınlıq gətirmək üçün "Marja.az"ın müxbiri Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva ilə ətraflı söhbət edib. Xəyalə xanım Bankda hesabatlılıq işinin necə qurulduğu barədə danışdı , eləcə də bir sıra KİV-lər tərəfindən ikinci rüb maliyyə nəticələrinin yanlış şərh edilməsini nəzərə alaraq, bəzi göstəricilərdəki azalmalara aydınlıq gətirib.

 

- Xəyalə xanım, maliyyə hesabatları və orada əksini tapan maliyyə göstəriciləri tərəf müqabillər üçün nə dərəcədə vacibdir?

 

- Kreditorların və müştərilərin (borcalanların) maliyyə və biznes risklərinin olub-olmadığını öyrənməsi üçün maliyyə hesabatları ilə tanış olması olduqca vacibdir, çünki rəqəmlər bütün biznes fəaliyyətini əks etdirir və ilkin mərhələdə məlumat əldə etməyin ən qısa və effektiv yolu budur. Rəqəmlərə baxaraq biznesin vəziyyəti, bazardakı dəyişikliklərin müştərilərə, eyni zamanda müştərilərin qarşımızdakı öhdəliklərinə, bizim səhmdarlarımız qarşısındakı öhdəliklərimizə təsirini öyrənmək olar. Rəqəmlər yaxın tarixi əks etdirir və bu tarixə baxaraq bankın vəziyyətini və üzləşə biləcəyi riskləri proqnozlaşdırmaq mümkün olur.

 

PAŞA Bank gənc bankdır, və ilk gündən daxili təşkilati struktur müasir korporativ tələblərə uyğun qurulmuşdur, amma buna baxmayaraq, biz uçot və hesabat sistemini daha dəqiq aparmaq üçün mütəmadi dəyişikliklər edirik. Son 2-3 il ərzində bankın böyüməsini nəzərə alaraq bir çox dəyişikliklər etmişik. Əgər əvvəllər Mərkəzi Bankın tələblərinə uyğun mühasibat uçotu və ona bağlı hesabatlar sistemi qurulmuşdursa, bu gün buraya yeni funksiyalar əlavə edilmişdir. Biz 3 il əvvəl Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (BMHS) tətbiqini təmin etmək üçün alt şöbə yaratdıq və ilk dövrlərdə bu alt şöbənin işi əsasən xarici auditorların yoxlaması üçün BMHS-na uyğun yarımillik və illik hesabatlar hazırlamaq idi. Tədricən işimizi təkmilləşdirdik və daxili hesabatlılıq üçün yaradılmış (MİS) şöbə ilə birgə artıq son  2 ildə gündəlik əsasda beynəlxalq standartlara uyğun daxildə istifadə üçün nəzərdə tutulan hesabatlar hazırlanır. Öncəki dövrdə yalnız yerli standartlara uyğun uçot aparılaraq Mərkəzi Banka təqdim etmək üçün aylıq, rüblük və illik hesabatlar hazırlanırdısa, bu gün biz həmin hesabatları beynəlxalq standartlar əsasında özümüz üçün gündəlik əsasda  hazırlayırıq. Bu yanaşma bizə daha çevik və ölçülmüş qərarlar verməyə və ən əsası isə gec olmadan bu qərarları icra etməyə imkan yaradır.

 

Hər bir maliyyə qurumunun fəaliyyəti haqqında vahid formatlı məlumatın alınması üçün və mübahisəli təhriflərin olmaması üçün hesabatların  beynəlxalq standartlar əsasında təqdim olunması olduqca vacibdir. Yəni dünyanın harasında olmasından aslı olmayaraq rəqəmlər “vahid dildə” danışmalıdır. PAŞA Bank olaraq biz bu prinsipi rəhbər tutaraq hazırladığımız aylıq, rüblük, yarım-illik və illik hesabatları investorlara, bizim halımızda səhmdarlarımıza, yarım-illik və illik hesabatları isə kreditorlara, tərəfdaşlarımıza, reytinq agentliklərinə və ictimaiyyətə mütəmadi olaraq təqdim edirik.

 

Qurduğumuz maliyyə hesabatlılıq işinin effektivliyinin ən bariz nümunəsi təqdim etdiyimiz beynəlxalq standartlar əsasında hesabata auditorlar tərəfindən minimal düzəlişlərin verilməsidir. İstənilən halda biz öz daxili potensialımıza arxalanaraq tədbirləri ələ alırıq və məhz buna görə də hər hansı səhvlərimizə görə cavabdehik və bu məsuliyyəti tam dərk edirik. Yeri gəlmişkən, səhvlər dedikdə daxili BMHS hesabatlardakı texniki qüsurları nəzərdə tuturam, hansı ki təbii qəbul etmək lazımdır, lakin mükəmməllik hədəfimizdir.

