"Avtomobillər 15%-ədək bahalaşıb"

“Hazırda Azərbaycanda maşın bazarında vəziyyət qeyri-dinamikdir. Bazarda alqı-satqı əməliyyatlarının sayı kəskin şəkildə azalıb”.

 

Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

 

R.Osmanlı bildirib ki, əsas səbəblərdən biri bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarların problemləri ilə bağlıdır:

 

“Faktiki olaraq onlar bazara çıxarmağa maşın tapmırlar. Əvvəllər Gürcüstan vasitəsilə Azərbaycana avtomobil idxalı böyük idi, amma indi avrostandartların tətbiqi, banklar tərəfindən kreditlərin verilməməsi və digər səbəblərdən Gürcüstandan avtomobil idxalı xeyli azalıb. İdxal azaldıqca, təklif də azalır. Bu da təbii ki, daha ucuz avtomobillərə tələbatı artırır və qiymət artımına səbəb olur”.

 

R.Osmanlının sözlərinə görə, Azərbaycana idxal edilən yeni avtomobillərin qiymətində dollar-manat münasibətlərindən irəli gələn artım baş verir: “Bu təbii ki, təkrar avtomobil bazarına da təsir göstərir və köhnə avtomobillərin qiyməti artır”.

 

Mərkəz direktoru qeyd edib ki, 2016-cı il ərzində yeni avtomobillərin qiymətində təqribən 15 faizə qədər artım baş verib: “Köhnə avtomobillərin qiymətində artım isə avtomobilin dəyərindən asılı olaraq təqribən 10-15 faiz arası dəyişir”.

 

Ekspert bildirib ki, bu il ərzində də avtomobillərin qiymətində artımın müşahidə ediləcəyi ehtimalı var: “Bu gün hələ də dolların qiymətində artım müşahidə edilir. Bu baxımdan idxal olunan yeni avtomobillərin qiyməti artacaq. Yeni avtomobillərin qiymətində müşahidə olunan artım köhnə avtomobillərin də qiymətinə təsir göstərəcək”.

 

© Trend

11 Yanvar 2017, 09:00   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]