 

- Xəyalə xanım, eyni göstərici üzrə rəqəmin, yerli və beynəlxalq hesabatlarda fərqli olduğuna tez-tez rast gəlirik. Bu nə ilə əlaqədardır?

 

- Bildiyiniz kimi Azərbaycanda fəaliyyət göstərən banklar Azərbaycan Respublikasının Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatasının tələb etdiyi yerli standartlar əsasında hesabat təqdim etməlidirlər. Həmin standartlar Maliyyə Hesabatlılığının Beynəlxalq Standartları əsasında hazırlanmasına baxmayaraq bir sıra fərqlər hələ də mövcuddur.

 

Yerli standarta görə müəyyən edilmiş gəlir, beynəlxalq standarta görə müəyyən edilmiş gəlirdən fərqli ola bilər. Çünki mütləq, kredit və depozit  portfelində ehtimal olunan zərərlərə görə yaradılan ehtiyatlar üzrə tələblər yerli və beynəlxalq standartlarda fərqlənəcəkdir. Nə üçün? Misal olaraq, yerli uçot standartları və normalarından fərqli olaraq beynəlxalq standartlar gecikmə ehtimalı olan kreditlər üçün fərqli məbləğdə ehtiyat yaradılmasını tələb edə bilər. Bunun səbəbi isə ehtiyatların dəyərləndirilməsi zamanı yerli və beynəlxalq standartlarda istifadə olunan fərqli normativlərdir. Məsələn, yerli qaydalarımıza görə ehtiyatlar kreditin gecikmə günləri, təminatının dəyəri və s. faktorlar əsasında dəqiq normalar əsasında müəyyən olunduğu halda, beynəlxalq standartlar bu faktorlardan əlavə kreditorun diskontlaşdırılmış pul axınlarının dəyərləndirilməsi və hətta digər fəaliyyət gözləntilərini  də nəzərdə tuta bilər.

 

Biz beynəlxalq standartların tələblərinə uyğun olaraq ehtiyatları gündəlik, aylıq, rüblük və illik hesablayırıq və bununla da ehtiyatları  qismən mühafizəkar yaratmış oluruq. Əgər bank meneceri kreditlərdəki gecikmələrin müştəri tərəfindən borcun ödənilməməsi ilə nəticələnəcəyini proqnoz edirsə, o halda uyğun kredit ehtiyatı dərhal tanınır.

 

Beynəlxalq standartlara görə bu gün kredit ödənişlərində gecikmə olmasa da, bazarda yaranmış vəziyyət müştərinin biznesinə yaxın gələcəkdə mənfi təsir göstərməsi ehtimal olunursa, artıq həmin müştəriyə verilmiş kreditə görə müəyyən ehtiyatlar yaradılmalıdır. Beynəlxalq standartlar mühafizəkar olaraq xərclərini dərhal, gəlirlərini isə yalnız tam qazanıldıqdan sonra tanımağı tələb edir. Belə bir misal çəkim: İdxalla məşğul olan və bizim kredit portfelimizdə payı olan bir neçə şirkətin devalvasiyalardan sonra çətinlik çəkəcəyini ehtimal etmişdik. Buna görə, biz, həmin kreditlər üçün ötən il dərhal ehtiyat yaratdıq, baxmayaraq ki, yerli standartlara görə həmin ehtiyatı yaratmaq məcburiyyətində deyildik. Yəni, ümumi sözlərlə desək beynəlxalq standartlar əsasında hazırlanmış hesabatlar riskləri və ehtiyatları daha dolğun göstərir.

 

- Gündəlik hesabatlarda  PAŞA Bank Azərbaycan ilə bərabər, Türkiyə və Gürcüstandakı törəmə banklarınızın fəaliyyəti də əks olunur? Yəni həmin hesabatlar konsolidə edilmiş hesabatlardır?

 

- Gündəlik hesabatlarda tək PAŞA Bank Azərbaycan əks olunur, çünki cəmi balans, gəlir və xərclərin 90%-i PAŞA Bank Azərbaycanın payına düşür. Amma gələcəkdə Gürcüstan və Türkiyədəki banklar daha da böyüdükdən sonra, onlar yarım illik və illik konsolidə balansda daha böyük xüsusi çəkiyə çatacaqlar ki,  bu halda konsolidə edilmiş hesabatların gündəlik olaraq hazırlanmasına baxılacaq.

-Saytınızda yerləşdirilmiş hesabatlardan məlum olur ki, PAŞA Bank cari ilin birinci rübünü mənfəətlə,  ikinci rübünü isə zərər ilə başa vurub, yarım illik hesablamada Bank xalis mənfəət əldə edib. Bəzi media mənbələrinin Bankın zərər etdiyini yazdığını və bundan bir sıra müştərilərin narahat olduğunu nəzərə alaraq, bu məsələyə aydınlıq gətirərdiniz. Nə üçün ikinci rübdə zərər yaranıb?

 

-Bankın rəsmi İnternet səhifəsində rüblük olaraq yerləşdirilən hesabatlar yerli uçot standartları, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının normativləri əsasında hazırlanmış prudensial hesabatlardır. Buradakı zərər sırf  1-ci rüblə müqayisədə vaxta görə tanınma ilə əlaqədar ehtiyatlarla bağlı məsələdir və PAŞA Bankın gəlirlərinin azalması ilə bağlı deyil.

 

Belə ki, PAŞA Bank 2017-ci ilin birinci rübündə 23 milyon 946 min manat xalis mənfəət əldə etmiş, ikinci rübün sonunda isə 10 milyon 415 min manat zərər açıqlamışdır. Yarım-illik dövr üzrə isə tam 13 milyon 531 min manat xalis mənfəətimiz var. Altı ay ərzində müxtəlif aylarda gəlir və xərclər bir-birindən fərqlənə bilər. Ümumiyyətlə hesabat  ili ərzində hər 4 rübdə öhdəliklərin vaxtından, aktivlərin performansından və digər amillərdən asılı olaraq gəlir və xərclərin dövrü dinamikası dəyişə bilər. Gəlir və xərc kumulativ olaraq dövr ərzində baxılmalıdır.

 

2017-ci ilin 2-ci rübündə xərclərin gəlirlərdən çox olması və nəticədə zərərin yaranması ötən ildən başlanılmış bir sıra layihələrin bu il yekunlaşması ilə əlaqədar bir hissəsi 2-ci rübün payına düşmüşdür. Bundan başqa, faiz xərcləri 12,58 milyon manatdan 13,47 milyon manata qalxmışdır. Bu, cəlb etdiyimiz depozitlərin həm həcminin və həmçinin də faiz dərəcələrinin artması ilə bağlıdır.

 

Xərclərin artmasının digər mühüm bir səbəbi faiz qazandıran aktivlər üzrə ehtiyatın yaradılmasına ayrılan vəsaitin artmasıdır. Bu artım Mərkəzi Bankın  aktivlərin təsnifləşdirilməsi qaydalarının dəyişməsindən irəli gələn və bir neçə iri kreditin ödəmə vaxtı  gecikməsinə görə yaranan artımdır. PAŞA Bank cari ilin 6 ayı ərzində yerli normalara görə ehtiyatlara 37,19 milyon manat ayırmışdır. Daxili BMHS hesabatlarında isə bu xərc dəfələrlə aşağıdır, və 8-9 milyon manat civarındadır, çünki daha əvvəl qeyd etdiyim kimi beynəlxalq standarta görə biz artıq ötən il bu itkiləri ehtimal etmişdik və ehtiyatlarda əks etdirmişdik.

 

Ehtiyatların yaradılması bankın etibarlılığını artırır. Aydındır ki, kənar təşkilatlardan və əhalidən cəlb olunmuş vəsaitlər bank tərəfindən kreditlərin verilməsində istifadə edilə bilər. Kommersiya bankı müştərilərin vəsaitlərini vaxtında qaytarmaq üçün həmişə ehtiyat pul vəsaitlərinə malik olmalıdır. Əgər kredit götürən müştəri banka borcunu vaxtında qaytarmırsa, bu o demək deyil ki, bank da əmanətçinin pulunu vaxtında qaytarmayacaq. Əmanətçilər bankın etibarlılığından əmin olmalıdır, onlar istədikləri vaxt pulunu geri götürə bilməlidirlər. Buna görə, banklar kreditlərin geri ödənməsi gecikən zaman, öz gəlirləri və kapitalları hesabına məcburi ehtiyat yaradırlar.

 

Müsahibənin davamı 24 avqustda Marja.az-da  yayımlanacaq

23.08.2017 08:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